Oxunub : 684 | Tarix : 20-08-2015, 14:06 | Bölmə: Edebiyyat / nesr

Lev Tolstoyun əsərləri   tərcümədə necə oxunur? - MÜNASİBƏT | MANERA.AZ

Azərbaycanda orijinal ədəbiyyatla yanaşı, tərcümə ədəbiyyatı da həmişə inkişaf edib və indi də inkişaf etməkdədir. Dünyanın ən böyük sənətkarları hesab olunan Şekspir, Bayron, Heyne, Puşkin, Lermontov və bir sıra başqalarının əsərlərini öz ana dilimizdə bu gün də sevə-sevə oxuyuruq. Bu əsərlər sırasında böyük rus yazıçısı Lev Tolstoyun roman və hekayələri də xüsusi yer tutur. İnamla demək olar ki, hazırda Lev Tolstoy bizdə ən çox oxunan yazıçılardan biridir.

Əslində, Azərbaycan oxucularının L.Tolstoyun əsərləri ilə tanışlığı çox–çox bundan əvvəlki illərə gedib çıxır. Azərbaycanın bir sıra görkəmli yazıçıları böyük ədibin əsərləri ilə hələ oktyabr sosialist inqilabından əvvəl rus dilində tanış olmuşlar. O zaman H. Vəzirov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, S. S. Axundov kimi realist yazıçılarımız Tolstoyun əsərlərini dərin məhəbbətlə oxuyur, sənətkarlıq və bədii ustalıq məharətini ondan öyrənir, həm də dahi sənətkarın əsərlərini Azərbaycan dilinə tərcümə edirdilər.

Lakin Tolstoyun əsərlərinin Azərbaycan dilinə tərcüməsinin tarixi bizə məlum olan sənədlərə görə hələlik 1903-cu ilə qədər gedib çıxır. Həmin ildə ədibin “Buğda dənəsi” adlı hekayəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan bir il sonra isə C.Məmmədquluzadə yazıçının “Əmək, ölüm və naxoşluq” adlı əfsanəsini Azərbaycan dilinə tərcümə edib “Şərqi-Rus” qəzetində dərc etdirmişdir.

Bu kimi əsərlərin Azərbaycan yazıçılarını maraqlandırması çox təbii idi. Azərbaycan o zaman əsasən patriarxal münasibətlər ölkəsi idi. Tolstoyun kənd məişətinə, torpaq məsələsinə aid yazdığı əsərlər, patriarxal rus kəndlisinin açıq həyatını, məşəqqətli əməyini əks etdirən hekayələri buna görə Azərbaycan yazıçılarını o zaman birinci növbədə maraqlandırırdı. “Buğda dənəsi”ndə də patriarxal kəndlinin azad torpaq üzərində şərəfli əməyi təbliq olunur.

Bu əsər eyni zamanda Azərbaycan ədəbiyyatında “Danabaş kəndinin əhvalatları” və “Bəxtsiz cavan” adlı tamamilə orijinal əsərlərin yaranmasında C. Məmmədquluzadə və Ə. Haqverdiyevə böyük imkanlar yaratmışdır.

1904–cü ildə Tolstoyun “Əvvəlinci şərabçı” adlı kiçik komediyası istedadlı artist və rejissor H. Ərəblinski tərəfindən tamaşaya qoyulur.

1905-ci il inqilabından sonra isə Tolstoyun əsərlərinə maraq daha da artır. 1906-cı ildə “Qoç– Dəvət” adlı inqilabçı fəhlə qəzeti fransızların ” yahudi qırğını” haqqındakı suallarına Tolstoyun verdiyi cavabı dərc etmişdir. Bu yazının həmin illərdə hökm sürən “erməni–müsəlman qırğınınin” qarşısını almaq üçün böyük əhəmiyyəti var idi. Həmin illərdə, həmçinin, “Təkamül” qəzeti və “Molla Nəsrəddin” jurnalı da Tolstoyun torpaq və kəndli haqqındakı qabaqcıl fikirlərini yaymaqda çox iş görmüşdür.
Yazıçının “Tanrıyamı, Harunamı xidmət etməli” əsəri isə Azərbaycan dilinə 1907- ci ildə tərcümə edilmişdir.

1908-ci ildə Tolstoyun anadan olmasının 80 illik yubileyi münasibətilə yazıçının əsərlərinin tərcümə və nəşr edilməsi çox genişləndi. Ədibin “İnsana çoxmu şey lazımdır” hekayəsi həmin ildə kitabça şəklində nəşr edilmişdir. Azərbaycan yazıçılarının böyük rus mütəfəkkirinə dərin məhəbbətinin bir ifadəsi olan bu tərcümə Tolstoya hədiyyə olaraq göndərilmiş və bu da onu çox sevindirmişdir.

1909–cu ildə Tolstoyun “Bir-birinizə məhəbbət ediniz”, “Üç sual”, “Baha oturar”, 1912–ci ildə “Qafqaz əsiri”, “İnsanlar nə ilə yaşayırlar”, “Uşaq hekayələri”, “Həyat yolu” əsərləri, habelə, dörd hekayə kitabı tərcümə olunaraq nəşr edilir. Həmin əsərlərin əksəriyyətini Azərbaycan dilinə keçmiş müəllim və nəşriyyatçı Q. Rəşad və şair A. Səhhət tərcümə etmişlər.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Tolstoyun əsərlərini tərcümə və nəşr etmək üçün daha geniş imkanlar yaranmışdır. Belə ki, dahi yazıçının əsərləri respublikamızın ən uzaq guşələrinə qədər yayılıb, dərs kitablarımızda, ali və orta məktəb proqramlarımızda əhəmiyyətli yer tutub.
1928–ci ildə hər yerdə olduğu kimi, Azərbaycanda da Tolstoyun anadan olmasının 100 illik yubileyi təntənə ilə keçirilib. Bu münasibətlə ədibin bir çox əsərləri Azərbaycan dilinə tərcümə edilib. Buna “Kreyser sonatası”, “Kazaklar”, “Uşaqlıq”, “Ilk gənclik”, ”Gənclik”, “Dirilmə”, ”Hacı Murad”, “Sevostopol hekayələri” və başqa əsərlərini misal göstərmək olar.

Bu gün Azərbaycanın kiçik oxucuları da ədibin uşaqlar üçün yazdığı hekəyələrdən ibərət “Şir və küçük”, “Kiçik uşaqlar üçün hekayələr” ,”Üç ayı”, “Baba və nəvə”, ”Ovda hadisə”, ”Heyvanlar haqqında hekəyə” və daha bir çox kitablarını öz ana dilində oxuyurlar.

Xalqımız dünya ədəbiyyatında misli – bərabəri olmayan bədii abidənin – “Hərb və sülh” romanının, ”Anna Karenina” kimi böyük sənət əsərinin Azərbaycan dilinə tərcümə edilməsini respublikamızın mühüm mədəni nailiyyəti kimi qiymətləndirir. İndi demək olar ki, Tolstoyun bütün bədii əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Özü də bu əsərlərin çoxu dəfələrlə nəşr olunmuşdur.

Tolstoyun əsərlərinin tərcüməsində yuxarıda adlarını çəkdiyimiz müəlliflərlə yanaşı, M.Arif, S.Məlikov, Ə.Məmmədxanlı, Q.Musayev, C.Məcnunbəyov kimi yazıçı və mütərcimlərin də işi diqqəti cəlb edir. Onların tərcümə etdiyi əsərlərin dili olduqca sadə və canlıdır.Tolstoyun belə canlı dildə tərcümə olunmuş əsərlərinə oxucularımızın marağı gündən – günə artır.Azərbaycan oxucuları böyük ədibi həmişə minnətdarlıq hissi ilə yad edirlər.

Sahib Əliyev,
yazıçı-jurnalist

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər