Azər Qismət - Xanım taksi - Novella

Tarix:11-07-2018, 14:51 Baxış Sayı:72

Azər Qismət - Xanım taksi - Novella
Kembric Universitetini bitirən məzun biznes idarəçiliyini vətənində "Xanım taksi" şirkətini açmaqla başlamışdı. Qapını döyən ədəb-ərkanlı qız "gəlin" eşidib şirkət rəhbərinin kabinetinə keçdi. Sürücülərin ötən gün ərzindəki rejimini avtomobillərə quraşdırılan kameralar vasitəsilə izləyən qıvrımsaçlı oğlanı gördü.

- Bağışlayın, mən işə düzəlmək istəyirəm.

Şirkətin rəhbəri hansısa sürücünün müştəri ilə kobud danışığına qulaq asa-asa qadına oturmağa yer göstərdi. Ancaq hey deyinib arada kürəyini hirslə kresloya sıxırdı: "Əlli dəfə deyirəm ki, müştərilərlə mehriban davranın, bütün şıltaqlıqlarına dözün, elə bil daşa-divara deyirsən".

Hərdən digər sürücülərin də görüntülərinə baxıb xoşluqla nırçıldayır, "afərin" pıçıldayıb qarşısındakı dəftərdə qeydlərini aparırdı. Arada da daxili telefonla kiməsə özlərini yaxşı aparmayan sürücülərin adlarını deyib işlədiyi müddətin pulunu hesablamağı, yola salmağı tapşırırdı. "Yola salmaq" "işdən çıxarılsın" anlamına gəlirdi. Ədəb-ərkanlı qız bunu anladı.

- Deməli, siz şirkətimizdə işləmək istəyirsiz? - deyə monitoru söndürüb kreslosunu qabağa çəkdi.

- Bəli.

Bu qız şirkətdə işə düzələn xanımlardan yanağının tez-tez qızarmasına görə fərqlənirdi. Əvvəl çoxları ilk dəfə qapını açanda utancaq uşaq kimi başlarını aşağı salırlar, xəfif-xəfif gülümsəyirlər. İlk psixoloji testdən utancaqlıqla keçib adlı-sanlı universitetin diplomunu alan şəxsi aldatmağı bacarmışdılar. Müştəri ilə davranışlarında məhəllə dilində danışmış, hətta bəziləri tavana da oturtmuşdu. Başı daşa dəyən şirkət rəhbəri hərdən anlayırdı ki, insan qəliz məxluqdur, yüz il də qanqal otlasa, başlardan başı çıxmayacaq. Qızın sürücülük vəsiqəsini o üz bu üzə çevirib özünə qaytardı. Ədəb-ərkanlı sürücüyə ehtiyac olduğunu dedi: "Bazar iqtisadiyyatı şəraitində hərə özünə taksi şirkəti açdığından rəqabət meydanında fərqli sistem qurduq. Xanım taksi şirkətini yaratmaqla rəqiblərimizi üstələməyə çalışırıq". Hər halda qıvrımsaçlı oğlan belə hesablamışdı. Şirkətin rəhbəri başını əyən, arada gözlərini qaldırıb gülümsəyən qıza deyirdi ki, qloballaşan dünyada əsas müştəri məmnunluğudur. Qızın səbrli olub-olmamasını soruşdu. O da qəbir kimi dinməz olmasından danışdı.

Yezda müəllimi qızın maşın sürməsindən razı qaldı. Sürəcəyi maşını da göstərdi.

Artıq ilk müştəri metrostansiyanın yanında gözləyirdi. Şirkət rəhbəri həmin müştərinin psixoloji test aparan əməkdaşı olduğunu qızdan gizlətdi. İlk müştəri siqaretindən aldığı hər qullabı üzə üfürənlərdən idi. Əyilmiş ağız forması olan gənc oğlanın danışığı qadın ovundan savayı bu həyatda heç bir amalı olmayan şorgöz görüntüsü yaradırdı. Sürücüyə ünvanı deyib siqaretin tüstüsünü salona üfürüb nırçıldadı. Qız nəzakətlə siqareti çölə atmağı məsləhət gördü. Oğlan deyinəndə isə gülümsəyərək "no smoking" işarəsini göstərdi. İlk ünvanın yolu uzun idi. Oğlan arxada yayxanıb ayağını qabaqdakı oturacağa qoyanda sürücü qız yenə nəzakətlə belə etməməyi məsləhət gördü. Monitorla bu prosesi izləyən şirkətin rəhbəri oğlana telefonla növbəti tapşırığını verdi:

- Sürücü qız sənin axmaq hərəkətlərinə səbrlə yanaşır, başqa qıcıqlandırıcı şeylər tap. Unutma ki, bizə səbrli və tərbiyəli sürücü xanımlar lazımdır.

Test aparan oğlan başqa mövzuya keçdi.

- Masulya, indi məni ünvanda düşürüb gedəcəksən, vəssalam?

Sürücü qız gülümsəyib dedi ki, onların əsas işi müştərini sağ-salamat, həm də razılıqla ünvana çatdırmaqdır. Oğlan nırçıldadı:

- Bəlkə, mənim evimə qalxaq. Heç kim yoxdur. Çay içib gedərsən. Hava da soyuqdur, sükanı isti əllə tutarsan.

- Biz işimizdə müştəri ilə hər hansı kontakta girmirik. Vəzifəmiz müştərini ünvana kifayət qədər tez çatdırmaqdır.

- Gedək bizə, naz eləmə, razı qalarsan. Həm də yorğunluğun çıxar. Əziyyətinin əvəzini çıxaram. Müştəri məmnunluğu deyirsən. Et də məni məmnun. Ürəyini sındırma gənc oğlanın. Bizdən çıxanda tez başqa müştərini götürərsən, heç kim də bilməz. Ağlın olsun. Zövq al həyatdan.

Qız yenə gülümsəyib müştəri ilə təmasın şirkətin konsepsiyasına uyğun gəlmədiyini söylədi. Oğlan susdu. Müvəqqəti susdu. Şirkətin rəhbəri telefonla qışqırdı ki, ağzına su alıb dayanmasın, qızı qıcıqlandırsın. Ünvana çatana qədər psixoloji test sona çatacaq. Oğlan yenidən əyri ağzını marçıldatdı:

- Belə havada xanım sürücünü aparasan evə. Sorğu-sualsız sıxasan divara. O da deyə ki, "bəs noldu isti çay?" Sən də deyəsən ki, "ağıllı quş dimdiyindən tələyə düşər". O da ağlaya ki, "başqa müştəri gözləyir. Onu ünvanına çatdırmalıyam". Elə bu vaxt qapını bağlayıb açarı gizlədəsən. Bir-iki sillə çəkib mürdəşir sifətini qızardasan. Əlinə əski verib evi sildirəsən. Təmiz silməyəndə, dili ilə sildirəsən.

Şirkət rəhbəri bu anlarda kamera görüntüsünü qızın gözlərinə qədər böyütdü. Gözləri adi qaydada qırpılırdı. Əllərini də böyütdü. Nə tərpədir, nə də yumruqlarını düyünləyirdi. Əvvəlki test zamanı bəzi sürücülərdə yumruqlarının düyünləndiyini görmüşdü. Gözləri də tez-tez qırpılırdı. Yanındakı əməkdaşlara baxıb qızda fil səbrinin olduğunu pıçıldadı. Əməkdaşlar da başlarını razılıqla yellədilər. Görüntülərə baxa-baxa psixoloji test aparan oğlana xanım sürücünü daha da qıcıqlandırmağı tapşırdı.

Oğlan "qıcıqlandırmağı artırmaq" tapşırığını alıb söhbətinin ardını gətirdi.

- Onu deyirdim axı... Döşəməni silib qurtarmamış əlinə verəsən ülgücü ki, unitazı qaşısın. İşini təmiz görməyəndə də ata-anasından xəbərsizin başını soxasan murdar suya. Ağlayanda da başına bir-iki təpik vurasan. Dizindən tutub yalvaranda ki, o biri müştərini ünvana çatdırmalıdır, onda çay qaşığını ağzına-ağzına vurasan. Özün də kresloda yayxanıb qışqırasan ki, "işini gör". Gec işləyəndə uzun çubuğu zollayasan belinə. Arada da bərkdən güləsən. Yaxınına gedib qulağına da güləsən. Birçəyindən dartıb sarımsaq qoxuyan nəfəsini ailə tərbiyəsi görməyənin üzünə hoylayasan.

Qız güzgüdən ona baxıb yenidən gülümsədi. Eləcə dedi ki, "yağış gözlənilir".

Xşşşşşş....xşşşşşşş...

Sürücü qız güzgüdən baxanda oğlanın siqaretin cığarasını xışıldatdığını gördü. Başqa səs də eşitdi. Bu dəfə siqaret qutusunun ucunu şüşəyə sürtürdü. Eyni anda iki müxtəlif səs çıxırdı:

Dzzzzz....dzzzzz....xşşşşşş....xşşşşşş...

Müştəri arada öz-özünə danışırdı:

- Səsi necə də qəşəng çıxır. Oxayyy. Dzzzzzzz.... ləzzət edir.... bu səs də həzz verir: xşşşşşşşşşşş....ürəyim gedir də bu səsdən ötəri, - deyə cibindən sıxılmaqla cüyüldəyən plastmas ördək oyuncağını da bayaqkı səslərin sırasına qatdı. - cüüüüü...cüüü... xşşşşşş...dzzzzzz...Hərdən də bu səsləri başını oturacağa söykəyib çıxarırdı.

-Bir bilsən necə ləzzətdir...dzzz.....xşş....içimi rahatlayır....dzzzz....elə bil cənnətdəyəm.....xşşşşşşş....

Qız güzgüdən baxıb gülümsədi. Oğlanın ağzını nırçıldatması ilə yeni səs salona yayıldı.

Nırçççççç.....nırçççççç.....

O, dişinin arasındakı tikələri kürdanla çıxarıb pəncərədən bayıra atmağa başladı. Təzədən nırçıldadı....nırçççççç.....nırççççç....

Arada öskürüb xəfənəyini cibindən çıxardığı salfetə tüpürdü.

-Tfuuuuuu.....öhööööö....öhööö...öhööö....oxayyy....yüngülləşdim.

Yağış damcıları get-gedə maşının kapotunu, pəncərələrini döyəcləyirdi. Taksi şirkətinin rəhbəri psixoloji testi aparan əməkdaşının vəzifəsinin öhdəsindən yaxşı gəldiyini deməsi ilə görüntüləri izləyənlər razılaşırdılar. Belə işçinin əsəb yaratmasının qarşısında bu qız tab gətirməyəcək: "İnanıram ki, yaxın üç kilometrdə başını sükana çırpacaq, ya da yaxşı halda mühərriki söndürüb aşağı enəcək, dərindən nəfəs alıb yenidən salona keçəcək. Amma siqaret qutusunun ucunu pəncərəyə sürtməsi əla tapıntıdır". Gözlərini kamera görüntülərinə dikənlər gülümsədilər.

Yağış sürətləndi. Sürücü qız şotkanı işə saldı. Cırıltı səsi salona yayıldı. Oğlanın ördək oyuncağının cüyültüsü kəsildi, çünki şotkanın səsi daha qıcıqlandırıcı idi.

- Kəs o cüyültünü.

- Əgər şotkanı saxlasam, yol görünməyəcək.

Qız müştərinin narahatlığını duyub maşını saxlayıb endi, yağış üz-gözünə çırpılsa da, şotkanı düzəltməyə çalışdı. Yenidən əyləşdi. Şotkanı işə salanda təzədən cüyüldədi.

- Bu maşını birinci dəfədir ki, sürürəm. Şirkətə qayıdanda ustaya baxdıraram.

Oğlan dillənmədi. Ancaq cüyültü getdikcə beynini oynadırdı. Sürücü qız gülümsədi:

- Darıxmayın, ünvana az qalıb. Narahatlığınız keçər.

Oğlan qışqırdı.

- Nə gülürsən? Buynuz çıxarmışam?

Maşın tıxaca düşdü. Sükanı döndərməyə imkan tapanlar alternativ yola şütüdülər. Sürücü qız sakitcə gözlədi. Şotkanın cüyültüsü, bir tərəfdən də tıxacdakı maşınların siqnalları oğlanı təbdən çıxarırdı. Şirkətin rəhbəri ismarıc yazdı ki, niyə qızı qıcıqlandırmır. O da cavabında yazdı ki, "mən burda hirsimdən əsirəm". Müştəri qıza qışqırdı:

- Biz niyə alternativ yolla getmədik? Niyə mal kimi durub baxırıq?

- Çünki alternativ yol benzini çox yandıracaq. Az keçməz tıxac qurtarar, darıxmayın.

Şirkətin rəhbəri oğlana yanacaq məsələsində qızın haqlı olduğunu yazdı. Və bir də nədən hirslənməsini soruşdu. Oğlan cavab yazmayıb hirslə telefonu oturacağa tulladı. Cüyültülər, siqnallar, sürücülərin qışqırığı oğlanı əsəbindən partladırdı.

- İndi düşüb o şotkanı sındıracam e...

- Sındırsaz yolu görməyəcəyik, yağışın kəsməsinə məcbur qalacağıq. Axı, siz ünvana vaxtında çatmalısız, - deyə gülümsədi.

Sürücünün növbəti dəfə gülümsəməsinə oğlan yenə qışqırdı:

- Gülməəəəə.....

Tıxac daha da uzanırdı. Oğlan aşağı enib tıxacda hansı maşın sahibinin günahkar olmasını bilməyə çalışdı, bir də uzandığı məsafəyə baxdı. Çətin ki belə tıxac yaxın dəqiqələrdə açılaydı. Müştəri hirslə maşından endi. Hələ yol polisinin əraziyə gəlmədiyini görüb özü yolu açmağa çalışdı. Gah hansısa maşının soldan girməsinin qarşısını aldı, sağdan yolu açdı. Nəzərə almamışdı ki, yağışın altına bir köynəklə çıxıb. Damcılar köynəyini bədəninə yapışdırmışdı.

Tıxac açıldı. Oğlan qaça-qaça salona təpildi. Bayaqdan mühərrikin sönməsi ilə susan şotka yenidən işə düşəndə, oğlan qışqırıb yumruğunu qarşı oturacağa çırpdı. Qız astaca dilləndi:

- Hirsinizin keçməsi üçün istəyirsiz bayaqkı cüyültüləri səsləndirin.

- Məzələnirsən? Məni məsxərəyə qoyursan?

- Xeyr. Bayaq dediniz ki, ləzzət edir, ona görə dedim.

Şirkət rəhbəri oğlana zəng edib ona nə olduğunu soruşdu. O isə telefonu qapayıb maşını saxlatdırdı. Enərək hirslə maşının şotkasını dartıb sındırdı. Yenidən əyləşəndə qız belə vəziyyətdə maşını idarə etməyəcəyini bildirdi. Oğlan isə qışqırıb sürməyi tələb edəndə şirkət rəhbəri susaraq əməkdaşlarına baxdı. Baxışlarından oğlanın niyə belə hirsləndiyi oxundu. Bu dəfə zəng edib qətiyyətlə qışqırdı:

-Şirkətə qayıtmaya bilərsən. İşdən azad olunursan.

Oğlan özünə haqq qazandırmağa çalışdı ki, şotkanın cüyültüsü əsəblərini pozdu. İstənilən halda şirkət rəhbərinin qərarı dəyişmədi.

Qız maşından endi ki, birtəhər şotkanı yerinə calasın. Ətrafa nəzər saldı. Heç harada kamera qoyulmadığını görüb oğlana baxa-baxa məşhur mahnını fitlə ifa etməyə başladı. Oğlan "hamınız cəhənnəm olun" qışqırdı.../edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ