Şeir can odudu - Afiq Muxtaroğlunun şeirləri

Tarix:9-10-2018, 19:53 Baxış Sayı:203

Şeir can odudu - Afiq Muxtaroğlunun şeirləri
Manera.az şair Afiq Muxtaroğlunun 55 illiyi münasibətilə şeirlərini oxuculara təqdim edir:

***
Əskik olmur dərdi yanımın elə,
Dövranı belədi qanımın elə,
Heç canı durmasın canımın elə,
İş açır başıma durduğum yerdə.

Zamanın şimşəyi çaxıb, yandırır,
Uzaqdan bir maral baxıb, yandırır,
Baxışı könlümə axıb, yandırır,
İş açır başıma durduğum yerdə.

Yerində nə qalıb? – bir az kül-kömür,
Dincələn deyil ha bu nimdaş ömür,
Hər dərdi gətirib canımda gömür,
İş açır başıma durduğum yerdə.


***
Bir nişanə qoyur hər gəlişində,
Bəzəyir üzümü neçə naxışı;
Qulağım batardı kədər olmasa,
Kədərlə dostluğum varmış nə yaxşı.

Kədər vəfalıdı, tək qoymaz məni,
Hər an ətrafımı sarar, dövrələr.
Kəsilər könlümün halı kədərsiz,
Ara ağlamsınar, ara kövrələr.

Biz kədərlə çoxdan bağrıbadaşıq,
Qarışıb getmişəm kədərə çoxdan.
Ayırma kədərdən, a bəxtim, məni,
Vallah baş əymişəm qədərə çoxdan.

Yaman yaraşıram kədərə baxsan,
Mən insan donunda kədərəm elə.
...Yanımda yoldaşım kədər olunca,
Haraya desələr gedərəm elə...


***
Baxırsan qalmayıb əlində heç nə, –
Təknədə çörəyin, kuzədə suyun.
Açırsan gözünü qaynayar deyə,
Kor olur qəfildən su verən quyun.

Çörək cəhənnəmə, su cəhənnəmə,
Az qala udmağa havan da çatmır.
Gözləyən gözüyün saralır kökü,
Tərsikən işlərin avanda çatmır.

Yerdən də, göydən də üzülür əlin,
Qalmır üz tutmağa bir güman yerin.
Kimdənsə küsməyə həvəsin olmur,
Qalmır bir istəyin, bir uman yerin.

...Allah ümidinə baş verir hər şey,
Bilmirsən səhərin açılır necə.
Gündüzü birtəhər yola verməmiş,
Kəsdirir üstünü qaranlıq gecə...


***
Aldana-aldana düşdüm dərinə,
Aldanıb bulaşdım vaxtın kirinə,
Çətin təmizlənə, çətin kürünə,
Gözləyim yuyula bəlkə yağışla.

Göyüzüm tutuldu, şimşəyim çaxdı,
Günahı yoxdumu taleyin-baxtın?
Yüz şəkli çəkilib üzümə vaxtın,
Vurulub bəzəyim neçə naxışla.

Ağrını-acını yaşadım bol-bol,
Eh, nədən qorxacam, səni də sağ ol;
Ölüb-dirilirəm gündə neçə yol,
Yüz can qazanıram bircə baxışla.

Dünyana baxmaqla açılmır eynim,
Düzəlmir nə bəri, nə anrı neynim,
Dilim asi olub, a Tanrı, neynim,
Ya dur cəzalandır, ya da bağışla.


***
Gözümü yumummu göyünə, Tanrı?
Görənlər desin ki, şeytandı, cindi.
Üzümü çevirib gedimmi mən də,
Mən də mi asiyə çevrilim indi?

Dəyişməz saçımın bəyazı, Tanrı,
İstəsən tumarla, istəsən did-yol.
Bunumu gəzirsən yenilə bəndən,
Qarşında əyilə gündə neçə yol?

Mən özüm yenmişəm özümü,Tanrı,
Demə ki, yazığı qayğılar yendi.
Səbrimi sınağa çəkməyin yetər,
Səbrim dağ boydadı, hövsələm gendi.

Bu gün də mi növbəm çatmadı, Tanrı,
Çoxmu məsələ var gündəliyində?
...Ya davran mənimlə bir bəndən kimi,
Ya da çıxar, canım, bəndəliyindən...


***
Ömür yolu uzun – yaz-qış arası,
Ötən günlər çətin işə yarasın;
Yaz ötdüsə, gələr qışın sırası,
Aldanma qış göydə qışlaya, adam.

Ömür dedikləri cavabsız sorğu, –
Azalar bir ucdan, tapılmaz oğru,
Ömürdü çatırsa sonuna doğru,
İnanma yenidən başlaya, adam.

Əvvəli xoş nəğmə, sonu bayatı,
Beləcə keçmirmi insan həyatı?
Dayanıb durdusa ömür saatı,
Gözləmə bir daha işləyə, adam.


***
Göyüzün gözəldi, özünə qismət,
Şen olsun dünyanı böyükdü, gendi;
Dağların ucadı – başında qarı,
Yerli-yerindədi bərəsi-bəndi.

İşin avand olsun görüm, a Tanrı,
Göyündə buludun axıb, boşalsın.
Gözlərim tər-təmiz - yuyub gözyaşı,
Qoy elə dünyana baxıb, boşalsın.

Pis gözlə baxmıram göyünə, vallah, –
Gündüz Günəşinə, gecə Ayına.
Bol olsun qismətin – hər şey əlində,
Hər şey düşməyibmi sənin payına?

...Eh, dərd çəkməyəmi yaratdın məni? –
İşim yox, gücüm yox göndər, çəkərəm.
Öz göyündü, dincəl maviliyində,
Dərdini başımdan əndər, çəkərəm...


***
Darıxmaq nəmənə şeydi ki, adam,
Gözümüzdən axan acı sudurmu?
Tutqun göyüzündə buludu deşib,
Günəşlə görüşmək arzusudurmu?

Darıxanda adam beləmi olur –
Üzündə gülüşü donurmu görən?
Yüz fikrəmi düşür bir quş misalı,
Budaqdan budağa qonurmu görən?

Çatılırmı qaşı adamın qəfil –
Əlləri saçını yolurmu bilsəm?
Üzümüz dönürmü ölü rənginə,
Gül-çiçək sayağı solurmu bilsəm?

Darıxmaq özünə yağı kəsilib,
Adamın özündən küsməyidirmi?
Sındırıb qəfildən bir şüşə qabı,
Deyək ki, əlini kəsməyidirmi?

Canına od düşür xəbərin olmur,
Bu andırın adı darıxmaqdımı?
...Görən çaşmaqdımı darıxmaq, adam,
Ya elə heç nədən karıxmaqdımı?..


***
Mən gərək çırpınam, döyünəm yenə,
Səy kimi danışam, deyinəm yenə,
Artmağa başlayıb dərd öynəm yenə,
Görüm neynəyirəm, görüm, a Tanrı.

Hər şeyi bilənsən – özünki haqsan,
Yatağıma baxsan, taxtıma baxsan,
Mışıl-mışıl yatan baxtıma baxsan,
Yatıbmı ulamır börüm, a Tanrı?

Görünən bələni aşmağa nə var,
Ayaqdı yorulan, başmağa nə var,
Qayğılar üzəndə çaşmağa nə var,
Çaş düşüb astanam-dörüm, a Tanrı.


***
Dayanma buxovlu köhlən at kimi,
Boylanma ətrafa elə mat kimi,
Ay canım, qoy olsun təlimat kimi,
Haqqın yazısını pozanı tap, gəl.

Ömür bir yanıqlı nəğmədi, səsdi,
Dərindən baxanda quru nəfəsdi,
Hər kəsin öz dərdi özünə bəsdi,
Sən dərdsiz aşığı, ozanı tap, gəl.

Ömür kimə səhra, kimə çəməndi?
Necə var elədi, həmən-həməndi,
Hər kəsin boynunda əcəl kəməndi, –
Varsa get başqa cür yozanı tap, gəl.


***
Yelçəkən canında yoxdusa isti,
Ocaq qalamasan çıxarmı tüstü?
Titrəyib əsəndə demə ki, pisdi,
Ayıbdı, sən canın, qışı qınama.

Gözündən yaş axsa üzün uzunu,
Dodağın imrənib dadsa duzunu,
Açmasa könlüyün bu da buzunu,
Gözü suçlu tutub, yaşı qınama.

İtib tapılmırsa, eh, ipin ucu, –
Taleyinmi suçu, bəxtinmi suçu?
Burulubsa başdan kişinin puçu,
Sən ağlı danlayıb, huşu qınama.

Öz əməlin sənə qurubsa tələ,
Hərlən ehtiyatla, bir təhər hələ,
Büdrəyib yıxılsan qəfildən, lələ,
Dikəlib torpağı, daşı qınama.


***
Dünya gəldi-gedər - fanidi, puçdu,
Hər yaşanan günü bir ağır suçdu,
Könlümdə qurduğum saraylar uçdu,
Üst-üstə durarmı de, daşım andır?

Sökülüb nəyim var, tökülüb üstüm,
Bəxtimdən neçə yol incidim, küsdüm,
Yüksəldi təpəmdən, yüksəldi tüstüm,
Nə yaxşı dayanır bə başım andır?

Bilmirəm kim dedi: bəxtimiz ağdı,
Yalandı, ay Tanrı, daşını yağdır;
Ömür dedikləri baxımsız bağdı, –
Bilinmir nə qurum, nə yaşım andır.


***
Xəbərim yoxuymuş, a zalım adam,
Axıb gedirəmmiş axında baxsan;
Yolların əlindən alan olmayıb,
İtmişəm yolların ağında baxsan.

Tonqalım yüksəlir – lap göyə dirək,
Nə gözəl yanıram görməyin gərək,
Köksümün altında əriyən ürək,
Qovrulur canımın yağında baxsan.

Sevinci bədəsil, ümidi dartıq,
Üzülsün qoy ömrün incəsi artıq,
Tapılmır çiçəyi-qönçəsi artıq,
Varmı aranında, dağında baxsan.

...Bu ömür deyilən bir uzun köçdü,
Vallah, bostanından hey tufan keçdi,
Özün də bilirsən vaxtsızdı, gecdi,
Bir şey tapılarmı tağında baxsan?!.


***
Yolub yollarımdan çəmən-çayırı,
Alt-üst eyləmişəm çölü-bayırı,
Nə vaxtdı düşmüşəm özümdən ayrı,
Hər yerdə özümü gəzirəm indi.

Çovutma gülləyə tuş olub bəlkə,
Nə sübut tapılır, nə də ki bəlgə;
Bəlkə zülmət udub, bəlkə də kölgə,
İtik bir, güman min – yozuram indi.

Hər daşı qaldırıb altına baxdım,
Axına qarışdım, sularda axdım,
Sağ olsun göstərdi özünü baxtım,
Seçilmir sulardan cəzirəm indi.

Yaşanan ömrə bax – qaralı-ağlı,
Yavan yığvalımdan çıxarmı yağlı?
Bəlkə qurbanlığam başından bağlı,
Bəlkə sədəqəyəm, nəzirəm indi.


***
Od düşür könlümə şeirdən yenə,
Tökür qırovumu, açır donumu.
Hələ yol gedirəm bir misra boyu,
Görən əvvəlimi, görən sonumu?

Bir sınıq misranın düşüb dalınca,
Gedərəm lap Aya, ulduza qədər;
Bir anın içində sərhədlər çökər,
Qaçaram Təbrizə, Sulduza qədər.

Şehli çəhliminin şehində çimib,
Yuyunub təmizə çıxaram dedim.
Aşıb zirvəsini, keçib düzünü,
Bir əngin dənizə çıxaram dedim.

Şeir can odudu, ay arsız canım,
Nahaqdan tanıtdın, yaxanı, vallah;
Bükər bürküsünə eşidən kəsi,
Məst edər qıraqdan baxanı, vallah.

...Baxmayın solğundu bəti-bənizi,
Nə olsun qarışıb, seçilmir fonu.
Filmin sonuna az qalıb, məncə,
Bir misralıq yolun yaxındı sonu...


***
Dərdimi üzərə çıxarım necə? –
Könlümə bələyib, dəmə buraxdım.
Qısmışam səsimi, kimdi eşidən,
Alçaldıb, alçaldıb bəmə buraxdım.

Dərdimi keçirin yüz yol ələkdən,
Öz əlim böyüdüb onu bələkdən,
Cücərtdim gizlicə çərxi-fələkdən,
Gözümdən yaş töküb, nəmə buraxdım.

Yuyub gözyaşımla könlümə sərdim,
Qalmasın kefindən, qalmasın dərdim,
Sevinci könlümdən əlimlə dərdim,
Yerini kədərə, qəmə buraxdım.


***
Hərdən ürək andır yaman çırpınır, –
Bu ömür od tutmuş quru çırpımı?
Nə çəkər yanmağı? – bir göz qırpımı,
Əriyib tükənmiş mum deyək getsin.

Ömür damarında dayanar qan da,
Yaşamaq həvəsi tükənsə canda,
Bir məna yoxdusa yaşanmış anda,
Çırtdanıb atılmış tum deyək getsin.

Bir ömrün bostanı-bağı yoxdusa,
Budağı yoxdusa, tağı yoxdusa,
Tağının bir dənə sağı yoxdusa,
Əkilmiş qaraca şum deyək getsin.

Vallah, düz sözümdü, baxma qıyqacı,
Bir anı bal dadır, min anı acı,
Dayanıb dincəlmir ömür sayğacı –
Adına sovrulmuş qum deyək getsin.


***
adımı dilindən qoymaydı payız,
mənim adım oldu hey hecalanan...
qış imiş dayanan qapı dalında,
deyirəm gözümdü alacalanan.

payız məni qışa tapşırıb getdi,
əlində qalmışam mən qışın indi.
yeriyir dörd yandan qarı-çovğunu,
tutubdu hər yanı min qoşun indi.

yaxamdan yapışıb buraxmır məni,
qırovu dondurur neçə həftədi.
kefini çəkirsən, ay arsız canım,
soyuğu müftədi, qarı müftədi?

...mən yaxşı bilirəm işimi daha –
mən gərək hər şeyi daşdan çıxaram.
deyəsən, könlümü verdim soyuğa,
çətin ki, könlümü qışdan çıxaram.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ