Sözlə ucalan Musa Yaqub - Rəhim Əliyev yazır

Tarix:6-11-2018, 18:49 Baxış Sayı:114

Sözlə ucalan Musa Yaqub - Rəhim Əliyev yazır
Rəhim Əliyev,
tənqidçi, ədəbiyyatşünas


Mən şeiri Səməd Vurğun timsalında sevmişəm. Doqquzuncu sinifdə “Komsomol poeması”nı, “Muğan”ı oxuyanda elə bil musiqi ilə ünsiyyətdə olurdum. Həm də buna heyrətlənirdim. Səməd Vurğunu oxuyanda ana dili həm də öz musiqisi ilə açılırdı mənimçün.

Amma Səməd Vurğun misralarında bildiyimiz sözlər qarşımızda bilmədiyimiz, dünyanın füsunkarlığını açan təzə sözlər kimi açılırdı qarşımda. Bu istedadın möcüzəsidir. Adi sözlər dünyanı alayı cür, fərqli göstərirdi. Sonralar anladım: istedad dünyanı özgə cür görən adamdır. İkincisi də bunu başqalarına göstərə bilmək üçün sözü alayı cür düzə bilir.

Səməd Vurğunun bu cazibəsi tənqidçilik etdiyim ilk vaxtlarda mənə mane də oldu. Müxtəlif fərdiliyi olan şairləri Vurğunla müqayisə edirdim, busa, yanlış üsul idi. Mən çox tez anladım: istedad bir fərqlilikdir. Səməd Vurğun artıq var. Üstəlik ikinci Səməd Vurğun mümkün deyil. Heç lazım da deyil. Yavaş-yavaş Mikayıl Müşfiqi, Süleyman Rüstəmi duymağa başladım. Bunların hər birində ana dilimiz alayı bir dil kimi qarşıya çıxırdı. Şair hünəri də budur. Sonralar universitetdə bizə mühazirələr söyləmiş Bəxtiyar Vahabzadəni mənimsədim.

Şeir dilinin Bəxtiyar Vahabzadədən sonrakı addımı mənim çün Musa Yaqub şeiridir. Onun ilk mətbu şeiri 1958-ci ildə çap olunub. Şair özü müsahibələrinin birində deyir: mən ədəbiyyata şeirin ayrılan vaxtında gəldim. Sonra özünə xas deyimi açıqlayır: şeir yalançı pafosdan ayrılırdı. Bu yalançı pafosun içində hər şey vardı: partiyanın və dövlətin sifarişi, əslində yüksək olmayan dəyərlərin tərifi, başlıcası isə şeirin öz predmetindən – fərdi insan hisslərin danışmaqdan uzaqlaşması. Musa Yaqub haqlıdır, stalinizmin ifşasından sonra, 50-cı illərin axırında proletar poeziyası ilə yanaşı təzədən əsl lirika – fərdi insan hissiyyatları ədəbiyyata qayıdırdı. Buna 60-cı illər şeiri də deyirik.

Şair həmin müsahibəsində şeirin iki yola ayrılmasına görə, ilk mərhələdə böyük əzablar çəkdiyini təsdiqləyir. Redaksiyalar onun şeirlərini qəbul etmirdi, deyirdilər: “o deyil”. Bu söhbət gərək ki, jurnalist İlqar Rəsulun ona: “Necə oldu ki, təbiətdən yazmağa başladız?” – sualı ilə bağlıdır. Şair də hər dəfə redaksiyalardan “o deyil” cavabı alıb məyus olur, Bakıdan Buynuza qayıdır və dərd-dil eləmək üçün yeganə müsahibə üz tutdu: təbiətə, doğma Şirvanın içində böyüdüyü meşəsinə və dağ-daşına. Nəticə gözlənilməz oldu: Musa Yaqub təbiətlə danışanda əslində özündən danışırdı: kolxozçu oğlu, ya meşəbəyi, ya kənd müəllimi, ya ovçu olduğu bilinmirdi. Bu – Musa Yaqubun şeirimiz üçün təptəzə olan lirik mənidir.

Onda da dünya vətəndaşlığına, publisistikaya təqlid etmək istədiyi hallar olub. Bu şeirlərin bir neçəsini indiki kitablarına da salır. Amma bunlar hər dəfə Musa Yaqubun öz mövzuları ilə əvəz olunub və keçici olub. Şairin istedadı özü onu qoruyurdu. Buynuz kəndinin sadə və təbii yaşam tərzi ona kafidir mövzu kimi. On doğuz il Buynuzda ibtidai sinifdə dərs deyib və yaşayıb. Bu da bir ömürdür. Musa Yaqub dünya vətəndaşı ola bilməzdi. Belə istək onun dəyərləri içində heç haçan olmayıb. Onun ömür yoluna bələd olanlar bilir ki, onun Parisi – Göyçay, orda pedtexnikum bitirdi, Moskvası isə Bakı olub. Kasıb bir kolxozçu oğlu “dayı”sız böyüyüb.

1946-cı ildə, aclığın və kasıblığın amansız vaxtında, Buynuz camaatının hələ çarıqda olduğu vaxtda atası öləndə doqquz yaşı vardı. Sonralar anası həm də ata olub ona. Atası isə qırıq xatirə və əsil kişi mifi olub şair üçün. Şair atasının Buynuza 1934-cü ildə dağdan gəldiyini qeyd edir. Anası isə əslən Qalacıq kəndindən idi. Bu kənd qədimlərdə qala-şəhər olub. Azərbaycanda hər yerdə “Qala” daş tikililəri olan məntəqələrə deyilir. Şair özü deyir ki, Qalacığın qəbristanı bir kənd boydadır.

Sözlə ucalan Musa Yaqub - Rəhim Əliyev yazır

Şairlik elədir ki, yolun başlanğıcında hamı təqlidlə başlayır. Əsil istedadlar öz deyim tərzini tez tapır. Amma çoxları heç tapmır: birməhəbbətli təqliddən çoxməhəbbətli təqlidə keçirlər. Hər təsirləndiyi şeirdən təzə şeir yazırlar. Xüsusilə, rusca şeir oxumağı öyrənəndən sonra. Obraz rusca kitabdan gəlir, üstəlik şair də müdrik görünür. Amma bütün hallarda təqliddə lirika olmur, çünki liriklik fərdi bir hissdi, bu isə rusun obrazına yapışmır, amma aşıqsayağı az-çox ifadə oluna bilir. Xüsusilə, bununla peşə kimi məşğul olanda.

Amma əsl istedadlar çox şeydə aciz olurlar. Bu şeylərdən biri də təqliddir. İstedad təqlidə yad olur. Bir mərhələdə daha təqlid edə bilmirlər, bu qabiliyyəti itirirlər. Çünki o öz mənini görməyi və müşahidə etməyi bacarır, böyük dünyanın şirin və acı həqiqətlərini burda tapır. Öz mənəvi təcrübəsindən yazmaq onuncun təqliddən çox-çox asan olur. Musa Yaqub da belədir. Musa Yaqub poeziyada ona qədər mövcud olan çoxlu obraz və ifadələrin yeni variantlarını, sinonimlərini tapıb, işlədib, bədiiləşdirib və şeir dilimizin nailiyyətinə çevirib.

Musa yeni bir şeir dili yaradıb: bu dil meşə sakininin leksikonuna əsaslanır. Şairin işlətdiyi lirik və əxlaqi anlayışların əksəriyyəti şeirimizdə vardır. Musa Yaqub hünəri ondadır ki, onların yeni variantlarını və sinonimlərini yaradıb, şeirə gətirib. Bu dillə şeirə Şirvan meşəsi də gəlib. Bədii olmayan və sayılmayan sözləri elə işlədir ki, elə bil anadan eşidirsən bu sözləri. O terminləri də bədii və kitab sözünə çevirə bilir. Çünki Musanın öz deyim tərzi, söz düzümü, sintaksisi var. Əsas budur, ən nahamar və yad söz bu deyimdə yerini tapırsa, dəqiq və doğma olur. Çünki sözə çalar verən, onu bildirici eləyən sintaktik ritmdir. Musanın bu ritmi qısa, sadə və bir o qədər də aydındır. Əslində bu sintaktik ritm, ləngər, sözləri qoşmaq tərzi Musanın dilinin əsas özəlliyi və tapıntısıdır. Qalan hər şey onun içində əriyir, sehrli ifadə gücü və məna dəqiqliyi tapır.

Uğursuz yolu da uğurlandıran,
Qranit qayanı cığırlandıran,
Atəşində əhəng daşı yandıran
Ölürəm bir dəli sevgidən ötrü.

Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?

Pislik harda olsa, təpilər gözə,
Üzündə təbəssüm, dişində zəhər.

Yarpaqlar tökülüb torpaq oldular,
Torpağın ömrünə ortaq oldular.


Şair budur, dilə yatmayan, tələffüzdə bizi udqunduran sözləri bədii möcüzəyə çevirmək budur. Bu sözlərdəki potensialı, dünyanı bildirmə gücünü ortaya qoymaq. Söz ustalığı budur, ana dilinin yiyəsi olmaq budur, dünyanı üç kəlmə sözə sığdırmaq budur. Şeir dili budur. Musa demək olar ki, danışıq dilində yazır, məcazları, mücərrəd epitetləri və əslində, kitab sözlərini sevmir.

Amma oları işlədəndə görümlü obraz yaradır. Düşünürsən ki, xalq dilində əcnəbi sözlər də yəqin belə zərurətdən işlənir. Bu da dilin və bədii dilin inkişaf şəklidir. Divan ədəbiyyatında, ustadlarda işlənməyən təzə sözlər az qala eyib sayılırdı. Səməd Vurğun da “ekskavator” sözünə görə az qala oxucudan üzr istəyir. Yəni ənənəmiz belə olub. Elə buna görə Musa Yaqubun kələkötür dili əslində bir yenilikçilikdir, dilimizin və şer dilimizin sərhədlərini genişlətməkdir, böyük ustadlara xas şair hünəridir.

Sözlərin hamısında möcüzə potensialı var, di gəl bu ancaq əsil şairlərə məxsusdur. Təqlidçilər hər şeyi bacarır, bir sözü dindirib-danışdıra bilmirlər. Əsl poeziyada söz möcüzə yaratmaq alətidir. Musa Yaqub sözü belədir. Onun şeirlərində anamızdan, xalqımızdan eşitdiyimiz sözlər möcüzə, heyrət mənbəyi olur. Musa Yaqub belə bir sehrkardır və xalq onu buna görə sevir.

Onun Buynuzdakı həyət qapısı Pir qapısı kimidir. Bu, şairin şəxsiyyəti, davranış tərzi ilə əlaqədardır. Pirin sahibi qonağın birinə də demir ki, mən sizi xatırlamıram. Halbuki qonaqlar qırx, otuz, on il əvvəlin tanışlığından da danışırlar. Hərdən gündə iki və üç dəstə gəlirlər. Onlar hərdən şairə əziyyət verirlər. Amma şair onların hamısını sevir, çünki onlar onun buğda dənəsi təkin bitdiyi torpağın hissələridir. Şair özünü də, Allahını da, atasını da bu torpaqdan bilir. Musa Yaqub bu cür bir panteistdir, sufi babalarımızın, Nəsiminin, Füzulinin varisidir. Musanın atasının adını da düz yazsaq Sufi Məhəmməd alınır, yəqin ki, bu təsadüfi deyil.

Peyğəmbərin adının qabağına “sufi” sözü elə-belə gələ bilməzdi. Bu, Musanın kötük babasının adıdır. Şimal zonanın dağları həmişə müsəlman, yəhudi və tərsa təriqətçilərinin etibarlı yeri-yurdu olub.

Musa Yaqub hər cür fəlsəfəbazlıqdan, müdrik görsənməkdən uzaqdır. Amma o öz şair fəhmi ilə sufi fənasına və ekzistensialızmə gəlib çıxıb. Amma o sufi fənası, dünya fənası barədə ənənəvi terminləri işlətmir. Çünki Musa Yaqub bütün hallarda öz tarixçəsini yazır, ona hazır terminlər lazım deyil, o utana-utana özünü yazır.

Musa Yaqubun son iyirmi illik yaradıcılığında dünya acısı, dünya kədəri çox qüvvətlidir. Bu kədər həqiqi, lirik poeziyanın ayrılmaz mövzusudur. Sufilər də, Füzuli də, Bayron da, Puşkin də ən çox dünya kədəri ilə seçiliblər. Musa Yaqubun da ən yaxşı şeirlərində keçən ömrün qayıtmazlığı, eləmədikərinin yanğısı, keçmişdə qalan baharların kədəri var. Qışa tərəf uçan durnanın taleyi də var. Bax bu, Musa Yaqub kədərinin ən parlaq obrazıdır mənə görə. Payız kədəri ustadlarda çoxdur. Musada da var, amma o öz həyat acısından utana-utana danışır. Əzrailin bir gün hamıya verdiyi badənin adını çəkmir. Görünür, bu da köhnə kişilərə yaraşmır.

Musa Yaqub poeziyamıza Şirvan meşəsini gətirib. Amma mən Musanın təbiət şairi olması fikri ilə razı deyiləm. Təbiət onun təfəkkürüdür, istifadə etdiyi obrazlar sistemidir. Onun şeirinin predmeti isə Musa Yaqub qəlbinin tarixçəsidir. Təbiətin timsalında o həmişə özü haqda danışır:

Dünən yumurtadan çıxan o quşlar,
İlk dəfə payıza baxan o quşlar.
Boş qalıb soyuyan yuvalarına,
Payızın mülayim havalarına
Bir vida nəğməsi oxuyurdular.
Budaqdan budağa atlanırdılar,
Atlana-atlana şadlanırdılar.


“Bir payız nəğməsi, bir payız səsi” şeirində əslində şair Buynuzdakı öz yuvasından danışır. O qurşağacan şəhərli olub daha, ömrü boyu qurduğu yuvanın boş, sahibsiz görkəmi kölgə kimi izləyir onu, qüssə və nigaranlıq yaradır içində. “Yay vaxtından qış vaxtına” şeiri də belədir: şair yenə öz qəlbinin, yaşadığı illərin, yetişdiyi qışın tarixçəsini danışır. Bu, şairə məxsus bir utancaqlıqdır, kişi gileylənməz axı... O demir ki, ömür tükənir, deyir ki, payızdan sonra qış gəlir və bizdən soruşmur heç nə, amma gəlir.

Musanın ən yaxşı avtoportreti. Heç bir qələm adamı bundan yaxşı deyə bilməz. Belə demək üçün gərək özünü belə duyub hiss edəsən, belə dərk edəsən: biləsən ki, hər şey, lap insanların tapındığı allah da təbiətdən ayrılmazdır. Hər şey ondandı Musa da ondandı: həm də bir həyəcandı və bütün mövcudatın mənası elə bu həyacandadı, insanın bu qabiliyyəti daşımasındadı:

Bir buğda dəniydim düşdüm torpağa
Şaxta, qar altında yarımcan oldum.
Torpaqdan yapışıb qalxdım ayağa,
Baharda bir yaşıl həyəcan oldum...


Musa Yaqubda ağlı kəsəndən olduğundan yuxarı və yaxşı görsənmək istəyi olmayıb. Onun etik idealı bir kənd atasıdır. Musanın məişətdəki sadəliyi, iddiasızlığı, təmənnasız sədaqəti ondan gəlir. Musa Yaqubun böyük şair olduğunu ilk duyduğum şeirlərdən biri “Atamın xatirəsinə”dir. Şairin atası 1946-cı ildə ölüb, amma şeir 1974-cü ildə, otuz il sonra yazılıb. Mənim yadımdasa, üstünə soyuq qar düşən qəbir obrazı kimi qalıb. Bu yazını yazanda təzədən baxdım: dağlara ilk qar düşən bir gündə anasının səsinə oyanır. Ana eyvanda otuz il əvvəl ölmüş əri ilə danışır. Oğlunu görüb susur. Şeirin qalan misraları Musanın içindəki ata obrazıdır.Bu obrazda zaman qarışıb, otuz il əvvəlki, 1946-dan bəri yaddaşında itməyən obrazlara qar düşür. Musa atasını xatırlayır, yaddaşında qırıq obrazlar qalıb. Amma yenə özündən danışır: məzar üstə düşən növbəti qış qarının onda yaratdığı anlaşılmaz hissləri ifadə edir.

Qar yağırdı atamın da məzarına, birinci qar...
Ya atamın buz bağlamış barmaqları,
Ya qar basmış Çılpaq gilas budaqları
Nə fərqi var?
Asılqanda atamın boş pencəyinə,
Samanlığın qapısında düşüb qalan
Dəryazının əlcəyinə qar yağırdı...


Musa Yaqub lirikası qədim şeir kitabımızda təptəzə bir səhifədir. Bu səhifə həm ana dilimizin bir möcüzəsidir. Bütün əsl lirika kitabları kimi, həqiqi, yandıran, kədərləndirən, zəifləri ağladan lirika kimi söz möcüzəsidir. Şairin yaxınlarından biri təsdiq edir ki, Musanın sevdiyi və şeir yazdığı ikinci bir qadın da olub. Bu şeirlərdən də apaydın görünür. Şairin əllərinin öyrəşdiyi, itirib tapdığı əllər onun, bu qadının obrazıdır. Şair bu sevgini ildırıma bənzədir. Bakıya köçəndən sonra bu qadın Şirvanda qalıb. Ona yazdığı şeirləri şairin lirikasının qızıl misralarıdır. Bu misralar da həmin qadına, daha doğrusu, məhəbbətlərinin yarandığı günə və ana yazılıb:

Mən düşdüm tilsimə, sehrə – bilmədim,
Baxışına cavab verə bilmədim,
Bəlkə gözlərini gözüm tutmadı,
Yerimək istədim, dizim tutmadı. ...
Əlimi üzümə çəkirəm hərdən
Bir görüm nə qalıb o od nəzərdən.
Vallah ani oldu, qəfil, çox ani...


Musa Yaqubla söhbət edəndə, süfrədə oturanda o mütləq böyük Mirzə Ələkbər Sabirdən heç olmasa iki misra xatırlayır. Bu onun uşaqlıq məhəbbətinin, ana sözümüzə ilk heyrətinin qalığıdır. Şirvanın göbəyində şairlik edən Sabiri necə sevməyə bilər? Musa Yaqub üçün Sabir Şirvan şairlərinin ən əlçatmazıdır. Ən böyüyü və ən qeyrətlisidir. Sabir ən böyük beynəlmiləlçi və ən böyük millətçimizdir, ən böyük kosmopolit və ən böyük xalqçımızdır. Şeir məktəbisə Musa Yaqub el şairlərindən və Səməd vurğundandır. Amma doğruçu olmaqda, acı səmimiyyətdə – Sabirdəndir.
Musa Yaqubun uydurma, qondarma şeri yoxdur. Onun şeirlərinin hamısı içinin dərinində vuran, onu kövrəldən şirin və acıdandır. Musa Yaqub ömrünün əsas hissəsini əlində badə, manqal həndəvərində, meşə talasında yaşayıb. Amma onun poeziyasında dünyanın acısı da var. Düzdü, bu acıya görə utancaqlığa və xəcaləti də var şeirlərində. Musa Yaqub dünyanın acısından az yazmayıb. Amma hər dəfə ehtiyatla yazıb, qorxub ki, adamlar elə bilər şeirlər onları çağırır, onlara yönəlib, onları kövrəltmək üçün yazılıb. Yox, şairin acı şeirləri onun özü ilə dialoqudur, öz taleyinə heyrətidir.

Musa Yaqub poeziyasının yeganə mövzusu – adi bir insan yaşamının dərə-təpəsi, acı-şirini, künc-bucağıdır. Şair öz taleyini sanki kənardan görür, təəccüb, təəssüf və şək-şübhələr yaşayır bu daxili seyrdən. Özü barədə sopsoyuq və üçüncü şəxsdə danışır. Hər şeir də daxili müşahidədən doğan yeni bir heyrətin ifadəsidir. Birinci şəxsdə danışmağa utanır, çünki, köhnə kişilər kimi utancaq və gözə görünməz olmaq onun taleyinə yazılıb. Gözəgirənlik ayıbdı kişi üçün. Əsil kişidə, əsl istedadda təmənnasız özübəslik olur.

Mən bu məqaləni kövrələ-kövrələ yazmışam. Əhvalımın ən nikbin vaxtlarında yazmışam. Ayrı cür yaza bilməzdim. Yazı-pozu, yaradıcılıq – dünya acısının əks qütbüdür. Musa Yaqub sözünün bu tutumu da, bu sirayət gücü də daxildə məni inandırır ki, Musa Yaqub xalqın, onun dilinin döyük şairidir. Musa Yaqub təzə bir söyləmə tərzi yaradıb. Amma bunu olan bədii dilimizin içində yaradıb və misilsiz bir hünər göstərib. O həm də el əxlaqındaki ən yaxşı dəyərlərin canlıtəcəssümüdür.

Mənim üçün o çox qədim bir kişidir, eyni zamanda ən müasir birkişidir.İnanmıram ki, kimsə ondan artıq bir söz eşidib. Sözə hörmətdə Füzulinin varisidir. O xalqımızın fəxri və qənimətidir Şamaxıdan ötüb Şirvan dağlarına aparan yolda böyük Şirvan şairlərinin barelyefləri var. Allah onları qoyanlara rəhmət eləsin. Orda Musa Yaqubun yeri boşdur. Sabir demiş, qeyrət göstərib bir şairimizin barelyefini də sağlığında qoyaq. O, biz cün xəzinə yaradıb. Söz kimi dibsiz, sərhədsiz və tükənməz../”Ədəbiyyat qəzeti”.-2016.-13 avqust.-S.18-19/

2-8 avqust
Gürgan


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ