Ağrı... - Narıngülün hekayəsi

Tarix:18-10-2018, 20:19 Baxış Sayı:191

Ağrı... - Narıngülün hekayəsi
Müharibə bu dağların ətəyinə qədər gəlib çıxmışdı. Çıxmışdı deyəndə ki, uzaqdan özünü hiss etdirirdi. Günəş dağların arxasından kəndə tərəf boylanırdı. Günəşin nə vecinəydi müharibədir, yoxsa sakitlik, əsas odur, kəndin üstündəydi, kəndin sürüləri, tarlaları, bostanları yerindəydi, o da qıpqırmızı şüalarını hər tərəfə salıb xumarlanırdı.

Qadın həmişəki kimi səhər tezdən oyandı. Səhərin soyuğundan qorunmaq üçün hər səhər əyninə geyinib bir də yatarkən soyunduğu köhnə kişi pencəyini geyindi, həyətdəki cığırla aşağı enib kəhrizdə əl-üzünü yudu, göyə baxıb dua etdi. Duanı hansı dildə etdi, onun da əhəmiyyəti yoxdu. Əsas odur, qadın əllərini göyə açıb özü bildiyi şəkildə Allahla qısa da olsa, söhbətləşirdi. Əslində, bu söhbət hər gün olurdu. Ürəyində tələsə-tələsə Allahla söhbət edirdi. Elə bilirdi ürəyindəkiləri birnəfəsə deməsə, nə isə yadından çıxacaq, yaxud da Tanrı çıxıb gedəcək, daha onu eşitməyəcək. Duadan sonra kəhrizin yanındakı köhnə su qabını doldurdu. İtə-pişiyə yemək verdi, hinin qapısını açdı, toyuq-cücə həyətə yayıldı. Sonra tövləyə girdi, malları sağmaq üçün hazırlıq gördü, əlində gətirdiyi su ilə inəyin yelinini yudu.

Qadın işlərini bitirib ayağını sürüyə-sürüyə həyətdə mətbəx əvəzi taxta dirəklərdən düzəldilmiş yay damına gəldi. Ocağı qalayıb südü ocağa qoydu. Dirəyə vurulmuş sınıq güzgünün önündən o tərəf-bu tərəfə keçərkən, güzgüdəki əksi onunla bərabər hərəkət etsə də, güzgüdə özünü görmədi. Çoxdandı ki, güzgüyə boylanmırdı. Güzgüyə boylansa, özü də görərdi ki, elə də qoca deyil, üzünün yaraşığı da tamam çəkilməyib. Amma ürəyində qocalmışdı. Əynindəki köhnə paltar, çiyinləri sallanmış kişi pencəyi, ayağında sürümək rahat olsun deyə dabanları tapdalanıb əzilmiş köhnə, iri kişi ayaqqabısı onu xeyli yaşlı göstərirdi və bu həyətin pişiyi, iti, toyuq-cücəsi onu belə tanıyırdı.

Qadının yaşadığı kənd sərhəd kəndiydi. Sərhədin hansı tərəfində olmağının da fərqi yoxdu. Əsas o idi ki, sərhədin lap yaxınlığında döyüşlər gedirdi. O döyüşlərdən sonra bu kəndin taleyi tamam dəyişmişdi.

Oğlu çıxıb uzaqlara gedəndən sonra qadının həvəsi ölmüşdü. Əvvəllər, oğlu bu evdə yaşayanda, ürəyi cavan idi. Ürəyində min cür diləyi, istəyi vardı. İndi hər şey keçmişdə qalmışdı. Oğlu müharibədən yaralanıb qayıtmışdı. Doğrudur, hospitalda yaralarını sağaltmışdılar, amma sağ əlini biləkdən kəsib üstünə göndərmişdilər. O gündən sağ biləyi sancırdı qadının, nə qədər dava-dərman da edirdi xeyri olmurdu. Elə biləkdən ağrılar başlayırdı, çox vaxt ağrıdan gecəni dirigözlü açırdı. Ev işlərini də çalışırdı sol əllə görsün.

Sağ əli kəsiləndən sonra oğlu da tamamilə dəyişmiş, qaradinməz olmuşdu. Günlərlə bir kəlmə danışmır, kəndin içinə çıxmırdı. Eləcə lal kimi evdə səssiz-səmirsiz dolanırdılar, amma bir-birini çox gözəl hiss edirdilər. Qadın bilirdi ki, oğlunun kənddə istədiyi qız var. Bir-iki dəfə qızdan söhbət salmış, istəmişdi həm oğlunun fikrini dağıtsın, həm də qərarını bilsin. Oğlu isə qəti şəkildə o qız haqqında danışmağı qadağan etmişdi və bu söhbətə birdəfəlik son qoyulmuşdu.

Bir müddət lal-dinməz dolandıqdan sonra, bir səhər gün dağların arasından boylananda oğlu yol çantasını yığıb anasıyla vidalaşmışdı. Anasının bircə kəlmə "hara?" sualına, bir kəlmə "uzaqlara" cavabını vermişdi. Vəssalam! Qadın əvvəllər hər gün oğlunu arzulayıb ağlayırdı. Sonralar təkcə arzulayırdı, amma ağlamırdı, göz yaşları yoxa çıxmışdı. İllər sonra arzulamağı da unutmuşdu. Oğluyla bərabər arzularına düyün vurulmuşdu. Ürəyində yalnız bir daşlaşmış ağrı qalmışdı, bu ağrı onun özünü də lal-dinməz etmişdi. Bir də sağ biləyi ona aman vermirdi. Oğlu gedəndən çox şey dəyişmişdi, kəndin balaca uşaqları böyümüşdü, oğlunun tay-tuşları evlənib oğul-uşaq sahibi olmuşdu. Təkcə müharibə dəyişməmişdi. Atışma səsləri elə əvvəlki ahənglə eşidilirdi. Düşmənlər də dəyişməmişdi. Yenə də ölənlər vardı, o taydan bura, bu taydan ora üstü toz-torpağa, qana bulaşmış hərbi geyimdə olan cənazələr göndərilirdi. Əvvəllər kimi düşmən bilirdisə, elə o da düşmən olaraq qalırdı. Əslində, onun bu müharibəni araşdırmağa, düşmənini çözələməyə nə həvəsi, nə də hövsələsi vardı. Olan bu idi ki, aman-zaman bir oğlu vardı, o da əlindən çıxmışdı. Bir də sağ biləyi...

Gözlərini ocaqda qaynayan südə dikmiş qadın toyuq hinindən xışıltı eşitdi. Hinin qapısı tərpəndi. Yəqin it-pişik içəri girib -deyə düşündü. Südün daşacağından ehtiyat edib bişməyini gözlədi. Qazanı kənara çəkib dikəldi, hinə yollandı.

Hinin içərisində alaqaranlıqda bir nəfər cavan oğlan arxası ona tərəf dayanmışdı. Günəş oğlanın bədəninin bir tərəfini işıqlandırırdı. Eynən oğlu boydaydı. Duruşu da oğluna bənzəyirdi. Ürəyi döyünməyə başladı, gözlədi oğlan üzünü çevirsin. Oğlan üzünü çevirməyə tələsmirdi, samandan düzəldilmiş yuvaya tərəf əyilmişdi. Qadın səsini çıxartmadan oğlanı izləyirdi. Oğlan yuvadan tapdığı iki ədəd yumurtanı şalvarının cibinə qoydu, sonra yəqin ki, sınacağından ehtiyatlanaraq ehtiyatla pencəyinin cibində yerləşdirdi. Bu kimdir görəsən? Oğlu deyildi. Artıq hinə düşən işıq zolağından oğlanın üzünün bir tərəfi aydın görünürdü. Bu kəndin adamı dünya dağıla iki yumurtadan ötrü hinə girməzdi. Bəs kim olar? Bəlkə... Birdən-birə ürəyi çırpındı. Sanki qollarına, dizlərinə qüvvə gəldi... Qapını araladı, oğlan səsə çevrildi, onunla üz-üzə gəldi. Oğlan əlini qaldırıb, nə isə dedi. Düşmənin dilində danışırdı. Bir anlıq qan beyninə vurdu. Bu tərəfə düşmən tərəfdən kəşfiyyatçıların gəlişi birinci dəfə deyildi. Cəld hərəkətlə hinin qapısını çəkdi, çöldən cəftəni vurdu. Heç hay salmağı da bir neçə dəqiqə çəkdi. Bir anda yoldakı, dükanın qabağındakı adamlar həyətə yığıldılar. Aralarında hərbi geyimli, polis paltarlı adamlar da vardı. Çiyni kameralı oğlan həyətin hər tərəfini lentə alırdı.

- Hanı, hardadır?

Başıyla hini göstərdi. Başqa kameralılar da çəkməyə başladılar. Oğlanın qolunu burub hindən çıxardılar, cibini axtardılar. Cibində iki yumurta, bir parça quru çörək, bir də öz ölkəsinə aid bir neçə xırda pul vardı. Adamlar oğlana nifrətlə baxırdılar, söyənlər, təhqir edənlər də vardı. Hərbi geyimli adam oğlanı itələyərək qapıda dayanmış maşına mindirdi. Oğlan maşına minərkən, qadınla göz-gözə gəldi.

Əvvəllər qu deyəndə qulaq tutulan bu həyətdə indi adam əlindən dayanmağa yer yoxdu. Böyüklü, uşaqlı hamı yığışıb gəlirdi. Ağız deyəni qulaq eşitmirdi.

Kənd adamları qadını sorğu-suala tutmuşdular. Zarafat deyildi, qadın düşmən tutmuşdu. Qadın azı əlli dəfə hadisəni danışmalı oldu. Nəhayət, adamlar yoruldular. Hamı çəkiləndən sonra qadın hinin qarşısındakı daşın üstündə əyləşdi. Bir az əvvəlki hadisə ona yuxu kimi gəlirdi. Deməli, bu oğlan düşmən imiş. Onun oğlu da o biri tərəf üçün "düşmən" idi. Onun oğlunu düşmən bilib yaralamışdılar, düşmən kimi öldürmək istəmişdilər. Qəzadan təsadüfən sağ qurtulmuşdu. Amma qadın bilirdi ki, oğlu düşmən deyil. Oğlu o qədər rəhmli idi ki, bir toyuğun belə başını kəsə bilmirdi. Anası toyuq kəsdirmək üçün qonşulardan xahiş-minnət edirdi. Bəs bu oğlan necə, görəsən, əsl düşmən idimi, görəsən, niyə keçmişdi bu tərəfə, azmışdımı, yoxsa məqsədli idi gəlişi? Oğlanın gözlərini xatırladı, yox, bu oğlan azıb gəlmişdi, kim nə deyir-desin. Əgər elədirsə, qadın özü aparıb onu yola salardı, o taydakı sərhəd kəndinə gedən cığırların hamısını tanıyırdı. Dağın dibi ilə burulan cığır düz o kəndə gedirdi.

Birdən-birə sağ qolu biləkdən sancmağa başladı. Ağrıyan qolunu havada yellədi.

Bir qədər keçmiş qapıda maşın göründü. Qadını hərbi məntəqəyə çağırdılar, izahat verməli idi. Sorğu-sual edən şəxs hələ görünmürdü. Görəsən, oğlan hardaydı? Ona nə cəza verəcəklər? Yəqin ki, verəcəklər, düşməni cəzasız buraxarlarmı? Oğlu gəlib gözlərinin qarşısında dayandı. Bəlkə elə burda başa salım ki, o oğlan düşmən deyil, gözlərindən oxudum. Mən insan gözlərini oxuya bilirəm. Görəsən, qulaq asarlarmı, məni ələ salmazlar ki?

Başqa otaqdan səs-küy gəlirdi. Onu danışdıran hərbçi də səsə getdi, qayıdıb bildirdi ki, tutulan düşmən nazik dəmir parçasıyla sol qolunu biləkdən kəsib, intihar etmək istəyib, oğlanı xəstəxanaya apardılar. Qadının sol biləyi sancmağa başladı. Elə sancdı ki, az qaldı ağrıdan qışqıra.

Ayağını sürüyə-sürüyə evə gəldi. Bütün bədəni gizildəyirdi. Gecəni diri açdı. Səhər oğlandan xəbər tutmaq üçün yenidən hissəyə getdi. Hərbi məmur onu gülərüzlə qarşıladı.

- Artıq məşhur olmusan, bütün ölkə səndən yazır - dedi. - Qəhrəmansan.

Hərbçinin sözünə əhəmiyyət vermədi, oğlanı soruşdu. Məlum oldu ki, dəmir paslı imiş, odur ki, oğlanı xilas etmək üçün sol qolunu biləkdən kəsiblər. Sol qolu yenidən sancmağa başladı. Yerə çökdü, qolunu ovuşdurdu: - Niyə gəlibmiş buralara?

- Deyəsən, azıb. Araşdırırıq.

- Neyləyəcəksiz ona? - qadın ehtiyatla soruşdu - düşməndir axı...

- Əgər elədirsə, təhvil verəcəyik gedəcək. Biz cəllad deyilik ki... Yox, əgər kəşfiyyat üçün keçibsə, özündən küssün!

Qadın pencəyinə bərk-bərk büründü, hava isti olsa da, üşüyürdü, hər iki qolu biləkdən sızıldayırdı. Bədəni sanki keyləşmişdi.

- Bəlkə, sənə mükafat da verildi. Xəbər edəcəyik.

Qadın heç nə eşitmədi. Evə doğru yönəldi. Artıq ayaqları ilə deyil, iki biləyinin üstündə yeriyirdi. Hər iki biləyi sancırdı. Bu elə bir sancı idi ki, dərmanı yox idi.../edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ