Yıxılıram ürəyimə - Gəray Göyyurdun şeirləri

Tarix:7-09-2018, 22:21 Baxış Sayı:826

Yıxılıram ürəyimə - Gəray Göyyurdun şeirləri
Manera.az Gəray Göyyurdun şeirlərini təqdim edir:

SƏNƏ

Ahım ulduza çatır,
Çatmır , a zalım sənə.
Nə vaxtacan beləcə
Baxım, sozalım sənə...

Bu həsrətə, hicrana
Ürək çətin dayana.
Yetdi ömür - gün sona,
Yetmədi əlim sənə.

Çatmadı səadətə,
Saldı məni möhnətə.
Hayıf bu məhəbbətə,
Hayıf, gözəlim , sənə !

EHTİYAC ÖNÜNDƏ

Qalıxır qiymətlər, qalıxır yenə,
Ehtiyac önündə qalxır əllərim.
Dükandan, bazardan bomboş qayıdır,
Başımda şimşək tək çaxır əllərim.

Arvad, dur yığışaq gəl köçək kəndə,
Görək bir şey varmı əkin -biçində?
Evdə soyducunu bomboş görəndə,
Dünyanı üstümə yıxır əllərim.

Görək taleyimiz bizə yardımı ?
Yoxsa , hər bir yerdə dünya dardımı ?
Bir ildi kəsiblər sosial yardımı ,
Nə vaxtdır əllərə baxır əllərim.

Qayğılar içində solacam belə,
Bulud tək qaralıb dolacam belə..
Özüm öz qatilim olacam belə,
Tutub boğazımdan sıxır əllərim.

Bu sərvət bizimsə , millət , a millət,
Bu qeyrət bizimsə ,millət, a millət,
Bu varlı-dövlətli, sərvətli vətən -
Bu cənnət bizimsə , millət , amillət,
Görən niyə boşa çıxır əllərim?

EYLƏ MƏNİ

Yarımçıq söndürüb kömür eyləmə,
Yandır sona qədər, kül eylə məni.
Üzülmüş canımı üz , qadan alım,
Ağ buxaq altında tel eylə məni !

Ay mənim qəlbimə məndən yaxınım,
Qoyma həsrətinlə yanım ,yaxılım!
Zərif vücuduna xəfif toxunum,
Yayda sərin əsən yel eylə məni .

Sənin eşqin ilə əsim , hey əsim,
Baxım qamətinə gəlsin həvəsim.
Odlu baxışınla alım nəfəsi,
Ahu gözlərinə gül eylə məni.

Oğrun baxıb ürəyimi dəlib keç,
Göz yaşımı gül əlinlə silib keç,
Hər gün gözlərimin üstdən gəlib keç,
Sən gedən yerlərə yol eylə məni !

TANRIM

Bir il də dolandı , keçdi ,
Bir yaş da qocaldım ,Tanrım .
Sevgiylə , eşqlə böyüdüm ,
Dərd-qəmlə ucaldım . Tanrım .

Çıxdım dərdin zirvəsinə ,
Boylandım haqqın səsinə .
Atıldım eşq gülləsinə ,
Ölümdən öc aldım ,Tanrım .

Sənsiz kükrəyib axmazdım ,
Şimşəklər kimi çaxmazdım ,
Zamanla cəngə çıxmazdım ,
Mən səndən güc aldım ,Tanrım !

GƏLƏRƏM YANINA

Bilsəm məni gözləyirsən
Qaçıb gələrəm yanına .
Uçan quşdan qanad alıb
Uçub gələrəm yanına !

Eşitsəm həzin səsini ,
Duysam isti nəfəsini ,
Yolların ən kəsəsini
Seçib gələrəm yanına .

Lap uzaqdan əl eləsən ,
Qəlbimi tel-tel eləsən .
Ürəyində yer eləsən
Köçüb gələrəm yanına !

YIXILIRAM ÜRƏYİMƏ

Dərd-dərd,qəm-qəm ,qayğı-qayğı ,
Yığılıram ürəyimə
Çilik -çilik çiliklənib
Dağılıram ürəyimə .

O ötən günləri anıb ,
Öz səhvimi bilib , qanıb ,
İçin -için yanıb -yanıb ,
Yaxılıram ürəyimə .

Göynəyirəm aram -aram ,
Sızıldayır köhnə yaram !
Dəniz kimi qabarıram ,
Sıxılıram ürəyimə !

Xalqın saysız ehtiyacı ,
Hər biri bir dar ağacı !
Boylanıram acı -acı ,
Qaxılıram ürəyimə .

Başımdan aşır qayğılar ,
Sıxır məni bu dörd divar .
Ürəyimdə bir boşluq var ,
Yıxılıram ürəyimə !

ÜRƏYİMİ YUYUM ,YATIM

Ayın işıq, nur selində
Ürəyimi yuyum , yatım .
Doldurub başıma çəkim,
Sərxoş olum ,uyum , yatım.

Nur , işıq selindən keçim ,
Qoy nurlansın çölüm , içim !
Mey əvəzi çam =çam içim,
Axır tamam doyum , yatım .

Azad olum qayğılardan ,
Ömrüm çıxsın qışdan, qardan .
Qəlbimdəki duyğulardan
Sonsuz ləzzət duyum , yatım .

İlk sevgimi salım yada,
Dərdə , qəmə olum ada.
Ürəyimi atım oda,
Oyum -oyum oyum ,yatım.

Göyün işıq, nur törəni ,
Valeh eyləyir görəni.
Bu ilahi mənzərəni
Axı necə qoyum yatım ?!

DAHA

Səninlə oynamıram ,
Dərdim ,qurtardım daha .
bu eşqi kal -kal yoldum ,
Dərdim , qurtardım daha !

Qəlbimdə sevda qəmi ,
Şum elədim sinəmi !
Gözümlə cəhənnəmi ,
Gördüm qurtardım daha !

Görən nəydi günahım ,
Göyə bülənddi ahım ,
Kömək elə, Allahım ,
Öldüm , qurtardım daha !

DƏRDİNİ
Dostum Sirac müəllimə

Adam çox vaxt deyə bilmir
Hər kəsə ürək dərdini .
Bilsə bilir göydə Allah ,
Bir də ki , mələk dərdini .

Hər bir dərdi bilən Allah ,
Hər bir şeyi görən Allah ,
Hamıya dərd verən Allah ,
Gəl , mənlə bölək dərdini !

Ya da hamsı mənim olsun ,
Qəmin mənim qəmim olsun ,
Lap elə düşmənim olsun ,
Çəkdirmə qurban olduğum ,
Heç kəsə çörək dərdini !

GƏRƏK

Bu yayın günündə dondum , titrədim ,
Həsrətini çatam , qalayam gərək .
Səni aparmadı duyğular seli ,
Gözümün yaşını calayam gərək .

Köksümdə yaratək qalan eşqini ,
Bütün varlığımı alan eşqini !
İndi yavaş -yavaç solan eşqini
Qəlbimin qanıyla sulayam gərək .

Ürəyində ilk sevginin harayı ,
Bu ömür -gün cana yığdı Gərayı !
Sənsiz nəyə lazım ömür sarayı ? --
Onu düşmən kimi talayam gərək !

MAT-MƏƏTTƏL BAXA -BAXA QALMIŞAM

Bulud kimi qaralmışam , dolmuşam ,
Şimşək kimi çaxa -çaxa qalmışam .
Haqsızlığın qarşısında nə vaxtdır ,
Yumruğumu sıxa -sıxa qalmışam .

Ümid gəmim çırpılıbdır qayaya ,
Bölünübdür neçə yerdən paraya !
Səsim çatmır ilahiyə , tanrıya ,
Ürəyimi yaxa -yaxa qalmışam !

Zaman bizi vurubdur öz dişinə ,
Gücüm çatmır fələyin gərdişinə .
Mən Gərayam bu dünyanın işinə
Mat -məəttəl baxa -baxa qalmışam !

İLK MƏHƏBBƏTİM

Bir ofsundan , aldanışdan yarandı,
Bəxtə düşən xoş naxışdan yarandı,
Qəfil çaxan bir baxışdan yarandı,
Nağıldı ilk eşqim, ilk məhəbbətim .

Ətasıdı, yaradanın ətası,
Bir ənamdı təkcə mənə çatası,
İlahidən, haqdan gəldi butası,
Nağıldı ilk eşqim , ilk məhəbbətim.

Taleyimə, qismətimə kəm düşdü,
Kəm düşəli gözlərimə nəm düşdü,
Sonda göydən həsrət, hicran , qəm düşdü ,
Nağıldı ilk eşqim, ilk məhəbbətim.

Ürəyimdə nə toxumdu əkdi o ?
Məni məndə itirdi o ,əkdi o ,
Oxşarsızdı, təkrarsızdı, təkdi o,
Nağıldı ilk eşqim, ilk məhəbbətim.

Yuxusundan Gəray heç vaxt oyanmaz,
Axar çaydı, gecə =gündüz dayanmaz.
Bu zamanda ona heç kəs inanmaz,
Nağıldı ilk eşqim , ilk məhəbbətim

QOY BELƏ

Çatmasam da vüsalına heç zaman
Yana -yana baxım sənə qoy belə .
Ürəyimi onsuz sənə vermişəm .
Dilim -dilim doğra belə , soy belə .

Sevgi umub sənin kimi gözəldən ,
Eh , mənmmi bu dünyanı düzəldən !
Qənim olub ürəyimə əzəldən
Çox tutmuşam istəyinə toy belə !

Arzuları bir -birinə çatmışam ,
Dağı düzə , düzü dağa qatmışam .
Gözü açıq bərədə çox yatmışam ,
Qabağımdan gəlib keçib ov--y belə .

Yollarımı dağ -daşa salmışam ,
Sorağını ulduzlardan almışam .
Çox şeylərə baxa -baxa qalmışam ,
Oğulsansa bu dünyadan doy belə.

Kərpiç düşsün ömür adlı saraydan ,
Diksinmə heç bu haraydan , bu haydan .
Vüsalını əsirgəyib Gəraydan
Gözlərini yollarında qoy belə !

ƏYDİ GƏL

Cana gəldim ürək üzən dözümdən ,
Zalım həsrət axır məni əydi ,gəl .
İnan , dünya tamam çıxdı gözümdən ,
Yeri - göyü bir- birinə dəydi , gəl .

Kim qarğadı görən belə qarğışı ,
Gətirmədi bu sevdanın naxışı .
Tutdu yenə həsrətinin yağışı ,
Dərdin məni dolu kimi döydü , gəl !

Həyacandan az titrə , az əs, gülüm ,
Neynək , tale gətiribdir nəs , gülüm ,
Sən məndən yox , öz bəxtindən küs ,gülüm ,
O gileyin , o güzarın nəydi , gəl ?!

Dünya bənzər nemət dolu zəmiyə ,
Bir suyu yox dəyirmandı kimiyə .
Daha bıçaq işləyibdir sümüyə ,
Ölüm sənsiz yaşamaqdan iydi , gəl !

Duyğularım aşıb -daşan pətəkdi ,
Bu dünyada bənzərsizdi , o təkdi ,
İndi cismim başdan -başa ürəkdi ,
İndi Gəray nəğmə dolu neydi , gəl !

ÜRƏYİMDƏN ÜRƏYİNƏ YOL AÇSIN

Puçur -puçur yarpaqlasın sevgimiz ,
Çiçək -çiçək çiçəkləsin ,gül açsın .
Ürəyimiz havalansın quş kimi ,
Səmalarda qanad çalsın , qol açsın .

Ümidlənsin tənhalığım , təkliyim ,
Gecə -gündüz vüsalını bəkləyim .
Qoy teleqraf teli olsun kipriyin ,
Baxışların kəlmə -kəlmə dil açsın .

Qara saçlar tel =tel osun tellənsin ,
Sevən qəlbim həsrətinlə bellənsin ,
Duyğularım aşıb -daşsın sellənsin ,
Ürəyimdən ürəyinə yol açsın !

GədəbəyБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ