Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!

Tarix:23-09-2018, 15:51 Baxış Sayı:396

Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!

Bu gün 20 Yanvar şəhidi, unudulmaz nakam gənc şair Ülvi Bünyadzadənin 49 yaşı tamam olur.Manera.az bu münasibətlə Ülvi Bünyadzadənin seçmə şeirlərini təqdim edir:

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(sinif yoldaşlarıma)

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982

QOCALMAZ, SEVGİ QOCALMAZ

Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.



***
Mən düşdüyüm oda bir gün,
Sən də düşüb yanasan.
Dönüb bir ağ göyərçinə,
Çiynim üstə qonasısan.

Gənclik idi mənim lə'lim,
İndi gümüş olub telim.
Sən heç kəsin deyil, gülüm,
Öz əlimin xınasısan.

Dedim: "Sonam, getmə dayan",
Dedim: "Bəxtim, yatma oyan".
Dedim: "Köçsəm bu dünyadan",
Köks ötürüb anasısan.

Qayıdıbdı sevda dəmim,
Ürək həmin, arzu həmin,
Sən heç kimin, heçcə kimin,
Tək Ülvinin sonasısan.

OLAYDIM KAŞ...

Qönçə idin pardaxlandın,
Elə qönçə qalaydın kaş.
Dönüb bir ağ göyərçinə,
Çiynim üstə qonayd ın kaş.

Günəş oldun yolum üstə,
Ay günüzlü, boyu bəstə.
Sən də olub mən həvəsdə
Sorağımı alaydın kaş.

Gül verərdim gülərdin sən,
Niyə üzün döndü birdən.
Səni canım bilirdim mən,
Mən də sənin olaydım kaş.

MƏN GÖRÜŞƏ TƏLƏSƏNDƏ

Bir adətmi, yoxsa nədir?
Ay buludda düşür bəndə.
Göylər baxır, qəh-qəh çəkir,
Mən görüşə tələsəndə.

Qəlb döyünür, qol usanır,
Bir tutqunluq görcək səndə.
Elə bil ki, yol uzanır,
Mən görüşə tələsəndə.

Sığal çəkib qara telə,
Gəl dayanma, məndən gendə.
Pıçıldaşır sular belə,
Mən görüşə tələsəndə.

Nəfəsinlə isinirəm,
Dan yerindən bad əsəndə.
Bir dünyayam, bir aləməm,
Mən görüşə tələsəndə.

XATİRƏLƏR

Şəbi-hicran yetişdikcə,
Ondan qaçır xatirələr.
Vüsal ömrü daraldıqca,
Aşıb-daşır xatirələr.

Ömrün gözəl bir anından,
Həyatın qeylü-qalından.
Hicran çağı vüsalından,
Nə danışır xatirələr?

Dönür xəyal ilk illərə,
İlham verir könüllərə.
Keçən gündən bu günlərə
Cığır açır xatirələr.

BƏNÖVŞƏ

Bahar nə şirin şeymiş,
Ətri bənövşədəymiş.
Ömrüm sənin eşqindi,
Eşqin də bənövşəymiş.

Bənövşə özün öyər,
Vaqifdən qoşma deyər.
Qurbanidən, Vurğundan
Xatirələr söyləyər.

Bənövşə boynun əyir,
Dərdin mənə söyləyir.
41-45-dən gedən
Nişanlısın gözləyir.

Bənövşə dağ döşündə,
Üşüyər şeh düşəndə.
Bənövşəyə bənzəyər,
Aşiqlər küsüşəndə.

ÇƏKİR

Titrəyən dodağın şeir istəyir
Baxıb təmənnana, ay həsəd çəkir.
Yanır ürəyimdə elə bir od ki,
Bu oda, atəşə yay həsəd çəkir.

Küsəndə gözlərin elə baxır ki...
Səni küsdürəni elə yaxır ki...
Sıx qulac saçların elə axır ki...
Şəlalə duruxur, çay həsəd çəkir.

Sənə şərqi qoşum,şeir nədir ki,
Ovunsun ürəyin, ovunsun təki.
Sən özün şeirsən, elə şeir ki,
Şairlər heyrətdən ay həsəd çəkir.



***
Ay gedən yar, məni tək qoyub getmə,
Dərdindən xəstəyəm, bil, qadan alım.
Qəlbində mənə söy, üzdə incitmə,
İncisən qınayar el, qadan alım.

Baxışın könlümü sinəmdən dərdi,
Qəsd etdi, odların üstünə sərdi.
Gözlərdən yaş ilə tökülən dərdi,
Görübmü bir daşqın, sel, qadan alım?!

Sevgininəzəldən mənası sirdir,
Sevgisiz yaşamaq ölümlə birdir,
Ülvi, sevilməmək günah deyildir,
Sevməmək günahdı, sev, qadan alım.

LİRİK ŞEİR

Getdin... xəyalın heykələ döndü,
Göründü üfüqdə hər axşam sənin.
Qoyub sağəlimi gözümün üstə
Neçə yol boyuna baxmışam sənin.

Xəbərsiz olmuşam məndən küsübmüş,
Çəkilib sim kimi hissim tarıma.
Həsrətin gözümdə yaşa dönübmüş
Axdı birdən-birə yanaqlarıma.

Elə gedibsən ki, yoxdu gümanım,
Bir də sevinəcəm, bir də güləcəm.
Nə qədər küssən də mən dönməyəcəyəm,
Yenə minnətinə özüm gələcəm.

SONU YOXDU SEVGİNİN

Deyirlər ki, ilk məhəbbət həmişə,
Xəyal kimi gəlib-gedər, puç olar.
Sevən qəlbə, könüllərə bənövşə, -
İlk məhəbbət – ilkin gələr, tez solar.

Yox, bu sözlər dar qəlblərin sözüdü, -
Xəyal özü həqiqətdi ürəyə!
Bahar yalnız bənövşənin izidi,
Bənövşələr tez gəlib, tez getsə də.

İlki varsa, sonu yoxdu sevginin,
Sevgi böyük bir dəryadı, səmadı.
«İlk»im daşa dəydi, «son»um …! – deyənin,
Ürəyi də «ilk - son» arasındadı.

Sevgilim, gəl, eşqimizin adına,
Könüllərdən silinməyən ad qoyaq.
Mənim laləm, «məhəbbətin» yanına
«İlk»dən başqa özgə bir söz yazmayaq.



***
Üzümə baxırsan fikrin hardadı?!
Ay çiçək yerinə qəm dərən yazıq.
Ürəyin sevdası özgə sevdadı,
Onu sevdasından döndərən yazıq.

Ömür gözəllikdən səadət umur,
Sən könül verənin daha nə dərdi.
Hər qızın oxşarı bir çiçək olur,
Sənin də oxşarın bənövşələrdi.



***
Mənalı bir ömrün tez çatır sonu
Göz yaşıdı bu dünyanın oyunu.
Bir ovçunun sorağıyla qoynunu
Açıb, mürqüləyir nə vaxtdı dağlar.

Bir bahar bir ömür onu tərk etdi,
Hayandan gəlmişdi, hayana getdi.
Bilmədi, bilmədi, o ömür bitdi,
Yollara boylanıb darıxdı dağlar.

OLUR

İnsanlıq mal deyil pulla alına,
İnsanlıq insanın özündə olur.
Həya manat deyil, cibə salına,
İnsanın həyası üzündə olur.

Varlıda səxavət görübsən harda,
Həddini keçəndə qudurur var da.
Sərinlik arama dayaz sularda,
Sərinlik bulağın gözündə olur.

Doğmaca qardaşı çaqqal qurd ilə,
Qəsdən el içində gəzirlər elə.
Yalandan quyruğu düşübdür dilə,
Hiylələr tülkünün izində olur.

Söyüşdü kasıba düşən tər haqqı,
Nəyə dəyişiblər indi gör, haqqı.
İnsanın boğazı düzdü, pir haqqı,
Əyrilik belində, dizində olur.

Qafil yuxu yatmaz, giribsə qəsdə,
Dodağı səyriyər, sanki bir xəstə.
Həqiqət axtarma kefli məclisdə,
Həqiqət Ülvinin sözündə olur.



***
Sahilində dayandığım dağ çayı,
Aram-aram səndən nağıl danışır.
Durnaların qaqqıltısı göylərdə,
Ətəklənib qərib-qərib dolaşır.

Gecə keçir, ay da sönürşam kimi,
Üşüyürəm, yoxdur səndən bir səda.
Lazım deyil bu minnətli gəlişin,
Əl çək məndən,əl çək,əl çək,əlvida!

Yerit miltək ürəyimə bu qəmi,
Uşaq kimi ağlat məni dalınca.
Sənin bir vaxt şəfqətlənən baxışın,
İndi dönüb qan təşnəli qılınca.

Fərqi yoxdur: bu ağrıya, acıya
Dözəcəyəm, dönəcəksən bir yada.
Əlvida demişəm, yenə deyirəm!
Neyniyəcəm daha səni ,əlvida!



***
Dünya, sənin iki üzün varıymış,
Biri qara, o biri ağ deyilmi?
Bir tərəfdə güllü çəmən, bağça-bağ,
Bir tərəfdə qanlı çanaq, deyilmi?

Ömür neydi, yanğısını kim bilir,
Acısını, ağrısını kim bilir?
İnsanlara həyat ikişey verir:
Biri oraq, biri yaraq deyilmi?

Qohum küsər, küsə-küsə yad olar.
Namərd gülər,şirinləşib dad olar.
Ay Ülvi, dünyada iki adam var,
Biri uca, biri alçaq deyilmi?


***
Düşmənim də dərdə dustaq olmasın,
Bu dustaqlıq məni yaman ağrıdır.
Ürəyimi parçalayır xərçəng tək,
Bircə an da vermir aman, ağrıdır.

Hər gün günüm dönüb ilə hərlənir,
Yorulmayır, elə-belə hərlənir.
Kirpiklərim dönüb milə hərlənir,
Gözlərimə salır al-qan, ağrıdır.

Gücüm yoxdur canı candan ayıram,
Ürəyimi yuxa kimi yayıram.
Günlərimi saat-saat sayıram.
Sağalmağa yoxdur güman ağrıdır.



***
İnsan kimdir?
Sinəsində ovuc boyda
Ürək saxlayan bir varlıq.

Vicdan nədir?
O ürəyi ürək kimi döyündürən,
çırpındıran bir ucalıq.
Vicdan-ucalıq, ucalıq,
Vicdan ömür kələfinin
kövrəkdən kövrək ucudur.
Vicdan hər kəsin özünə
Olan borcudur, borcudur.

Hazırladı: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ