“Qaraca qız” povesti dəyişdirilib - ARAŞDIRMA | MANERA.AZ

Tarix:5-08-2015, 12:36 Baxış Sayı:4341

“Qaraca qız” povesti dəyişdirilib - ARAŞDIRMA | MANERA.AZ
manera.azmanera.azmanera.az

“Qaraça qız”ın taleyi
(Süleyman Sani Axundovun “Qaraca qız” povesti necə dəyişdirildi?)


Ilkin mənbələr əsasında aparılan ciddi ədəbiyyatşünaslıq araşdırmaları elmi ictimaiyyəti belə bir faktla üz-üzə qoyur: Hələ sovet hakimiyyətinin ilk illərindən etibarən yalnız şəxsiyyətlər deyil, həm də sənət və yaradıcılıq nümunələri milli-mənəvi siqlətinə görə represiyaya məruz qalmışıdr. Azərbaycan sovet ədəbiyyatı yaratmaq siyasəti yeni əsərlərin mövcud ideologiyaya tabe etdirilməsi ilə kifayətlənməyib, klassik əsərlərə də ciddi müdaxilələr etdirməklə məzmununun dəyişdirilərək idealoji təhriflərə məruz qoyurdu. Maraqlı bir faktdır ki, Cəfər Cabbarlının “Sevil” dramında həyat həqiqəti idealoji təbliğata qurban verilərək əlyazmasından o yana keçə bilməmişdir. Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin və o cümlədən, artıq özünü uşaq yazıçısı, pedaqoq kimi təsdiqləmiş, gələcək nəslin yetişməsində xüsusi fəaliyyəti olan S.S.Axundovun əsərləri belə talehsizliklə üzləşmişdir.

S.S.Axundovun “Qaraca qız” povesti daha çox təzyiqə, təhrifə məruz qalan əsərlərdən biridir. Əsər tam 100 illik nəşr tarixi müddətində Azərbaycan klassik uşaq ədəbiyyatımızın nadir inciləri sırasına daxil olsa da, elmi tədqiqi istiqamətində rastlaşdığımız laqeydlik təəccüb doğurmaya bilmir. Azərbaycan sovet ədəbiyyatşünaslığında aparılan tədqiqatlar nə qədər anlaşılandırsa, müstəqillik dövrü ədəbiyyatşünaslığımızda müşahidə etdiyimiz laqeydlik başa düşülən deyil. Hətta nəzərə alsaq ki, əsərin böyük dəyişikliklərə məruz qalması haqqında hələ 1968-ci ildə Nadir Vəlixanov mümkün olduğu qədər elmi ictimaiyyəti məlumatlandırırdı, müasir ədəbiyyatşünaslığımız qeyri-ciddi araşdırmalar faktı qarşısında qalır. N.Vəlixanov ədəbiyyat tarixçiliyimizin yaddaşına bir mesaj ötürmək məqsədi ilə yazırdı: “Müəllif Hüseynqulu ağanın tənbəlliyinə işarə etsə də, onun sinfi təbiətinə səciyyəvi olmayan müsbət keyfiyyətlərini vermişdi. Bunu nəzərə alaraq ədib sonrakı nəşrdə Hüseynqulu ağanın tipik olmayan bir sıra müsbət keyfiyyətlərini atmışdır.” Yaxud: “”Əsərin ilk nəşrində Hüseynqulu ağanın səciyyəsi müəyyən qədər idealizə edilmişdi. O, çox vaxt Qaraca qızın müdafiəçisi kimi çıxış edirdi.” Tədqiqatçı belə mühüm fərqləri diqqətə çatdırmala S.S.Axundovun milli-mənəvi dəyərlərimizə münasibətinin əslini işıqlandırmağa çalışırdı. Alim təlim və tərbiyə məsələsini yad mentaılitetə uyğunlaşdırmağın da tənqidini povestin əsas ideya istiqamətlərindən biri kimi vurğulayırdı: “S.S.Axundov “Qaraca qız” hekayəsində Mariya İvanovnada təqdirəlayiq bir sifət göstərməmişdi. Mariya İvanovna uşaq psixoligiyasından xəbərsiz olduğundan və ya buna əhəmiyyət vermədiyinə görə Ağca xanımın tərbiyəsi ilə məşğul ola bilmirdi.” Əflatun Saraçlı da əsərin dəyişdirilməsinə münasibətsiz qalmamış, ötəri bir cümlə ilə də olsa da, bu məsələyə toxunmağı özünə borc bilmişdir. Nadir Vəlixanov “Süleyman Sani Axundov” monoqrafiyasını siyasi müstəqilliyimiz dönəmində təkmilləşdirərək əsərin dəyişdirilmə səbəblərini daha obyektiv qiymətləndirməyə nail olmuşdur. S.S.Axundovun yalnız “Qaraca qız” əsəri deyil, digər əsərləri də dəyişikliklərə məruz qalmışdır. Nadir Vəlixanov “Süleyman Sani Axundov (elmi bioqrafiya)” adlı monoqrafiyasında milli-mənəvi dəyərlərimizin aşılanması istiqamətində aparılan bu siyasətin ədəbiyyatımıza vurduğu zərərdən təəsüflə danışırdı.

Nadir Vəlixanovun elmi tədqiqatı sayəsində yalnız “Qaraca qız” əsərinin deyil, “Nurəddin” əsərinin də üzərində dəyişikliklər edilməsi haqqında məlumatlanırıq. Tədqiqatçıya görə, Süleyman Sani sonralar “Qorxulu nağıllar”ı “Məktəb” jurnalından götürüb çap etdirərkən onların üzərində yaradıcılıq işləri də aparmışdır, lakin bu dəyişiklikləri birmənalı olaraq “yaradıcılıq işi” kimi qiymətləndirmək doğru olmaz.

“Nurəddin” hekayəsinin ilk nəşri ilə (“Məktəb” jurnalı, 1912-ci il, N-9, 20, 21-22) sonrakı nəşrlər arasında bəzi fərqlər vardır. Ədib 1936-cı ildə əsərlərini çapa hazırlayarkən bu hekayədə müəyyən dəyişikliklər etmişdir. Məsələn, ilk nəşrdə məktəbli Fatma atası Hacı Səmədə deyir ki, “müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldəm ki, ondan belə bir məna çıxsın: “Yaxşılıq eylə, at dəryaya, balıq bilməsə də, xalıq bilər.” Bu cümlədəki “xalıq” sözü Allaha işarə idi. Ədib sovet dövründə yeni görüşlərlə əlaqədar olaraq həmin atalar sözünü “yaxşılıq elə, əvəzini görərsən” şəklində yazmışdır.
İlk nəşrində Hacı Səməd Hacı Nəsirin övladı olmasını da “Allah-təalanın kəraməti” ilə bağlayır. Əsərin sonrakı nəşrində isə ədib həmin sözlərin əvəzinə “axırda bunların bir oğlu oldu” yazmışdır.
Hacı Nəsir Rəhimə yaxşılıq etmişdi. Bunun əvəzində Rəhim Nurəddinə (ilk nəşrdə Nurəddinin adı Nurələddin kimi verilir. Bu, müəllifin həmin obrazın işıqlı, düşüncəli olduğunu onun adında da nəzərə çatdırılması ilə əlaqədardır.) “kibrit” qutusu irilikdə “Quran” gətirir. Həlimə də “Quranı öpüb” oğlu Nurəddinin boynundan asır. Əsərin 1936-cı il nəşrində isə Rəhim Nurəddinə Quran yox, Sədinin “Gülüstan” kitabını yadigar verir. Bu dəyişikliklər 30-cu illərdə vulqar sosiologizmin təsiri ilə olmuşdur və əsərə müsbət təsir göstərməmişdir.” Göstərilən nümunələr artıq müəllifin əsərinin ilkin ideya istiqamətlərini sovet konyukturasına uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmasından xəbər verir.

Göstərilən bu faktlardan başqa, “Qaraca qız” povestinin müasir tədqiqat tariximizdə, xüsusilə, uşaq ədəbiyyatı tarixçiliyində layiqincə tədqiqatına təsadüf edə bilmədiyimizi təəssüflə qeyd etmək məcburiyyətindəyik.

Klassik ədəbiyyatımıza müasir konseptual yanaşma “Qaraca qız” hekayəsinin 1913-cü ildə “Məktəb” jurnalında dərc edilmiş ilk nəşri ilə 1934-cı ildə ədibin “Əsərləri” külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqin araşdırılması və üzə çıxarılmasını zəruri edir. İlk nəşrdə ədibin “Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin” hekayələrindən tanıdığımız Hacı Səmədin qızı Fatma ona kiçik bir epizod söyləyir. Bu epizoddan məlum olur ki, Fatmagilin oxuduğu məktəbdə Nabat adlı çirkin sifətli, gözləri çəp bir qız var imiş. Sifətinin çirkinliyinə görə yoldaşları onunla oynamaq istəmirlər. Bir gün Fatmagil oynayanda onların Gövhər adlı yoldaşlarından biri yıxılır, başı daşa dəyib qanayır. Nabat hamıdan tez Gövhərə yardım edir. Bu əhvalatdan sonra yoldaşları onunla dostlaşırlar. Bu epizodu dinləyən Hacı Səməd həmin əhvalatı belə mənalandırır: “Qızım, insanın zahirinə baxma, batininə bax. Türklərdə bir məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, cana bax.” İlk variantında “Qaraca qız” əsərinin əsas motivi də məhz insanın mahiyyətinin rəngindən, dinindən, maddi və fizioloji imkanlarından asılı olmayaraq, şəxsi insani keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv sovet siyasi rejiminin ideoloji təsirləri ilə dəyişdirilərək tamamilə yad bir məcraya salınmışdır.

“Qaraca qız” povestinin üzərində aparılan dəyişikliyi iki mərhələdə müşahidə edirik. Əsər ilk dəfə 1927-ci ildə S.S.Axundovun “Zərafət” adlı hekayələr kitabına daxil edilərkən dəyişdirilmişdir. Əsərin üzərində böyük ehtimalla yazıçı özü işləmişdir. Növbəti dəfə isə 1934-cü ildə yazıçının “Seçilmiş əsərləri”nin tərtibi zamanı bir daha dəyişdirilməyə təhrik edilmişdir. Bu iki nəşr arasında bir sıra incə və mühüm fərqlər görürük. 1936-cı ildə “Seçilmiş əsrlər”in təkrar çapında artıq bu son dəyişikliyə möhür vurularaq bir əsrə yaxın tariximizin yaddaşına köçürülür və bu günə kimi uşaq ədəbiyyatımızın qızıl fonduna daxil olan “Qaraca qız” kimi mükəmməl bir əsər millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilir. Xüsusilə, orta məktəb ədəbiyyat dərsliklərində əsərin əsas süjet xətti əsasında ixtisar olunaraq tədris edilməsi idealoji məqsəd daşıyırdı.

Orta məktəb şagirdləri üçün yazılan ədəbiyyat dərsliklərində “Qaraca qız” povestinin 1934-cü ildə dəyişdirilərək nəşr edilən variantı əsas götürülməklə süjet xəttini izləyən epizodlar təfərrüatlardan təmizlənərək hekayə adı ilə tədris proqramına daxil edilmişdir. On illərlə “Qaraca qız” povesti janr və ideya baxımından yanlış təbliğ olunur. 2013-cü ildə IV sinif Azərbaycan dili dərsliyinə daxil edilən “Qaraca qız” bir daha “qayçıya” məruz qalır. Bu dəfə artıq dərslik müəllifləri haqlı olaraq milli kimliyimizə atılan böhtanın, milli varlığımıza kölgə salan yalanların qarşısını almaq üçün bəy-mülkədar zülmünü əks etdirən epizodları əsərin mətnindən kənarlaşdırırlar. Lakin bu dəyişikliyin də “Qaraca qız” əsərinə bir dəyər qazandırmasını söyləmək mümkün deyildir. Bədii əsər təhriflərə uğradıqca mahiyyətini uturməyə məhkumdur. Azərbaycan dili dərsliyinin “Dostluq” bölməsinə daxil edilən “Qaraca qız”ın üzərində bir əsrə yaxın aparılan siyasət, sözsüz ki, əsəri öz ilkin mənşəyindən uzağa saldıqca bəsitləşdirmək, mənasızlaşdırmaq kimi təhlükəli aqibətlə nəticələndirməkdədir. Ədəbiyyatımızın məruz qaldığı bu təcavüzün qarşısını yalnız əsərin ilkin variantını bərpa etməklə almaq mümükündür.

Süleyman Sani Axundovun “Qaraca qız” əsərinin yazıçının öz iradəsi daxilində yazılmış və “Məktəb” jurnalının 2013 –cü il nömrələrində yayınlanmış variantının 1927 və 1934-cü ildə “Qaraca qız” povestinin süjet və fabula baxımından dəyişdirilməsi əsərin ideya istiqamətinə cddi təsir göstərmişdir. Hazırda “Qaraca qız” adı ilə məşhur olan povestin orijinalından nə qədər fərqli olduğunu diqqətə çatdırmaq üçün əsərin çap nüsxələri arasındakı fərqləri mümkün olduğu qədər təqdim edirik.
S.S.Axundovun “Qaraca qız” povestinin nəşr olunan nüsxələri arasındakı fərqlər
1927-ci ildə əsərdən çıxarılmışdır:
Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimənin başını sığallayıb dedi:
- Qızım, söylə görək məktəbdən nə tazə xəbər gətirmisən?
Fatimə:
- Ata, bu gün dərs arasında həyətdə dəstə-dəstə olub qar ilə oynayırdıq. Gövhər, Zeynəb və Səltənət bir dəstə olub, qardan adam yapırdıq. Nabat da istədi biz ilə oynasın, mən razı oldum, amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp olmağa görə heç kəs onun ilə dostluq etmiyordu; ələlxüsus, Gövhər onu sevmiyordu. Nabat kənarda durub bizə məzlum-məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və başı daşa dəyib qanadı. Bunu görcək hamıdan tez Nabat Gövhəri qucaqlayıb gözləri yaşlı dedi:
- Ağlama, bacım, qoxma, heç zad olmaz.
Gövhər bunu görüb dedi:
- Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv et! Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq bizə çox artıq təsir etdi.
Hacı Səməd dedi:
- Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə bir məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, içindəki cana bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən. Atalarından bunu eşitcək bacı və qardaş sevinə-sevinə nağıla müntəzir dayandılar. Hacı Səməd ruznaməni yerə qoyub çeşməyi gözlərindən çıxartdı və başladı:...”
1927-ci ildə saxlıanılıb, 1934-cü ildə çıxarılıb:
“Bilirdi ki, bu görünən kənd erməni kəndidir və Yusif də oraya içməyə gedir.”
1927-ci ildə seçilmiş cümlə çıxarılıb:
Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. Hüseynqulu ağa Qaraca qızı qaldırıb qucağına aldı. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı.
1927-ci ildə əsərə artırılıb:

“Səlim bəy qıza diqqətlə baxıb dedi:
- Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd etdimsə də, bu qızı mənə satmadı, imdi yaxşı əlimə düşübdür. Siz öləsiniz, gündə qonaqlıq edib sizə böyük kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
- Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki mənim köpəyim tapmışdır.
- Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
- Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
- Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə, qızı Piri kişiyə verəcəyəm ki, o saxlasın.
Bəylər buna razı oldular.”

1927-ci ildə dəyişdirilib:

“Məktəb” jurnalında:

Hüseynqulu ağa qırx yaşında böyük bir mülkədar idi. On üç yaşında ikən atası Megdi ağa onu bir növ ilə edadi “realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın fikri həmişə at binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə dördüncü sinfə çıxa bilmişdi. Daha bundan yuxarı bir sinfə keçə bilməyib məktəbdən xaric oldu. Atası bu işə çox da qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi məktəbini qurtarandan sonra atası oğlunu oxutmaq fikrində yox idi. Mehdi ağanın Hüsenqulu ağadan başqa bir oğlu yox idi. Hüseynqulu ağa oxumağa fikir verməyir idisə də, çöl işlərində çox qoçaq idi; odur ki, atası onu daha oxutmaq fikrində olmayıb çöl işlərinə onu mühəvvəl etdi. Azuqətdə Hüseynqulu ağa yaşının azlığına baxmayıb çöl işlərini parlaq bir surətdə əmələ gətirirdi. Atası oğlunun bu məharətini görüb bütün işlərini idarə etməyi ona tapşırdı. Hüseynqulu ağadan bütün qulluqçuları və rəiyyətləri qorxur idi. Çünki o, çox tünd adam idi, amma bunun ilə böylə Hüseynqulu ağa çox rəhmdil idi. Hüseynqulu ağa zəhməti çox sevdiyi kibi, yoldaşları ilə kef çəkməyi də çox sevərdi. Atası Hüseynqulu ağanın kef çəkməyindən xoşlanmayırdı, çünki qorxur idi ki, bunun axırı çox fəna bir surətdə nəticə versin, ona görə də Mehdi ağa oğlunu evləndirmək fikrinə düşdü.

Bu fikrini Mehdi ağa tez əmələ gətirdi. Edadi məktəbini qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün aldı. Mehdi ağanın fikri düz də çıxdı. Hüseynqulu ağa evləndikdən sonra artıq yoldaşları ilə həva-həvəs və kefə məşğul olmayırdı. Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar edərdi.

“Zərafət” kitabında:

Bu vəqt atası vəfat etdi. Onun cəmi mülkü tək bir oğlu Hüseynquluya qaldı. O da günlərini eyş və işrətdə, qumarda, yava yolda keçirməyə başladı. Düz 30 yaşına çatana qədər özü kibi fəna arkadaşları başına yığıb mülkünün çox hissəsini kefə qoydu. Axırda qohumları onu bu pis yoldan qaytarmaq üçün evləndirdilər. Ona oxumuş bir bəy qızı aldılar. Lakin evlənəndən sonra da fəna əməllərindən əl götürmədi. Bundan əlavə, arvadı Pəricahan xanımla evdə xasiyyətləri də dutmurdu. Pəricahan xanım Avropa xanımlarını təqlid edərək köhnə qulluqçuları qovub onların yerinə tazə qulluqçular dutdu. Evin hər bir qaidəsini Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaidələri sevmədiyi üçün əlinə bəhanə düşüb kənd evlərinə köçüb orada günlərini keçirməyə başladı. Şəhərdə az-az görünürdü.”
“...Ərini nəzəri altında saxlamaq üçün Pəricahan xanım kənd evinə köçməyə məcbur oldu…”
1934-cı il nəşrində əsərin bu hissəsi tamamilə ixtisar olunmuşdur.

1927-ci ildə əsərə artırılıb:

“Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə də onu başqa nökərlər sevərdi.”
1927-ci ildə aşağıda seçilmiş cümlə əsərdən çıxarılıb.
“Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İmdi də tezdən dəstamaz alıb sübh namazını qıldı.”

1927-ci ildə çıxarılıb:

“Piri kişi təcrübə edib bu bağda qələm vasitəsilə təbiətə müğayir öylə peyvənd etmişdi ki, bu iş cümləni heyrətə gətirirdi; bir əzgil ağacına qələm ilə alma peyvənd etmək ilə bir ağacda iki cür meyvə bitirirdi. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya bir qonaq gələndə cürbəcür ziraət maşınalarını qoyub qabağına, bağına tamaşa aparardı. Bağın böylə Cənnət kibi olmasına səbəb yalnız Piri kişi idi; Buna görə də Hüseynqulu ağa onun xatirini çox istəyirdi: Hər nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə ondan ancaq bircə şey təvəqqe edirdi: Ağalardan başğa kimsə bağa girməsin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi.”

1927-ci ildə əsərə artırılıb:

“Hüseynqulu ağa üzünü arvadına tərəf dutub dedi:
- İndi sapsağ qızı azarlı edəcəksən.
- Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.
- Nə üçün, mən ata deyiləm?
- Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?

Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə vurdu ki, boşqablar bir-birinə dəydi:
- Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... – Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı.
- Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.
- Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı.”

1927-ci ildə əsərə artırılıb:

Hüseynqulu ağa:
“- Dəli ananın sözünə qulaq asma.”
1927-ci ildə dəyişdirilib:
“Məktəb” jurnalında:
“Ağca xanım atasını çox-çox istəyirdi, onun sadəliyi çox xoşuna gəlirdi, ona görə də atasına yoldaş və sirdaş olmuşdu, ondan heç şey gizləməzdi.”
“Zərafət” kitabında:
“Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək onun qucağına atıldı.”
1927-ci ildə əsərdən çıxarılıb:
“Hüseynqulu ağanı görüb qorxuya düşdü. Amma onun çox mehriban bir tərzdə:
- Kefin necədir, Qaraca qızım? – soruşmasından yürəyi sakit olub, - “Ağam sağ olsun” – deyə cavab verdi.”
1927-ci ildə dəyişdirilib, əlavələr olub:

“Məktəb” jurnalında:

“Bir dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib çoxlu adam çağırmışdı. Bu qonaqlıqda oxuyub, çalan da var idi. Hüseynqulu ağa Qaraca qızı qonaqlara göstərmək qəsdi ilə onu gözəl geyindirib və əlinə özünün cınqıralı qavalını verib onu oynatdı. Qaraca qız çoxdan idi ki, oynamamışdı. Yürəyində oynamaq həsrəti çox idi, o imdiki məclisə mübarizə istəyən pəhləvan kibi atıldı. Böylə bir tərzdə oynadı ki, məclisdə cümləni özünə valeh etdirdi. Məclisdə bütün danışıq və səs kəsilmişdi: Uşaqdan böylə fövqəladə oynamaq görünməmişdi. Qaraca qız böylə eşqə gəlmiş ki, orada olan adamlar gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən gözünün önündə durmuşdu. Birdən Qaraca qız öylə bir tərzdə fırlandı ki, baxanlar nəzərində bir şar kibi görünürdü. Qəflətən Qaraca qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə yuxarı dutub, o birini də belinə qoyub durdu. Oyunu belə tamamlamağı Qaraca qızın şakəri idi. Qonaqlar bunu böylə gördükdə əvvəl oynamağın heyrətində olub bir müddət sakit dayandılar, sonra da qonaqlar tərəfindən alqışlanmaq səsi otağı götürdü. Sonra hamı təvəqqe etdi ki, bu oyunu təkrar etsin, amma Qaraca qız qəbul etmədi, hətta Hüseynqulu ağanın da sözünə baxmadı.”

Ardı var


Könül AYDIN Nəhmətova
filologiya üzrə fəlsəfə doktoru
AMEA M.Füzuli ad. Əlyazmalar
İnstitutunun böyük elmi işçisi


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ