Heydərbabaya salam - Məhəmmədhüseyn Şəhriyarın poeması » Manera.Az

Heydərbabaya salam - Məhəmmədhüseyn Şəhriyarın poeması

Tarix:31-07-2018, 14:11 Baxış Sayı:184

Heydərbabaya salam - Məhəmmədhüseyn Şəhriyarın poeması

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür. Manera.az böyük şairin dillər əzbəri olan "Heydərbabaya salam" poemasını oxuculara təqdim edir:

BİRİNCİ HİSSƏ

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib acanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora sənin başın sağ olsun,
Dünya qəzəv-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədirn gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.

Heydərbaba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndəndə,
Yadımdadı nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.

Şəngülava yurdu, aşıq alması,
Gah da gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.

Heydərbaba, Quru gölün qazları,
Gədiklərin sazax çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edirəm özüm də.

Heydərbaba, Qaraçəmən caddası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası
Düşsün bu ac, yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.

Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərneviştin yazdırıb,
Salıb xalqı bir-birnin canına,
Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib kəndə çökəndə,
Şeyxülislam gözəl səsin çəkəndə,
Nisgilli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunan dolmasın,
Baxçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə, bulaq, xeyrin olsun, axarsan,
Üfuqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın sərəsi,
Kəhlik oxur, dahlısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: "Çoban, qaytar quzunu".

Heydərbaba, Sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözündə,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üsrü sünbül biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçincilər ayranların içərlər,
Bir huşlanıb, sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bəlləsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.

Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Heç bilməzdik dağdı, daşdı, duvardı,
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Şeyxülislam münacatı deyərdi,
Məşəd Rəhim ləbbadəni geyərdi,
Məşd Hacəli bozbaşları yeyərdi,
Biz xoş idik, xeyrat olsun, toy olsun,
Fərq eyləməz, hər nolacaq, qoy olsun.

Məlik Niyaz vərəndilin salardı,
Atın çapıb, qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdə nə gözəl mənzərə!

Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarıda sözüm var.

Heydərbaba, bulaqların yarpızı,
Bostanların gülbəsri, qarpızı,
Çərçilərin ağ nabatı, saqqızı
İndi də var damağımda, dad verər,
İtgin gedən günlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaşdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəmmədin baxçası,
Baxçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Bakıçının sözü-sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə".

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,
Gahdan enib küləşlərin kürərdi.
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırçılar gələndə,
Qoduqları çəkib vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi çayda sular şarıldar,
Daş-qayalar seldə aşıb xarıldar,
Qaranlıqda qurdun gözü parıldar,
İtlər, gördün, qurdu seçib ulaşdı,
Qurd da, gördün, qalxıb gədikdən aşdı

Qış gecəsi tövlələrin otağı,
Kətillərin oturağı, yatağı,
Buxanda yanar odun yanağı,
Şəbçörəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.

Şüca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəsli qəddi, qaməti,
Cünəmməyin toyu donüb yas oldu,
Nənəqızın bəxt aynası kas oldu.

Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gün güneyi döəndə,
Kənd uşağı qar güllərin sövəndə,
Kürəkçilər dağda kürək züvəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəhlik kimi batıb qalıb, qardadır.

Qan nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.

Xəccəsultan əmmə dişin qısardı,
Molla Bağır əmoğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.

Bostan pozub gətirərdik aşağı,
Doldurardıq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtdardıq,
Çox yeməkdən lap az qala çatdardıq.

Vərzəğandan armudsatan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.

Mirzə Tağıynan gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq düşdü o tay baxçaya,
"Eyvay, - dedik, - qurddu". Qayıtdıq qaşdıq.
Heç bilmədik nə vaxt gədikdən aşdıq

Heydərbaba, ağacların ucaldı,
Amma heyif cavanların qocaldı,
Toğluların arıqtayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qərəldi,
Qurdun gözü qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah cırağı,
Dair olub məscidüzün bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsur xanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

Heydərbaba, Molla İbrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xərmən üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salami-malakəlam.

Xəccəsultan əmmə gedib Təbrizə,
Amma nə Təbriz ki, gələmmir bizə,
Balam, durun, qoyaq gedək əmmizə,
Ağa öldü, tifağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yar-yoldaşlar döndülər,
Bir-bir məni çöldə qoyub çöndülər,
Çeşmələrim, çıraqlaım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya mənə xərabəyi-Şam oldu.

Əmoğluynan gedən gecə Qıpçağa,
Ay ki çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məş Məmixan göy atını oynatdı,
Tüfəngini aşırdı şaqqıldatdı.

Heydərbaba, Qara gölün dərəsi,
Xoşginabın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəhliyin fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.

Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
A Mirqafar dam-daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur?
Ya quruyub, baxçaları soldurur?

A Mirqafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların həqqi üstə əsərdi,
Zalimləri qılıc təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,
Heykəlli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.

Məcdüssadat gülərdi bağlar kimi,
Guruldardı buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnı açıq, yaxsı, dərin qanardı,
Yaşıl gözlər çıraq təkin yanardı.

Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr döndülər,
Məhəbbətin çıraqları söndülər.

Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin qurulması, bitməsi,
İndi desək, əhvalatdı, nağıldı,
Keçdi-getdi, itdi-batdı, dağıldı.

Mirəbdülün aynada qaş yaxması,
Cövcülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın dürbünü, yadəş bəxeyr,
Xoşginabın xoş günü, yadəş bəxeyr.

Sitarəmmə nəzikləri yapardı,
Mirqadir də hərdəm birin qapardı,
Qapıb, yeyib, dayça təkin çapardı,
Gülməliydi onun nəzik qappası,
Əmmənin də ərsininin şappası.

Heydərbaba, A Mirheydər neynəyir?
Yəqin genə samavarı qeynəyir.
Day qocalıb, alt əngiynən çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.

Xanım əmmə Mirəbdülün sözünü
Eşidəndə əyər ağız, gözünü,
Məlkamıda verər onun özünü,
Davaların şuxluğınan qatallar,
Əti yeyib, başı atıb yatallar.

Fizzə xanım Xoşginabın gülüydü,
A Miryəhya əmqızının quluydu,
Rüxsarə artist idi, sevgiliydi,
Seyidhüseyn Mirsalehi yamsılar,
A Mircəfər qeyrətlidir, qan salar.

Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi.

Göyərçinlər dəstə qalxıb uçallar,
Gün saçanda qızıl pərdə açallar,
Qızıl pərdə açıb, yığıb qaçallar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.

Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun azıb, çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.

Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıylan ağlardım,
Qış donduran ürəkləri dağlardım.

Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!

Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar sənnən qopub qalxarkən,
O sıldırım daşlarınan oynarkən,
Qovzan, mənim himmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gətib çatmayınca yatmaram.

Heydərbaba, mərd oğullar döğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.

Heydərbaba, sənin köylün şad olsun.,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə: mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.

İKİNCİ HİSSƏ

Heydərbaba, gəldim səni yoxluyam,
Bir də yatam, qucağında yuxluyam,
Ömrü qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın günlər, ağlar yüzə gülsən bir!

Heydərbaba, çəkdin məni gətirdin,
Yurdumuza, yuvamıza yetirdin,
Yusifivi uşaq ikən itirdin,
Qoca Yəqub, itmişsəm də tapıbsan,
Qavalıyıb qurd ağzından qapıbsan.

Mən gördüyüm karvan çatıb köçübdü,
Ayrılığm şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.

Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa çatıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.

Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim sürünür:
- Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən güləşdi, sən güc gəldin.

Qəbiləmiz burda qurub ocağı,
İndi olmuş qurd-quşların yatağı,
Gün batanda sönər bütün çırağı,
"Və bəldətin leysə ləha ənisu
İlləl yəafirə və iltəl-isu".

Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Keçənlərdə gözüm var, bir dayan, dur!

Ruzigarın dəyirmanı firlanır,
Məxluq onun dişlərinə tullanır,
Bax ki, bəşər yenə necə allanır,
Həmişəlik şadlıq umur özünə,
Qəbri görür, toz qondurmur üzünə.

Köhnələrin sür-sümüyü dartılıb,
Qurtulanın çul-çuxası yırtılıb,
Molla İbrahim lap əriyib, qurtulub,
Şeyxülislam səhman qalıb, qıvraxdı,
Novruzəli qaçaq keçib, qoçaxdı.

Ahılları yetmiş kəfən çürüdüb,
Cahılları dünya qəmi kiridib,
Qız-gəlinlər ət-canların əridib,
Rəxşəndənin nəvə tutur əlini,
Nənəqızın kürəkəni, gəlini.

Çox şükrü var, yenə gəldux, görüşdux,
İtənlərdən, bitənlərdən soruşdux,
Küsmüşdux, Allah qoysa, barışdux,
Bir də görüş qismət ola, olmaya,
Ömürlərdə fürsət ola, olmaya.

Burda xəyal meydanları genişdi,
Dağlar, daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydərbaba danışdı:
- Bu nə səsdi, sən aləmə salıbsan,
Gəl bir görək özün harda qalıbsan?

Kəcavəylə bu çaydan çox keçmişik,
Bu çeşmələrdən nə sular içmişik,
Bu yoncalıqlarda kəsib biçmişik,
Çəpişləri qıdıxlayan günlərim,
Çəpiş kimi oynaxlayan günlərim.

Bu xırmanda "Aradanxır" oynardıq,
Comalaşıb qarışqatək qaynardıq,
Yavaş-yavaş baxçalarda ağnardıq,
Ağaclardan çilik-ağac kəsərdik,
Qoruqçunun qorxusundan əsərdik.

Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: - Bax, bayda dolsun daşmasın.

Bu damlarda çoxlu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşunlu saqqa alıb satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi tutmur dünyalar.

Məktəb qalır, uşaqlar dərs alırlar,
Hey yazırlar, hey pozurlar, yalırlar,
Molla İbrahim özü, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.

Bir vaxtında bu məktəb pərgar idi,
Bir Müseyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkar idi,
Axund bizlə oynamağa gedərdi,
Özü bizə oynamaq öyrədərdi.

Dedim, balam, o Məmdəsən nolubdu?
Məlum oldu tifil bala ölübdü,
Nə var, nə var, burnundan qan gəlibdi,
Bir yel əsir, baxırsan Məmdəsən yox,
Bu kənddə bir burun qanı kəsən yox.

Dedim, deyin Müseyyibə nə gəldi?
Qulam, gördüm, ağlar göz ilə gəldi,
Dedi: o da bahalıq düşdü, öldü,
Dedim, yazıq bizlə hasıl bölənlər,
Bitməyəndə aclarından ötənlər.

Bu məktəbdə şerin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
- Başım ağrır, - deyib, qaçıb getmişəm,
Baxçalarda gedib gözdən itmişəm.

Azad olanda məkəobdən çıxardıq,
Hücum çəkib biri-birin sıxardıq,
Yolda hər nə gəldi, vurub yıxardıq,
Uşaq demə, ipin qırmış dana de,
Bir dana da demə, əlli dana de.

Məlikniyaz itkin gedib yox olub,
Mir Aslan xan səktə il yıxılıb,
Hərə qaçıb bir dərədə sıxılıb,
Çörək qəmi çıxıb xalqın ayına,
Hər kəs qalıb öz canının hayına.

Kəndli yazıq çıraq tapmır yandıra,
Görüm sizin bərqiz qalsın andıra,
Kim bu sözü ərbablara qandıra:
Nədir axır bu millətin günahı?
Tutsun sizi, görüm, məzlumlar ahı!

Hər nə alır baha verir qiyməti,
Ucuz fəqət əkinçinin zəhməti,
Bitənindən artıq biçən ücrəti,
Kənd uşağı gedir yolda işləyə,
Orda bəlkə qəndi tapa dişləyə.

Kəndli gəlin kimi dünyanı bəzər,
Öz övrəti yamaq-yamağa düzər,
İynə bəzər xalqı, özü lüt gəzər,
İndi də var çarsablar albaxdı,
Uşaqların qıç-paçası çılpaxdı.

Bu baxçada aş tərəsi əkərdik,
Hey su açıb kərdiyə göz dikərdik,
Çıxmaq həmin dərib asa tökərdik,
Fınqılışlar qaşıqlardan aslanı,
Yağlı desəm, quru ağzın islanı.

Bu döşlərdə quzuları yayardıq,
Axmasmlar, ulduz təkin sayardıq,
Quşqovanı çəkib daşa dayardıq,
Quşqovan da elə bil ki, qabandı,
Qurd uzaqdan deyr bəs ki, çobandı.

Xanım nənəm naxoş olan il idi,
Qış var ikən külək idi, yel idi,
Qış da çıxdı, yağış idi, sel idi,
Yük-yapını hey çatırdıq ki, gedax,
Sel küşgüdü, məcbur olduq qeyidax.

Neysan düşdü, biz də düşdük yağışa,
Kim bacarar sellər ilə boğuşa?
Hey deyirdik, bəlkə yağış yığışa,
Balakişi faytonçumuz gəlmişdi,
İmamiyyə qəhvəsində qalmışdı.

Bu zəmidə gedib gözdən itərdik,
Tonqal qurub sütülləri ütərdik,
Deyib, gülmək muradına yetərdik,
El də gülsün, muradına yetişsin,
Ürəklərin yaraları bitişsin.

Xəlvərçilər burda xəlvər daşırdı,
Bu küllükdən ulaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin hər kimsəyə görərdi,
Can dərmam istəsəydin verərdi.

İndi bəşər ac qurd kimi uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.

Heydərbaba, səndə dəfinələr var,
Dağlar vədiəsi xəzinələr var,
Amma sənə bənzər də sinələr var,
Bu sinələr dağlar ilə danışır,
Dağlar kimi göylər ilə qonuşur.

Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qaytar sal aləmə bu səsi,
Sən də yaxşı simurq etdin məgəsi,
Sanki qanad verdin yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.

Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.

Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gün bizə düşmədi,
Zindan qaraldı, göz-gözü seşmədi,
Gündüz gözü mənim lampam keşmədi,
Sel də basdı, əmmiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.

Əvvəl başı məndən istiqbal etdiz,
Sondan çönüb işimdə ixlal etdiz,
Öz zənnizcə ustadı iğfal etdiz,
Eybi yoxdur, keçər gedər ömürdür,
Qış da çıxar, üzüqara kömürdür.

Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.

Haqq nə deyir? Küfrə qarşı getməyiz,
Nurdan çıxıb zühnət içrə itməyiz,
Fırıldağa fırfıratək bitməyiz,
Gördüz də ki, olmadı küfrün dibi,
Pul da versə, almağa tikmiş cibi.

Şeytan bizim qəlbimizi çöndərib,
Allah deyən yoldan bizi döndərib,
İlanlı çeşməyə bizi göndərib,
Minnət qoyur ki, arxınız nəhr olub,
Biz görürük sular bizə zəhr olub.

Heydərbaba, gileylikdən nə çıxar?
Zülmün evin səbrli təhəmmül yıxar,
Dərviş olan səbrin əlin bərk sıxar,
Gəl qayıdaq, çıxaq Ağa düzünə,
Keçək yenə məhəbbətin sözünə.

Deynə uşaq bir-birilə saz olsun,
Bəlkə bu qış bir də çönüb yaz olsun,
Çay, çəmənlər ördək olsun, qaz olsun,
Biz də baxıb fərəhlənib bir uçaq,
Sınıq-salxaq qanadları bir açaq.

Bu baxçadan alçaları dərərdik,
Qış adına çıxıb damda sərərdik,
Hey də çıxıb yalandan çöndərərdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir külli də minnət xalqa qoyardıq.

Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü,
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!

Bizdən sonra kürsülərin tovunda,
Kəndin nağıllarında, söz-sovunda,
Qan nənənin çaxmağında, qovunda,
Heydərbaba özün qatar sözlərə,
İçki kimi xumar verər gözlərə.

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ