Bu ürək şairi, könül şairi.. - Əşrəf Veysəllinin şeirləri » Manera.Az

Bu ürək şairi, könül şairi.. - Əşrəf Veysəllinin şeirləri

Tarix:28-07-2018, 19:31 Baxış Sayı:291

Bu ürək şairi, könül şairi.. - Əşrəf Veysəllinin şeirləri

Manera.az Əməkdar mədəniyyət işçisi, ustad şair Əşrəf Veysəllinin 80 illiyi münasibətilə şeirlərini təqdim edir:

QORXUSU YOXDUR

Altmışım arxada qalıb hacandır,
Hacandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb ucur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözu qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.

AXIRDA

Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.

Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.

Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim, yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.

Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah, məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.

ANALAR

Beşiklər başında laylalar deyər,
Sevincdən don biçib geyər analar.
Körpələr nə zaman böyüyər deyə,
Günləri, ayları sayar analar.

Öpüb sığallayar gözlərimizi,
Min bir qayğı ilə böyüdər bizi.
Dilimiz söz tutar, sözlərimizi
Ellərdən ellərə yayar, analar.

Yolu duman tutsa, dağı qar alsa,
Aylı gecələri birdən qaralsa,
Başımız üstünü buludlar alsa,
Birinci hiss edər, duyar analar.

Kövrəldər bir kiçik söz ürəyini,
Xəzanlar bürüyər yaz ürəyini.
Çıxarıb köksündən öz ürəyini,
Yaramız üstünə qoyar analar.

O bütün qəlblərin dostu, yaxını,
Bu yerlər, bu göylər ona sığınır.
Oğul günahını, qız günahını,
Gözünün yaşıyla yuyar analar.


***
Oğlan qızın, qız oğlanın qisməti,
Gör nə gözəl pay böyüdür analar.
Özü bir gün görməsə də dünyada,
Gün böyüdür, ay böyüdür analar.

Elimizin ən şərəfli qadını,
Hər nemətdən uca tutar adını.
Söndürməkçün həsrətinin odunu,
Gözlərində çay böyüdür analar.

Dözüb durur intizarın içində,
Yuva qurur ahu-zarın içində.
Düşən qışın, yağan qarın içində
Yaz böyüdür, yay böyüdür analar.

Comərd olur comərdlərin önündə,
Saç yolmayır o dərdlərin önündə.
Alçalmayır namərdlərin önündə,
Qız böyüdür, toy böyüdür analar.

ANAMA MƏKTUB

Az-az görüşürük, ay ana, az-az,
Analar bu sirri bilməmiş olmazÇoxları
can atır şöhrətə, ada,
Şöhrət hər yetənin nəsibi olmur.
Təpədən dırnağa soyulmaqla da
Hamı şair olmur, Nəsimi olmur.

Canımda Füzuli yanğıları var,
Verə bilməmişəm imtahanımı.
Oxuya-oxuya qərib durnalar
Apardı qürbətə yarı canımı.

Bir yanıq bayatı qaldırıb yerdən,
Atar Kürə məni, Araza məni.
Yay kimi dartılıb cığırlar hərdən
Ox kimi tullayar harasa məni.

Durub seyr edərəm ağ buludları,
Nəsə pıçıldayar yağışlar mənə.
Bir xəzan əlimdən alar baharı,
Bir çiçək qaytarıb bağışlar mənə..

Az-az görüşürük, ay ana, az-az,
Analar bu sirri bilməmiş olmazUçub
qanadında fikrin-xəyalın,
Təzə məna tapmaq, təzə söz demək,
Qırıb inadını bir dağ çayının,
Hər dəfə tərsinə üzmək kimiymiş.
Vallah şair olmaq,
Ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş.

ATA

Dilimdə ən şirin, sözüm, söhbətim,
İnancım, güvəncim, pənahım ata.
Tükənmək bilməyən gücüm, qüvvətim,
Səngimək bilməyən ocağım ata.

Saralan qürubam, qaralan qaşam,
Yelkənsiz qayığam, yuvasız quşam.
Tufanlar içində azıb qalmışam,
Zülmət gecələrdə çırağım ata.

Ürəyim çırpınır fırtınalarda,
Sən ey son ümidim, hardasan, harda?
Gəl məni xilas et bu intizardan,
Sökülən dan yerim, sabahım ata.

Könlümün yuvası, yurdu da sənsən,
Mənim güvəndiyim ordu da sənsən.
Həyatın dörd şərti... dördü də sənsən
Odum, suyum, havam, torpağım ata.

Çəmənsən, üstündə şəbnəməm sənin,
Qəlbinə, ruhuna həmdəməm sənin.
Sənsən yaradanım. Bəndənəm sənin,
Allahdan aşağı Allahım, ata!

DAĞLARIN

Gedək dedim, gedək, gəzək doyunca,
Çox olmuşam həvəsində dağların.
Necə olsa, təzəlik var, saflıq var,
Ülvilik var nəfəsində dağların.

Sən hardasan, gəlib çıx, ay gülüzlüm,
Tellərinə inci-inci gül düzüm.
Qardan keçdim, qışdan keçdim, gül üzdüm,
Qonaq oldum süfrəsində dağların.

Çəkə-çəkə hər çiçəyin nazını
Ana torpaq nur içində qızınır.
Aşıq basıb sinəsinə sazını,
Vəcdə gəlib sinəsində dağların.

Qızıl günəş, saçlarını səpələ,
Körpə-körpə çiçəkləri öp hələ.
Getmə, getsən, çöllər, düzlər, təpələr
Yatıb qalar kölgəsində dağların.

Quzeyləri qarından pay saxlayar,
Güneylərdə qızlar dəstə bağlayar.
Dərələri coşar, daşar, çağlayar,
Çöllər gülər nəğməsində dağların .

Yamaclardan buxar qalxar tər kimi,
Otlar üstə şeh damcısı zər kimi.
Gün dəydikcə əriyirdik qar kimi,
Çalxanırdıq “nehrəsində” dağların.

Dolusuyla göylər bizi “daşladı”,
Qaçıb girdik daldasına daşların.
Əmim oğlu bir heyratı başladı,
Əli qaldı çənəsində dağların.

YAŞAYAR

Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol,
Bu yolu gedən ömrü yaşayar.

Ürək nədir?
Ürək sevgi, sayğıdır.
Bir -birinə nəvazişdir, qayğıdır,
Başdan-başa həyəcandır, duyğudur.
Ürək də var-gödən ömrü yaşayar.

Yazan qalar söz ömrünün hayında.
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var-Vətən ömrü yaşayar.

YAXŞI Kİ

Qoy sənin başına dolanım, Allah,
Olmasın yanında yalanım, Allah.
Şeirdir olanım-qalanım, Allah,
Sən məni nə üçün şair yaratdın?

Əsən küləklərin dərs deyirdimi,
Çəkdiyim ağrılar dərs deyildimi?
Öz dərdim özümə bəs deyildimi,
Sən məni nə üçün şair yaratdın?

Qızmar səhralarda əsən mehəm mən,
Güldə şəbnəməmsə, otda şehəm mən,
Sanki bu dünyaya cavabdehəm mən,
Sən məni nə üçün şair yaratdın?

Gərək bir qanadlı quş yaradaydın,
Əngin səmalara tuş yaradaydın.
Ya da ki, bir qara daş yaradaydın,
Sən məni nə üçün şair yaratdın?

Qoruya bildimmi özümü yaddan,
Nəfsimi ləzzətdən,ağzımı daddan?
Çıxartdım oğlumu,qızımı yaddan,
Sən məni nə üçün şair yaratdın?

Qarış bu torpağa diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki sən məni şair yaratdın!

Gül kimi bitiridin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü,
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki sən məni şair yaratdın!

SƏN MƏNİ ÖYRƏTDİN AYRILIQLARA

Hər anım, hər günüm, hər ayım belə,
Dağıldı eşq adlı sarayım belə.
Dünyanı incidər harayım belə,
Hər gecə varlığım çəkilər dara,
Sən məni öyrətdin ayrılıqlara.

Adlaya bilmədim qəm hasarını,
Simləri qırıldı könül tarımın.
Boynu bükük qaldı arzularımın,
Niyyətim haraydı, mənzilim hara,
Sən məni öyrətdin ayrılıqlara.

Yolçunu yolundan əylədən kimi,
Dərdliyə dərdini söylədən kimi,
Uşağa əlifba öyrədən kimi
De nədən başlayım mən günüqara,
Sən məni öyrətdin ayrılıqlara .

Bir gül qönçəsiydi ürəyim mənim,
Eşqin təşnəsiydi ürəyim mənim,
Vüsal çeşməsiydi ürəyim mənim.
Mən hara, qəm hara, ayrılıq hara,
Sən məni öyrətdin ayrılıqlara.

İzim daş üstündə bitən yazıydı,
Sözüm Babəklərin “Bəzz” qalasıydı.
Arzum xan oğluydu, bəy balasıydı,
Həsrətin eşqimi gətirdi zara,
Sən məni öyrətdin ayrılıqlara.

TORPAQ DƏRDİ, ŞƏHİD DƏRDİ

Allah, bu dərd hər bir dərddən baş olub,
Qəlbimizə tez ələnən dərd imiş.
Dərya-dərya, ümman-ümman yaş olub,
Gözümüzdən süzələnən dərd imiş.

Dağlar uçub üstümüzə tökülüb,
Sinəmizə neçə dağlar çəkilib.
Köksümüzdə yumaq kimi bükülüb,
Tərpətdikcə çözələnən dərd imiş.

Bu dərd bizi zirvələrə qaldırıb,
Bu dərd bizi qayalardan saldırıb.
Badəsini qanımızla doldurub,
Canımızla məzələnən dərd imiş.

Görmüşdünmü qəm qırmızı boyana,
Ürək gərək tab gətirə, dayana.
Torpaq dərdi, şəhid dərdi, ay ana,
Köhnəldikcə təzələnən dərd imiş.

GÖYNƏYİR

Gün batan tərəfə baxa bilmirəm,
Qırılan ömrümün köçü göynəyir.
Qarlı zirvələrə qalxa bilmirəm,
Yaşlı gözlərimin içi göynəyir.

Günəşli günlərdə, yağışda,çəndə,
Xəyalım dolanıb gedir o kəndə.
Əlvan çiçəklərin hər yaz gələndə
Başının üstündə tacı göynəyir.

O nədir-qəlbimi yandırıb-yaxan,
O kimdir-həsrətlə yollara baxan...
Ərləri şəhidlik taxtına qalxan
Cavan gəlinlərin saçı göynəyir.

Vətən harayına çatan əsgərin,
Özünü odlara atan əsgərin,
Şəhid məzarında yatan əsgərin
Bəlkə Xocalıda qıçı göynəyir.

Kövrək arzularla dolur sinələr,
Pozulur o növraq, o ənənələr.
Qovrulur, sızlayır qoca nənələr
Ürəkdə min ağrı, acı göynəyir.

Göylərə əl açıb Allah deyənlər,
Hər sözün başında sabah deyənlər,
Günləri əliylə itələyənlər,
Səhəri gözüylə açır, göynəyir.

Zülmət gecələrim səhər gözləyir,
Səpdiyim toxumlar bəhər gözləyir.
Gözüm “Xəbərlərdə”xəbər gözləyir,
Ürəyim min yerdən sancır, göynəyir.

Bir də əlim çatmaz ötən çağlara,
Dodağım həsrətdir buz bulaqlara.
Könlüm qanadlanır o torpaqlara,
Qolum o yerləri qucur, göynəyir.

Dünyanın özündən əzəl Qarabağ,
Düşmən tapdağında xəzəl Qarabağ.
Gözəl sözündən də gözəl Qarabağ
Yanır, tüstülənir, uçur, göynəyir.

Sarayı olanlar yuvasız qalıb,
Əri əsir düşən gəlin, qız qalıb..
Bizim binada da atasız qalıb,
Körpə balaların üçü göynəyir.

Bağrı şan-şan olub dilsiz daşın da,
Vətən savaşında, yurd savaşında.
Kövrək anaların doqqaz başında
Təndiri göynəyir, sacı göynəyir.

Həsrətdən gözləri dolan kəndlərə,
Bənizi gül kimi solan kəndlərə,.
Yanıb qar altında qalan kəndlərə,
Günəş də nurunu saçır, göynəyir.

Hayandan başlayır, hardadır Vətən,
Gör neçə ildir ki, dardadır Vətən.
“Qarabağ”kəlməsi dilində bitən
Qardaş sızıldayır, bacı göynəyir.

Ay Əşrəf, taleyim hey döyür məni,
Dağılmış bir səhman gözləyir məni.
Atamın məzarı səsləyir məni,
Mənimçün burnunun ucu göynəyir.

A KƏNDİM

Əlim ətəyindən tutar, üzülməz,
Yolların kəsilər, ümid kəsilməz.
Sənsizlik dözülməz dərddir, dözülməz,
Dözüb yaşayıram sənsiz, a kəndim.

Sən idin pənahım xeyirdə, şərdə,
Qorxuram görməyəm üzünü bir də...
Tanış döngələrdə, dost küçələrdə
Azıb yaşayıram sənsiz, a kəndim.

Başsızlar düşmədi başa şeirimi,
İş açıb tikdilər işə şeirimi.
Havaya, torpağa, daşa şeirimi
Yazıb yaşayıram sənsiz, a kəndim.

De necə tablaşım, necə dözüm mən,
Anamdan əmdiyim gəldi gözümdən.
Tanışdan-bilişdən, hətta özümdən
Küsüb yaşayıram sənsiz, a kəndim

Üz tutub getməyə bir pənahım yox,
Nurlu axşamım yox, al sabahım yox.
Qəlbim yox, qəbrim yox, qibləgahım yox,
Kasıb yaşayıram sənsiz, a kəndim.

ƏLA

O uşaq arzumun uzaq mənzili,
Əla görünərdi yaxından, əla.
Çoxundan pis idim dağdan baxanda,
Dərədən baxanda- çoxundan əla.

Yatmadım gözümü yuxu yandırdı,
Dilimi könlümün ahı yandırdı.
Sinəmi fələyin oxu yandırdı?
Yayına bilmədim oxundan əla.

Dərdim oynayanda “Kərəmi” üstə,
Dağlar yıxılardı şələmin üstə.
Milçəklər qonardı şirəmin üstə,
Uçdu xəzan vaxtı bağımdan – əla.

Göylər qəzəbini tökər baxtıma,
Zülmət gecələri bükər baxtıma
De, necə edim ki, bu kor baxtıma
Bu kor gözlərimlə baxım mən əla.

Köhnə çəpərliyə bağlıq deyənlər,
Alçaq təpəliyə dağlıq deyənlər,
Solumda, sağımda sağlıq deyənlər,
Çəkildi solumdan, sağımdan, əla.

De, harda yatmısan, bozqurd balası
Çox yatma, olarsan manqurt balası.
Qar üstə iz salan ac qurd balası
Quduz köpəklərin toxundan əla.

Öyrət yeriməyi, öyrət yollara,
Bu bağlı yollara, bu sərt yollara.
Bir gün işıq düşər zülmət yollara,
Məşəllər alışar ahımdan əla.

Marten sobası da atom ES-i də,
Donuq vicdanları çətin isidər.
Azad bir ölkənin dilənçisi də
Kölə dövlətlərin şahından əla.

SEVGİDİR

Canı can istəyir, qanı qan çəkir,
Bu pünhan duyğunun adı sevgidir.
Balıncı başımın altından çəkir,
Bu odur,
Bu odur,
Odur-sevgidir.

Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da,imtahansa da,
Ondan neçə kərə ağzım yansa da,
Ağzımın ləzzəti,dadı sevgidir.

Ey durub qəsdimə,yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən,gözəl.
Olsan ürəyimə yol gəzən,gözəl,
Mənim ürəyimin kodu sevgidir.

BİLİR

O sevda dəmindən uzaqdır hələ,
Məni də özündən çox uzaq bilir.
Mənim sevdiyim gül uşaqdır hələ,
Ülvi hisslərimi oyuncaq bilir.

Başına dolanım, dönüm bu eşqin,
Yolunda alışım, yanım bu eşqin.
Məni məndən alıb mənim bu eşqim,
Nə oğul anlayır, nə uşaq bilir.

Ömrümün gülşəni bilirəm onu,
Hər gün səcdəsinə gəlirəm onun.
Ölürəm dərdindən, ölürəm onun,
Necə öldüyümü bir Allah bilir.

HARDASAN

Hər yanda, hər yerdə görürəm səni,
Məndən ayrılmırsan xəyallar kimi.
Bütün fəsillərdə görürəm səni-
Yazda günəş kimi, qışda qar kimi.

Gah toy yerindəsən, gah yas yerində,
Gözümün ağında, qarasındasan.
Üzdüyüm suların ləpələrində,
Açdığım kitabın arasındasan.

Çırağım sönürmü-nura dönürsən,
Durub yandırıram, sən də yanırsan.
Qələm götürürəm, şeir yazam mən,
Galıb misralarda sən dayanırsan.

Şirin sözlərintək ətir qoxuyan
Hər səsə, sədaya qatıblar səni.
Yediyim çörəyə,içdiyim suya,
Udduğum havaya qatıblar səni.

Dönüb sən olubdur,bu yer, bu aləm,
Dönüb sən olubdur bu cahan, gülüm!
Hər yerdə, hər zaman səni görürəm,
Ancaq bilmirəm ki, hardasan, gülüm!

SƏN YANIMDA OLANDA

Elə ki yanımda sən olursan, sən
Qəlbimin heç nədən qorxusu olmur.
Təkcə daş asılır kirpiklərimdən,
Təkcə gözlərimin yuxusu olmur.

Sevgi-yaraşığı bu göyün, yerin,
Məhəbbət-könlümün bahar gülləri.
Orda gülüşlərin, təbəssümlərin.
Orda baxışların sular gülləri.

Nəğmələr səslənər könül tarımda,
Sən ondan ən şirin diləklər istə.
Tez-tez şimşək çaxar dodaqlarımda,
Adın səpələnər çiçəklər üstə.

ÜRƏYİM

Hərdən səhra olan, hərdən bağ olan,
Bir dost kəlməsiylə donub dağ olan,
Qisməti-həmişə ağrımaq olan,
Dərmanı-dağların səhər kuləyi,
Ay mənim ürəyim, mənim ürəyim.

Dinsin məhəbbəti əziz tutanlar,
Özünü əbədi oda atanlar.
Desin sol döşünün ustə yatanlar-
Nədir bu dünyadan axı diləyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Hər sözə inanıb, uyan sən oldun,
Məni quru yurdda qoyan sən oldun.
Bir zaman hamıya həyan sən oldun,
İndi bir koməyi kimdən diləyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Köksümdə odu var ilk məhəbbətin,
Oldum diləncisi bir xoş ulfətin.
Tək-tənha yaşamaq-cətindən cətin-
Yenə buza dondu çayım-xörəyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Bir məsum, kusəyən, körpə uşaqsan,
Dindirsəm, sinəmi dağlayacaqsan.
Bilsən, hönkür-hönkür ağlayacaqsan-
Yar qənimim çıxıb, əğyar koməyim,
Ay mənim ürəyim, mənim ürəyim.

HAYANA APARIR BU YOLLAR MƏNİ

Qartal qayaların baxışı ağır,
Təhlükə tökülür qaşqabağından.
Yolların qırılmaq qorxusu yağır
Zirehli dağların daş papağından,
Hayana aparır bu yollar məni?

Qara buludların qılıncı qında,
Əlində çayların ömür yelkəni.
Qalıb fikirlərim yol ayrıcında,
Çəkir məngənəyə suallar məni,
Hayana aparır bu yollar məni?

Qırmızı, ağappaq yalanlar kimi,
Gah günəş aldadır,gah da qar məni.
Qıvrılıb açılır ilanlar kimi,
Buynuzu içində olanlar kimi,
Hayana aparır bu yollar məni?

Keçər üstümüzdən vaxt yeyin-yeyin,
Bir də görərsən ki, axdı bu yollar.
Yox-yox, acizliyin, ümidsizliyin
Gözünə sancılan oxdu bu yollar,
Hayana aparır bu yollar məni?

Köhlən zirvələrin,daş xurcunların
Könlündə,gözündə intizar bitib.
Ayağım altında daş uçqunları,
Başımın üstündə qayalar bitib,
Hayana aparır bu yollar məni?

Qorxuya sədd olan qədim bəndlərin
Köksü şırım-şırım, zədən-zədəndir.
O dağ zirvəsinə qonan kəndlərin
Divar daşları da vahimədəndir,
Hayana aparır bu yollar məni?

Nurlu kəhkəşandır vətən yolları,
Gah oddan adlayır, gah sudan keçir.
Bəlkə gözəlliyə gedən yolların
Çoxu təhlükədən,qorxudan keçir?!
Hayana aparır bu yollar məni?

Yoxsa bu yolların mənzil başında
Könlümü yaşadan ümid yeri var,
Hər gün gəzər məni,axtarar məni?
Ömür yollarıdır bəlkə bu yollar,
Hayana aparır bu yollar məni?!

SALAM

Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.

Bir nəfəsə min ah çəkən,
Hər sozünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.

Əriyib sozə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.

BU GÖZƏL

Ağ geyindi, ağ şəfəqə bələndik,
Ağ günlərin şöləsidir bu gözəl.
Məhəbbətin,sədaqətin,sevginin,
Fəth olunmaz qalasıdır bu gözəl.

Ağ sinəsi bəslənibdir kölgədə,
Eşqimizin aynasıdır bəlkə də,
Hava kimi hər yerdə, hər bölgədə,
Köksümüzə dolasıdır bu gözəl.

Kəlmələri bir ətirli çiçəkdi,
Mən bir ələm, o əlçatmaz ətəkdi.
Hər kirpiyi bir can alan mələkdi,
Huri-qılman balasıdır bu gözəl.

Qorxuram ki, bir söz çıxa dilimdən,
Səadətim uçub gedə əlimdən.
Əcəl bizə macal versə ölümdən,
Canımızı alasıdır bu gözəl.

Kim görübsə bu afəti dünyada,
Heç tükənməz məhəbbəti dünyada.
Elə bil ki, müvəqqəti dünyada,
Həmişəlik qalasıdır bu gözəl.

Sağalmazmı yar vurduğu yaralar,
Axı bunca zülm eyləməz yara var.
Bir söz desəm,qəzəbindən qaralar,
Dindirməsəm, solasıdır bu gözəl.

Didim-didim hicri didib könlümü,
Könül olan vaxtı gedib könlümün.
Bu yaşımda məcnun edib könlümü,
Səhralara salasıdır bu gözəl.

Aman allah!-ala gözlər süzüldü.
Əl-ayağım yerdən-göydən üzüldü.
Nöyzənbillah, ya Allahın özüdür,
Ya Allahın bəlasıdır bu gözəl.

İŞIQLI ÜMİDLƏR

İşıqlı ümidlər başımı qatar,
Bir az yaşamağa inamım artar.
Nə könlüm dincələr, nə gözüm yatar
Sən bizim küçədən keçəndən bəri.

Yola duman çöküb, dağa çən düşüb,
Bir yersiz deyilən sözümdən düşüb.
Eh, bütün gözəllər gözümdən düşüb,
Mən səni bəyənib seçəndən bəri.

Yenə üfüqlərdən asıl,günəşim,
Qanlı tarixlərə yazıl, günəşim.
Sən ey ağ günlərin qızıl günəşi,
Boyunu görmürük haçandan bəri.

Söz var-söyləməyə dilim gələrmi,
Yer var-mən gedərəm,elin gələrmi?
Bir də bağlamağa əlim gələrmi,
Sən bizim qapını açandan bəri.

Hicran çəpərindən keçə bilmədik,
Vüsal çeşməsindən içə bilmədik.
Bir çox qanadlandıq,uça bilmədik,
Niyə görünmürsən heç ondan bəri.

İndi aramızın arası azdır,
İndi aramızda təkcə Arazdır.
Arazı kələklə, Arazı azdır,
Arazı dilə tut, keç ondan bəri.

SƏNİ GÖRMƏYƏYDİM GÖZLƏRİ YAŞLI

Göylərin çırağı nə vaxt sönübdür,
Nə yer yerindədir, nə göy yerində.
Dünya iki damcı yaşa dönübdür,
Asılıb fikirli kirpiklərində.

Qışın əlindəmi yazın yaxası,
Xəzan tezmi əsib – tez xəzəl düşüb.
Elə bil duyğusuz bir natarazın
Bəxtinə qənirsiz bir gözəl düşüb.

Üz vermə, qayıdıb o gələr yenə,
Kədərə nə var ki, üzlü qonaqdır.
Sonra qapını da çırpsan üzünə,
Bacadan içəri soxulacaqdır.

Ona ürəyində yer vermə barı,
Yoxsa məhv olarsan qəm savaşında.
O gül sinəndəki gül arzuları
Yandırıb kül eylər qönçə yaşında.

Olma taleyindən könlü gileyli,
Yoxsa çətin düşər qəmin zirvədən,
Çıxar qəm dağına zavallı Leyli,
Füzuli yüksələr həmin zirvədən.

Öz Məcnun könlümlə qəm səhrasından
Mən də adlayardım dərdli, təlaşlı,
Təki bu dünyada heç vaxt, heç zaman
Səni görməyəydim gözləri yaşlı.

Üz solğun, baş açıq, paltarsa nimdaş...
Qara şal sürüşüb qalıb çiynində.
Qonub gözlərinə iki damla yaş,
Qanmı laxtalanıb gül ləçəyində?

Yaxın sandıqlarım daha yan durur,
Bilmirəm heç necə qovum təkliyi.
İndi qəm yandırır, kədər yandırır
Könlümü yaşadan bir gözəlliyi.

Həzin bir sükutdan donur təbiət,
Soyuq ürəklərə sanki qar yağır.
Sən baxan yerlərə ayrılıq, həsrət,
Mən gedən yollara intizar yağır.

Bəxtim ayrı salıb özümdən məni...
Eh, yenə dərdlərim başımdan aşdı.
Tale eyləyəydi gözümdən məni,
Səni görməyəydim gözləri yaşlı.

ÇƏKİR

Çox da qəm eyləmə, ey dəli könlüm,
Qəmi qəm gətirir, dərdi dərd çəkir.
Şivlər pöhrələnib üzə gülüncə
Köklər qar altında nə zillət çəkir.

Nə ağac bar verər, nə də gül açar
Üstündən qara gün sovuşmayınca.
Bir nəsil ağ günə qovuşmayınca
İynəylə gor qazır, müsibət çəkir.

Gözəl Qarabağın acı həsrəti
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.

ÜRƏK ŞAİRİ

“Sən gərək qalaydın mən gorən kimi”-
Ürəyi nisgillə dinir şairin.
Gülər gözlərində qəm görən kimi
Hər anı zülmətə dönür şairin.

Yazdığı sözləri barı tap, hərdən
Dərdli gozlərinə dərdi təp hərdən.
Ürəyi gör necə düşür təpərdən,
Gözləri gör necə sönür şairin.

Ağlayar ürəkdən, gülər ürəkdən,
Vəfasız adları silər ürəkdən.
Elə öləndə də ölər ürəkdən
Bu ürək şairi, könül şairi..

GÖR KİMƏ TAPŞIRIB GEDİRƏM SİZİ
Balalarıma

Üzə durdu günahlarım,
Ağladım,hər gün ağladım...
Nə mən özüm bir gün gördüm,
Nə sizə bir gün ağladım.

Dərd mənə həmdəmdi,dərd mənə yardı,
Dərdli gözlərimə təpirəm sizi.
Mənim son məktubum bu misralardı,
Hər sözün başında öpürəm sizi.

Yolumu qar döydü,dolumu kəsdi,
Qolundan tutduğum qolumu kəsdi.
"Keçid"də əzrayıl yolumu kəsdi,
Qoymadı salamat ötürəm sizi.

Günlərim bəxtimlə əlbəyaxadı,
İndi ümidlərim tək Allahadı.
Dünya ağzı qanlı bir əjdahadı,
Gör kimə tapşırıb gedirəm sizi!...

ÖMRÜMÜZ

Qocalıqla əyləşibdir üz-üzə
Cavanlıqla sağollaşan ömrümüz.
Dönməkdədir bir tufansız dənizə
Ahıllaşan,ağırlaşan ömrümüz.

İsindikcə qəlbimizin odunda,
Xəyalımız göyün yeddi qatında.
Qalacaqmı nəvələrin yadında
Şəkərləşən,noğullaşan ömrümüz.

Ömrün gözəl anlarını arzular,
Arzuların nübarını arzular.
Payız günü baharını arzular
Zimistana yaxınlaşan ömrümüz.

Günlərimiz dağdan aşan köç oldu,
Çox arzuya qovuşmadıq ,gec oldu.
Oğul balam,harda qaldı, necoldu?!,
Ərənləşən,oğullaşan ömrümüz.

Dünya ki,var boşalandır,dolandır..,
Məhəbbətdən qeyri hər şey yalandır.
Sevgi varsa ,daş üstə də qalandır,
Nəğmələşən,nağıllaşan ömrümüz.

"DÜNYA DÜZƏLMİR"

...Bilməm zəhəri çox.yoxsa balı çox,
Çox verdim özümə bu sualı, çox-
Ərzin aqilindən ağsaqqalı çox,
Bəs niyə bu dünya düzəlmir,baba.
Məmməd Araz

Biri söz çıxarır söz qabağına,
Dünyanı nəğməylə gözəlləşdirir.
Biri közü eşir öz qabağına,
Əlinə keçəni özəlləşdirir,
"Dünya düzəlmir ki,düzəlmir,baba"

Əgər ağız varsa yemək istəyir,
Dil ki var nə isə demək istəyir,
Çoxu köməksizdən kömək istəyir,
Çoxu ürəksizdən ürək istəyir.
"Dünya düzəlmir ki,düzəlmir,baba"

Əlinə keçirir yüz yeri, doymur,
Özləri doyanın gözləri doymur.
Dünya düzələrdi...özləri qoymur,
"Dünya düzəlmir ki,düzəlmir,baba".

Uzanır yaz ilə qışın davası,
Torpağın davası,daşın davası.
Ən ali ,mötəbər məclislərdə də
Katibə davası,maşın davası...
"Dünya düzəlmir ki,düzəlmir,baba".

Bu dərə neçə növ daşqın saxlayır,
Bir əlində zülmət,bir əlində nur...
Bu bəy də guya ki,qaçqın saxlayır-
Biri "bir şirvana"siçan tutdurur,
"Dünya düzəlmir ki,düzəlmir,baba".

Min ildir qayalar belə lal durur,
Cavabı olmayan min sual durur.
Göylərə əl açır fəryad dolu yer,
Dünən xiyabanda bir ana gördüm,
Şəhid məzarını qucub qaldırır-
Dur oğlum,dur mənə çörək pulu ver!...
"Dünya düzəlmir ki,düzəlmir,baba".

Bazardır,alandan satanı çoxdur,
Dayı kölgəsində yatanı çoxdur.
Hələ aralığı qatanı çoxdur,
Ərzin aqilindən nadanı çoxdur,
Onunçün bu dünya düzəlmir,baba,
"Dünya düzəlmir ki,düzəlmir,baba".

ÜRƏK AĞRISI

Nədənsə həmişə tənginəfəsəm,
Elə bil babamla həmyaş olmuşam.
Əlim qələm tutan, ağlım söz kəsən
Ürək ağrısına yoldaş olmuşam.

Səfərə çıxmışam min bir həvəslə,
Gözlərim bələdçi, könlüm yolçudur.
Ancaq neyləyim ki, sol döşüm üstə
Sağ əlim çox zaman qarovulçudur.

Neçə ürəklərin yarımçıq qalan
Arzusu, istəyi ağrıyır orda.
Əlindən oğlunu güllələr alan
Analar hələ də ağlayır orda.

Dünən bir dostuma açıb dedim mən,
O güldü: təsəlli verirdi sanki,
Dedi: Sən bununla fəxr etməlisən,
Kişi azarına tutulmusanki...

Onsuz da bilirəm,
bilirəm bir gün
Həyatı bu qədər sevdiyim üçün
Bu ürək ağrısı məni də tez-gec...
Di gəl ki, ürək də ağrımayanda
Elə bilirəm ki, yaşamıram heç...

Bir də, neyləmək?
Bir şair demişkən-
Ürək ağrıyırsa yaşayır demək.
Yaxşısı budur ki, salmayaq yada.
Ağrıyır, deməli, hələlik sağdır.
Ürək ürəkdirsə,
bizdən sonra da
Qalıb bu dünyada ağrıyacaqdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ