Bircə ömür yolu geri qayıtmır - Bilal Alarlının şeirləri

Tarix:8-09-2018, 22:01 Baxış Sayı:335

Bircə ömür yolu geri qayıtmır - Bilal Alarlının şeirləriManera.az tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının 60 illiyi münasibətilə şeirlərini təqdim edir:

Ürək

Bilirəm, ürəyim ağrıyır,
Məni çəkdiyim dərd sürükləyir qəmə, həkim.
Üzümə həyəcanla baxıb,
Ürəyini qoru, demə, həkim,
Mən ürəyimi qoruya bilmirəm.

Soyuq dəyir, yel kimi keçir yanımdan,
Ağrılar sel kimi keçir canımdan.
Bulud kimi dolub durmuşam,
qara zəhər axır qanımdan,
Mən ürəyimi qoruya bilmirəm.

Yerli-yersiz kövrəlirəm,
gözlərimə yaş gəlir,
Qınama məni, həkim,
çəkdiyim ağrılar mənə xoş gəlir.
Ayağıma daş dəyir,
hər addımda mənə bir dərd tuş gəlir,
Mən ürəyimi qoruya bilmirəm.

Sevdiklərim ürəyimə yük olub gedir,
Bir yerə cəm elədiyim bölük-bölük olub gedir.
Balaca dərdlərim böyük olub gedir,
Mən ürəyimi qoruya bilmirəm.

Mənə dərman yazma, dərdim dərmanlıq deyil, həkim
Ömür Tanrı qismətidi,
hər yoldan ötənə qurbanlıq deyil, həkim.
Dərd bir ayədi,
ağrı da vəhy kimi gəlir,
bəndələr verən fərmanlıq deyil, həkim,
Mən ürəyimi qoruya bilmirəm.

Ürək var deyil,
Ürək dövlət deyil,
Ürək yatır deyil,
mənə ürəyini qoru demə,
Məni çəkdiyim dərd sürükləyir bu qəmə.

Büt

Mən bir qadının ümid yeriyəm,
üz tutmağa yeri qalmayanda
mənə boylanacaq,
dönə-dönə boylanacaq,
dadına yetməsəm,
yenə boylanacaq.
İlahi, məni öldürmə,
bu ümidləri qırma.
O qadın qürür yerimdi,
həyat ağacımdı,
o qadını sındırma.
Ardımca dikilən baxışları
kürəyimi yandırar,
Yanar o qadın,
ürəyimi yandırar.
Bəzən kəmərimi bərk çəkmişəm,
istəyimdən keçmişəm.
Ağrılar, acılar yemişəm,
dost əlindən zəhər içmişəm.
Dözmüşəm, şükür eləmişəm,
Hər gün, hər gecə fikir eləmişəm...
İlahi, al əlimdən hər şeyi,
amma o qadının ümidlərini alma,
o qadını dərdə salma.
Mən onun göz dağıyam,
çəkdiyi iztirab bütə döndərib onu,
o hələ də bilmir
çox adamın büt olduğunu...
Mən o qadının ümid yeriyəm,
kiminçün ölsəm də,
o qadın üçün diriyəm.
İlahi, məni öldürmə,
o qadın üçün ümid yeri saxla,
o qadının ümidlərini
diri saxla.

Məni xatırlamaq üçün

Mən sizi yoxlamağa gələcəyəm
mütləq gələcəyəm
Belə ayrılıq olmaz
Sözündən-söhbətindən
Doymadığım adamlar
Darıxmayın
Məni xatırlamaq üçün
Hələ imkan var
Mənim adımdan
Soyuq başdaşıma
Yazdığınız bayatı
Yaşadacaq sizə
Mənə qismət olmayan həyatı
Amma şəklimə baxmayın
Gözlərimdən utanarsınız
Orda siz oldugunuz kimi varsınız
Bu fotoqraf gözlərim
Sizin əslinizi alıb üzünüzdən
Gözlərimə baxmayın
Özünüz düşərsiniz
Öz gözünüzdən
Çıxıb getməyə yeriniz olmaz

Arsızlıq

Nə qədər arsızam,
yoxluğuna dözürəm.
Birgə dolaşdığımız yerlərdə
sənsiz gəzirəm.
Elə bilirdim,
səndən yaxa qurtaranlara
yaxanı
belə asanca təslim etməyəcəksən,
məni qoyub getməyəcəksən.
Özünü qurban verdin
səni əşya kimi
alıb apardılar.
Xanımlıq taxtından
salıb apardılar.
Keçdiyim küçələr
səni soruşur məndən.
Xəyalınla yaşadığım gecələr
səni soruşur məndən.
Söz tapa bilmirəm,
gözümü döyürəm,
öz dərdimi özümə deyirəm.
Bu kədəri,
bu göz yaşını uda bilmirəm.
Nə qədər arsızam,
ümidlərini qırıb,
özünü unuda bilmirəm.

Unutqanlıq

Getdin və unutdun,
unutdun bütün olanları.
Dərd alır
həsrətin qucağında qalanları.
Geriyə boylanma,
yolunu azarsan,
özün öz qismətinə
qəbir qazarsan.
Şirin xatirələr
çəkər səni,
didər, dağıdar,
sökər səni.
Dönə bilməzsən... özünə,
döyərsən dizinə.
Getdin və unutdun,
bəlkə də unutmağa dəyər.
Qorx ki, bir gün unutduqların
qapını döyər.
Bağla,
xatirələrin qapısını bərk bağla.
Otur, qismətin üçün ağla.
Göz yaşların
günahlarını yuyana qədər ağla.
Unutduqlarını
sənə qısqananlar
səni duyana qədər ağla.

Son mənzil

Açıb pəncərəni,
getdiyin yollara boylanıram
geri dönməyəcəyini bilə-bilə.
Yağış yağır narın-narın,
gilə-gilə.
Payız ağlayır havalar düşəndən,
ağlayır gədiklərə duman çökəndən,
dağlara qar düşəndən.
Bir əlçim bulud kimi
dolub qalmışam,
əlim heç nəyə yatmır,
işimdən-gücümdən olmuşam.
Ürəyim atlanmır,
daha deyib-gülmürəm.
Səndən sonra adamları
ürəklə dindirə bilmirəm.
Arzularımın,
istəklərimin yarpaq tökümü başlayıb.
Göz yaşları içində boğulan payız
mənə
bir qəmli hava bağışlayıb.
Titrədib ürəyimin tellərini,
ağlama, deyir, mən ağlayıram,
ölən arzularına yas saxlayıram.
İslanıb üşüyəcəyindən qorxuram
məni tərk edənin.
Payız yuyat yeridi
arzularının
son mənzilinə gedənin...

Nağıl

Sevginin yaşı olmur,
o başı,
bu başı olmur.
Bilmirəm, ilk,
ya son eşqimdi bu sevda.
Bəlkə də bundan sonra sevmək üçün
məşqimdi bu sevda?!
Əllidə,
altmışda sevənin
başında ağıl olmur.
Hər sevgi əfsanəyə dönmür,
nağıl olmur.
Düşünürəm,
Tanrının butası
gecikib bir az.
Bu sevdanı
sevda çəkməyən anlamaz.
Uzaq başı,
havalıdı, deyəcəklər.
Bu qarımış insanlar,
bu ruhu ölmüş adamlar
diribaşlığımı görüb
arxamca o ki var söyəcəklər
və tüpürəcəklər
öz qismətlərinə.

İllər

Hər şeyin geriyə dönüşü var,
keçdiyimiz yollar kimidi,
yoxuşu var,
enişi var.
Bircə ömür yolu geri qayıtmır.
Mürgü döyən illəri təzədən oyatmır
nə xatirələr,
nə də acılı-şirinli xəyallar...
Mənalı-mənasız ömür gəlib gedir,
yaşanmış illər
ən əziz adamın kimi
ölüb gedir.
Nə əlimiz çatır,
nə ünümüz yetir,
hər il
ömür yolumuzdan
bir dəfə ötür.
Nə biz o illərə qayıdırıq,
nə o illər bizə.
İllər bizim qolumuzdan tutub
ömür yoluna çıxarır,
biz illərin əlindən tutub
yol gedirik
özümüzə.

Tanışlıq

Məni tanıyanları
yaxşı tanımıram,
bunu yaxşı bilirəm.
Hərdən özüm-özümə gülürəm.
Dost dediyim
zərbəni kürəyimdən vurur,
Yar bildiyim
yarıb ürəyimdən vurur.
Dərdinə şərik olduğum
dərd olur mənə,
Günə çıxardığım
məni qoyur
yaman günə.
Bu yolda palçığa çox batmışam,
yenə girirəm,
Palçığa tüpürəndə,
elə bilirəm,
özümə tüpürürəm.
Bilirəm, səhv edə-edə
ağıllanır adam,
ağıllı adam
başqasının səhvindən dərs alır.
Canım, indi gəl,
dostları, tanışları
bir-bir öyrən -
tanıdıqlarımın arasında
elə tanıdığım qədər
tanımadığım qalır.

Şeir elə, budur

Deyirsən. bekar olanda şeir yazıram,
deyirəm, yaz,
mən də bekar olanda oxuyaram.
şeir adına bir şey tapmayanda,
sənin şeirinin ümidinə qalanda
oxuyaram.
Əslində, bəyənirəm sənin bekar şeirlərini,
yaxşı ki, bekarçılıqdan
ona-buna daş atmırsan.
Sən ürəyini qoyursan sözün üstünə,
qəzəbini, kinini sözə boşaltmırsan.
Gör, şeir nə qədər insanı kövrək eləyib,
nə qədər şair gecələr söz ovuna çıxır!
Dəli hisslərini ürəyinin oduyla qalayır,
kövrək misralarına gözünün yaşını sıxır.
Kim nə deyir, desin,
vallah, şeir elə budur -
şeirin adama çevirdikləri...

Söz
Ələddin Əzimliyə

Ruhum oynadı, qardaş, bu şeirlərin əlində,
Şeir deyil, vəyhdi, ilahidən gəlir.
Şeir var, oxuyursan, başından tüstü qalxır,
şeir də var, fikrinə sığal çəkir,
ruhun dincəlir.
Bilirəm, hər sətir bir ocağın közü kimi
Ürəyini yandırır,
əllərini kül edir.
Bu qaynar fikirlər
dərd dağıdır,
qəm şələsini yüngül edir.
Sən uçursan,
qanadların sözdü,
sözdəndi əynin-başın,
sözdəndi ən dadlı xörəyin.
Bu ağırlığa tab gətirmir
sözün üstünə qoyduğun ürəyin.
Külün dərdini çəkmə,
yanan ocaqdan köz qalar,
Ömürünü sözə verənlərdən
bir ömürlük söz qalar.

Oyun

Həyat oyundursa
Oyunçu olmağa dəyər
Məni oynadanların
Havasını çalmağa dəyər
Yoxsa istədikləri kimi
Oynadarlar məni
Udarlar məni
Unudarlar məni

CəlilabadБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ