Tənha ağac - Arif Ərşadın hekayəsi

Tarix:14-09-2018, 21:19 Baxış Sayı:157

Tənha ağac - Arif Ərşadın hekayəsi
Manera.az yazıçı Arif Ərşadın "Tənha ağac" hekayəsini təqdim edir:

Fəridə bu gün yuxudan erkən qalxmışdı. Oğlu Pərviz birinci sinfə gedəcəyindən onun axşamdan ütüləyib hazırladığı məktəbli paltarlarını yenidən gözdən keçirdi. Birinci sinif üçün lazım olan dərs ləvazimatlarının hamısını axşamdan çantaya yerləşdirməsinə baxmayaraq, yenə də çantanın içinə nəzər yetirdi. Düz bir həftə bundan əvvəl babası Pərvizlə birlikdə məktəbli yarmarkasından ona məktəb üçün nə lazımdırsa, hamısını almışdı. Fəridə: - “Hər şey qaydasındadır”,- dodaqaltı pıçıldayıb mətbəxə keçdi. Çaydanı su ilə doldurub qazın üstünə qoydu, soyuducudan yağ, pendir çıxarıb masanın üzərinə düzdü. Fikirli olduğundan anasının nə vaxt mətbəxə daxil olmasını belə duymamışdı:

-Sabahın xeyir, qızım. Pərvizi oyadım?- deyən, anası kətili çəkib oturdu.
-Sabahın xeyir, ana. Qoy yatsın, hələ tezdir. Saat yeddidə oyadaram.
Fəridənin gözlərinin qızartısı anasının gözündən yayınmadı:
-Yenə nə olub, ağlamısan, hə?
-Yox, ağlamamışam. Gecəni narahat yatmışam.
-Bəlkə o it oğlu girib yuxuna? Hə...Nəzəri deyirəm ey, o qurumsağı. Bəlkə zəng eliyib səni narahat eləyir, xəbərimiz yoxdur?
Fəridə də kətili çəkib anası ilə üzbəüz oturdu:
-Yox, ay ana, Nəzəri axırıncı dəfə məhkəmədə gördüyümdür. Bu günə qədər bir dəfə də olsun zəng eləməyib. Bu gün ayrılmağımızın düz beş ili tamam olur. Düz beş ildir ki, mən də Pərvizi aldadıram.
-Yaxşı ki, görməmisən. Boyunu yerə soxum onun kimi atanın. Elə ərin olmağından olmaması yaxşıdır. Oğlu birinci sinfə gedir, amma bir dəfə də olsun, onunla bu günə qədər maraqlanmayıb. Sən də başlamısan ki, Pərvizi aldadıram, bu nə deməkdir?
Fəridə ayağa qalxıb iki stəkan çay süzdü, birini anasının, o birini isə öz qabağına qoydu.Yatan oğlunu oyatmamaq üçün pıçıltı ilə danışmağa başladı:
-Bilirsən ana, məni narahat edən başqa şeydir. Dünən yatmazdan əvvəl Pərviz məndən soruşdu ki, ana, sabah atam məktəbə gələcək, hə?
-Niyə soruşdu ki? Nəyə görə sabah? Sən nə cavab verdin?

-Bilirsən ana, Pərviz ayaq tutub həyətdə uşaqlarla oynayandan bəri mənə tez-tez bu sualı verirdi ki, ana, atam nə vaxt gələcək? Mən də o vaxtlar onu ovundurmaq üçün deyirdim ki, sən məktəbə gedəndə gələcək. Bax indi məktəb vaxtı da gəlib çatdı. Pərviz bu gün birinci sinfə gedəcək. Buna həm sevinirəm, həm də ki, onun mənə verə biləcəyi suallardan narahatam. Bu gün onun üçün çox unudulmaz bir gündür. Mən ona nə cavab verim, nə qədər yalan deyim, özüm də bilmirəm. Hər dəfə televizorda xəbərlərə baxanda deyir ki, ana, bəs müharibə nə vaxt qurtaracaq, atam nə vaxt qayıdacaq? Mən də bu günə qədər çiyinlərimi çəkməklə birtəhər suallardan yayınırdım, ya da deyirdim ki, sən birinci sinfə gedəndə gələcək. Bəs birdən yenə xəbər alsa, mən bu gün ona nə deyim?

-Mən sənə vaxtında deyəndə ki, uşağı aldatma, ona düzünü de, sən razı olmadın. İndi də qalmısan vurnuxa-vurnuxa.
-Ana, axı mən Pərvizə deyə bilməzdim ki, sənin atan başqasını...
Atasının oyanıb mətbəxə gəldiyini görən Fəridə sözünü yarımçıq kəsdi. Atası sakitcə qaz peçinə yaxınlaşaraq siqaretini yandırdı və pəncərəyə yaxınlaşıb nəfəsliyi açdı. Ərinin dinmədiyini görən arvad üzünü qızına tutub daha da qızışdı:
-Niyə deyə bilmirsən? Denən də. Denən ki, sənin atan oğraş çıxdı, denən ki, gedib yanı küçüklünün birini aldı. Denən də, niyə demirsən ki, sənin atan özündən beş yaş böyük arvadın puluna görə gedib girib onun evinə? Nə vaxta qədər uşağı aldadacaqsan ki, atan müharibədədir... Bunun bir axırı olmalıdır, ya yox?

Sonra üzünü ərinə tutaraq əlavə etdi:- Kişi, sən niyə danışmırsan, bəlkə düz demirəm, hə?
Kişi siqaretinin tüstüsünü dərin bir qullabla sinəsinə çəkdi, sonra kötüyünü külqabında söndürərək arvadına dedi:
-Nəzər yoxdur! Ölüb Nəzər! Ölən adam haqqında isə nəsə danışmaq mənasızdır.
-Ölüb? Nə vaxt ölüb, a kişi? - arvad çaşqın halda soruşdu.
-Ölüb! Elə bu gün ölüb! - kişi əsəbi səslə cavab verdi.
-Allah ağzından eşitsin, a kişi,-deyərək əllərinin hər ikisini göyə qaldıran arvad, ərinin nə dediyini sanki indi anladı.
Mətbəxin qapısına söykənib yuxulu gözlərini balaca əlləri ilə ovuşduraraq bayaqdan onlara qulaq asan Pərvizin səsi hər üçünü çaşdırdı:
-Ana, mən məktəbə gecikmərəm ki?
Fəridə çaşqın halda cəld ayağa qalxıb oğlunu qucaqladı:
-Yox, gecikməzsən. Otur səhər yeməyini ye, sonra da bir yerdə məktəbə gedərik.

Baba dediyi sözləri nəvəsinin eşitdiyindən pərt olub bir anlıq özünü itirdi, sonra Pərvizin alnından öpüb mətbəxdən çıxdı...
Pərviz anasının əlindən tutub məktəbə yaxınlaşanda artıq birincilər sıraya düzülmüşdülər. Fəridə kimisə görürmüş kimi qəfil dayandı, arxasını məktəbə tərəf çevirib oğluyla üzbəüz durdu və son dəfə oğlunun köynəyini səliqəyə saldı, əli ilə başına tumar çəkib üzündən öpdü:
-Hə, oğlum, sən get sinif yoldaşların dayanan çərgədə dur.Sən içəri keçənə qədər bax, mən o tənha ağacın yanında dayanacağam. Dərsin qurtaranda da səni yenə orda gözləyəcəyəm. Get oğlum, sənə uğurlar.
Pərviz bir anlıq anasına qısıldı və sonra sakit səslə dilləndi:
-Ana, sənə bir söz demək istəyirəm, olar?

Fəridənin rəngi allandı, ürəyi şiddətlə döyünməyə başladı. Pərvizin ona nə deyəcəyini təxmin etdiyindən heç bir söz demədən susdu. Pərviz kipriyini qırpmadan düz anasının gözlərinin içinə baxırdı. Keçən saniyələr Fəridəyə saatlar qədər uzun göründü və özündən asılı olmayaraq oğlunun qarşısında yerə çökdü. Pərviz əllərini anasının boynuna sarıyıb üzündən öpdü və başını onun sinəsinə söykəyərək pıçıltıyla dilləndi:
-Ana, qurban olum, sən heç vaxt ölmə, yaxşımı?

Pərviz anasının cavabını gözləmədən məktəbə sarı qaçdı və sinif yoldaşları dayanan cərgəyə qoşuldu. Əlində videokamera tutan bir kişi həvəslə uşaqları, məktəbi və müəllimləri bayaqdan bəri kameranın yaddaşına köçürürdü.O ən çox kameranı Pərvizin yanında dayanan qıza tərəf tuşlayır və onun yaxşı görünməsi üçün arabir saçlarına,yaxalığına əl gəzdirirdi:
-Sevinc, qızım, belə ciddi dayanma, gülümsə də bir az.
Sevincin atası qızını çəkdikdən sonra kamerasını məktəbin tribunasında təbrik nitqi söyləyən direktora tərəf yönəltdi.
Sevinc yanında dayanan Pərvizin qoluna toxunaraq soruşdu:
-Sənin adın nədir?
-Pərviz.
-Mənim də adım Sevincdir.
Pərviz arxası onlara tərəf dayanmış və çiynində kamera olan kişini başı ilə göstərərək dedi:
-Hə bilirəm, atan sənin adını çəkəndə eşitdim.
Sevinc gülümsəyərək dilləndi:
-O mənim atam deyil ki... Anam istəyir ki, mən ona ata deyim, amma mən ona Nəzər əmi deyirəm. Nənəm deyir ki, o mənim ögey atamdır... Sən də məktəbə atanla gəlmisən?
-Yox, mən anamla gəlmişəm. Mənim də atamın adı Nəzərdir, amma o...

Bu zaman Sevincin atası kamerasını onlara tərəf çevirərək dedi:
-Oğlum, bir az Sevincə yaxın dur, sizi bir yerdə çəkilm.
Sevinc Pərvizin ona yaxınlaşmasını gözləməyərək özü ona sığındı.
Kamerası işlək halda olan Sevincin atası Pərvizlə danışmağa başladı:
-Sənin adın nədir,oğlum?
Sevinc Pərvizin dillənməsinə imkan verməyərək özü onun əvəzinə cavab verdi:
-Onun adı Pərvizdir. Atasının da adı Nəzərdir, lap sənin adın kimi.
Kişi maraqla dilləndi:
-A, nə yaxşı, adaşımdır ki... Hardadır, çağır onu da gəlsin, səninlə bir yerdə çəkim, yadigar qalsın.
Pərviz kişinin gözlərinin işinə baxaraq cavab verdi:
-Mən anamla gəlmişəm. Mənim atam ölüb.
-Ananın adı nədir? Bəs indi o hardadır?-Sevinc Pərvizdən soruşdu.
Pərviz Sevincin sualına həvəslə cavab verdi:
-Anamın adı Fəridədir. Bax, dayanıb ordakı tənha ağacın yanında.
-Nə qəşəng adı var sənin ananın, - Sevinc dilləndi.
-Anamın özü də qəşəngdir, onun adını Eldar babam qoyub, mənim adımı isə atam, - deyərək Pərviz qürurla gülümsündü.

Kişi Pərvizin sözlərindən duruxdu, bir anlıq kamerasını çiynindən aşağı salıb, Pərviz göstərən istiqamətdə olan tənha ağaca tərəf baxdı. Amma ağacın yanında heç kəs yox idi. Kişi diqqətlə Pərvizə baxaraq nəvazişlə əlini onun çiyninə qoyub titrək səslə soruşdu:
-Pərviz, bəs sənin atan nə vaxt ölüb?
-Bu gün!..-Pərviz qətiyyətlə ona cavab verdi.
Pərvizin sözündən kişi diksinən kimi olub, bir-iki addım geri çəkildi. Əlindəki videokameranın yerə düşərək sınmasına məhəl qoymadan tənha ağaca doğru addımlamağa başladı...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ