Ömürdən itəni sözdə bitirdim - Xan Rəsuloğlunun şeirləri

Tarix:11-10-2018, 13:31 Baxış Sayı:155

Ömürdən itəni sözdə bitirdim - Xan Rəsuloğlunun şeirləri
Manera.az şair, kitabçı Xan Rəsuloğlunun şeirlərini təqdim edir:

BİLMİRƏM

Dostluq da, sevgi də karıma gəldi,
Bəxtliyəm, bəxtsizəm, deyə bilmirəm.
Ayrı cür yaşamaq keçir könlümdən,
Yolu başqa yönə əyə bilmirəm.

Dəli dağ çayı tək axıram elə,
Alnıma yazılan çuxurum belə...
Ömrümə yad kimi baxıram hələ,
Ağlımı ömrümə geyə bilmirəm.

Ata olmalıyam, ər olmalıyam,
Dərdləri daşıyan nər olmalıyam,
İçimdən çatlayıb qırılmalıyam,
Yenə bu dünyanı söyə bilmirəm.

Əllərim üzüldü qıydıqlarımdan,
Saçıma dən düşdü duyduqlarımdan.
Könül süfrəsinə qoyduqlarımdan
Özüm bircə qırnıq yeyə bilmirəm.

Dünyanı düşünən bir ozanmışam,
Yoxsa öz yolunu mən azanmışam?
Nələr itirmişəm, nə qazanmışam,
Hardayam, necəyəm saya bilmirəm.

Gözdə gilələnən yaş oldum artıq.
Sevgisi, nifrəti çaş oldum artıq.
Qəlbi çiçək idim, daş oldum artıq.
Daha dizlərimə döyə bilmirəm.

SONRADAN

Özüm alovamsa, sözüm tüstümü?!
Xəyal qoşun çəkib alar üstümü,
Arzular qoynunda yonar büstümü,
Həyatda yüz yerə bölgülənərəm.

Gah uşaq oluram, gah müdrik qoca,
Bu qaynar çağımda yollarım haça,
İnamım, əqidəm özümdən uça,
Zirvələr yanında kölgələnərəm .

Avazım yaxşıdır, Quran deyildir,
Qollarım güclüdür, vuran deyildir,
Bir uçuq komanı quran deyildir,
Dostların gözündə “bəlkələnərəm”

İstəyim əbəsdir, cəhdim əbəsdir,
Məni sevməyənə əhdim əbəsdir.
Yoxsa ki, varlığım bir quru səsdir,
Qəm-kədər əlində hövkələnərəm?

Üzümə gülənə ürəyim uyar,
Hər bir işartıda yaxınlığ duyar.
Bu dünya axırda məni mat qoyar,
Sonradan ayılıb silkələnərəm.

BU YOLLAR

Bu yollar qolları deyil bəxtimin,
Aparıb azdırar, qayıdammaram.
Elə gedərəm ki, qırar əhdimi,
Yar olub kimsəni yarıdammaram.

Uymuşam kədərin mənə ərkinə,
Elə sanıram ki, bu dərdlə təkəm.
Mən öz cin atımın minib tərkinə
Yenəmi dünyanı döyüşə çəkim?

Yoxsa ki, görmədim bir əl sayalı,
Can üzən yollardan saxlaya məni.
Hələ də göylərdə süzür xəyalım,
Çəkib bu torpağa bağlaya məni.

Bu yollar qolları deyil bəxtimin,
Qapılıb içimə çəkilməliydim.
Yasını saxlayıb itən vaxtımın,
Yenə də səbrimə bükülməliydim.

DƏYİŞƏN DEYİLSƏN

Nə sən döyüşənsən, nə mən döyüşən.
Nə sən deyişənsən, nə mən deyişən.
Bir eşqin acısı çəkilməz oldu,
Nə sən dəyişənsən, nə mən dəyişən.
Nə sən dəyişənsən, nə mən dəyişən.

Dəyişmək inadı canımızdadır.
Yaşaya bilmədik biz bir ömrü şən,
Hər şeyə qulp qoymaq qanımızdadır.
Nə sən deyişənsən, nə mən deyişən.

Sanki sözlərimiz tükənib bizim.
Ən ülvi, ilahi duyğularımız
Yoxsa, boş qürura söykənib bizim?
Nə sən döyüşənsən, nə mən döyüşən.

Ayrıldıq, nə yaman günlərə düşdük?
Bunu istəsək də, istəməsək də,
Sanki ayrı-ayrı dinlərə düşdük.

SƏNİ XATIRLADIR

Hər şey Səni xatırladır,
Hər şey Səndən danışır.
Yağış yağsa, günəş çıxsa,
Külək əssə, çovğun olsa,
Gecə olsa, gündüz olsa, yalnız Səni xatırladır.

Mənə Səndən danışır.
O qədər incəsən, ürəyimcəsən,
Elə xəyalındır yaşadan məni.
Hardasa, hayandasa,
Varsan, yaşarsan deyə,
Bax bu ovqatacan daşıdın məni...

Demə, aramızda bir il, min il var...
Varıqsa, Sən də say, yaşıdın Məni!
Xəyalən sən məni xatırladınsa,
Demək ki, o anda yaşadın Məni..

Mən isə hər zaman yaşaram Səni...
Səni anmayanda da, bil ki, hər anımdasan.
Nəfəs dərib, yaşarsan,
Bil ki, yar, amandasan.
Mən Sənin yanındayam,
Sən Mənim yanımdasan.

Demə unutmuşam, xəyallarımda,
Səni gözlərimdə yatızdırmışam.
Şahım, sultanımsan, gözəlim, Səni
Ən ali taxtında otuzdurmuşam.

Bütün varlığıma şövqün süzülər,
Haqqdan axıb gələn nursan elə bil...
Milyardlar içində Mənəm Sən deyən.
Amma ayılmırsan...
Korsan elə bil...

ÖZÜN DƏ BİLMƏDƏN

Hər şeydən olarsan, hər ünə gedib
Yerindən olarsan, dərinə gedib.
İstidən olarsan,sərinə gedib,
Soyuğa can atıb, xəstələnərsən.

Sən hələ olmadan qurulub tələ,
Başına oyunlar gələcək hələ.
Hər şeyi apaydın görsən də belə,
Özün öz içindən tüstülənərsən.

Yaşarsan evində gəlmələr kimi,
Itərsən arada ilmələr kimi.
Özün də bilmədən nəğmələr kimi,
Özgə sözlərinə bəstələnərsən.

BAŞ –AYAQ DÜNYA

Yalanlar üstündə qurulan dünya.
Bəhrəsiz günlərdə sovrulan dünya.
Mənim ürəyimdə qor olan dünya,
Ta kimin bağrını qan eyləmisən?

Sevənin başından aşarsa dərdi
Sevgiyə sədd qoyan o şər, bəşərdi.
Ötən günlərimiz gülməcələrdi,
Daşı kirkirəndə mum eyləmisən.

Baxıb, bu dünyanı izləyəmməsəm,
Durub, vaxtınacan gözləyəmməsəm,
Neyləyə bilərəm, söz deyəmməsəm,
Özümü sözümə qın eyləmişəm.

Demək istəmişəm, çalıb dilimdən.
Mərdliyə yolları salıb, ölümdən.
Günəşli gündüzü alıb əlimdən,
Xəyalda gecəmi dan eyləmişəm.

Sirr sanıb nə qədər sorğu saxlayaq?
Yaşayaq nə sayaq, ölək nə sayaq?
A dünya, hər işin olub baş – ayaq,
Özün də bilmirsən, sən neyləmisən.

QANANLAR AYILACAQ

Gördüyünü anlamaq,
Hayana yozuncadı.
Nəsə bişirməlisən –
Baş da bir qazançadı.

Hər kəsin qanacağı,
Qaynayıb qızıncadı.
Qanmazın qanmazlığı
Qananın qazancıdı.

Qananlar ayılacaq,
Qanmazlar bayılacaq.
Qanmazı qandıranın,
Dərisi soyulacaq.

GEDƏRSƏN

Kimsəyə gərəkməz fikirlərinlə
Kiminsə könlünə yatası olsan,
Sözlərin düşüncə səkiləriylə,
Hörmətə, şöhrətə çatası olsan,

Şaşırıb, şənlənib, şaqqanaq çəkib,
Niyə gülməyəsən gülünc dünyaya?
Kamınca tamını duyammadığın,
Ilahi nemətlər olan dünyada,

Qırx ili yaşayıb oyanmadığın,
Yenə də başında duman dünyada,
Hər şey ötərisə, hər şey hədərsə,
Sən də şimşək kimi çaxıb gedərsən.

BU TƏRS İNADIM

Gəl, mənim qanımı qaraltma, qağa,
Qadağa görmədim qanımdan baha.
Əgər “Qan”-deməsəm, bir gəlin kimi,
Qəm məni kəm görüb gəlməz yatağa.

Nəydi bu dünyadan murazım, Allah,
Niyə istəyimi gözdən itirdim?
Özüm öz əlimdə acizəm hələ,
Ömürdən itəni sözdə bitirdim.

Sözünü, sehrini, sirrini aç, de,
Qırxıncı otağın açarı sözdü.
“Şairlik”-deyirlər şahlıq quşudur,
Bəs belə taledən sən niyə bezdin?

“Döz”-deyib, qanımı qaraltma, qağa,
Barışıq adıyla bada gedirik.
Dost-doğma qardaş da yad olur bizə,
Özgənin xeyrinə ada yetirik.

Dəliyəm, dərdlərim əlimdə daşdı,
Dindirsən, təpənə döşüyəsiyəm.
Gözümü dünyaya kədərim açdı,
Bu qəmi qəbrəcən daşıyasıyam.

Dəli duyğularım ilğımıydımı,
Ağlımı başımdan nələr apardı?
Üzülən ümidim yorğunuydumu,
Öz sözüm üzümə durdu, qabardı.

Dərd odur dərdimi dərd sayanım yox,
Dərdimi duymasa dünya durulmaz.
Nə dərddi yolunda can qıyanı yox,
Başqa cür başıma dünya dar olmaz.

Sözümün, sehrimin sirri nədir ki,
Salamat başımı gorum götürməz.
Heç kəs bu dünyanı düzəldəmmədi,
Bu tərs inadımsa görüb-götürməz.

AZADLIQ ARZULARIM

Ömrüm axan çaydısa,
Duyğularım bulaqdır.
Xəyallarım gül bağı,
Əməllərim alaqdır.

Canımı, varlığımı
Sözlərə sıxdım, amma,
Yenə də alınmadı
O musiqi, o qamma.

Sevgi sevinci belə
Qəlbimə bəs etmədi.
Ha çağırdım, ha yandım,
Tanrıya səs yetmədi.

Ömrümü gilə-gilə
Hər gələnə payladım.
Amma, yenə Tanrıdan,
Kömək umdum, hayladım.

Ağıl Tanrı nuruymuş,
Mənsə, onu danırdım,
Ehtiraslar, həvəslər
Zülmətinə cumurdum.

Mənə günəş özü yox,
Onun nuru gərəkmiş.
Ağacın da, bağın da
Təkcə barı gərəkmiş.

Azadlığı sevənlər
Damlada dəniz duyur.
Gözəllik istəyənlər,
Bircə baxışdan uyur.

Azadlıq arzularım,
Azdırıcı nağılmış.
Cənnət, cəhənnəm özü
Xəyalımdan yığılmış

ASİYƏM

Səsimə də asiyəm,
Sözümə də asiyəm.
Gördüyüm üzür məni,
Gözümə də asiyəm.

Sizin olsun mal, davar,
Sizin olsun hər nə var,
Sizdə şeytan səbri var,
Dözümə də asiyəm.

Hər nə sevdim, heç oldu,
Tələsdiyim gec oldu.
Yollardaca gic oldum,
İzimə də asiyəm....

Allahdan ah dilərəm,
Min bir günah dilərəm,
Bircə onu bilirəm,
Özümə də asiyəm.

Vəkil oldum bəyəm ki,
Nəçiyəm, nə deyəm ki,
Qırx dördümdə nəyəm ki,
Yüzümə də asiyəm....

TƏHKİMÇİLİKDİ

Ya gora gedərəm, ya cəhənnəmə –
Ayrı nə verdi ki, bu cahan mənə?
Vaxtın yerişidir, ruhun ritmidir,
Hər an baş vurduğum həyacan mənə.

Hər günü, hər anı qoca dünyanın,
tarıma çəkilər əsəblərimdə.
İrəli getmirəm, geri gedirəm
Bu çək-çevrimdə, hesablarımda.

Yaşamaq deyil ki, təhkimçilikdi!
Qələm silah deyil - əldə çəlikdi.
Bu qarı dünya da anamız deyil...
Yaşayıb ölürük yetimçilikdə.

ÖLMƏMİŞDƏN ÖNCƏ ÖL

Fərhad Meteyə

Sənincün də olacaq
Belə bir gün – yatmısan?
Sona nə qalıb ki, bax,
Əlliyə də çatmısan.

Ən adicə bir işdən,
Yox olub əriyərsən.
İstəyirsən şimşək ol,
Çaxarsan, kiriyərsən.

“Mənəm” – deyən çoxunu,
Vurub, yıxıb bircə yel.
Bacara bilsən əgər,
Ölməmişdən öncə öl.

QORXMURAM

Mən Allahdan qorxmuram.
Niyə də qorxum axı?
Əvvəli xoş yaradıb,
Xoşdu ölümü belə,
xoşdu mənimçün axır...
Varlığımı düşünüb
Hər zaman şükr etmişəm.
İlahidən yaranan
öz ilahi ruhumla,
həyatımı,dünyanı,
tanrını zikr etmişəm...

Çöl-çəməni, çiçəyi,
həqiqətin gerçəyi...
Göz açıb nə görmüşəm,
küsdürməyib bircəyi...
Allahdan qorxmamağım,
demə ki, mərəzimdir,
İnsaf, vicdan, ədalət
- dinimdir, tərəzimdir.

Özümü tanıyandan
tərəzini əymədim.
Ruhuma namərdliyi,
əskikliyi geymədim.
Bilərəkdən mən haqsız
olsam, haqqım halaldır...
Düşünmədən, bilmədən
günah etsəm, bax onda,
xahişim var, şeytana,
söyləsin ki: “Kənar dur!”

Mən pis yaşayıramsa,
burda onluq nə var ki....
Öz günüm-güzəranım,
ağlım-qanımdan axıb...
Sultanı, kralları
bax o zaman qanar ki,
Ömür çaydır, o çaydan,
keçər, yanımdan axıb.

Hər kəs eşit yarandı,
öz ömrüylə kraldı.
Kimsə dəyişə bilməz,
bu əbədi kuraldı.
Xoş ovqatda, dünya da,
gördüm gülür gözümdə,
Aradığım hər şeyi,
sonda buldum özümdə.

Şöhrət, sərvət, gözəllik
- boyalı bərbəzəkmiş.
Hər şey öz axarında,
hər şey öz vamındadı.
Hər şeyin öz vaxtı var,
hər şey öz anındadır.
Anlamayıb, qanmayıb
kim dünyayla əyişdi,
Görəndə ki səy işdi,
sonra özü dəyişdi.

Dünyanın hikməti var,
milyon ildi dovr edər.
Mənim kimi hamı da,
dövran sürər, yol gedər.
Bəlkə elə mənim tək
hirs-hikkəli adamlar,
Haqq adına yaradıb
müharibə, edamlar?!

Olunca amanında
Allahın-səbr evində,
Rahatca uyuyarsan
öləndə, qəbr evində.
Kiminsə haqqın yeyib,
evini ki, yıxmıram?!
Çünki öz Allahımdan
qorxuram ki, qorxmuram!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ