Bir dəli yağışdı, bir də ikimiz - Saqif Qaratorpağın şeirləri
Tarix:27-09-2018, 17:59 Baxış Sayı:226
Manera.az Saqif Qaratorpağın şeirlərini təqdim edir:
*** Qaçırdı hamını göy gurultusu, Çəkildi xəlvətə boz sərçələr də. Bir dəli yağışdı,bir də ikimiz, Gəzib dolaşırıq boş küçələrdə.
Bir ara əlindən çıxdı çətirin, Az qaldı küləyə qoşulub gedə. Bayaqdan dolaşır ayaqlarıma, Bir pişik balası çıxıb döngədən.
Dağıdıb saçını söyüd ağlayır, Çolaq dilənçinin boş qalıb yeri. Yağış asta-asta yuyub aparır Hisini-pasını qoca şəhərin...
Bir sevgi məktubu ilişib qalıb Titrəyə-titrəyə bir gül koluna. Sahildə üşüyən qoşa fidan şam Girib bir-birinin yenə qoluna.
Axşam necə düşüb xəbərimiz yox, Qara gözlərindən vaxt axıb gedir. Bir azca üzünə soyuq baxanda, Incik qonaq kimi eşq çıxıb gedir...
Gün günə bənzəməz,tale taleyə; Bir ömür axtarsan tapılmaz itik. “Sənə demədimmi qoşulma mənə...” “ Çox gecdi...sonuncu qatar da getdi...”
...Bir də haçan yana sönən işıqlar? Qurut ürəyimdə yaş əllərini. Doldurub bir ovuc işıq da apar Evə qayıdanda boş əllərini.
*** Payız da bir bəhanədi, kövrəlməyə, darıxmağa; payız gəldi deyə başladı şehli gözlərindən çisək yağmağa. Payız da bir bəhanədi ağlamağa... Ötən günləri anmağa, korun-korun yanmağa. Payız da bir bəhanədi sənə nəsə demək üçün, səni bir də sevmək üçün, hərdən küsüb getmək üçün, hərdənbir də barışmağa... Hardan tapdı bu söz məni? Xəbərim yox... Neynim indi?! Vallah,şeir yazmaq üçün payız da bir bəhanədi.
*** Hərdən mənasını itirir hər şey, ölüm də,olum da gözümdən düşür. Çıxır axırıma bu xırdalıqlar. Sıxır ürəyimi bu xoş qılıqlar. Bir şirin tərif də ağrıdır məni... Qaçmaq istəyirəm özüm özümdən, sığınıb içimdə bir tənhalığa. Buraxıb başını şeirin-sənətin, unudub keçmişi bircə anlığa... Unudub həsrəti, unudub qəmi, Aşırıb çiynimə köhnə heybəmi, çıxıb sonsuzluğa gedən bir yola, getmək istəyirəm... Nə olar,olar...
*** Yenə əlin qoynunda,gözlərin pəncərədə, Çəkib bitirə bilməz bir həsrətin rəsmini. Mən də sənin rəsmini gözlərimdən asmışam, Ürəyimin qanına qarışdırıb qəmini.
Fikrin dolaşıq düşər yolların ayrıcında, Ürəyin qəribsəyər bir qərib üzdən ötrü. Yellənər xəyalların bir çinar budağında, Darıxarsan...bitərsən hər gün dənizdən ötrü...
Boylanarsan,baxarasan bir ömrün üfüqündən Qum üstündə oynayan məsum uşaqlığına. Çevirərsən sahili bir rəssam tablosuna, Xatirələr şüşətək batdıqca ayağına.
Arzuların min ildi ağ yelkənli gəmidi, Elə səni gözləyər bir qəlbin ümmanında. İynənin ucu boyda bir işıq axtararsan Azıb səhərə kimi bir eşqin dumanında...
O qədər baxarsan ki,pəncərə sahil olar, Sevinib qışqırarsan “gör dəniz gəlib hara?!” Hər gecə yuxusunda dəniz görən balıqtək Atılarsan,özünü çırparsan dalğalara...
*** Daha təkcə özüməm bu qədim xarabada, Bir də veyil küləkdi-buludları hürküdən. Bir bənəvşə boylanır bir divarın çatından, Bir də sınıq qapıdı...nə gələn var,nə gedən...
Unudulmuş adayam kainatın ovcunda, Itirmişəm illərin sayını, hesabını. Bu gündən başlayaraq gərək təzədən yazam Köhnə-kürüş ömrümün sonuncu kitabını.
Ha axtardım hər yeri bir ağ varaq tapmadım, Batıb baxt gəmisində zamanın sularına. Yadımdan çıxır deyə,nə varsa bircə-bircə Cızım tənha evimin boz,uçuq divarına.
Silinib yaddaşımdan,yoxdu bir xatirə də... Hərdənbir xatırlayıb barı bir az kövrəlim. His basmış bir çıraqdı nə zamandı ürəyim, Hovxurub nəfəsiylə parıldadar kim silib?
*** Sən elə şeirsən ki ha yazsam da bitməzsən! Ömrümün sonunacan havalı dolanaram. Su deyib inildəyən bir çiçəkdən ötəri Içimdən qırılaram,gözümdən bulanaram.
Damla-damla süzülüb,deşib daşı gələrəm, Bir dəfə pıçıldayıb qırıq-qırıq “gəl”-desən. Vecimə də almaram qışı,qarı,ayazı; Qönçələnib gülərəm bircə yol gülümsəsən.
Misra-misra boy verər xəyalımda surətin, Rəsmini gecə çəkib ürəyimdən asaram. Dan yeritək qızaran gözlərimdə doğarsan, Alın yazısı kimi hər gün səni yazaram...
Bilirsənmi,bənövşəm,ömrüm qara qələmdi, Nə yaxşı sən çıxmısan qismətinə,bəxtinə. Götürüb bircə söz yaz könlümün varağına, Üşüyürəm...isinim əlinin istisinə.