Şeirlər yazıram çap olunmasın - Mahir Qarayev » Manera.Az

Şeirlər yazıram çap olunmasın - Mahir Qarayev

Tarix:17-07-2018, 15:11 Baxış Sayı:154

Şeirlər yazıram çap olunmasın - Mahir Qarayev
Manera.az tanınmış şair, tərcüməçi Mahir Qarayevin şeirlərini təqdim edir:

Uvertüra

Nə çoxdu dünyada şeir yazanlar –
bir deyil, yüz deyil, min deyil, atam.
Şairin şerinə qəbir qazanlar
bir deyil, yüz deyil, min deyil, atam –
şeirlər yazıram çap olunmasın!

Şairlər dünyanın dərdini yazar,
dərdlər tapışarlar, arxalaşarlar;
Hər şeir şairin qəbrini qazar:
islam qəbirləri – Nəsimiləşər,
ispan qəbirləri – Lorkalaşarlar...

Hadilər içinin dərdini yazar,
dərdlər üzə çıxar, adiləşərlər;
Hər şeir Hadinin qəbrini qazar –
qəbirlər bir ucdan Hadiləşərlər...

Nazimlər yurdunun dərdini yazar,
şarkılar Nazimin farkına enməz;
Şarkılar Nazimin qəbrini qazar –
və Nazim Gülhanə parkına dönməz,
yurduna qayıtmaz, barkına dönməz...

Şeirlər yazıram çap olunmasın –
sən mənim halıma acıma, dostum!

Son şair asılar sonuncu dəfə,
son şair soyular... yenə də əbəs!
Yenə də açılar sonuncu dəfə
sonuncu şairə sonuncu məhbəs!

Çeynəyə-çeynəyə sonuncu şair
sonuncu dərdini... ölər acından;
Göynəyə-göynəyə sonuncu şair
asılar şeirinin dar ağacından!

Öz dərdim, öz yasım özümə bəsdir,
doğmaca göz yaşım gözümə bəsdir;
qanımın qarası üzümə çıxıb,
qələmin qarası sözümə bəsdir –
şeirlər yazıram çap olunmasın!

Daşın tanrısı var – uludan ulu,
göyün durnası var – qəribdən qərib;
qulun tanrısıyam, tanrının qulu! –
hər gecə ümidlə yerimdən durub
şeirlər yazıram çap olunmasın!

Sən mənim halıma acıma, dostum:
oxudum gecəmin tənhalığına;
oxudum anama-bacıma, dostum,
oxudum məhbəsin qaranlığına.

Oxudum içimdə lap xısın-xısın,
Bir dəfə yazmışdım, min dəfə pozdum!
Şeirlər yazıram çap olunmasın –
Sən mənim halıma acıma, dostum!..

Son nöqtə

Hər şey hədərmiş...
Bu gün də, bu həftə də,
bu şeirin sonluğuna
bir azdan qoyacağım nöqtə də.

Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;

o çərtdiyin qələmin,
o yırtdığın dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də –

hər şey, hər şey hədərmiş...

Ən qısa şeir də,
ən uzun nəsr də,
ən yorucu şəhər də,
ən üzücü fəsil də bitərmiş.

Yetərmiş,
gec-tez sona yetərmiş
min birinci gecə də,
min ikinci küçə də;

yorulduğun o döngə,
burulduğun bu tin də,
oturduğun o kətil, yatdığın bu mitil də...

Heç bir fərqi yoxmuş
gecin, ya tezin;
Heç bir sirri yoxmuş
gedər-gəlməzin –

gedənlər
bir daha gəlməzmiş demə,
gələnlər gedərmiş…
hər şey hədərmiş.

Sevgi dedikləri
bir qara həvəsmiş, bir qara qanmış;
Ömür dedikləri
bir quru nəfəsmiş, bir quru canmış...

O da buracanmış,
bura qədərmiş...
hər şey hədərmiş.

İtərmiş
hər şeyin mənası,
Kədərmiş
əvvəli, sonrası.

Günü günə calasan da
gün çatmayan ötən günlər;
əl çatmayan,
ün yetməyən
bütün aylar, bütün illər
unudulub gedərmiş…
hər şey hədərmiş.

Hər şey alın yazısı,
hər şey qədərmiş –

keçdiyin yol
seçdiyin yol deyilmiş;
seçdiyin yol
keçdiyindən betərmiş...

Ayrılıq

Yenə nə ağrısı dərya kədərin?
ürək didim-didim, dil ocaq-ocaq;
Azacıq düşünsəm,xatirələrin
həsrətdən gözləri buludlanacaq.

...O zaman dünyanı atıb bir yana
gör bizim könlümüz hara düşərdi!
Qarışıb Müşfiqin misralarına
payız gecələri həzinləşərdi.

Sonra da ayrılıq...
sonra izlərin
özgə cığırları isindirməsi;
Qəmli günlərimi xoşbəxt həsrətin
yetim körpə kimi gəzindirməsi.

Sonra yaddaşımın uzaqlığında
ilk eşqin qaralan tənha koması;
Kədərli günlərin yalqızlığında
könlümün inləyən Xirosiması...

Dəniz

Anam dəniz,
məni bir gecəlik ovudarsanmı –
ağrımı-acımı yuyub tərtəmiz
sel kimi, su kimi axıdarsanmı?

Sonam dəniz,
sökəcək içimi bu pıçıltılar –
öpdüyüm saçların kövrək eşqinə
bircə yol ömrümə qayıdarsanmı?

Tanrım dəniz,
üz qoyub öpərəm bu qayaları –
bircə misralığa
Müşfiqi, Nazimi oyadarsanmı?

Sonum dəniz,
Bir qarış uzaqda ölən deyiləm;
Aparırsan apar səssiz-səmirsiz –
Getsəm, daha bir də gələn deyiləm...

Nəsimin qətli

Soyun bu kafiri!
Sabaha qoymayın, sabahdan iraq!
Tövbә elәmәkdәn sapdırın bunu –
Göydәn Allah baxır...
Allahdan iraq!

Bir az da sabahın halına yanın –
Sabaha qoymayın, sabahdan iraq;
Nәfәsi bu günü murdarlayanın
Qanı da sabahı murdarlayacaq!

Bu fani dünyada zulum görәnlәr,
Cәnnәt qapısından gülüb girәnlәr,
Şükürlәr içindә ölüb gedәnlәr
Buna nә deyәr?!
Soyun bu kafiri!

Yaxına qoymayın cavan qızları,
Kimsә ağlamasın qoy oğrun-oğrun;
Allahın yerdәki allahbazları! –
Göydәn Allah baxır...
Allahdan qorxun!

Soyun bu kafiri!
Kәsin bu sәsi!
Ayıb, allahsızın sözündәn ayıb!
Çılpaq ayaqları, çılpaq sinәsi
Bakirә qızların gözündәn ayıb!

Halalın-haramın,
Dulun-hәrәmin
Nәfәsindәn ayıb, nәfsindәn ayıb!
Soyun bu kafiri!

Kimi baltasıyla, kimi daşıyla,
kimi dırnağıyla, kimi dişiylә
soyarlar, kәsәrlәr, şaqqalayarlar;

Günahkar bir günün günortasında,
tamahkar dünyanın tәn ortasında
haqqı dana-dana haqq elәyәrlәr...

Gizlicә-gizlicә ağbirçәklilәr
ovudar, ovudar cavan qızları;
Gecәlәr özlәri qızlardan betәr
qovrular dәrdinә allahsızların.

Bir kafir
cәhәnnәm çöhrәli allahbazların
cәnnәtә açılan sabahı olar;
hәlә soyulmamış allahsızların
dәrisi soyulmuş Allahı olar!

Qarabağ qoşması

Sinəsində çalın-çarpaz dağları,
Çalın dağlar, çarpaz dağlar – bizimdir!
Ötən günə gün calayıb ağlarıq,
Gün çatmayan ötən çağlar – bizimdir!

Kim ağlayıb ağlamaqdan yoruldu?
Ayıbına, tamahına kor oldu?
Ölən bizdən öldü, bizdən qırıldı,
Ölmək üçün qalan sağlar – bizimdir!

Xanın səsi burda hava bağlamaz,
Dərd üstündən bir də dəva bağlamaz,
Ağacında leylək yuva bağlamaz,
Nə zaman ki yuva bağlar – bizimdir...

Qarabağ qıfılbəndi

Mərc tutduq –
mərcimiz boşuna getdi,

Zər atdıq –
zərimiz şeşə çatmadı;

Kartımız
hamının xoşuna getdi,

Nərdimiz
deyəsən döşə yatmadı...

Nehrəmiz
çalxanıb ayrana çıxdı,

Neylədik –
bir tikə yağa çıxmadı;

Lehməmiz
sovrulub Ceyhana çıxdı,

Neylədik –
arana, dağa çıxmadı...

Naləmi
eşidib güldü el-aləm,

Xan əmi,
torpağın yadlara düşdü;

Şükür!
Cəhənnəmə döndü el-aləm,

Çox şükür!
Qarabağ yadlara düşdüБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ