"Onun ədəbiyyat canavarı olduğunu sonra anladım" | MANERA.AZ

Tarix:3-08-2015, 12:08 Baxış Sayı:622

"Onun ədəbiyyat canavarı olduğunu  sonra anladım"  | MANERA.AZ
manera.az

Müşfiq Şükürlüyə

İlk görəndə onu 12 yaşlı uşağa bənzədə bilərsiniz. Hər şeylə maraqlanan, daim axtarışda olan oğlan uşağı. Qısa boylu, cılız bədənli bu əsmər oğlan məndən 1 yaş böyük olmasına baxmayaraq, bütün dünyanın içində boğula biləcəyi fikirlərə sahibdi. İçəri batmış ovurdları, seyrək dişləri, sərt almacıq sümükləri, parıldayan göz bəbəkləri ilə bir canavara bənzəyir. Mənə "Parfümer"dəki Jan Batist Qrenuyu xatırladan bu canavarın ondan tək fərqi ətirlərlə deyil, daş parçalarının, ağacların, çiçəklərin, böcəklərin canından ədəbiyyatı sovuraraq qidalanmasıdır. (Qadınların bədənlərindən ətir hazırlayan Jan Batist Qrenuy elə o ətirlərlə də qidalanırdı)


Onunla dostluğumuz universtet illərində başladı. Məndən iki kurs yuxarıda təhsil alsa da, onu gördüyüm ilk gündən diqqətimi çəkməyə nail oldu. Tənəffüs zamanı dəhlizə çıxır, heç kimə nəzər yetirmədən siqaret çəkilən yerə yollanır. Siqaretini yandırdıqdan sonra diqqətlə insanlara baxmağa başlayır. Bu hərəkətləri məndə iki fikir yaradırdı: ya çox ağıllıdı, ya çox axmaqdı. Tez-tez göz-gözə gəlirdik, amma heç bir reaksiya vermirdi. Onunla ünsiyyətə girmək üçün yaxınlaşıb kibrit istədiyimdə belə heç nə demədən siqaretimi yandırmışdı və bu cəhdim də uğursuz qalmışdı.

Günlərin bir günü yenə həmin yerdə dayanıb siqaret çəkirdi. Pilləkənlərlə qalxanda onu gördüm, amma bu səfər onu baxışlarımla narahat etmək fikrim yox idi. Bu an mənə dünən bir şeirimi oxuduğunu və şair olduğumu təzə öyrəndiyini dedi. Həmişə susqun gördüyüm bu oğlan mənim bir şeirimi oxumuşdu və mənlə ünsiyyətə başlamışdı.

Artıq hər məni görəndə göz bəbəkləri parıldayırdı. Şübhəsiz, mənim də canımdan ədəbiyyatı sorduqdan sonra rahatlayacaqdı. Qollarının kəskin şəkildə qabarıqlaşmış tünd yaşıl damarlarında ədəbiyyat axırdı. Sakit təbiətli, susqun bu oğlan mənimlə görüşəndə təzə dil açmış uşaqlar kimi dayanmadan danışmağa başlayır. Söhbətin qızğın anında qarşıma bir vərəq parçası qoyub şeir yazmağımı istəyir. Yazdığım şeiri oxuduqdan sonra istəyinə çatmış uşaq kimi gülür.

Onun ədəbiyyat canavarı olduğunu bir müddət sonra anladım və müdafiə mexanizmimi işə saldım. Onunla söhbət zamanı bacardığım qədər az danışır, onun daha çox danışmasına şərait yaradırdım. O da mənim asan şikar olmadığımı anladı. Artıq mən də onun ruhundan ədəbiyyatı sovuraraq qidalanırdım. Bütün insanlardan gizlətdiyi yazıları, hekayələri ilə canıma can qatırdım.

O indi də Jan Batist Qrenuy kimi insanlardan uzaqlarda yaşayır, yalnız ehtiyacı olandan insanların arasına enib qidasını toplayır və geri qayıdır.

Dağ başında köhnə evdə, təbiət qoynunda yaşayan bu canavarın hələ çox insanın, kitabın, əşyanın canındakı ədəbiyyatı sovurduqdan sonra insanların arasına çıxacaq və bir ədəbiyyat günəşi olaraq parıldayacaq.


Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ