Payız çiçəyi yalqız.. - Saqif Qaratorpağın şeirləri

Tarix:26-10-2018, 20:49 Baxış Sayı:367

Payız çiçəyi yalqız.. - Saqif Qaratorpağın şeirləri
Manera.az tanınmış şair Saqif Qaratorpağın 55 illiyi münasibətilə şeirlərini oxuculara təqdim edir:

***
Dostum bu da 55,
Vaxt ötdü,vədə yarı.
Könlümdə qəm göyərdir
Bu payız yağışları.

Yenə bir yarpaq düşdü
ömrümün ağacından.
bir kimsə xəbər tutmaz
gizli ağrı-acımdan.

Bu da ömrün yoxuşu,
artıb bir az da yüküm...
bir yaxşı bax,saralıb
üzümdəki təbəssüm.

Payız çiçəyi yalqız...
bir ibrətdi son bahar.
xatirələr-gözümdən
nəm çəkən köhnə divar.

Üşüdür ürəyimi
bir soyuq baxış belə.
Şükür,indi payızdı,
qarşıda qış var hələ...



***
Belə qopuram hamıdan,
ayrılıram zərrə-zərrə.
Əllərim göydən üzülür,
uçuram,dəyirəm yerə.

Bir ağrıdı ,bir də ürək,
xəbəri yox dostun,yadın.
Mən deyən ola bilmədi,
heyif,mən sevdiyim qadın...

Bir sevincə çatmaq üçün
min dərdə tuş oldum,neynim?!
Xaraba qalsın dünyanı,
mən də bayquş oldum,neynim?!

Ha uzatdım əllərimi,
uçdu,yaxama çatmadı.
Xoşbəxtlik-sonsuzluq qədər,
bircə adama çatmadı...

Hamı uçmaq həvəsində,
deyirsən,eh...bunda nə var?
Qanadı çıxanda ölür,
bilirsənmi,qarışqalar...

Göy üzü boş olur gecə,
xəbəri olmur heç kimin.
Gəl,elə ikmiz gedək!
-Yolun açıq olsun!
-Amin!



***
Harda olsam,
mənə bir pəncərə verin,
bir ovuc göy üzü,
bir damla dəniz,
bir zərrə günəş...
ilıq şüaların işığında yuyunsun
fikirlərim.

Harda olsam,
gözlərimdən baş alıb
getsin üfüqlər,
Baxışımı üşütsün dağların qarı,
könlümdə ləpələnsin
dənizin suları.

Harda olsam,
yuxuma layla desin anadilin səsi,
eyvanımı isitsin
ətcə balaları civildəşən qaranquşun nəfəsi.
Bir əlçim bulud da bəsimdi...
sıxım közərən həsrətimin üstünə.
Bir ömür yetər mənə,
ulduzları muncuq-muncuq
Iydə qoxulu bir gecə,
bir masa,
bir qələm,
bir ağ varaq.
Bir də
təzəcə doğulan
pişik balası kimi
gözləri açılacaq bir sabah...



***
Bilsən,necə sızladır
ürəyimi yoxluğun.
Heç nə doldura bilmir
içimdəki boşluğu.

Sən də çoxdan boğmusan
öz səsini içində.
Əsirsən yarpaq kimi
həyatın bir küncündə.

Çox çətindi bir ömrü
qurban vermək birinə.
Zülümdü,biləsən var
kimsə sənin yerinə...

İndi necə yaşayaq
bu kədərli həyatı?
Məni üzüb öldürər
sən çəkdiyin bayatı.

Nə yaxşı aramızda
bir bəlalı sevda var.
Gözümüzdən su versək
bizi bir az yaşadar...



***
Yenə çırpır qanadını
Mələklər sözün üstünə.
Gecədi...ayın işığı
Axır dənizin üstünə.

Sular öpür ayağını,
Saçlarını yel oxşayır.
...Məni çağırmaq istəsən
Saçlarından üç tel ayır.

Hamı yatıb,yuxudadı,
Səni çətin eşidəcək.
Səsin elə soyuqdu ki
Dənizi də üşüdəcək.

Könlümü oyatdın yenə,
Saldın səsinin toruna.
Sudan çıxan balıq kimi
Yenə düşdün qollarıma.



***
Nə var əlimizdə axı?!
bir ürəkdi,bir göz yaşı.
Yenə qara gözlərinə
dəm tutub payız yağışı...

Deyirsən bizə düşmədi
bəlkə bu ilin ayağı...
Xəbərin yox,unutmusan
saçlarını daramağı.

Bilmirəm,nə deyim sənə,
söz də qanadır yaranı.
Görüşə bilmədik...heyif...
gör kimlər kəsdi aranı...

Nə biləsən,dərd üstünə
dərd gətirər bir məhəbbət.
Sən dərdinə aşkar ağla,
mən sənə...hamıdan xəlvət.



***
Dardı cahan....
Nəsimi

Qalmışıq can çəkə-çəkə,
Tanrım,bizi qurtar,gedək...
Bax, bu da son dayanacaq,
Tərpəndi son qatar,gedək...

Mənzil uzaq,yüküm ağır,
Kimsə eşitməz ha çağır.
Yazda don vuran budağı
Göyərtməz son bahar,gedək...

Öz içimdə batıb səsim,
Bir gül bitirməz nəfəsim,
Içimdə yatmış həvəsi
Axı,kim oyadar,gedək...

Qarası çoxmuş ağından,
Bir çiçək dərmədim dağından.
Viranə sevda bağından
Düşmədi bizə bar,gedək...

Bu könül çətin isinə,
Kor olar öz tüstüsünə.
Bu üşüyən ömrə-günə
Hələ yağmamış qar,gedək...



* * *
Mən sənin gözünü yolda qoymaram,
Qoymaram tutula qaşın-qabağın.
Çox yaxşı bilirəm axı həyatda
Ağrı-acısını hər ayrılığın.

Qoymaram gözlərin dola bir azca,
Həsrətin dumanı kəsə yolları.
Bütün körpüləri sel-su aparsa,
Götür, körpü olsun sənə qollarım.

Yeməsin içini şübhə bir anda,
Ağacı içindən yeyən qurd kimi.
Əgər görüşünə özüm gəlməsəm,
Gələrəm çiyində bir tabut kimi.

Nəyisə itirmək,tapmaq asandı,
Ümidi,inamı itirmə ancaq.
Bu eşqin odunu sönməyə qoyma,
Sonradan yanmağı çətin olacaq...

Sən çağır, mən harda olsam, gələrəm,
Təki gül üzünü bürüməsin qəm.
Yaralı-yaralı durub gələrəm,
Ölmüşəm...itmişəm...bir gün gəlməsəm



***
Yenə əlin qoynunda,gözlərin pəncərədə,
Çəkib bitirə bilməz bir həsrətin rəsmini.
Mən də sənin rəsmini gözlərimdən asmışam,
Ürəyimin qanına qarışdırıb qəmini.

Fikrin dolaşıq düşər yolların ayrıcında,
Ürəyin qəribsəyər bir qərib üzdən ötrü.
Yellənər xəyalların bir çinar budağında,
Darıxarsan...bitərsən hər gün dənizdən ötrü...

Boylanarsan,baxarasan bir ömrün üfüqündən
Qum üstündə oynayan məsum uşaqlığına.
Çevirərsən sahili bir rəssam tablosuna,
Xatirələr şüşətək batdıqca ayağına.

Arzuların min ildi ağ yelkənli gəmidi,
Elə səni gözləyər bir qəlbin ümmanında.
İynənin ucu boyda bir işıq axtararsan
Azıb səhərə kimi bir eşqin dumanında...

O qədər baxarsan ki,pəncərə sahil olar,
Sevinib qışqırarsan “gör dəniz gəlib hara?!”
Hər gecə yuxusunda dəniz görən balıqtək
Atılarsan,özünü çırparsan dalğalara...



***
Uşaq deyiləm ki,küsüb də gedəm,
Getməyə elə bir yerim də yoxdu.
Elə dilə tutdun,danışdım nə var,
Daha gizlətməyə sirrim də yoxdu...

Başımı qoymağa bir diz qalmadı,
Nə varsa əlimdən aldı bu torpaq.
Elə söylənirəm özüm-özümə,
Gücüm deyinməyə yetirmiş ancaq.

Üzümü söykəyim kimə,ağlayım?
Gözümü sıxmağa bir çiyin yoxdu.
Nələrsə qazandım,varımdı...amma,
Heyif, öyünməyə heç nəyim yoxdu...

Nakam arzuların cəni gözümdə,
Kövrək ümidlərin itən yeriyəm.
Biçilmiş zəmiyəm,çalınmış otam,
Yıxılmış ağacın mən də biriyəm...

Mənə ərk edənlər elə çoxdu ki...
Hamı məndən küsür...mən kimdən küsüm?
Gizlicə gözümü sıxım qəlbimə,
Hamıdan xəbərsiz özümdən küsüm...



***
Başını götürüb qəfil gedəsən,
Bu gidi dünyada izin qalmaya.
Səni qıranların,incidənlərin
Səndən danışmağa sözü qalmaya.

Elə çəkiləsən sonsuzluğa ki...
Əli boşda qala axtaranların.
İtəsən,batasan səssiz,soraqsız,
Nə yad xəbər tuta,nə yaxınların.

Köçəsən,bənövşə köç edən kimi,
Nə bir yarpaq duya,nə bir kol bilə.
Qoşulub gedəsən səhər yelinə,
Gedəsən...nə yolçu,nə də yol bilə...



***
Daha yol qalmadı burdan o yana,
O qədər qaçdım ki divar qurtardı.
Bir ömrü xərclədim,boşuna getdi,
Əlimdə,ovcumda nə var,qurtardı...

Baxdım,əvvəlindən sonu göründü
Tələsik sevincə gedən yolların.
Elə ürəyimin başından keçir
Hayana çəksən də vətən yolları.

Qumlu sahiliyəm qəm dənizinin,
Bir dost tənəsindən oyuq-oyuğam.
Etibar eləmə ayaqlarını,
Köz kimi odluyam,buz tək soyuğam.

Mənim məhəbbətim hay-küydən uzaq,
Heç vaxt qışqırmadım yırtıb yaxamı.
Utancaq qonaq tək səssiz gedərəm
Yığıb barxanamı,düyüb boxçamı...



***
Bəlkə belə yaxşıdı,unuda səni hamı,
Bir dəfə düşməyəsən bir kimsənin yadına.
Qəfil çıxıb gedəsən dost-tanışdan xəbərsiz,
Sonra bir məktub gələ bir zalımdan adına...

Sevinə yoxluğuna hər gün bezdirdiklərin,
Çoxunun ürəyindən o saat tikan çıxa.
Elə xəbər tutunca gedişindən kənd-kəsək,
Dünya-aləm qarışa...dava düşə,qan çıxa...

Ürəyini boşalda arxanca danışanlar,
Səni sevməyənlərin çiçəkləri çırtlaya.
Nisgilə çevriləsən bir sızlayan ürəkdə,
Hər gecə köks ötürüb sənsiz günləri saya.

Barı bir az dincələ hər gün çırpdığın qapı,
Qarışqalar rahatca cığır sala evinə.
Üst-başını toz basa sevdiyin kitabların,
Künc-bucaqda tor quran hörümçəklər sevinə.

Darıxa səndən ötrü bir az qələm-dəftərin,
Sinəni sökədiyin masa da qəribsəyə.
...Bir səhər alatoran qayıdasan,dönəsən,
Qapını açan kimi bir səs “hardasan”-deyə.



***
Sularında gəmilər batan qərib dənizəm,
Gücüm çatmaz birini sahilə çıxarmağa.
Dərdim elə közərər ürəyimin başında,
Macal tapmaz su olub gözlərimdan axmağa.

Ha atıldı,çıxmadı arzuların qanadı,
Balıq kimi yem oldu göydə uçan quşlara.
Hər gecə bizim evdə toy-bayramdı,sən də bil,
Heç heyifin gəlməsin o atdığın daşlara.

Bir gözəl şəhər tikdim,baxsan heç tanımazsan,
Küçə-küçə bəzədim,bürüyüb yosunlara.
Xəbərin yox,güzgüdü sinəm nə vaxtdan bəri,
Gizlicə pıçıldayıb dediyin ovsunlara.

Ha üzsən də boy verməz, xatirələr...batarsan...
Mən də öz günahımda boğuluram hər gecə.
Ha baxsan da görməzsən,təzə doğan ay kimi
Anamın duasından doğuluram hər gecə...

Dalğa-dalğa uzanar əllərim sənə sarı,
Usanıb darılmasan hər gün sahil olmağa.
Mən çoxdan alışmışam bir sevdanın oduna,
Köz tək könlündə saxla,gəl qoyma kül olmağa...



***
Sən deyən sevgilər kül olub çoxdan,
Bircə izi qalıb yanıq yeri tək.
Yuyub göz yaşınla içində basdır,
Hərdən köks ötürüb ağla diri tək.

Hisləri donubdu yaxının,yadın,
Ürəklər sinədə bir buz salxımı...
Ürək qızdırmağa bir adam da yox...
Suya danışıram daha yuxumu.

Məni başa düşər ağac da,daş da;
Bənövşə əyilər köksümə sarı.
A zalım,hər səhər günəş doğmamış
Axı çiçəklərə nə deyir arı?

Bostan uyuğudu-ürəyi bomboş,
Mən belə görmüşəm boz adamları.
Günəşi başının üstündən assan,
Əritməz buzunu buz adamların.

Bilirsən,ömürlər niyə tez bitir?!
Təklikdən içini yeyir adamlar.
Ürəklər sinədə daşa dönəndən
Dərdini dağlara deyir adamlar.

AĞSTAFAБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ