Darıxmaq payız fəslidir - Ay Bəniz Əliyarın şeirləri

Tarix:25-09-2018, 11:54 Baxış Sayı:260

Darıxmaq payız fəslidir - Ay Bəniz Əliyarın şeirləri
Manera.az "Xaqani Poeziya Evi"nin direktoru, tanınmış şair Ay Bəniz Əliyarın şeirlərini təqdim edir:

***
Bu həyatın çətinliyi
Bir içim sudur, elə bil.
Heç nə belə deyil asan,
Heç nə belə çətin deyil.

Belə yox olmaq mücərrəd,
Belə var olmaq çətindi.
Düşmənə ar olmaq asan,
Dosta yar olmaq çətindi.

Dünyada min çətinlik var,
Hər şeydən çətin dünyadı.
Sənə belə rahat gələn
Gen düzəltdiyin dünyadı.

Özünsən özünə doğma,
Özünsən özünə düşmən.
Özündən uydurduğundu
Sənə belə çətin gələn.

Belə baxırsan, adicə
Nəfəs almaq da çətindi.
Qarşılıqsız sevgilərdən
Həvəs almaq da çətindi.

Kim kimin üzünə qara,
Kim kimin üzünə ağdı.
Məncə elə ən çətini
Oturub şeir yazmaqdı.

Bilməzdim

Bilməzdim,
bir ömür gecikmək olar...
Sevdalı ürəyi, dərdli ürəyi,
Əvvəl yerə çırpıb küçə başında,
Sonra acı-acı sürüyər yollar.

Bilməzdim,
bir ömür baxdığın yolu,
Götürüb sonunda yerə çaxarsan.
Getdiyin ünvandan qayıtmaq üçün,
Gəldiyin yollara dönük çıxarsan.

Bilməzdim,
gecikən gizli sevdanın,
Başqa bir ocaqdan çıxar tüstüsü.
Orda işıq yanar, burda iki göz,
Orda külü qalmaz, burda istisi.

Nə bilim, nə deyim, bildiyim nədir?
Nə ümidim qalıb, nə də həvəsim.
Bilməzdim,
qarşında kəsiləcəkdir,
Yollara saldığın axır nəfəsim.

Unudasan

Unudasan öz-özünü,
sevib halbahal olasan.
Bir arının şahmar oxu,
Bir çiçəkdə bal olasan.

Gizləyə bir ürək səni,
gizləyə öz səhvi kimi...
Unudasan bir sevginin
sevilən tərəfi kimi...

Unudasan bir paranı
gözünün hər dənəsində.
Unudasan əllərini
bir gözəlin sinəsində.

Yavaş-yavaş adladığın
küçələri unudasan...
Tapmaca dostlar tapdığın
gecələri unudasan...

Yaşının hər damlasını
unudasan axıb gedib.
Görəsən əllərin itib,
görəsən yolların bitib.

Minib bir ağrı atını
ömrün sonuna çapasan.
Unudub öz adını da
bir başdaşında tapasan.

Heç olmasa

Zəng edim sevin bir az,
lap uşaq kimi sevin...
Deyirəm, heç olmasa
səsimin sehri ilə
işıqlansın boş evin...

Dünyanın işinə bax...
Dünyanın işlərinə
mən güzəştə gedirəm...
Heç nə olmamış kimi
bax, sənə zəng edirəm...

Deyirəm, heç olmasa
Qovuşmaq arzusunun
ümidiylə bir az yan.
Sonra asım dəstəyi,
asıl ağrılarından...

Bilmirəm bu nə işdi...
Nə ölüyəm ölü tək...
Nə can dolu diriyəm...
Mən də,
eh,
sənin kimi
zəng gözləyən biriyəm...

Sənin yoluna

Bu yollarda ümid vardı,
Kimlər yıxdı, kimlər qurdu...
Əllərim bir işıqfordu,
əksinlər sənin yoluna...

Hara çəkdim ürəyimi,
Yük eylədi dərdi, qəmi.
Qoy onu da mənzil kimi
tiksinlər sənin yoluna,

Eh, görüşmək olmur nəsib,
Bu yollar məndənmi küsüb?
Qoy ömrümdən bir az kəsib,
çəksinlər sənin yoluna.

Torpaqdan üzdüm əlimi,
Basdırmasınlar ölümü,
Məni yandırıb, külümü
töksünlər sənin yoluna.

Həsrətini...

Xoşbəxtlik mənə dar gəldi,
geyindim gen həsrətini...
Toxudum, hördüm bu gecə
saçımda dən həsrətini...

Bulud doldu damla-damla,
çapaladım "yox"larımla.
Ödədim öz ahlarımla
dağların çən həsrətini.

Ümidim yoxdu bir udum,
daşlara yazıldı adım.
Sonda ölümlə oxşadım
dünyaya tən həsrətini.

Allah qorusun

Gəldim, Allah qorusun,
Gedişi nəhs dünyanın.
Haqq yolunu götürdüm,
Zülmünə bəhs dünyanın.

Kim dedi şahdır zaman?
Əzabın çəkdim, aman!
Məhəbbəti lal kaman,
Eşqi qəfəs dünyanın.

Büdrəmədi ayağım,
Vicdan oldu dayağım.
Tutulacaq qulağım,
Səsini kəs dünyanın.

Kələfləri dolaşdı,
Çirkablara bulaşdı.
Haya, küyə ulaşdı,
Götürdü səs dünyanı.

Kimləri can çürütdü,
Kimləri kama yetdi.
Aldı başına getdi
Hədər-həvəs dünyanı.

Dünyanı

Yenə bir əlim Tanrıda,
Yenə bir əlim dünyanın.
Harası həyatdı görən,
Harası ölüm, dünyanın?

Nə fırlanır dönə-dönə,
Bəlkə gəlib haqqa, dinə?
Namaz üstdə durub yenə,
Bir rükət qılım dünyanı.

Tanrı səbir verib, səbir,
Marş ruhunda çalmır təbil.
Bütün dərdi-səri ilə bir,
Qoynuma alım dünyanı.

Gözlərimdən düşüb yenə,
Yalvarır israrla mənə.
Qoy qaytarım öz yerinə,
Gözümə salım dünyanı.

Dəyirman

Ömür yarı olub, yol yarı deyil,
Ömür dəyirmanım kəmmi üyüdür?
Bu yollar tək mənim yollarım deyil,
Həm də xəyalının yelləncəyidir.

Dəyirman üyüdür sevincimi kəm,
Bəlkə də çarxına düşübdür düyün.
Hələ köksümdəki qəlbi demirəm,
O da əsir düşüb sevildiyin gün.

Ümiddən nə varsa çıxıbdır yoxa,
İndi boşuna yan, boşuna deyin.
Məhkum eyləmisən yuxusuzluğa,
Gözlərim dad edir əlindən sənin.

Hissləri birtəhər yola salmışam,
Kösöv-kösöv olub indi hər yanım.
Ürəksiz, qanadsız, gözsüz qalmışam,
Neyləsin bu ömür-gün dəyirmanım?!

Yağış yağa

Yağış yağa, pəncərəmi döyəsən,
Bitirəsən həsrətini yolların.
Görəm yenə islanıbdı saçların,
Görəm yenə islanıbdı qolların.

Sanki səni suya basıb çəkiblər,
Gözündəki gülüşlərdən su damır.
Əlindəki çiçəklərin islanıb,
Dodağında öpüşlərdən su damır...

Yağış yağa, çaxa şimşək nagahan,
Sala yerə dilimdəki sözümü.
Lap qaçaraq uşaq kimi qorxudan,
Yaş sinənə sıxam yenə özümü.

Gecə bitə, yağış kəsə, kövrələm,
Göz yaşlarım yenə axa içimə.
Əllərimi ovudasan əlində,
Əllərindən yağış dama gecəmə.

Sevən adam

Sən məndən tez gəldin,
lap tez, lap erkən,
Ağacı, budağı, quşu tanıdın.
Doğulub gələrkən bu dünyaya mən,
Doğuldu mənimlə sevdiyin qadın!..

Gəldim həyatının bir payız günü,
Xəzan qovururdu sevən adamı.
Məni gözləyirmiş,
məni,
tək məni,
Əlinin istisi, ruhunun tamı...

Payızdı, göylərin göz qapaqları
Yenə bulud-bulud yaşla doluydu.
Ağacdan asılmış boş budaqların
Çör-çöp yuvaları quşla doluydu.

Yuvalar vardısa ümid varıydı,
Ümidə doğurdu üfüqdən səhər.
Xəyallar quşların qanadlarıydı,
Uçmuşdu, nə olsun, dönəcəkdilər...

ŞabranБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ