Necə oldu ki , fəsillər meydana gəldi? - UŞAQ ƏDƏBİYYATI | MANERA.AZ

Tarix:13-08-2015, 10:59 Baxış Sayı:2979

Necə oldu ki , fəsillər meydana gəldi? - UŞAQ ƏDƏBİYYATI | MANERA.AZ
AYGÜN BÜNYADZADƏ - YARADICILIQ YOLLARI

Aygün Telman qızı Bünyadzadə 08 noyabr 1969-cu ildə Baki şəhərində anadan olub. 1995-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “maliyyə-kredit” fakültəsini bitirib.

Ədəbi fəaliyyətinə sentyabr 2000-ci il tarixdə başlayıb. Nağıllar, nağıl-pyes ve nağıl-povestlər yazır, dünya xalqlarının nağıl və əfsanələrini rus və alman dillərində tərcümə edib müntəzəm olaraq dvrü mətbuatda, xüsusilə uşaq mətbuatında çıxış edir.

2001-ci ildə YUNİSEF,Respublika Uşaq Təşkilatı və Minalar Əleyhinə Milli Agentlik tərəfindən Aygün Bünyadzadənin müəllifi olduğu “Mina təhlükəsi” nağıl-pyesinin premyerası və 17 sərhədyanı rayonda uğurlu nümayiş etdirilmişdir.

Qələmə aldığı və ədəbi mətbuatda dərc etdirdiyi ilk üç nağıla görə 2001-ci ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən “ilin ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına xüsusi mükafatına layiq görülmüş, 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatarı tərəfindən “ilin gənc yazarı” nominasiyasının qalibi olmuş, 2003-cü ildə 2 nağıl-pyesi Azərbaycanın görkəmli klassik dramaturqu Cəfər Cabbarlı adına xüsusi Diploma layiq görülüb.


2005-2007-ci illərdə uşaqlar arasında çox populyar olan “Cırtdan”uşaq jurnalının, 2008-ci ildə “Evcik”, 2014-cü ildə isə “Cobi və dostları” uşaq jurnallarının baş redaktoru olmuşdur.

2007-cı ildə isə Dövlət Kukla Teatrında müllifin “Kral” monotamaşası səhnəyə qoyuldu(rejissor – beynəlxalq Təbəssüm Ordeni Kavaleri Ələkbər Hüseynov. Qeyd-tamaşa ondan çox xarici dövlətə-teatr festivallarına dəvət qazansa da, Ələkbər Hüseynov rəhmətə getdyi üçün bu səfərlər baş tutmadı)

2010-cu ildə “uşaqlar qarşısında xidmətləri üçün” Polşa Respublikasının Beynəlxalq Təbəssüm Ordeninə layiq görülmüş və Təbəssüm Ordeni Kavaleri fəxri adını qazanmışdır.

Nağılları ingilis və rus dillərinə tərcümə edilmişdir.


NECƏ OLDU Kİ, FƏSİLLƏR MEYDANA GƏLDİ

Belə deyirlər ki, çox-çox qədimlərdə, Yer üzündə bir qadın yaşayırmış: bu qadının dörd övladı varmış. Əlbəttə, deyəcəksiniz ki, burda qəribə nə var ki? Hə, bax, təəccüblüsü o idi ki, bir ananın övladı olan bu uşaqlar bir-birinə qəti oxşamırdılar.Belə ki, birinci övlad hamıya və hər şeyə qarşı həddən artıq biganə və soyuq idi ki, hətta, o qədər soyuqdu ki, hara gedirdisə, kimə yaxınlaşırdısa, istər-istəməz onu dondururdu. İkinci övlad tam əksinə - o qədər mehriban və canıyanan idi ki, rast gəldiyi haməya və hər kəsə yeni həyat verirdi. Üçüncüsü həddən artıq istiqanlı bir uşaq idi – o qədər istiqanlı idi ki, hara gedirdisə, hərarətinə heç kim dözə bilmirdi. O ki, qaldı dördüncü övlada, bütün yuxarıdadeyilən xüsusiyyətlərin heç biri onda yox idi. Amma, o da çox ağlağandı. Söz deməmiş gözünün yaşını sel kimi axıdar, ağladıqca, doymazdı, bir də onda ayılardı ki, sel-su aləmi yuyub aparıb. Vay o gündən ki, kimsə bu ailəni qonaq çağırar və ya bütün ailə birgə hara isə gedərdi. Əsil həngamə bundan sonra başlayırdı – həmin yerdə gah bərk isti olur, gah oranı sel-su yuyub aparır, gah ətrafdakı hər şey donub buz parçasına dönür, ən sonda isə hər şey yenidən dirçəlirdi.
Bir gen belə, beş gün, axır ki, camaat təngə gəlib, anaya müraciət etdi:
- Anacan, bəlkə, sən öz övladlarını da götürüb, tamam başqa bir yerə - o yerlərə ki, insan ayağı dəymir, oralara köçəsən? Yoxsa, belə getsə, sənin övladların bütün insanlığın sonuna çıxacaqlar.
Nə etməli? Ana və onun dörd başabəla övladı çox məsləhətlişdikdən sonra göylərə çəkilməyi qərara aldılar. Burada onlar heç kimə mane olmadan rahat yaşaya bilərdilər. Lakin çox keçmədi ki, övladlar doğma Yer üçün darıxmağa başladılar. Ana yenə də işə qarışmalı oldu:
- Mənim əzizlərim! – O, övladlarına müraciət etdi. – İndi ki, Yer üzünü gəzməyi arzulayırsınız, nə deyirəm ki, gedin! Ancaq, bir şeyi yadda saxlayın - əgər insanların sizi sevməyini istəyirsinizsə, hamınız birgə deyil, gedəcəyiniz yerləri növbə ilə gəzin.
Övladlar razılaşdılar. Yola düşərkən, birinci övlad ananın qarşısında hörmətlə baş əyib, xahiş etdi:
- Anacan, biz sən deyən kimi edəcəyik. Lakin, xahiş edirik, izan ver, Yer üzündə qalıb yaşayaq.
- Axı, bu mümkün deyil! – Ana həyəcanla cavab verdi.
- Biz hər şeyi götür-qoy etmişik! – İkinci övlad öz fikrini bildirdi. – Hər yeri növbə ilə gəzəcəyik.
- Hərəmiz ayrı-ayrılıqda, bir-birimizdə çox uzaqda yaşayacağıq ki, qarışıqlıq yaradıb, insanlara mane olmayaq. – Üçüncü övlad əlavə etdi.
- Yalnız hərdən, lap bərk darıxanda, bir-birimizə qonaq gedərik. Doğrudur, uşaqlar? – Dördüncü övlad həyəcandan gözlərinin yaşını güclə saxlayaraq, həyəcanla xəbər aldı.
Ananın razılaşmaqdan savayı əlacı qalmadı. Ancaq, bütün təkidlərə baxmayaraq, uşaqlarına yuxarıdan nəzarət etmək üçün, özü əbədi olaraq, göylərdə məskən saldı.
Uşaqlar isə yola düzəldilər. Birinci övlad Antarktida, Arktika və Uzaq Sibiri, ikinci övlad Afrikanı, üçüncü övlad Baham adalarını, dördüncü isə tropik meşələri özünə əbədi məskən seçərək, növbə ilə dünya səyahətinə başladılar. Doğrudur, onlar elə indi də darıxanda biri digərinin yanına çox qısa müddətə qonaq gedirlər və elə bu zaman Afrikada yağışlar yağır, Uzaq Sibirdə günəşli günlər başlayır, Baham adalarında qeyri-adi soyuq günlər olur, tropik meşələrdə isə bütün təbiət yenidən canlanır.
Əziz dost! Yəqin ki, söhbətin kimlərdən getdiyini, ananın və onun dörd övladının adlarını artıq özün də deyə bilərsən. Bunlar Təbiət ana və onun dörd övladı – Qış, Bahar, Yay və Payız idilər.

HƏKİM

Xeyli vaxt idi ki, bekarçılıq meymunu lap əldən salmışdı. Özünə bir məşğuliyyət tapa bilmədiyindən, günlərlə meşədə boş bekar dolaşır, yaman darıxırdı.
Səhər tezdən, adəti üzrə meşəni gəzən meymyn gözlərinə inanmadı – düz qarşısında, şam ağacının altında bir çanta vardı. Meymun tez çantanı açıb baxdı – içi həkimə lazım olan ən müxtəlif vəsaitlərlə dolu idi.
- Görəsən, kimin olar? – Meymun bir xeylu fikirləşdi. – Əşşi, kimin olur-olsun, tapmışam, deməli, mənimdir! - Meymun səbirsizliklə bir də çantanı açdı. – Ay aman, bunun içində nə qəşəng dərmanlar var! Qırmızı, yaşıl, mavi... Yəqin, kiminsə yadından çıxıb qalıb. Hə, yadıma düşdü, dünən meşəyə bir dəstə adam gəlmişdi, ola bilsin ki, hər ehtimala qarşı özləri ilə gətiriblərmiş.
Meymun bir də fikrə getdi:
- Əcəb yaxşı iş oldu. Onsuz da bekar idim. İndi bu dərmanlarla meşədə həm həkimlik edərəm, həm hörmətim olar, həm də yemək-içmək üçün məəttəl qalmaram.
Meymun işə başladı. Əvvəl sağsağanı tapıb, bu xəbəri meşəyə yaymağı ondan xahiş etdi.
Elə həmin axşamdan başlayaraq, meymunun yanına heyvanlar, quşlar axın-axın gəlməyə başladılar.
Çantanın içindən tapdığı eynəyi gözünə taxan meymun guya onları müayinə edir, hərəsinə bir ədəd həb verirdi. Əvəzində isə, nə yemək dərdi çəkirdi, nə də içmək. İstədiyi vaxt xəstələri qəbul edirdi, istədiyi vaxt yatırdı.
Bu minvalla beş-altı gün keçdi. Meşə əhli arasında meymunun təbibliyi haqqında qəribə söz-söhbət dolaşırdı. Guya, meymun başı ağrıyan canavara nə dərman veribsə, o, bir neçə gün qarnının ağrısından dinclik tapmayıb. Pəncəsinə tikan batməş ayıya necə iynə vurubsa, ayı üç gün, üç gecə yatıb. Beləcə, meymunun işləri getdikcə dolaşığa düşürdü.
Bir gün bülbül qəti qərara gəldi:
- Ay meşə əhli, mən gedib yoxlayacağam, görüm bu meymun doğrudan həkimdir, yoxsa, bizi ələ salır?
Bülbül uça-uça özünü meymunun yanına çatdırdı:
- Meymun qardaş, ölürəm dişimin ağrısından.
Meymun həmişəki kimi əl-ayağa düşdü:
- Dayan, mən indi sənə dərman verərəm, özünün də başını tənziflə sarıyaram, bir daha dişin ağrımaz.
Qulağına gələn qəhqəhə səsindən meymun diksindi:
- Sənin oyunun olsun, ay meymun, mənim heç anadangəlmə dişlərim yoxdur, olmayacaq da!
Bülbülün bu sözlərindən sonra bütün meşə əhli gülməyə başladı. Hər şey gün kimi aydın idi.
O gündən meymunu həmin meşədə bir də gördüm deyən olmadı.

QOCA MƏLƏYİN HƏDİYYƏSİ

Meşənin kənarında, uçuq-sökük bir daxmada bir bacı-qardaş yaşayırdı. Uşaqların ata-anası onlar hələ çox kiçik ikən vəfat etmişdilər. Neçə il idi ki, balacalar burada yaşayır, çörək pulu qazanmaq üçün meşədən odun qırıb sataraq, birtəhər keçinirdilər.
Bu il qış çox soyuq gəlmişdi. Şaxta aman vermədən hər yeri dondurur, külək elə hey vıyıldayır, arası kəsilmədən quşbaşı qar yağırdı. Belə günlərdən uşaqların işi çox çətin olurdu. Heç olmasa, bircə şələ də olsa, odun toplamaq üçün soyuqdan az qala donaraq, onlar bütün meşəni dolaşır, yalnız şələni düzəltdikdən sonra evə geri dönərdilər.
Bu gün də həmin o çətin günlərdən biri idi. Axtara-axtara meşənin lap dərinliyinə gedən uşaqlar bir də ayıldılar ki, qaranlıq düşüb, özləri də yolu itiriblər.
- Gəl bir az çırpı yığıb, ocaq qalayaq. Bu odun şələsini isə, bütün gecəni yandırarıq ki, soyuqdan donmayaq. Səhər isə, yolu tapıb, evimizə qayıdarıq.
Dedikləri kimi də etdilər. Yarım saata yaxın idi ki, qaladıqları ocağın başında qızınırdılar. Yazıq uşaqlar... Aclıq, üstəlik, yorğunluq və soyuq onları əldən salmışdı. Odunlar isə getdikcə tükənirdi. Belə getsə, ocaq tezliklə sönəcəkdi.
- Çox acam, həm də soyuqdur. Bu tərəfdən də odun tapmalıyam ki, bu gecə soyuqdan donmayaq. – Oğlan baltasını əlinə götürdü. – Heç bilmirəm ağac doğramağa gücüm çatacaq, yoxsa, yox? Kaş bir az pulumuz olaydı... Özümüzə doyunca yemək, isti geyim, bir də ki, bir gözəl bir ev alıb, orada yaşayardıq.
- Sən həmişə eyni şeyi arzulayırsan. – Qızcığaz güldü. – Ondansa, gəl işləyək. Həm canımız qızar, həm də ki, aclığı yaddan çıxararıq.
Çox keçmədi ki, odunlar hazır oldu. Bu zaman yanlarında, hardansa, bir qoca peyda oldu.
- Uşaqlar, icazə verərsiniz, mən də sizin ocağınızın istisinə bir az qızınım?
- Əlbəttə, babacan! – Bacı-qardaş qocaya əyləşmək üçün yer göstərdilər.
Bir qədər qızındıqdan sonra qoca maraqlandı:
- Uşaqlar, bu gecə vaxtı meşənin dərinliyində nə işiniz var?
Balacalar başlarına gələnləri nəql etdilər. Diqqətlə onlara qulaq asan qoca bir qırağa qoyulmuş odun şələsini göstərib, sakit səslə xəbər aldı:
- Deyin görüm, bu odunları mənə satarsınız? Əvəzində sizə çoxlu qızıl pul verərəm.
Bacı-qardaş baxışdılar, daha sonra hər ikisi eyni vaxtda cava verdi:
- Yaxşı, babacan, ancaq sən qoca və zəifsən, şələ isə ağırdır. Biz özümüz onu sənin daşıyarıq.
- Nə deyirəm ki? – Qoca mehribanlıqla gülümsündü. – Evim o qədər də uzaqda deyil. Gedək, balalarım!
Ev isə sən demə lap yaxında imiş. Qapını açıb, içəri daxil olduqda, çox gözəl yemək ətri uşaqları az qala bihuş etdi.
Ev isti idi, içəridən isə oynaq musiqi sədaları və gülüş səsləri eşidilirdi.
- Bu gün mənim qonaqlarım var. – Qoca uşaqlara izah etdi. – Siz də içəri keçib, onlara qoşulun. Utanmayın, xatiriniz nə qədər istəyir, yeyib-için, oynayın, axı, yəqin ki, acsınız. Özünüz də soyuqdan lap donmusunuz.
Onlar otağa daxil oldular. Bir küncdə yekə bir stol açılmışdı – üstündə quş südündən tutmuş, ceyran kababınadək, hər cür yemək-içmək vardı. Otaqdakı qonaqlar da çox qəribə idilər: geyimləri sadə və göəl, özləri isə sanki nur saçan bu qəribə varlıqlar yeyib-içir, şən-şən zarafatlaşır və rəqs edirdilər. Heç kim təzə qonaqlara diqqət yetirmirdi - hərənin başı özünə qarışmışdı.
- Əyləşin və doyunca yeyib-için. Sonra isə istədiyiniz qədər rəqs edərsiniz. – Qoca öz balaca qonaqlarını bir daha süfrəyə dəvət etdi.
Uşaqlar yeməyə girişdilər. Ömürləri boyu onlar belə ləzzətli təamlar görməmiş, bu cür gözəl ətirli içkilər içməmişdilər. Nəhayət, doydular.
- Gəl bu nahar üçün babaya təşəkkür edək! – Qızcığaz qardaşına təklif etdi.
- Əlbəttə, bunu mütləq etməliyik.
Qoca isə sanki buxarlanmışdı – evin heç yerində yox idi.
- Gedək odunlarımızı yerbəyer edək, qocanın işini yüngülləşdirərik. Bəlkə, o vaxtadək özü də gəlib çıxdı.
Uşaqlar odunları götürmək üçün qapının yanındakı sobaya yanaşdılar. Sobadakı odunlar lap azalmışdı – o, indicə sönəcəkdi.
- Bir bax! – Qız sobanı göstərdi. – İndicə sönəcək və qonaqlara soyuq olacaq.
- Bəs biz nəyə lazımıq? Sobanı odunla doldurub, sönməyə qoymarıq.
Beləcə, növbə ilə sobanın yanında keşik çəkib, onu sönməyə imkan verməyən uşaqlar arabir yeyib-içir, o biri qonaqlar kimi rəqs edir və şənlənirdilər. Bir saat keçməmişdi ki, qoca yenidən onların yanında peyda oldu.
- Hə, uşaqlar, çox sağ olun ki, kömək edib, sobanı sönməyə qoymadınız. Yoxsa, bu mənim lap yadımdan çıxmışdı. İndi isə mən sizin haqqınızı ödəməliyəm. – Qoca uşaqların bir küncə qoyulmuş baltasını onlara uzatdı. – Götürün, bu dəqiqədən başlayaraq, sizin bu baltanız sehrlidir. Onu nəyə vursanız, həmin əşya qızıla çevriləcək.Adi görünən bu cib dəsmalını isə, - o, cibindən bir dəsmal çıxarıb, uşaqlara verdi – kefiniz harda istədi, yerə sərib, “Dəsmal, açıl!” deyin və orada öz-özünə əmələ gələn imarətdə istədiyiniz qədər şad-xürrəm yaşayın. Başqa bir yerə köçmək istədikdə isə”Dəsmal, yığıl!” deməyiniz kifayətdir ki, hər şey yenidən yox olsun. Bu isə, sizin odunları bağladığınız ipdir. – Qoca ipi uşaqlara verdi. – O da sehrlidir. Əgər, kimsə, hədiyyə verdiyim əşyaları sizdən almaq istəsə, bu ip özü onların dərsini verəcək.
- Babacan, olmaya, Siz sehrbazsınız? – Bacı-qardaş, demək olar ki, xorla xəbər aldılar.
Qoca isə mehribanlıqla gülümsündü:
- Yox, sehrbaz deyiləm, sadəcə olaraq, bir qədər qocalmış xeyirxah mələyəm. Bu gün mənim ad günüm idi. Bu qonaqlar isə hamısı Yer üzünə səpələnmiş xeyirxah mələklər və sehrbazlardır. Və... uşaqlar, biz hamımız qərara gəldik ki, siz bu hədiyyələrə böyüklərdən daha çox layiqsiniz.
Ev sahibi özünün balaca qonaqlarını qapıdan yola salar-salmaz, bu qəribə ev öz-özünə yox oldu.
Uşaqlar isə... Ta ki, ömürlərinin sonunadək heç bir ehtiyac hiss etmədən dünya səyahətinə çıxdılar. Bu sehrli ə.yaların köməyi ilə onlar hər yerdə ehtiyacı olanlara kömək edir, zalımları cəzalandırırdılar.
Bəli, xeyirxah mələklər və sehrbazlar kimlərə kömək etdiklərini çox gözəl bilirlər...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ