sanki bütün nəğmələr, şeirlər bir əldən çıxır... » Manera.Az

sanki bütün nəğmələr, şeirlər bir əldən çıxır...

Tarix:4-08-2018, 19:00 Baxış Sayı:324

sanki bütün nəğmələr, şeirlər bir əldən çıxır...
ŞAKİR XANHÜSEYNLİ

Manera.az müəllifin redaksiyamıza göndərdiyi şeirləri təqdim edir:




“AND OLSUN AXŞAM ÇAĞINA”
(ayə)


And olsun qürub çağına-
dünyanın ən qərib çağına

Meyvələrin yetişən,
yaraların bitişən çağına and olsun

And olsun sübh çağına,
günün gözü çırtlayır ha
o vaxta and olsun

Bir şəxsin öz qapısını əminliklə açıb-örtmə,
bütün acıların bitmə zamanına and olsun

Ürəklərə ən xoş fikirlərin gəldiyi
və üzlərin güldüyü anlara and olsun

And olsun çörəyin təndirdən çıxarılaraq tabağa yığılma,
gələcəkdə bir xeyir əməl sahibinin doğulma vaxtına and olsun

And olsun bir şeirin yazıldığı,
üşüyən qəlblərin sözlə qızındığı zamana

And olsun iki gözün bir-birinə baxdığı,
yalnız gözəl kəlmələrin ağızdan çıxdığı vaxta

Uşağın dil və ayaq açdığı zamana and olsun ki,
hər kəs əkdiyini biçəcək!..

***
...hər Çiyin ən ağır yüklərə
çiyin verməli,
dağı belə dağa qaldırmalı...

hər Əl hiss etməli
daşın yumşaqlığını,
qu tükünün sərtliyini.

hər Göz ən dərindəkiləri də
ən ucadakıları da görməli...

Qəlb həmişə hər dərdi,qəmi
göz yaşına çevirməməli,

və hər Baş diqqət çəkməli
bir fikir mücrüsü kimi...

O ŞEİR...

Gecəsiylə gündüzü bir olan,
gecəylə gündüzü bir edən

bir şeirin izindəyəm;

Üfüqlər yoludur,
Üfüqdən keçir elə bil,
əlim yetmir,

Olur ki,bir axan ulduzda görürəm,
Göstərir özünü:
Səninəm ki varam!

Bir sevincin yaylım atəşində,
Sanki bir qalibiyyət atəşfəşanlığında bir şeir-
O ŞEİR;

ya bəlkə ovcuma xətt-xətt yazılıb ,
elə əlimdədir O ƏLÇATMAZ SÖZ?..

acısı,şirini bir-birindən çox,
sanasan qəlbimdə köz qarışır,köz...

SIÇRAYIŞ

Həyat sıçrayış istəyir,
aldığın hər nəfəs bir sıçrayışa vəsilə olmalı.
Sözlər sıçramalı ağzından
sən danışan zaman.

Həmişə irəli
sıçramaq,bəli,
uçurumlar üstündən atılırmıştək,
hətta sakit halında bu duyulmalı...

Ən yaxşı at minən
atın belinə bir sıçrayışla qalxandı.
İlan gülləyə sıçrayır,
pələng ovuna...
Bir həmlə gərəkdi,bir həmlə,
həm də
dönməli çöldə yelə,
dərədə selə...

Şeir də sıçrayışdı-bəlkə ən riskli-
cəsarətə yol açan
fikir də sıçrayışdı!..

QAN-TƏR İÇİNDƏ bir şeir

QAN-TƏR İÇİNDƏ şeiri yazanlara

Qan-tər içində dincəlirəm-
dincliyim qan-tər içində...
Deyirəm döyünür yəqin
ürəyim qan-tər içində…

Ayaq üstə tutmağa çalışmır
özünü kim,qan-tər içində...
Nə bilim,bəlkə elə
tər qarışmalıdı yediyim çörəyə,
içdiyim suya.
Niyə tər tökməkdən qorxanlar
qan tökməkdən qorxmaz,niyə…

Apar,gətir,
qoy,götür qan-tər içində;
yerindən kötük kimi qoparır adamı;
sel aparmır,su aparmır,
tər aparır adamı...

...Baxın,bu da söz-söz,sətir-sətir
qan-tər içində bir şeir!..

***
Bir daşa sevgim,ilgim
onu isidib yumşaltmazmı ya...
Xoş bir duyğudan
qalxıb ucalmazmıyam ən üst bir qata...
İsti,içdən bir salam
dəyişər çayların axım səmtini sanıram...
Gələn bəlaları
dəf etmək gücü qazanır
kürək-kürəyə
verən ürəklər,
yeni-yeni yollar yaranır
ayağın ayaqla təmasından...
Hara bir addım atsan,
oranı kölgənlə işıqlanmış bil...
Düşün ki,
inam inama söykəkdi,
ümid ümidə arxa.
Bir qüdrət hiss olunur
bir bulağın sızqovlu axışında.
Bax,səni həm də
göylərə yüksəldər
çiynindən şəfqətlə
yüngülcə basan bir əl..

NÖVBƏ kimindi?

...kimsə yıxılır
ilişdiyi daşdan,ya badalaqdan,
elə bil onun yıxıldığı yer səslənir:
növbə kimindi?..

cəhənnəm odudu yandıran
günahsızları,
yalqızları çoxluqdu təkliyə çəkən...
bir qəlbin ağrısı
başqa bir qəlbə keçir,
sanasan adamın ayağı qalır,başı qaçır;
qor ələnir saçlara-
ey,baxırsınız hara-
sanki bir ocaqdan səs çıxır:
növbə kimindi?
növbə kimindi?...

SƏSSİZCƏ bir şeir...

Səssizcə açıram qapını,
kimsə fikirləşir bu qapı öz-özünə açıldı...

ayağımı sanki astanada qoyub
ayaqsız keçirəm səs-küylü evimə-səssizcə...

teleekranda qırğın gedir-
qızğın bir söhbət gedir,mən səssizcə baxıram...

tutqun ay işığı düşür
işıq sevməyən kölgələrin yoluna səssizcə...

qulaq asıram hüznlü bir səsə
səssizcə,
elə bil bu kədərlər tək bir nəfər üçündür...

hamı istəyir bir-birinin yerini tutsun-
hamının bir-birinin yerində gözü var;
iş alır,iş satır səssizcə...

mən ağzıma su almışam,
susmamışam amma-
axırımı düşünürəm səssizcə...

KÖRPÜ…

Körpü ola bilirikmi bir-birimizə;
əlimiz,qolumuz bir körpülənsə...
mən görmüşəm
birinin ovcunun qabarı,
alnının təri
bir tikə çörəyə körpüdü,
neçə-neçə ümidə,istəyə körpüdü...

bir sözü körpü etmək,
bir təbəssümü,
doğma səsi körpü etmək...
Dostu göstərən barmağım,
dost səmtinə baxan gözüm,
yuxarı qalxan əlim dua üçündü-
dua bir körpü,
xoş qılıq,yaxşılıq-
bu da bir körpü...

İşıq bir körpüdü qaranlıqda,
mehdən alovu titrəyən qara çıraq da körpüdü...
Atdığım addımı
körpüləndirməyi düşündüm həmişə,
qəlb odumu körpüləndirməyi düşündüm...

Gedib-gəldiyimiz yol niyə körpü olmasın,
bir salam,”sağol” niyə körpü olmasın...
uçuldumu,dağıldımı inam körpüləri,
hörmət,ehtiram körpüləri...
bir həsrətin bitməsidi
hər çəkiləcək körpü...
aramızda görünməyən bağlar var,
onlar ən gerçək körpü!..

***
torpaqdan kökləriylə qalxan,
kökləri üstə duran ağac
göylərə də kökləriylə baxar,
lap ən dərindəki kökləriylə...

AND YERİ

...Bəzən işıq sevdasını
əldə çıraq edib də,
bir İşığın dalınca gedib,gedib də
zülmətə qovuşarsan;
heyrətlə baxarsan ki,
elə bu Qaranlıqmış
sənin ən çox sevdiyin
İşıqların da and yeri...

QAT

...qat-qatsan,
neçə qatsan?
Neçənci qatındasan?
Hər qatının əzabına qatlandınmı,
qatlana-qatlana
qatlanıb neçə qat oldun?

Öz-özünü qalxırsanmı,
enirsənmi öz-özünü?
Qat-qatsan,
hansı qatında rahatsan?...
bəlkə elə bir qat var
ucala bilmədiyin,
ucalığında
qala bilmədiyin qat,
ey dadi-bidad!..

***
...heç nəyə baxmalı,
toxunmalı deyil-
hər şey adamı rədd eləyir-
daldalanacaq gizləmir,
od ona isinməyi,
yollar atılan addımı rədd eləyir

dayaq da
yıxılanı saxlamır daha
günəş:işığımdan,
ağac:kölgəmdən çəkil-deyir...

...heç nəyə baxmalı,
toxunmalı deyil,
hər şey adamı rədd eləyir...

***
…bəzən
uçulduğunu sanırsan
bir divar kimi,
daşın da daş üstə qalmır,qardaş.
bax,qələminin də suyu çəkilib;
gəl,indi bir söz yaşıllaş...

Ə.SALAHZADƏNİN bir şəkli

Ustad,
təbəssümün elədi ki,
bir gün hökmən qayıdıb gələcəyinin ümidini verir adama,
amma o təbəssümün də arxasında
çox kədərli sən varsan ha,
Ustad...

GÜZGÜ

Hər işin,əməlin güzgüdü
göstərir səni,
qabar tökmüş əlin güzgüdü...
Güzgüdə
özün bir güzgüsən,
bax özünə.

Getdiyin yol güzgüdü,
bir ovuc su,o güzgüdü.
Ocaqda alov dilimləri-
gözünü ayırmırsan,güzgüdü,
bu dünya-cahan güzgüdü...

Olur ki,heç güzgüyə baxmaya-baxmaya da güzgülənirsən-
bir fikirdə,bir xəyalda güzgülənirsən.
Nəzər saldığın
bir hörümçək torusa belə,güzgüdü,
hərdən bir daşı da ehtiyatla al ələ,güzgüdü...

SƏS

Qapı arxasında bir Səs gözləyir,
dillənsə,onu bir dinləsək.
ey Səs,səslən,
bir danış görək kimsən...

Qapı arxasında
bir Səs dayanıb,
elə səssiz dayanıb
sanki istəmir eşidilsin.

Qapı arxasında bir Səs,səsini
çıxarmağa qorxur elə bil,
deyirsən heç hara gəldiyini bilmir...

NƏFƏS-NƏFƏSƏ

Bir olaq-birlikdə-nəfəs-nəfəsə-
duyaq bu birliyi uzaqdan belə...
Nəfəs alaq,verək nəfəs-nəfəsə,
gedək nəfəs-nəfəsə,
gələk nəfəs-nəfəsə...

Səsimiz çıxsın,
gözümüz baxsın nəfəs-nəfəsə.
Dünyanın o ucunda birimiz,
bu ucunda digərimiz
nəfəs-nəfəsə yaşayaq;
şeirdə sözlər kimi,
göy kimi,yer kimi nəfəs-nəfəsə,
dəqiqəmiz,saniyəmiz,
hər saatımız,
həyatımız keçsin nəfəs-nəfəsə
Bir-birinin həvəsinə çağlayan
qoşa bulaqlartək,
yanaşı dağlartək nəfəs-nəfəsə,
barlı budaqlartək nəfəs-nəfəsə....

BİR ƏLİN şeiri

...bir əldənmi çıxıb dünya,
dağları,düzləri,
gecələri,gündüzləri bir əldənmi çıxıb...
milyon-milyon quran,dağıdan əl
tək bircə əlmi,
bir əlin hünərimi
göydə ulduzların düzümü...

sanki bütün nəğmələr,şeirlər
bir əldən çıxır...
dəniz-dəniz,dərya-dərya insan qanı da bir əldən axır-
dünyada nə əskilir, artır-
o bir əlin işidi,
lap ayağını şeytan dartır-
yenə o bir əlin işidi...

...sanasan ki,bütün əllər
bir əlin...ayağa qalxmasını gözləyir,
bir əlin...

TİKAN ÜSTƏ bir şeir...

Deyir elə bil tikan üstə oturmuşam-
evimi tikan üstə tikmiş,
yolumu tikan üstə salmışam...
Gül dərir tikan üstə,
deyib-gülürəm tikan üstə...
Bəs niyə tikan üstə dinlədiyim nəğmədə də
istəyirəm bir rahatlıq tapım?

Tikan üstə...ağac əkir,
arx çəkirəm tikan üstə...
Baxma ki,bu, qulaq dincliyim,
bu,suyum,çörəyim;
tikan üstəyəm...
Tikan üstə yazdığım şeir
bəzən uzanır,
çox yer alır.
Qapım açılır,örtülür,
olur ki,otağa xoş hava dolur,
fərqi yox səhərdi,ya axşam
tikan üstə olduğumu heç unutmuram...

***
...ayağım yola bir iz oturur
qaranlığa bir işıq soxuluram bəzən
bir yorğunluq uzun bir yoxuş qalxıram
bir kədər yaxınlaşır gün qüruba
bir duyğu yaxınlaşır mənə bir şeir
qələm varağa bir söz dirənir
bir misra bir məna böyük
indi ürəyim bir nəğmə rahat
heyhat,bir heyrət açılmış gözüm də
gah bir söz geridəyəm
gah bir söz irəlidə...

YA ŞEİR!

Ya Şair!
sən birdinlisən-
çoxdinlilərə əks.
Çoxüzlülərdən uzaq,
çoxdillilərə əks...

Ya Şair!
Ya müqəddəs Ruh!
Daşı belə dilləndirən,
lil suları duruldansan.
Danış toxtasın ürəyim:
haqqı itən kimdi,
bəs haqq itirməyən kim...

Ya Şair!
Şər xeyirdə çox,
günah savabda,
bax a...
Heç haram bilməyən,
küfr etməyənsən;
tanış olaq,ya Şeir:
mən-Xanhüseynli Şakir...

+++
...salam,ancaq divarlarıyla baş-başa qalan ev
uzaqdan-uzağa görürəm səni
bir başına qalan ev
boş həyətə qalan ev
kimsə açıb-örtməyən qapılara qalan ev
quruyan alma ağaclarına qalan ev
künc-bucaqda sallanan hörümçək torlarına qalan ev
sükuta,səssizliyə qalan ev
böyründən yol keçir səni bir yerə aparmaz
yanından çay axır yanğını söndürməz
sağ-sol qonşulardan gələn səs-küyə qalan ev
otaqların soyuğuna,qaranlığına qalan ev
alaq basmış zəmiyə,uçuq təndirə qalan ev
qalın pəncərə pərdələrinə qalan ev
cücüyə,böcəyə qalan ev
heç kimsiz qalan ev
eyy...

MƏNƏ İŞIQDA bax…

Mənə zülmətdə deyil,
işıqda bax,
məni bir yaxşılıqda gör,
halallıqda,haqda gör...

Mənə işıqda bax-
mənim qaranlığımı da işıqda gör,
işığımı da...

Mənə işıqda bax,
gör hansı sevgidən gəlmir ayrılıq...
Sol tərəfimə düşdüyündən ağırlıq
o yana da aşma ehtimalım var...

Mənə qaranlıqda bax,işıqda gör,
qarada bax,ağda gör,
məni hər şeyin əksində gör
Və əsl ləzzəti bir acın
yavan tikəsində gör...

***
Elektrik stulunda oturantək
yerim rahat…
Böyük bir qayğının-qayğısızlığın
bədbəxtliyi,
yəni xoşbəxtliyidi həyat...
Hardasa bir ilkəm son,
ən aşağıda üst...

Baxın bir,
kədərim-sevincimlə qəlbim riqqətə gəlir.
Heç nəyim-hər şeyim var,
eh,siz…
Mən-Şakir Xanhüseynsiz…


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ