Küçə, gecə və başqaları - Rauf Qaraişıqın şeirləri
Tarix:9-09-2018, 22:10 Baxış Sayı:216
Manera.az Rauf Qaraişıqın şeirlərini təqdim edir:
SƏNİN ÜÇÜN
Sənin üçün çox darıxırdım... Görüşdük...! Karıxdım! Duruxdum! Sonra üz-üzə durduq dinməzcə, Sonra İkimiz də doluxsunduq- Yaman dəyişmişik, Yaman qocalmışıq, Ay Vətən!..
BİLMƏDİM
Qulağım dolusu Səsinə qulaq asa bilmədim! Gözüm dolusu Nurlu üzünə baxa bilmədim! Ürəyim dolusu Sevə bilmədim səni!!! ...Vaxtım yoxuydu. İndi vaxtım var, Ama ,sən yoxsan, Ata!!!
*** Düz ol !!! Qorxma !.. Düz olsan, deyirlər düzdə qalarsan?! Qorxma. mən də oralardayam. Yaxındayam... Uzağı... gedərik bizdə qalarsan!
*** Üç tərəfim-Siz, Qarşımda-Dəniz! Üç tərəfim-Azərbaycan, Qarşımda-Dəniz! Üzməyi də öyrənmədim vaxtında....
BİR SÖZ
Allah, bir söz dedim bağışla məni. səhv dedim, düz dedim bağışla məni. söz - Sənin sözündü mən dedim ama... Halal et mənə...
*** Şaiq Vəliyə
Şeir kimi Dua kimi adamıydı… Keçən səfər Getdim gördüm Yoxdu!.. Kimsə oxuyub Allaha Onu...
*** Gəl, sənə kəmər hörüm, qız, damarlarımdan! Masmavi kəmər.
Gəl, sənə gözmuncuğu verim, qız, bəbəklərimdən! Bapbalaca muncuq.
Gəl,sənə daraq verim, qız, barmaqlarımdan… Ancaq bir az ehmal ol, sən Allah, Baş barmağım zədəlidi… Oxqay… Saçların nə istiymiş, qız! 1988
KÜÇƏ, GECƏ VƏ BAŞQALARI
Ay küçə, Bu gecə Bir qərib keçəcək səndən. Diksinib eləmə – ayaqları yalındı.
Ay gecə, Bu küçəynən, Böyründəki küçüynən. Bir qərib keçəcək səndən. Çağırıb eləmə – «Qabırğası qalındı».
Ay gecə! Ay küçə! Ay küçük! Bu gün sizdən Bir qərib keçəcək. Qəbrinə sarı gedəcək. Yalvarıb eləməyin – Zalım oğlu, zalımdı 1985
AVTOBİOQRAFİK PEYSAJ
Ağlar səsini eşitdiyim uşaqların hamısı mənim uşaqlarımdı. Heçhara aparıb çıxarmayan yollar mənim yollarımdı. Ağacların sınıq-salxaq budaqları mənim qollarımdı. O ağacdələni görürsən, bala hə, bax o da mənəm. Necə gəldi-əyri, ya düz Qabıqların altını eşib dimdik-dimdik, çimdik-çimdik Dərd axtarıram yeyəm. 1988
DARIXIRAM, ANA.
Darıxıram, anam, Darıxıram. Darıxdığımdan az qala Məktub yazam sənə Qonşu otaqdan mətbəxə. Darıxıram, anam. Başına dönüm, döndərim. Otuz ildə bircə şeyi Kamil bildim- Darıxmağı. Darıxıram, ana… 1982