Vətən oğullar üstədi - Şahin Musaoğlunun şeirləri

Tarix:10-07-2018, 12:54 Baxış Sayı:225

Vətən oğullar üstədi - Şahin Musaoğlunun şeirləri
Manera.az tanınmış bəstəkar - şair Şahin Musaoğlunun 55 illiyi münasibətilə şeirlərini təqdim edir:

BAŞLADIM

Mən dünənə bu günümlə başladım
Güvənimlə , ümidimlə başladım.
Hər yeni il , bir yaş qoydu çiynimə,
Uzun yola öz özümdən başladım.

Davam dedim yolu yoldan öyrəndim
Gülü güldən , kolu koldan öyrəndim.
Yaranışın bir ilahi kəlmədən ,
Yaradanın hökmü "Ol" dan öyrəndim.

Ömür ki var, dağa bənzər əzizim,
Dırmandıqca səni üzər əzizim.
Yorularsan amma gözün dincələr.
Seyr etdikcə ruhun süzər əzizim.

Kim deyirki yaşa dolan qacalır,
Arzusundan yoxsul olan qocalır.
Qəlbi sevən , gözəllikdən zövq alan
Arif insan yaşlandıqca ucalır.

ÇATIŞMIR

İndi özümün özümlə
Sonuncu davam çatışmır.
İçimdə dərd nəfəs alır,
Çölümdə havam çatışmır.

Yenə də dərsə gedirəm,
Ömrümü tərsə gedirəm.
"İt hürən səsə gedirəm",
Bir xeyir-duam çatışmır.

Üz tutub haqqın yoluna,
Yetişdim ömrün sonuna.
Salam verdim sağ-soluma,
Gördüm əlvidam çatışmır.

Ömrü saralı varağam,
Qəlbi yaralı bulağam,
Mən elə həmin uşağam -
Anamla atam çatışmır.

NƏ TƏHƏR MƏSLƏHƏTDİ

Ürək yenə sözə baxmır,
-nə təhər, məsləhətdi.
ya dayansın, ya da dözsün,
-birtəhər, məsləhətdi.

Sevgini o verdi, mənə,
mən də bir qıza verdim.
Dedi: “gözlə” gözləyirəm:
-nə qədər, məsləhətdi .

“Yaş artar, ömür çoxalmaz”,
eşqin yarası sağalmaz.
hər dərddən sinə dağ olmaz,
-nə çəkər, məsləhətdi.

Ömrümüzün dörd fəsli var.
qaldırın badələri, dostlar:
“gəlməsin qəlbin payızı,
-nə gələr məsləhətdi ! ”

HAYKULAR

1.
sən olmasan zamana
gərək də yox ,
əziz dost.

2.
yaxşı-yaxşı bax mənə
sevgimi anlatacaq-
gözlərim

3.
alov-alov tutuşacaq
uzun yola çıxacaq-
ruhum

4.
səbri varsa gecənin
çağırmasın sabahı-
söylə .

5.
könlümdə söküləcək
dan yerini səbrlə-
gözlə.

6.
gözlərimi qırpmadan
sevgimi anlatacaq-
indi .

7.
çünki asan anladır
anlatılası çətin olanları-
gözlər.

8.
Və unutma sevdiyi qədər
anlada bilər –
gözlər.
-sevdiyi qədər

HƏYAT BAZARLIĞI

Saçlarımı vaxt darağı.
Daradı-bivaxt daradı.
Axır ki, çıxdım qaradan
Saqqalın ağaran vaxtı.

Görən neçə gecəm qalıb
Ömrümün bu üzündə ?!
Neçə səhər açasıyam
Dirigözlü gözümlə.

Zaman yenə oyun qurub,
Öz-əlinə oynayır.
Əvvəl yorur, əldən salır,
Sonra əlindən salır.

Ömrün içindəki ölüm-
Hər addımbaşı bir tələ.
İndi nə gecik, nə tələs,
Ömr sür “ölə-ölə”....

NƏ VAR, NƏ YOX?

“biri vardı, biri də... itmişdi”
3 yaşlı Ziyanın dediklərindən.

Həyatın rəngi sarıdı,
Ömür – ölümə sarıdır...
Hər “yox”-un, “yoxdan” varıdı
-nə var, nə yox ?!

Əlim əlinə çatacaq,
Adım dilinə yatacaq...
Yuxum gözünü tapacaq;
-nə ac, nə tox ?!

Yol gedib yolu gətirər,
Boz bulud – dolu gətirər
Verən əl dolu gətirər;
-nə az, nə çox ?!

BƏZƏKSİZ-DÜZƏKSİZ

Boyasız çəkilir dənizə
-günəşin şəfəqi
-boyasız.
üzlərə- təbəssüm,
çöhrələrə-nur,
aynalara sürəti gözəlliyin
-boyasız çəkilir.
Qələmsiz yazılır alına
-yazılan yazılar,
-qələmsiz
yaddaşa-xatirələr,
ürəyə-sevgi,
-gözlərə-sirri gizlinlərin,
-qələmsiz yazılır.
Bəzəksiz-düzəksiz yazılır həyat
kiminə qos-qoca bir roman,
kiminə suya yazılan seir kimi
-yazılır həyat
bəzəksiz-düzəksiz...

PAYIZ

Yay getmiş... və
hər yan bitmiş
bir fəslin üzüntüsündə
təlaş və həyəcan
-asılıb havadan.
Keyfi çəkilən yayın
dadı damağında
-qızılı yarpaqların.
Bir azdan-
Quşların festivalı başlayacaq.
Ama qayğısız qumruların
Dimdiyi
Yemsiz günlərin gəlişindən
Xəbərsizdi-hələ
Küləklərin yarpaqlara
Tutacağı “divandan “
əsl “qətliamdan” –
xəbərsizdi ağaclar...
gedən günəş dönəcək
günə düzən verəcək
göy- yağan yağışları
yığacaq başına
qulaqlarda səs salacaq
damcılar:
-vida nəğməsi oxuya-oxuya...
Gün işığı yerini dəyişəcək
yavaş-yavaş və
köç başlayacaq!
Sərçələrdən savayı
Bir quş qalmayacaq
-buralarda .
Bu yerlərin sahibi
-olacaq sərçələr
sahib olduğunu anlamasalar da
uça-uça qanadlarını sevəcəklər
sevə-sevə adlarını...
“qanadlı olmaq gözəl,
quş olmaq yaşamaq üçün yetər”
-deyib atacaq özünü yarpaqlar
asıldıqları yerdən...
Təbil səsləri gələcək
-dəniz tərəfdən.
səhər...
-azan oxunan vaxtı
təslim olacaq Şəhər
Təslim olacaq Payıza

VƏTƏN

Vətən- ünvanı zamanlar
və mövsümlər
üstündə dayanan
qos-qocaman yurd yeri.
-babamın ayaq səsləri
-nənəmin nağıl dünyası
-atamın həniri, nəfəsi
-anamın laylası...
Qoxusu neft dadır
-havasının yağışı,
yağmuru, günəşi, qarı
bir də sərt
rüzgarı vardır.
Rəsmini çək desələr
ay-ulduzlu bayrağımı
çəkərəm.
Tərifini sorsalar
-deyərəm: “ dünyaya gəldiyim bu yer,
dərdindən öldüyüm bu yer”

GEDƏN GƏLSİN

Ruhum canımla əlləşir,
içim də ki, çölümlə.
Qoyub başımı rahatca ,
öləmmirəm ölümlə.

Yığışıb yollardan gözüm,
təpərindən düşüb dizim,
döyülüb hər yandan sözüm –
ağzımdakı dilimlə.

Bu yer, bur yurd, bu da Vətən,
bu ruh, bu can, bu da bədən,
bu da... geyməyə ağ kəfən –
gedən gəlsin mənimlə!

VƏTƏN OĞULLAR ÜSTƏDİ

Ömür illər karvanıdı,
dolanbac yollar üstədi.
Gündüzü gecə rəddində,
günləri aylar üstədi.

Hər sevdanın öz həsrəti,
hər istəyin öz qisməti.
Hər kəsin öz məhəbbəti,
-səssiz haraylar üstədi.

Sevgisi, kədəri doğma,
gəldisi, gedəri doğma,
taleyi, qədəri doğma,
-yazı alınlar üstədi

Sanma təzə-tərdi duyğun,
arzusuna ovunduğun,
nəğmə qoşub oxuduğun
-köhnəlmiş vallar üstədi.

Mən də gördüm bu dünyanı,
sən də öyrən, sən də tanı!
O ulu əcdadlar hanı?-
dünya məzarlar üstədi.

Biz gedərik, yurd qalacaq,
Yurddan ocaq-od qalacaq.
Ərənlərdən ad qalacaq -
Vətən oğullar üstədi.

BİLİRSƏNMİ?

Çiçək torpağın nəfəsi,
dibçək nədir, bilirsənmi?
Öz eşqinin həbsindəki
istək nədir, bilirsnəmi?

Tütək-dərdin səs açarı,
külək nədir, bilirsənmi?
Könül qəmin həvəskarı,
dilək nədir, bilirsənmi?

Mələk- Haqqın haqq sorağı,
fələk nədir, bilirsənmi?
Ömür-ölüm oyuncağı,
ürək nədir, bilirsənmi?

Çörək - Tanrının ruzusu,
yemək nədir, bilirsənmi?
Dar gündə dostun arzusu
-kömək nədir, bilirsənmi?

Ocaq yurdun nişanəsi,
çıraq nədir, bilirsənmi?
Ana qoynunun istisi-
qucaq nədir, bilirsənmi?

Yaraq-əqidə sevdası,
yasaq nədir, bilirsənmi?
Ərənlərin son libası
bayraq nədir, bilirsənmi?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ