manera.az
manera.az

Bir ömür səninçün darıxacağam - Kəmalə Abıyevanın şeirləri

Bir ömür səninçün darıxacağam - Kəmalə Abıyevanın şeirləri
Manera.az tanınmış şairə Kəmalə Abıyevanın şeirlərini təqdim edir:

Məktəb illəri

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.

Məktəb illəri...
Ömrümün ən şirin duyğulu qayğısız günləri...
Hər anı bir ömrə bərabər sehirli günləri...
Ən təmiz arzulu günləri...

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan...

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.

Darıxacaqsan

Bir səhər qapını külək döyəcək,
Ümidlə qapıya boylanacaqsan.
Addım səslərinə möhtac yollartək
Bir səhər mənimçün darıxacaqsan.

Bir axşam aynanda yağış dinəcək
Sən də o yağışa qoşulacaqsan.
Kövrəlib pəncərə şüşələritək
Bir axşam mənimçün darıxacaqsan.

Sığınıb qəlbinin döyüntüsünə,
küləyin səsinə, yağış səsinə
hər səhər mənimçün darıxacaqsan
hər axşam mənimçün darıxacaqsan...

Hər səhər bir axşam ömrü bitəcək,
hər axşam bir səhər ömrü bitəcək.
Beləcə hər günlə ömür ötəcək
Bir ömür mənimçün darıxacaqsan,
Bir ömür səninçün darıxacağam.

Neynədim

Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim.
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.

Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al-əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.

Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.

Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən?
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?

Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi...


***
Ay göyün yaxasın açmışdı yenə
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən ayın yerinə
bir az ümidimi asmaq istədim.

Bu gecə darıxdım ulduzlar kimi
bu gecə göylərdən asılıb qaldım.
Ovuda bilmədim öz ürəyimi
eləcə gecəyə qısılıb qaldım.

Darıxdım bir azca küləklər kimi
Bir nəğmə oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar kimi
Bir azca toxunmaq istədim sənə.

İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın bir az.
İstədim gözümə yıxılan gecə
səhərə ümidlə boylansın bir az.

Yağış

Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan o səhər də bizimkidir.

Saçlarında, əllərində damcıların parıltısı,
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış,
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.



***
Kim deyir ki, bu məhəbbət gecikib,
Kim deyir ki, səni sevmək günahdı?
Kim deyir ki, ayrılığın sonu yox,
Kim deyir ki, bu intizar nahaqdı?

Məhəbbətə bu gecikmiş adını
Kim qoyubdu,kim veribdi görəsən?
İllər boyu gözləyənlər çox olub
Gəlişini kim görübdü görəsən?..

Kim deyir ki, məhəbbət var gecikmiş?
Vaxt nə gərək sevilməyə-sevməyə.
Sevgiyə də vaxt sərhəddi qoyaraq,
Vay o gündən vaxt tapmayaq sevməyə.

Dostlar , sevgi ömrümüzün baharı,
Nə vaxt gəlsə ömrümüzə bəzəkdi.
Ürək ki var, məhəbbətə möhtacdı,
Hər vaxt, hər an ona sevgi gərəkdir.



***
Təsəlli tapardım xatirələrdə
Səni bircə anlıq unuda bilsəm.
İndi ovunmayır xatirələr də
Gəl ovut onları ovuda bilsən.

Nələri,nələri aparıb getdin,
Gülüş həsrət qaldı dodaqlarıma.
Könlümün odunu qoparıb getdin,
baxışın iz saldı yanaqlarıma.

Nələri,nələri qıydın ömrümə
Əlinin yanğısı əlimdə qaldı.
Gözünün qarası hopdu günümə
Adının həsrəti dilimdə qaldı.

Belə səxavətli bilmirdim səni,
Bir ömürlük sevgi qoyub getdin sən.
Demirəm xatırla,xatırla məni,
Unut bircə anlıq,unuda bilsən.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031