Tofiq Abdin və… sentyabr… – Kənan Hacı yazır

Tarix:11-09-2018, 15:08 Baxış Sayı:80

Tofiq Abdin və… sentyabr… – Kənan Hacı yazır
Səhər yuxudan oyanıram və Tofiq Abdini xatırlayıram. Onun doğum günündən bir neçə gün keçir. Sentyabrın 1-i bizim üçün – onun dostları üçün xüsusi bir gün idi. Bu günlə bağlı hələ sağlığında "Tofiq Abdin günü” adlı bir yazı yazmışdım. Amma Tofiq abiylə tanışlığımızın tarixçəsi tamam başqa bir günlə bağlıdır. Gərək lap əvvələ qayıdım…

Hərbi xidmətdə olduğum günlərdən birində əlimə bir qəzet parçası keçdi, orda Tofiq Abdinin oğlu Mətinə əsgərlik günlərində yazdığı bir şeir çap olunmuşdu. Şeirdə təxminən, belə bir fikir vardı ki, çöldə yağış yağır, amma bu yağış qız öpüşü kimi deyil, damcılar sən yatdığın kazarmanı döyəcləyir, yəqin sən də üşüyürsən, amma bütün bu çətinlikləri keçəcəksən və dualarımla böyüyəcəksən...

Uzun müddət idi ki, anamı dörd divar arasında tək-tənha buraxıb getmişdim. Uzaq Naxçıvanda bu şeir məni zar-zar ağlatdı. Heç cür təsəlli tapa bilmirdim. Həmin qəzet parçasını hərbi xidmətin son gününə qədər kitelimin cibində saxladım və qayıdanda da özümlə gətirdim. O şeir sanki içimdəki qarışıqlığı nizama saldı, özümü toparlaya bildim. Soyuq havalarda, qan donduran şaxtalarda o şeirin istisi məni qorudu. Hərbi xidmətdən qayıdandan sonra "Dualarına görə çox sağ ol, Tofiq Abdin” adlı bir yazı da yazdım. Yüzlərlə yazım içində ən çox sevdiyim yazılardan biridi o yazı. Və beləcə, Tofiq abiylə qəlb sirdaşlığımız başlandı. O yazı bizi doğmalaşdırdı. Sonralar bir neçə kitabı haqqında yazılar yazdım.

O zamanlar hələ "abi” sözü çox istifadə olunmurdu, mənim abi deyə müraciət etdiyim ilk insan Tofiq Abdin oldu. Özü bizi belə öyrətmişdi. İşsiz qaldığım dönəmlərdə Tofiq abi məni Aqil Abbasın yanına apardı və xeyli təriflədi. "Yaxşı qələmi var, istedadlı oğlandır” dedi. Xatırlayıram, "Azərbaycan” nəşriyyatının yeməkxanasında oturmuşduq, Aqil müəllim qısa və konkret dedi: "Səhər çıx işə”.

Onun mənə bağışladığı kitablarından birinin avtoqrafı belədir: "Kaş sən bir az tez doğulaydın, canım Kənan!”
Valideynlərimi itirmişdim, təklik məni içimdən didirdi, özümə yer tapa bilmirdim. O narahat, çətin illərdə aramızda ata-oğul münasibəti yaranmışdı, tez-tez görüşürdük. Heç kimə deyə bilmədiyim sözləri onunla bölüşə bilirdim. Qara Qarayev metrosunun yaxınlığındakı 9 mərtəbəli binada yaşayırdı, binanın altında xudmani bir kafe vardı, hər dəfə zəng vuranda deyirdi gəl bir oturaq. Onun yeyib-içməyi də müstəsna idi, fərqli idi, zarafatlarında da bir əlahiddəlik vardı. Özünəməxsus yumor hiss vardı. Onunla hər görüşdən, hər söhbətdən sonra özümdə yenilməz güc, enerji hiss edirdim. Bir az içimə yüngüllük dolurdu, onun yaradıcı stixiyası mənə də sirayət edirdi. Bir çox sənət adamları ilə məni o tanış etmişdi. Ədəbi mühitdə ilk addımlarını atan hər bir gəncin himayədarı olurdu. Mənim himayədarım Tofiq Abdin idi. Məni sözün əsl mənasında zərbələrdən qoruyurdu.

Tofiq Abdin və… sentyabr… – Kənan Hacı yazır

Son dərəcə nikbin, həyatsevər insan idi. Amma şeirlərində narın bir nisgil dolaşırdı, əksər şairlər kimi bu dünyanı özünə qürbət bilirdi və bu qürbət ağrısı onun poeziyasından bir ana xətt kimi keçir. Taleyində 7 il qürbət həyatı yaşamaq da vardı. Türkiyə bizə nə qədər doğma məmləkət olsa da yaxınlardan, doğmalardan, dostlardan, tanışlardan, içində olduğu ədəbi mühitdən uzun müddət kənar düşmək o qədər də asan deyildi. O da Tofiq abi kimi həssas bir qələm sahibi ola. Orda da sözə üz çevirmədi, "Orta Doğu”, "Yeni Asiya” qəzetlərinə yazılar yazdı. Bakıya qayıdandan sonra o yazıların böyük bir qismi "Ah, İstanbul… İstanbul” adlı kitaba çevrildi. Mən ilk dəfə İstanbula gedəndə bu böyük və müəzzəm şəhərə Tofiq abinin gözləriylə baxdım, onun yaşantılarına daha dərindən vaqif olmaq üçün şəhərin havasını ciyərlərimə çəkdim.

dünənmi ayrılmışdın
bu yerlərdən,
yoxsa əsrlərcə öncə,
ölüb yenidən dirildiyini
anladın,
ayrılığın o sahilindən
bu yerlərə dönüncə…



Dördüncü ildir ki, doğulduğu gün onsuz keçir. Dördüncü ildir ki, sentyabr gələndə onun "duaları”nı xatırlayıram. Biz onun dualarıyla böyüdük, onun arzuladığı məqama çata bildikmi ya yox?.. Bu suala ancaq o cavab verə bilərdi. Hər ilin 1 sentyabrında telefonu götürüb ona zəng etmək istəyirəm. Səsi hələ də qulaqlarımdadır…

Sonuncu görüşümüzü xatırlayıram. Onun iş yerinə – Tərcümə Mərkəzinə getmişdim. Dedi düşək, birlikdə nahar edək. Yazıçı-jurnalist Nemət Veysəlli ilə zəngləşdilər, o da gəlib çıxdı. Birlikdə oturduq, olduqca maraqlı, qızğın müzakirəylə dolu bir ədəbiyyat söhbəti alındı. Dedim abi, bəlkə bu söhbəti qələmə alaq? Zarafatyana "sən canın, qoy çörəyimizi yeyək” dedi. Dillənmədim. Aradan bir müddət keçəndən sonra nə fikirləşdisə "çox-çox illər sonra biz bu dünyada olmayanda nə vaxtsa yazarsan” dedi. Tikəm boğazımda qaldı. "Abi, bu nə sözdür” dedim. Araya söz qatıb mövzunu dəyişdi. İndi o son görüşü xatırladıqca içimə qəhər dolur. Nə biləydim… Hardan bilə bilərdim ki, bu bizim Tofiq abiylə sonuncu görüşümüzdür?! Düşünürəm ki, görəsən niyə qəfildən belə dedi, bəlkə ona nələrsə əyan olmuşdu?!

Yüngülcə nasazladığını bilirdim, amma onu həmişəki kimi şux gördüyümdən içimdəki narahatlıq da sovuşub getdi. Elə həmin dəli-dolu Tofiq Abdin idi – ədəbi müzakirələrdə kürəyini yerə verməyən, sözünün ovxarı da yerli-yerində!

Sən demə, ölüm pusqudaymış…

Sentyabrdır. Mən yenə Tofiq Abdinlə həmsöhbətəm. Onun şeirləriylə, publisistik yazılarıyla, hekayələriylə baş-başa qalmışam. Onun yazılarını öz səsindən eşidirəm. Özü danışdığı kimi…

Kaş mən bir az tez doğulaydım, Tofiq abi!.../artkaspi.az/

Kənan HACIБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ