Mənim də könlümün yağışları var - Zəka Vilayətoğlunun şeirləri

Tarix:4-11-2018, 19:30 Baxış Sayı:264

Mənim də könlümün yağışları var - Zəka Vilayətoğlunun şeirləri
Manera.az Zəka Vilayətoğlunun şeirlərini təqdim edir:

***
Bəzən ömür
yağışda islanmış paltar kimi
ağırlıq edər sənə,
çıxarıb, asmaq istərsən,
zamanın şəridindən,
asmaq istərsən, gündöyən yerindən.
Çəkilib, bir kənarda
ümidlə gözlərsən,
ömrünü isladıb, ağırlaşdıran
acıların qurumağını.
Gözlərsən, külək qoparmasın,
sağa-sola yellədib,
qəfil alıb qanadına, aparmasın.
Gözlərsən, gözlərsən,
beləcə unudarsan, hər şeyi,
gözlərin baxsa belə,
görməzsən qarşındakını.
Bu an altdan yuxarı bir it hoppanar,
hoppanar, hoppanar,
yapışar, ömrünün uclarından,
yapışar, ətəyindən,
dartdıqca, dartar,
diddikcə, didər,
aşılanmış qoyun dərisi kimi,
can atar, qoparmağa.
Qəfil açılar, ayılar, gözlərin,
yerdən bir daş götürər,
atarsan, itə sarı.
Yerindən güllə tək qopar,
bir anda aşar, it hasarı.
Hasardan boylanarsan,
ümidsiz, çarəsiz,
özünü sanarsan, qərib, kimsəsiz.
Arxasınca, baxdıqca, baxarsan,
bu itin, bir it yox,
ölüm olduğunu qəfil anlarsan.
İtə dönmüş ölümün dişlərində,
ömrün sağa-sola yellənər,
əlin bir yana yetməyəndə,
gözlərindən yaş sellənər,
Və qəfil işığı sönmüş gözlərin,
Donuq-donuq qaranlığa zillənər...

Küsür

Bu, necə olur, axı, heç anlamıram,
Səni küsdürdüyüm gün, Ay məndən küsür?!
Gedirəm sahilinə, nəğməsini dinləyəm,
Dönür susquna, lala, çay məndən küsür!

Bilirəm, qısqanırsan, çiçəyə, gülə,
Hər yanağı göyçəyə, hər şirin dilə,
Başqaları bir yana, buna bax, hələ,
Qəfil dönüb qış olur, yay məndən küsür!

Gecələr səhər olmur, hey gözləsəm də,
Açılmır qızılgüllər, hey bəsləsəm də,
Oyanmır xatirələr, hey səsləsəm də,
Vermir səsimə haray, hay, məndən küsür!

Küsmə, çevir üzünü, azacıq bəri,
Vaxt da keçmir, fırlanır boşuna pəri,
Ömrümə darı kimi səpir, günləri,
Deyir, otur da, bir-bir say, məndən küsür!


***
Hərdən görməsəm də üzünü, bil ki,
Çəkmişəm şəklini, gözlərimdədir,
Qeyrisi axtarsa, boğular, batar,
Mənim məhəbbətim, çox dərindədir.

Ürəyim sinəmdə qurulu hana,
Hər gözələ xalı toxunmaz orda.
İstəyir, nə qədər alışa, yana,
Hər eşqin nəğməsi oxunmaz orda.

Həmişə təzədir, eşqin köhnəsi,
Yüzillik şərab da bu dadı verməz,
Ruhum fəzalarda dolaşır, gəzir,
Yerini hər quşun qanadı verməz!

Xallanıb gedər

Mənim də könlümün yağışları var,
Yağar, çaylar kimi sellənib gedər.
Eşqimin min rəngdə naxışları var,
Sənin saçlarında güllənib gedər.

Açılar səhərin nur dolu gözü,
Gizlətmə Günəşə bənzəyən üzü,
Bir kəlmə can alan "sevirəm" sözü,
Sənin dodağında ballanıb gedər.

Çağlayar gözündə büllur bulaqlar,
Busəyə təşnədir, nəmli dodaqlar,
Bircə baxışımdan göyçək yanaqlar,
Bir anda qızarar, allanıb gedər.

Sən mənim könlümün şirin nəğməsi,
Sən həyat sevinci, həyat nəşəsi.
Yayılar, aləmə car olar səsi,
Eşqin ürəyimdə xallanıb gedər.

Dönsün

Mənə gülüşündən bir çiçək göndər,
Qoxlayım, könlümdə nəğməyə dönsün.
Elə alışım ki, elə yanım ki,
Ürəyim yanıqlı bir neyə dönsün.

Mənim məhəbbətim bəlli yaşdadır,
Qara gözlərdədir, qara qaşdadır,
Şehli öpüşlərin dadı başqadır,..
Yanağın allanıb, laləyə dönsün.

Ağlım, huşum gedib, sənə uyunca,
Yürüdüm yollarda, bir eşq boyunca,
İçim gülüşünü, içim doyunca,
Badəmdə eşq adlı bir meyə dönsün.

Bu eşqin yükünü birgə daşıyaq,
Ətirli gülünü sevək, oxşayaq,
Qıyma, ayrı düşək, ayrı yaşayaq,
Qoyma, xoş avazım naləyə dönsün.

Ey torpaq adamlar, Vətən adamlar

Mən qürbəti sizə görə sevmişəm,
Ey qürbət ellərdə "itən" adamlar,
Vətən həsrətilə göz yaşı tökən,
Bülbül tək qəfəsdə ötən adamlar!

Ayrılmaq çətindir, isti yuvadan,
Doğma, əziz olan eldən-obadan,
Sizi ömrüm boyu çətin unudam,
Ey ağrı adamlar, sitəm adamlar!

Ağlar, gözünüzün yaşı vətəndir,
Göynər, bağrınızın başı vətəndir,
Ömrünüzün yazı, qışı vətəndir,
Ey Torpaq adamlar, Vətən adamlar!

İnam verdi

Nə qədər ki, məsum idim, günahsızdım,
Tanrı mənə "Həyat" adlı ənam verdi!
Nə qədər ki, körpə idim, qanadsızdım,
Uçmaq üçün qanadımı anam verdi!

Tanıdıqca bu dünyanın doğma-yadını,
Bildikcə mən həyatın hər cür dadını,
Qəlbimdəki yanğını, eşqin odunu,
Qaragözlü, gül çöhrəli sonam verdi!

Sıxıldıqca hərdən kədərin əlində,
Boğulduqca acıların gur selində,
Onun adı bir nəğmə oldu dilimdə,
Tanrı mənə heç ölməyən inam verdi!

Çox gəzib dolaşdı, göyün üzündə,
Yoruldu, bu gecə Ay bizdə qaldı.
Gəldi görüşünə, çox uzaqlardan,
Axdı şırıl-şırıl, çay bizdə qaldı!

Bu gecə başqa bir gecəydi, sonam,
Hər şey sevgiyəydi, eşqəydi, sonam,
Yanağını mənə Eşq əydi, sonam,
Öpdüm, busələrim ayüzdə qaldı!

Od yandı ürəkdə, od yandı başda,
Odlandı ürək də, odlandı baş da,
Qorxdu bu alovdan, bu oddan qış da,
Beləcə bir ömür yay bizdə qaldı!


***
Gözəldir, qəşəngdir, biri-birindən,
Gülmü gülüşündür, gülüşünmü gül?
Görəndə oynayır ağlım yerindən,
Gülmü gülüşündür, gülüşünmü gül?

Gözlər var, işıqda qaranlıq gəzir,
Abad olan yerdə viranlıq gəzir,
Gözlərimdə sənə heyranlıq gəzir,
Gülmü gülüşündür, gülüşünmü gül?

Gözlərin ömrümün nuru, işığı,
Tanrım qorusun bu duru işığı,
Gülüşün, üzünün gül yaraşığı,
Gülmü gülüşündür, gülüşünmü gül?

Zəkanın ömründən yol salır illər,
Beləcə dəyişir, ötür fəsillər,
Güləndə könlündə açılır güllər,
Gülmü gülüşündür, gülüşünmü gül?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ