Qələmin vəzifəsi - Zakir Məmməd yazır » Manera.Az

Qələmin vəzifəsi - Zakir Məmməd yazır

Tarix:18-07-2018, 16:06 Baxış Sayı:159

Qələmin vəzifəsi - Zakir Məmməd yazır
(Tərlan Əbilovun yaradıcılığı haqqında)

Şair Tərlan Əbilovun yaradıcılığı ilə yaxından tanış olduqdan sonra bir daha anladım ki, cəmiyyət içrə qələmlə görünmək adamın məsuliyyətini ikiqat artırır.

Azərbaycan kimi ölkələrdə şair olmağın hansı şərtlər daxilində gerçəkləşə biləcəyi barədə geniş fikir yürütməyə gərək yoxdur. Çünki xalq, yəni oxucu tərəfindən bizim o şairlərimiz qəbul olunublar ki, onlar bu xalqın, millətin, məmləkətin ilginc problemlərini də öz yazılarına mövzu ediblər. Bir sözlə, indi bizə bəlli olan və olmayan qəmli keçmişimizdən və bu günümüzdən ədəbiyyatımızın yazması çox vacib bir işdir. Şairin eşqdən, sevgidən yazması nə qədər təbii, prinsipial bir məsələdirsə, ölkənin vətəndaşını üzən, narahat edən ictimai problemlərdən yazmaması onun üçün bir o qədər arzuedilməz haldır.

Bu baxımdan, Tərlan Əbilov bir çox hallarda sevgini də sosiallaşdırmaqla gündəmə gətirir. Məsələn, bu gün yaşadığımız cəmiyyətdə insan ağır maddi və mənəvi işgəncə ilə yüklənmiş kimi görünür. Bu ağır depressiyadan qurtulmağın bir yolu fərdin sosial-psixoloji yükünün bir hissəsini öz üzərinə almağı bacaran ədəbiyyatla təmasa keçməkdir. Yaxşı ədəbiyyat həmişə öz nüfuzu "şəfalı əlləri" ilə ictimai münasibətləri tənzimləməyə yardımçı ola bilmişdir. Rafiq Tağı yazırdı ki, "poeziya həyatın bir əlamətidir". Həyatın poetik dərki prosesi şairdən başlayır, oxucuda davam edir. Cəmiyyətin müxtəlif əhvalatlarını alleqoriya edib ümumiləşdirmək şairin həm də ictimai vəzifəsidir. Bu vəzifə və məqsəddən irəli gələn işlər görülürsə, ədəbiyyat öz xilasedici funksiyasını yerinə yetirə bilir. Şairin özünü ifadəsi ilə özünü tanıması bir-birini tamamlayır. Şair bu məsələni belə izah edir: "Şeir yazıram, g bu, özümü tanımaq üçündü, ən başlıcası. İçimdə pozduğum sözlərdən nə qalarsa, o, şeir yox, mənəm; nə qalarsa, bax elə o qədərəm. Mən səni tanıya bildim, Tərlan, bəs sən necə?" Şair özünü təqdim edərkən onsuz da bazar iqtisadiyyatına keçdiyimiz bir dövrdə insanın, söz xırıd etməkdə olanların dəyərləndirilməsinə də eyham vurur və hər bir halda dünyanın bir alver yeri olmağından söz açır və sonra belə nəticəyə gəlir ki, bazar varsa, onun pis-yaxşı, ölçən, çəkən bir tərəzisi də olmalıdır. Məsələ belədir ki, bir adı yazıçılıq olan o bazar və o bazarın min illərlə sınaqdan çıxmış daş-tərəzisindəki "etibarlılıq möhürü" də qədim tarixi olan böyük bir ədəbiyyatın imzaladığı qayda və prinsiplərin tələbinə əsaslanmalıdır. Yaxşı ədəbiyyata sertifikat verən münsiflər ordusunun təmsilçiləri yaxşı yazıçı və şairlərdir.

Məsələn, dünyanın elə bir vaxtıdır ki, söz adamları da bazar qanunlarından yan keçə bilməzlər. Amma bu "bazar"da ən xatalı alış-verişlə məşğul olanlar ədəbiyyat adamlarıdır. "Şeirlərinin havası dəyişmiş" ədəbiyyat davası getdiyi halda, ayrı bir dava aparıb dəyişmək istəməyən bazarın üzünə pəncərəsinin qapanmasını tələb edən şair bəzən iri kəm-kəsirləri "izm"lərlə pərdələnən ədəbi alverin adamı olmadığını bəyan edir. "Zəhmət olmasa, örtün bazara açılan pəncərəmi"g Məsələn, vətənimiz üçün ictimai-siyasi yükü ağır bir mövzuya həsr etdiyi ikicə şeiri ilə Tərlan yaradıcılığına baş vurmaq olar.

Çünki poeziya ağır mətləbi yüngülləşdirməyin ən yaxşı üsulu sayılır. Faciələrin arxa qatında həmişə gizlinlər, qaranlıqlar o qədər sıx olur ki, doğrunu işıqlandırmaq çətinləşir. Hər hansı cinayətin üzərinə, adətən, bir sirli pərdə çəkilmiş olur. Bu pərdəni qaldırmağa bəzən siyasi iradənin, publikanın gücü yetməyəndə ədəbiyyat insanların dadına yetir. 20 Yanvar, 31 Mart - millətin çoxsaylı faciələrindən bu iki qanlı tarix - Tərlan Əbilovun şeiri ilə "hüquqi-siyasi" qiymətini almış olur. Əgər hüquq müdafiəçisi, dövlət yanlısı hələ də öz yerində qurdalanıb gözünü döyürsə, şairin qələmində, necə deyərlər, haqq yerini alır. Həm də yer üzünün bütün qisaslarını qiyamətə qoymayan şairlər özləridir. Əgər kimsə dövlət və ordu formalaşdırırsa, şair öz qəhrəmanını yaradır, formalaşdırır. Müasir şairin də lirik qəhrəmanı Füzulinin "Padşahi-mülk"ündə olduğu kimi, istədiyi ərazini fəth etmək zorundadır və bunu edir. "20 Yanvar"dakı lirik "mən"in uzun və şərəfli keçmişi vardır. "O gəldi" şeirindən məlum olur ki, on yeddi ildə ailəsinə bir ağ gün ağlaya bilməyən həmin lirik fərdin seçki və insan hüquqları xüsusunda mücadilələrlə dolu həyatı vardır. Yoxsa onun tökülən günahsız qanla(qanlarla) işi olmazdı.

Məlum olur ki, Bakıda yanvarın 20-də tökülən qan "gizlənir təzə salınan parklara döşənən plitələrin altında", "hər iki ildən-üç ildən bir asfaltlanır bu qang Göydələnlərin bünövrəsinə beton kimi tökülür, şəffaf seçki qutularına bülleten-bülleten salınır, seyfdən-seyfə pul kimi yığılır bu qang" Nəyinsə ört-basdır edilməsini bundan dəqiq və ifadəli təsvir etmək çətindir. Şair hədəfi doğru nişan alır. Burada bu olaya bağlılığı olan bir toplumun özünün də yaxşı bildiyi həqiqətləri şair yeniləyib axıdılmış qanın cavabdehliyindən daha çox onun dərslərindən bəhs etməyi məqbul sayır. İctimai problemə poetik müdaxilə elə məharətlə həyata keçirilib ki, dünən və bu gün ölkədə vüsət alan şəhid büstü və abidələrinin tikintisi və onun əndazədən aşan "təbliği", saxta, məcburi anım ziyarətləri millətin bundan sonrakı taleyi üçün bir işə yaramır. Dövlət və cəmiyyət birliklərinin həmin riyakar davranışları bu "qan"ın fonunda daha aydın görünür. "Bir belə qardan, doludan sonra da yuyulub təmizlənməyib əyninə təzə kostyum, bəmbəyaz köynək, dəbdə olan qalstuk taxmış tarixin üst-başından bu qang" Hər il damcılamaqda davam edən bu qanın taleyi necə olsun bəs?! Nəhayət, yekun rəy bundan ibarətdir: "Hər il bir dəqiqəlik sükutla batır bu qan!" Nəyinsə üstündən sükutla keçməyin ən düzgün qiyməti bu misrada və misralarda ifadə olunubdur.

Şairin problemə poetik yanaşımından bilmək olur ki, seçki cinayəti yanvar faciələrinə bərabər bir hərəkətdir. Sözü gedən qan, əslində, konkret bir tarixdə tökülən qan deyil. Adamın xəyalında yanvardan qabaq edilən və yanvardan sonra törədilə biləcək cinayətlərin müxtəlif ünvanları canlanmağa başlayır. "31 Mart" şeirində də dünyanın ən güclü sığorta şirkətlərinin öhdəsindən gələ bilməyəcəyi qandan söz açılır. Tarixin lillənən nohuruna daş atıb, sükutu pozmağa səy etmək, rəqəmlərdə, ayın günlərində ifadəsini tapmış və konservləşdirilmiş hüzn, matəm dəqiqələrinin bezikdirici rəsmiyyətçiliyinə dözməmək - bir sözlə, xalqın "əmin-amanlıqdan" sərməst olduğu məqamda fikir və söz partlayışları törətmək şairin mətnləri üçün xarakterikdir. "Sən işıq dolu bir səhərsən, sevirəm günəşli səhərləri. Sən yaşamaq istədiyim ən gözəl şəhər, sevirəm gözəl şəhərləri... mənsə qanla örtülmüş bir təqvim. Bu gün ayın neçəsidir, məmləkətim?" İctimai bəlalarımızın ardı-arası kəsilmədiyi şəraitdə qan axıdıldıqca, faciənin miqyası böyüdükcə, sükut dəqiqələrinin də sayı çoxalır. Bütün haqsızlıq və zorakılıqların müqabilində ədəbiyyatın yeganə vəzifəsi qələmin gücünü nümayiş etdirməkdir.

"Öncə bir yetimlik duydum
misralarımın səsində,
sonra
sükutun ürəyi çırpındı köksümdə
və qaranlıqda
bağrı çatladı lampa şüşəsinin,
yurdumun bir parça torpağı kimi..."


Sükutun səbəbləri də çoxdur. İndi çox səslənən bir söz var: "dünya birliyi hələ də susur", yəni sükut edir. Torpağın itirilməsini(işğalını) şair çox yanıqlı bir lövhə yaratmaqla təsvir edibdir.

Tərlan Əbilov həyatda insanın başına gələ bilən tipik qəza-qədərləri poetikləşdirməyi bacaran ən yaxşı şairlərimizdəndir. Təmkinini pozmadan, səsinin tonunu ucaltmadan "sevgiləri saxta olan bu ölkədə" adamı borclu çıxaran "qəddim kimi əyilən bu neft ölkəsində çıxarılan yeni-yeni qanunlar"dan, "alındakı işsizlik qırışı"ndan, "öz başına gələnlərdən" - məişətdən, siyasətdən, vaxtın intəhasızlığından, saatın kiçik əqrəbindən, sevgidən, təklikdən, allahdan və qadındang və çoxlu etiraflardan danışır. Siyasi lirikanın ən gözəl nümunələrini Tərlanın kitablarından oxumaq mümkündür. Mirzə Cəlilin felyetonlarında olduğu kimi, ən mürəkkəb və ziddiyyətli ictimai-siyasi problemləri çox halda məişət hadisəsi zəminində dəyərləndirə bilir.

Üstündə gəzdiyi daşın-torpağın "xüsusiyyətlərini" yaxşı bilən Tərlan bu yerin sosial zümrəsinin də zatına dərindən bələd olan söz adamıdır. Qatıldığı hər hansı bir mövzuda toplumun ən ağır sıxıntılarını ağayana tərzdə əritməyi bacarır. Məsələn təkliyə və tənhalığa sadəlövhcəsinə ürək qoyan sənətkarlardan fərqli olaraq, Tərlan tənhalığın əziyyətini "zümzüməylə" yola verməli olur. Əruzda yazılan həmin şeirdə təklik "təkliyimdən asılan çılçıraq"la assosiasiya olunur. Daha ağır situasiyalarda da yaxasını qəmdən qurtarmaq üçün məzhəkə üslubuna müraciət edir. Onun "Tutatut" şeiri var. Cəmiyyətə ironiya şeirin adını bildirən həmin sözdən başlayır. Yaradıcılığında ona uğur qazandıran priyomlardan biri frazemlərlə "silahlanmasıdır". Xalqın dilində, yaddaşında bu cür daşlaşmış, sabitləşmiş deyimlərdən mayalandırılmış misralarından şüura geniş bir ictimai mənzərə açılır.

"Yaman tutatutdu
bu gecə vaxtı;
pəncərəmi külək tutur,
pəncərəmin o üzündə
adamları meydan,
meydanları adamlar tutur".


Yaxşı başlanğıcdır. Necə deyərlər, poeziya halına gətirilməyə başlayan gərgin sosial situasiyadan bir yana çıxmağa şairin yeni-yeni "tutacaqları" axtarılıb tapılmalıdır. "Adamların meydanı ələ keçirməsi" informasiyasının ardınca dərhal ağıla gələn ilk söz "polis" ola bilər. Meydan əhvalatlarının polisin iştirakı olmadan gerçəkləşməsi müşküldür. "Kömək Əlidən qalıb deyə-deyə Polis kiminsə qolundan tutur". Bizə yaxşı tanış olan cəmiyyətlərdə polisin adı çəkilən yerdə qansız-qadasız ötüşə bilməyin çətinliyindən ayrıca danışmağa gərək yoxdur. Ona görə şeirin ardı belə gəlir: "və kiminsə gözlərini qan tutur, Kimisi yıxılmamaqdan ötrü əsadan, dəyənəkdən, Kimisi Allahın ətəyindən tutur". Süjetli mətnlərdə olduğu kimi şeirin əsas hissəsi burada yekunlaşır və təhkiyənin zavyazka, yəni düyün nöqtəsi vurulur. Sonra problemə aydınlıq gətirilməyə başlayır. "Mənimsə ürəyimi ağrı tutur - sənin boş-bekar durduğundan. Bu tutatutda sənin də bir şeydən yapışmağının, bir şeydən tutmağının Zamanı gəlmiş artıq". Şairin "sən" dediyi kəs sən və mən də ola bilərik, bir toplum, xalq da ola bilər. Çünki mətnin nizamında məna və məzmundan çıxan nəticə budur. Buradaca bu "tutatut"a birini də mən əlavə edib adamın mövqe tutması kimi yaza bilərəm. Keçmiş vaxtlarda "vətəndaşlıq mövqeyi" deyilən bir nəsnədən çox danışılardı.

Deməli, şair vətəndaşı və ya "vətən daşı"nı ictimai fəallığa səsləyir. Mətnin ironik qatı da onun bu yerindən müşahidə edilə bilir. Rus yazıçısı Maksim Qorkinin qəhrəmanı kimi gərəksiz qalmağın ağrılarını hələ bundan sonra da qəlbimizdə lap belə ağır yük kimi daşımalı olacağıq. Amma şeiri hələ bitirməmişik. Sonuncu bir cümlədə daha unikal bir fikir ifadə olunmalıdır. Həmin başlıca fikir, yəni əsərin ideyası şeirin ilk misrası ilə daha çox və sıx həmahəng səslənir. Yadımıza salaq, ilk misra belə idi: "Yaman tutatutdu". Sonuncu cümlə belədir: "Buyur, bu dəniz, bu da saman çöpü..." Deməli, tutmaq olmur. Ələlxüsus, bir işin qulpundan yapışmaq bu xarabada mümkünsüzdür. Tərlanın üslubunu daha aydın anlamaq üçün bu şeirdəki "pəncərəmi külək tutur" ifadəsinə diqqət vermək lazımdır. Müstəqil olandan bəri bu məmləkətin halını dəqiq açıb göstərən bircə kəlmə varsa, o da "tutqu"dur. Adam tutmaq bizdə az qala xobbiyə çevrilib. Deməli, işlər belə getsə, "Tutatut" şeiri aktuallığını hələ çox qoruyub saxlamalı olacaq. Şairin ilk cümləsində "yaman tutatutdur" yazması məlum həqiqətə görə oxucuda təəccüb hissi oyada bilməz. Amma bu misranın ardınca pəncərəni külək tutmasından söz açılması Tərlan Əbilovun şair bicliyinin əsas vasitələrindən biri kimi misal gətirilməyə layiqdir. Bu üsul böyük şairin bu cılız və şərəfsiz dünyanın işlərinə lap yuxarıdan aşağı baxması üçündür...

Nəzəri ölçülərlə yanaşanda belə deyə bilərik ki, Əbilovun şeiriyyətinin kök atıb cücərdiyi yer realizmlə romantizmin sərhədi ilə üst-üstə düşür. Daha doğrusu, realist, romantik əhvalımız postmodernist təfəkkürün iştirakı ilə nəzərdən keçirilir. Adamda bəzən belə təəssürat da yaranır ki, şair öz keçdiyi həyat yolunu qələmə alır. Onun təsvir və tərənnüm etdiyi həyatın mənzərəsi başqalarına da tanış gəlir, oxucu həmin şeir mətnlərində qələmə alınanları öz başına gələn hadisə kimi qavrayır.

Beləliklə, kədərimizi, ağrı və həyəcanlarımızı səbir və təmkinlə, lirik bir tonda qulağımıza, həm də könlümüzə, ruhumuza pıçıldamağa Tərlanın haqqı, səlahiyyəti və gücü çatır. Ona görə haqqı var ki, o fərdin qayğı və kədərini ictimailəşdirməyi bacarır. Elə zamanlar olub ki, poeziya və ya ədəbiyyat yer üzünü xoşbəxtlik yeri, bəxtəvərlik iksiri kimi insana təqdim etməklə, təhvil verməklə məşğul olub. Sosialist realizmi metodologiyası varlığı ərzində ətrafımızı yanlış işıqlandıran bəzəkli çilçıraqlar icad etməyə var gücü ilə çalışmalı olubdur. Sovetlər həyat səhnəsindən silinib yox olduqdan sonra ədəbiyyatın öz tarixi görəvinə dönüşü üçün yeganə istinad nöqtəsi 20-ci yüzilin ilk onilliklərinin bədii estetikası ola bilərdi. Çünki o dövrün poeziyasının həyata münasibəti konkret olaraq insan həqiqətlərinə əsaslanırdı. Yeni əsrin müstəqilliyi ilə ötən yüzilin demokratiyasını müqayisə etdikdə Q. Zakirin "gərək o zamanlar olaydıq tələf" sözləri yada düşür. İndi son otuz ildə "şəhid şeirimizin" keçdiyi şərəfli yola laqeyd və giley-güzarlı münasibət bildirənlər olsa da, keçən yüzilin 90-larından üzü bu yana millət və haqq işi uğrunda mücadilədə adı keçənlər sırasında avanqard şeirimzin nümayəndələri də yer alır. Bu, əlbəttə geniş təhlillər aparılmağa layiq bir mövzudur. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, dünyada və regionda gedən demokratikləşmə prosesləri fonunda şeirdə də məzmun və struktur islahatları aparılması zərurəti yaranırdı.

Bax Tərlan Əbilov da bu illərdə toplumun önünə ciddi suallarla, həm də o sualların cavabı ilə çıxmağı bacaran yazarlarımızdandır. Onlar geniş realist ürəklə qələmə sarılıb xalq demokratiyası və milli azadlıq ideyaları kontekstində fərdin azadlığı və cəmiyyətə yeni ideyaların ötürülməsi sahəsində daha mütəşəkkil olmaq üçün ayrı-ayrı qurumlarda birləşib, toplaşıb fəaliyyət göstərirdilər. O zaman sürətlə saxtalaşdırılmağa məruz qoyulmuş yeni tariximizin təhriflərinə poetik düzəlişlər etməyə yalnız yeni təfəkkürlü şairlərimiz, yazıçılarımız səfərbər ola bilərdilər. Bu səfərbərlik üçün yeganə stimul həyatın çağırışı idi. Bizim həyatımız elə bərbad günə qoyulurdu ki, siyasi xadim, ya publisist bu boyda bespredelin qarşısını almağa xırda fiqur kimi görünürdü. Dağdan ağır dərdi-qəmi "dağıtmağa", təhrif edilən tarixin ağzını ayrı səmtə döndərməyə böyük poeziya özünü yetirməliydi. Bu ədəbi qafilənin bir nümayəndəsi olan Tərlan Əbilov özünü xalqa - oxucuya təqdim edərək yazır: "Gəlin tanış olaq". Biz onunla tanış olanda baxıb görürük ki, biz "heç kim"ik. "Mən kiməm", "sən kimsən" - bu cür suallarla, monoloqlarla yadımızda qalan ədəbiyyatın uzun bir tarixi vardır.

Mirzə Cəlilin qəhrəmanı da topluma belə müraciət edirdi: "Mən heç bir şeyəm, mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam". Tərlanın qəhrəmanı da belə danışır: "Mən heç kiməm; hər kəsin tanıya, anlaya biləcəyi və heç kimin tanıya, anlaya bilməyəcəyi heç kim..." Dünya ilə kinayəli bir dillə mükaliməyə girən lirik qəhrəman Kefli İsgəndərin davamçısıdır. Başqalarına belə xitab etməyin mahiyyətində "bəs sən kimsən" sualı gizlənir, daha doğrusu, sual böyük hərflərlə yazılıb ünvanına göndərilir. Şeir elə belə də yekunlaşır: "Mən heç kiməm, bəs siz kimsiniz, söylərdiniz əcəba..." Şair həyatımızdan, məşğuliyyətimizdən, adət və şakərimizdən tənə və rişxəndlə yazmaqda haqlıdır. Tərlan Əbilovun seyrinə dəvət etdiyi cəmiyyətin adamlarına etibar etmək olmur. Yaxşı nə varsa, "bu gələn selin" ləngərində axıb gedir. "Bu gələn sel ilə nələr getmədi, bu sel ağlar qoydu körpüləri də". Bu selin "arxasının kimə və nəyə söykəndiyini" bilmək, bilməmək də heç nəyi həll eləmir.

Öz yazıçı dəst-xətti, tam fərqli poetik üslubu ilə bizim bəyəndiyimiz, ya bəyənmədiyimiz həyata necə var, o cür, o şəkildə estetik təxəyyüldə yenidən quruluş verməklə çox maraqlı bədii səhnələr yaradır. Onun şeir kitablarını roman kimi də mütaliə edə bilərik. Elə bir roman ki, onun hər sətri zəngin bədii təsvirlərlə haşiyələnmiş lirika nümunəsidir. Bu nümunələrin çoxunda tipik sosial mühitin çox incə məqamlarına şairin "könül açması", çox dərin mətləblərə eyham etməsi "qələmin siyasi məsuliyyətini" artırmış olur.

Yağmayan qarın soyuğu ilikləri üşüdür,
yer tapmır axıb getməyə köhnə ildən qalan su.
Tətilə çıxıb dövlət binaları,
üz-gözünü turşudub həyət evləri.
Adamların saymazlığından üşüyür yanvar.
Qan azlığıdır,
ürək çatışmazlığıdır sevgi.
İsinməyə yuvası,
uçmağa göyü olmayan
bapbalaca sərçə balasıdır ümid....


Bu misralardakı ümid və sevgiyə aid edilən bənzətmələr orijinaldır. Oradakı analogiyanın inandırıcılığı təbiətin fəslinin və ayın, günün düzgün seçilməsi ilə də əlaqəlidir. Sevginin qan azlığı, ürək çatışmazlığı ilə tutuşdurulub izah edilməsi insan faktorunun hətta xəstəliklə müqayisə edilə biləcək səviyyədə necə bir faciəyə uğradığını nəzərə çarpdırmış olur. Tərlan bəyin kitablarında məmləkətin başının şöhrətə və dünya malına bərk uğraşdığı barədə bir-birindən fərqli informasiyalar əldə edirik. Dövlətin özündən danışmağa söz tapmayanda onun binasından, adamlarının namərdliyi və güvənsizliyi fonunda "həyət evlərindən" söz açmağa hər kəsin haqqı və ixtiyarı vardır. Adı "Sənsizlik" olan şeirdə sevgi ayrılığından, lap sevginin özündən söz açılacağına şübhə etmək adamın ağlına gəlməyən məsələdir. Amma şeirin hər bəndindəki gizli, ya açıq-aşkar yumor həyata lənətdən savayı başqa bir şey duymaq istəməyən oxucunun ürəyinə yağ kimi yayılır:

"Bura nə yağış yağır,
nə də gün düşür sənsiz.
Külək də əsmir sənə
bir salam göndərməyə.

... Bu sıxlıqda ha yana
yüyürsəm sənsizlikdi.
Nə səmt qalıb, nə tərəf
səndən üz döndərməyə".

Tərlan Əbilovun gəraylı və qoşmaları, hətta əruzda yazdıqları da postmodern düşüncəni stimulizə edir.

"Çoxdan çəkə bilmədiyim
bir ah ilişib içimdə.
Bəlkə də, bir ah şəklində
günah ilişib içimdə".


Ənənəvi pafosun tələblərinə görə təxminən "ah çəkmək", ya da "içdə ahın fəryadı" formatında olan nitq modelinə üstünlük verilməlidir. Yaxud Füzulidə olduğu kimi, ahdan xalq oyanıb hərəkət də edə bilər. Ancaq burada ahın ilişib qalması, həm də günah şəklində qalması mətnə ironik ovqatın sirayət etdiyini göstərir və adamı stresdən, sarsıntı keçirməkdən qorumağa kömək edir. Başqa şeirində yenə şairin "ahı" insanların ciddi, dramatik, bəzən tragik hesab etdikləri məqamları, necə deyərlər, şübhə altına alaraq dərdə-qəmə ilişib qalanlara sanki "bir az ağıllı olun" mesajını vermiş olur. "Bir ahımla neçə dağın halına yanmağım gəlir". Kinayədən obraz yaratmağın ən sərfəli vasitələrindən biri kimi tez-tez istifadə olunur.

Tərlanın bir "Şəkk", bir də "Tövbə" şeiri var. Orada orta statistik azərbaycanlının din və allahla ilgili bütün suallarını və müşküllərini ümumiləşdirir. Şairin "Eynək" şeirində insanın həyatı və yaşayışı üçün onun başına gələnlərin bu günü və gələcəyi üçün yaxşı bir həyat və ibrət dərsi ola biləcəyinə işarə edilir. "Çaşdırır məni eynəyimin çat vermiş şüşəsi. Bəzən ikiyə bölünür hər şey, bəzən də dönüb iki nəfər olur gördüyüm bir adam. Çaşdırır məni eynəyim. Görünmə gözümə, Tanrım!!!" Bu üç-dörd misrada şair dünyanın böyük-böyük əhvalatlarını ümumiləşdirməyə nail olur. Deyilir ki, üstündə gəzdiyimiz yer üzü hər yerdən lap eynəyin şüşəsi kimi çat verməkdədir. Şüşə kövrək material olduğuna görə bənzətmə yerinə düşür. Eynək də dünyada baş verənlərə insan baxışının rəmzidir. İndi adamı pərişan edən bu böyük çat, sınıqlıq dünyaya, gələcəyə inamı, etibarı yox edir.

Şairin öz poeziyasını yaradarkən seçib işlətdiyi bədii detallar isə çox etibarlıdır, originaldır. Həmin misralarda şairin Allaha ismarışı isə dahiyanədir, mömincəsinədir.../"Ədalət" qəzeti.-2016.-19 mart.-S.12/

Zakir MƏMMƏDБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ