Xatirələr səpələnir xəzəltək - Süleyman Abdullanın şeirləri

Tarix:7-11-2018, 22:12 Baxış Sayı:135

Xatirələr səpələnir xəzəltək - Süleyman Abdullanın şeirləri
Manera.az Süleyman Abdullanın şeirlərini təqdim edir:

MƏNƏ ÜMİD OLMA...

Qum dənəsi sayırdım, ayrılıqlar dağ imiş,
Çat-çat yerə səpirəm gözlərimdən dən səni.
Xoşbəxtliyin ilk şərti sevib-unutmaq imiş,
Tanrı məni unutdu, unuduram mən səni;
Əgər unuda bilsəm...

Xatirələr dərd verir, hər il bahar qabağı,
Bu il də sağ çıxmışam ən sərt qışın qarından.
Bir də məst olarammı yenə bu axşam çağı,
Bənövşə nəfəsindən, nərgiz baxışlarından?!
Ah, yenə uda bilsəm...

Od deyirlər od deyil, atəşmi?- o da deyil,
Hansı diləklə çıxsam sonu qəmdir bu yaza.
O can evi dediyin eşq dolu oda deyil,
Nə bilim ey, yanğımı söyləsəmmi Araza?!
Söndürər su da...
bilsəm...

Gözlərimdir səpilən sən gedən yola sarı,
Ürəyimdir çəkilən yol, gərək varam sənə.
Bayaq səsi gəlirdi, keçdi üzüyuxarı,
Poçtalyon qayıdanda məktub yazaram sənə;
Qələmi tuta bilsəm...

SƏNİ

Nə mən,- get,- deyirəm,
nə sən qalansan,
Suç olar yolundan saxlamaq səni.
Sən iş adamısan, mən söz adamı,
Çətindi piyada haxlamaq səni.

Nolar, xislətini bir az tez dəyiş,
Əvvəl sadə görün, sonra qəliz şiş.
Yoxsa, başımıza açarsan ey, iş,
Mümkünmü başından bağlamaq səni?!

Kimini var bilib, kimini yox san,
Boynuna çıxarsan hər cini,- yoxsan.
Bərkit təməlini-himini, yoxsa,
Aşırar dibindən laxlamaq səni.

Sözdən işi keçər sal daşın bəzən,
Açar sirr olanı yaddaşın bəzən.
Səsini gizləyər göz yaşın bəzən,
Tutar için-için ağlamaq səni.

VƏTƏNSƏN

Hamıdan küssəm də səndən küsmərəm,
Kim ne deyir-desin əziz Vətənsən.
Mən şirin deyirəm, amma acısan,
Lap zəhər olsan da ləziz Vətənsən.

Başının üstündən getsin şər, getsin,
Bu dərd də ötəcək, sinə gər, getsin.
Ağzını əydirib gedənlər, getsin,
Qalana qayğıdan xəsis Vətənsən.

Yalanla-dolanla başımızı qat,
Gözümüz dağ-dağdı,qəlbimiz çat-çat.
Öz doğma balana milli qazamat,
Yadlara macəra-təsis Vətənsən.

Yaramız qövr etdi, bağladı lap sim,
Nə eyham anladın, canım, nə də him.
Eh, səni taladı kim oğlu kim, kim,
Nə bilim, nəyin var, nəsiz Vətənsən.

XİFFƏT

Yenə bir say artdı yaşım bu payız,
Deyiləsi sözüm qaldı baharda.
Ürəksizdim yol yığanda heybəmə,
Həsrət dolu gözüm qaldı baharda.

Göz gördüyü qorxulardır tamaşa,
Ağ yuxumda göy gəbədir, yer xalı.
Mən nə ömrə güvənmirəm, nə yaşa,
Axıb gedir zaman sular misalı.

Heç çıxmadı uğuruna mən uman,
Hirs-hikkəni dişlərində tutub sıx.
Yolayrıcı...
ümidsizlik...
nagüman,
Gah sənindi, gah da mənim,- ayrılıq.

Aha qatıb cəkdim bu gün adını,
Yol qurtarır, tükənir can,- bilirəm.
Axır vaxtlar itiklərin dadını,
Ürəyimin ağrısından bilirəm.

Olanların xiffətini xəfif çək,
Sınan yerdən istəklərdir pas tutan.
Xatirələr səpələnir xəzəltək,
Unudulmuş yaddan çıxıb, unudan...

Gözlərindən nur istədim yaymağa,
İnanmazdım kirpiyindən yaş sıza.
Həvəsmi var sayılmağa-saymağa,
Bir say yenə düşdü yaşım payıza.

ÇIXIŞ NÖQTƏSİ

Fəqət, ağır imiş vaxtın qəm yükü,
Zaman saxlancını yelə çıxarır.
Çoxunun bəxtinə düşən ağ tükü,
Bizim saçımızda telə çıxarır.

Gəlir əməlimiz xoşuna,- deyil!
Vallah, bu gurultu boşuna deyil,
Aşkar bəlamızı qoşuna deyil,
Gizli dərdimizi selə çıxarır.

Bilmədim tərsinə bu dəyişik nə,
Orda ət nə gəzir, burda pişik nə?!
Biz kimin nəyinə neyləmişik, nə,
Öcü canımızdan belə çıxarır.

Oynayır özünə, çalır özünə,
And olsun, içdiyi qalır özünə.
Fərəhi, sevinci alır özünə,
Qadanı-qovğanı elə çıxarır.

Altı təzək çıxır, üstü hər bəzək,
İftira bəzəkdir, böhtan- şər bəzək.
Bütün fitnələrə vurub bər-bəzək,
Hər sözün sonunu felə çıxarır.

ƏLLƏRİNDƏN

Pırpız saçlarında qarışar sığal,
Şəbnəm ətri gələr nəm əllərindən.
Həyat vəfasızdır, ömür-gün cığal,
Çıxar həm canından, həm əllərindən.

Dağlar öz başına sarıyar cuna,
Göydə bulud gülər, şimşək uğunar.
Düşər ayaqların dərd bolluğuna,
Sevinc azıb gedər kəm əllərindən.

Havada asılan nisgildir duman,
Aynımaz kədərdən xoşbəxtlik uman.
Gedəndə qüssədir ardınca cuman,
Gələndə zinhardır qəm əllərindən.

Bu geniş dünyada imkan olur dar.
Uşaq fərəhinin ahıl dərdi var.
Üzü payızadır yarpaq mahnılar,
Xəzəllər tökülər dəm əllərindən.

Sonda hali olmaz kimsə halından,
"Gəl" deyən bir gün də dəyər dalından.
Gözün doymasa da dünya malından,
Toplanar-çıxılar cəm əllərindən.

YAXŞISI

O, yaxın sayılan yollar uzaqmış,
Ömrümdü ölçdüyüm yelə,- yaxşısı.
Dost deyib aranı soyutdum bu qış,
Ürək qızınmaqmış elə yaxşısı.

Bənövşə dərdləri unutduq bir yaz,
Nərgizli ətəkdə qılınmaz namaz.
Damlada batmağı dərya anlamaz,
Özünü atmaqmış selə yaxşısı.

Ən gözəl mələk də olarmış iblis,
Bir gün Günəş haqdır, bir gün duman-sis.
Uymaq düz deyilmiş...
olan oldu pis,-
Fitnəyə, fəsada, felə,- yaxşısı.

Bir az mən qəribəm, bir az yol naşı,
Arxamca atılan himin xır daşı.
Qılınc qurşamaq yox, dost, uzaqbaşı,
Sığal çəkmək imiş telə yaxşısı.

SIXINTI

Köhnə xatirələr huşumdan çıxır,
Varsa, təzələri tər göndər mənə.
Başıma bəlaydı əvvəlki dərdlər,
Bir az yüngül eylə dərdi-sər mənə.

Quru diləklərin çıxıb qaxacı,
Danış, şirindillim,
acı,- bax, acı..
Əsalıq gətirib əzgil ağacı,
Qalıbsa, dəyməyən meyvə dər mənə.

Gah belə yalanmış, gah elə "gah"lar,
Nə giley köməkdir, daha, nə ahlar.
Xeyiri unudub qara sabahlar,
Tapa bilərsənmi, bəyaz şər mənə.

Gecdi, çətin vara canım sağlığa,
Qəlbim qəmə dözməz, sinəm dağlığa.
Mən də bir ev idim yıxılmaqlığa,
Tale də göz yumur baxsa hər mənə.

Özüldüm, divardım, tavan-dam özüm,
Bir həyat yaşadım məzar tam, özüm.
Bilməsən, getməyə taparam özüm,
Bilirsən, dönməyə yol göstər mənə.

HƏYAT DƏRSİ-1

Bilirsənmi, necə olur üzülmək,
Ağrısını,- dərd içində üzməyin?..
Necə olur nifrət ilə süzülmək,
Acısını,- ağı-ağı süzməyin;
Yox, bilməzsən...
Yox, bilməzsən...
Bilməzsən!...

Həsrətidir burda hamı sevginin,
Diləklərdir gözlərdəki nəm ilə...
Necə olur dadı-tamı sevginin,
Dan yerində qarışanda qəm ilə;
Yox, bilməzsən...
Yox, bilməzsən...
Bilməzsən...

Əlin çatmaz çıxarasan bıçağı,
Hansı dosta nişangahmış kürəyin.
Qan gölüdü sol çiyninin alt sağı,
Necə vurur ağzındakı ürəyin;
Yox, bilməzsən...
Yox, bilməzsən...
Bilməzsən...

Yox, bilməzsən necə olur yıxılmaq,
Yaxınların badalağı nə sərtmiş.
Necə olur güvəncindən sıxılmaq,
Heyrət etmək...
kim namərdmiş, kim mərdmiş;
Yox, bilməzsən...
Yox, bilməzsən...
Yox, ey, yox...

Heç bilməzsən, hər sabah bir gecədir,
Nə cür olur gözlərində şəkk ölmək...
Boylanarsan, unamazsan necədir,
Milyonların arasında tək ölmək;
Yox, bilməzsən...
Heç bilməzsən...
Yox...heç...heç....

BİLİNƏR

Kəlmə-kəlmə, misra-misra sönürük,
Ocağımız...
...ta yananda bilinər.
Kim əkəcək bizə qədir ağacı,
Kimsə bizi sayan anda bilinər.

Nə yol bəlli, nə yolçunun insafı,
Qopub düşər ürəklərin ən safı.
Bir ümidlə uzadarıq biz lafı,
Boş olduğu say ananda bilinər.

Doğma eldə yad tutulmaq nə imiş,
Göz önündə unudulmaq nə imiş,
Buz nəfəsdə qor udulmaq nə imiş,
Atəş sönüb su yananda bilinər.

Batıb qaldıq acılı söz içində,
Bacarırsan, əzaba döz içində.
Ürək var ki, ağrıyar öz içində,
Bir də qəfil dayananda bilinər.

ƏBƏDİ SUAL

Mən ki, yolçusuydum zamansızlığın,
Əzrayıl gəlmişdi vədəli,- nəydi?!
Anladım, sonudur yetim-yesirin,
Düşmüşdü əvvələ dədəli, nəydi?!

Yoldu toz olanım, uğuru daşlı,
Keçirdim bir ömrü cəngli-savaşlı.
Çaşıb mat olmuşdum ağıllı-başlı,
Həyatın əlində nə dəli,- nəydi?

Gerçək gördüyümdə nağıl da vardı,
Əynimə gen dünya başıma dardı.
Ağlayan canımı gülüb alardı,
Kəsmişdi üstümü hədəli,- nəydi?!

Sevildim haralı, sevdim haralı,
Bitişib gəzirdim dərdə, aralı.
Uçunan ürəyim quşdu yaralı,
Sinəmdə çırpınan zədəli, nəydi?

Əyilib gəzən qəm öz kölgəmdı şıq,
Qorxudan udduğum qandı bir qaşıq.
Gələndə yumulu, gedəndə açıq,
Ovcumda bir ömrün bədəli nəydi?

QÜRUB VAXTININ KƏDƏRİ

Təkcə günəşin yox, bu gün, hər şeyin,
Səmanın, torpağın qürub çağıydı.
Mənim ürəyimi üzən kədər, kin,
Sənin gözlərini,- ağlamağıydı.

Nəfəs can atırdı havasızlığa,
Boğulub-batmağa səbəb var elə.
Çətin ki, toranın qoynuna sığa,
Axır günbatana buludlar elə.

Yaman qüssəliydi ayazıyan çən,
Gəlirdi göylərin qəmi tən yerə.
Çarmıx aparırdı kimsə xəyalən,
Adamın ürəyi çəkilən yerə.

Üzü axşamadır yolların üstü,
Çöldə böcəklərin cır səsi itdi.
Uzaqda əridi bir baca tüstü,
Qərib bir komanın kölgəsi itdi.

Göy daha dalğındı, yer daha üzgün,
Fələyin saydığı say bu deyildi.
Az qala ölürdüm qüssədən bu gün,
Mənim doğulduğum ay bu deyildi.

Bir bəla qalmadı başımdan qıraq,
Çoxdan qırılmışdı sazaqda xətir.
Bayırda günəşdi, evdə çilçıraq,
Sönürdü şüalar üfüqdə bir-bir.

AĞRI

Sonuncu naləni hayqırmaq olmur,
Nəfəs də çatmayır sonuncu aha.
Nə sinə o sinə, nə hava odur,
Nə də o inamdır uca Allaha.

Saxta qürurun da süni dərdi var,
Özündən şübhəli o Mən kölgədir.
Dodaqdan uzağa uçmaz dualar,
Açıq ovcumuza düşən kölgədir.

Yada nökər olduq, özünə ağa,-
Sıyrıla bilmədik bir paslı qından.
Sevgimiz yetmədi torpaq olmağa,
Eşqimiz az imiş üz qarasından.

Çoxdandır doğranıb səs tellərimiz,
Quruyan hulqumun havası nəmdir.
Qaralan çuxuru sönmüş gözük biz,
Ciyərli oğlanlar dığdır, vərəmdir.

Vecsiz təsəllidir,"canın sağ olsun"
Ruhun əsirdisə, canın sağ olmur.
Sonuncu fəryadı çəkib qurtulmaq,
Sonuncu naləni hayqırmaq olmur.

ƏFSUSLAR OLSUN

Dünyaya gəlmişdik yaşamaq üçün,
Əcəl alıb-getdi, yaman aldandıq.
Adımız səhv düşdü bəxt yazılan gün,
Oldu ürəklərə daman,- aldandıq.

Yoxdu ki,unudaq ağılı, huşu,
Allaha bənzətdik Tanrı vurmuşu.
Boş-boş nağıl imiş padşahlıq quşu,
Vermədi zalımlar aman, aldandıq.

Çox gözəl aldılar kefin köpünü,
Yanan saxlamadı geri körpünü.
Qarğalar dənlədi mədəd çöpünü,
Batanda tapmadıq saman, aldandıq.

Daha çınqı çıxmaz, daşa çax qovu,
Hovlatdı can deyən başımız tovu.
Təzəcə dadırdıq xəyal-plovu,
Bişməmiş qapdılar haman, aldandıq.

Nə bilək, nə cürə maldı azadlıq,
Təptəzə andıra qaldı azadlıq.
Ümid edirdik ki, kaldı azadlıq,
Heç vaxt yetişmədi zaman, aldandıq.

Daha cırılmağa yoxdu yaxan, kəs,
Ağlamaz halına ağa, ya xan, kəs!
Falı da "mələtdi" falabaxan kəs,
Rəml atdı, qam tutdu şaman, aldandıq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ