Seyyid Əzim Şirvani haqqında bilmədiklərimiz

Tarix:9-07-2018, 14:20 Baxış Sayı:119

Seyyid Əzim Şirvani haqqında bilmədiklərimiz
Seyfəddin Qəni
Filologiya elmləri doktoru, professor


Ötən əsrin 80-ci illərindən – aspiranturada təhsil aldığım illərdən üzü bəri qədim poeziya, muğam, aşıq, dini, pedaqoji mühit kimi bütün Şərq dünyasında ad çıxarmış, məşhur olmuş Şamaxı-Şirvan bölgəsi ilə bağlı ciddi araşdırmalar aparıram.

Apardığım araşdırmalar 50 kitab, onlarla məqalə, tezis və oçerklərdə işıq üzü görüb. Maraqlıdır ki, bu kitabların 30-dan çoxu sırf Şamaxının tarixi, şair, aşıq, xanəndə, alim, pedaqoq, bir sözlə, yetirmələrinin ömür yoluna, yaradıcılıqlarına həsr olunub. “Şamaxı alimləri, elm fədailəri”, “Aşıq Mirzə Bilal”, “Şirvan xanəndələri”, “Mirzə Məhəmməd Həsən Nalə”, “Şirvanlı Aşıq Şakir”, “Mən Abbasam, Cəyirlidi məkanım”, “Şamaxı”, “Aşıq Soltan ocağı”, “Şamaxı məktəbləri”, “Cəfərzadələr ocağı – Əhməd Cəfərzadə”, “Böyük pedaqoq – Mahmudbəyov”, “Ünsüzadə qardaşları”, “Şirvanın 350 şairi”, “Şirvan folklor antologiyası”... və s.

Neçə illərdir ki, böyük qəzəl ustadı, M.Füzuli ədəbi məktəbinin qüdrətli davamçısı S.Ə.Şirvaninin doğmaları barədə ciddi tədqiqat aparıram.

Düzdür, respublikamızın görkəmli alimləri – F.Köçərli, F.Qasımzadə, Ə.Şərif, Ə.Seyidzadə, K.Məmmədov, K.Mirbağırov, Ə.Cəfərzadə, X.Məmmədov, H.Səmədzadə, A.Bayramoğlu, Z.Əsgərli və b. S.Ə.Şirvaninin həyat və yaradıcılığı haqqında geniş və dəyərli tədqiqatlar aparıblar. Amma onlar öz tədqiqatlarında S.Ə.Şirvaninin ata-anası, ömür-gün yoldaşı, oğul və qızlarının sadəcə adlarını çəkib, onlardan, eləcə də doğmalarından o qədər də geniş bəhs etməyiblər. Mən isə uzun illərdir ki, S.Ə.Şirvaninin doğmaları – oğul, qız, nəvə, nəticə, kötücə, yadıca və tullancıların izinə düşüb bu nəsli öyrənmək, onlarla bağlı sənəd, şəkil, xatirə, məlumatlar əldə etməklə məşğulam. Bu çətin işi həyata keçirməkdən ötrü yüzlərlə ixtiyar yaşlı şamaxılılar, Bakıda, eləcə də bir çox regionlarda – Ağsu, Göyçay, İsmayıllı, Gəncə, Hacıqabul, Lənkəran, Sabirabad, Qobustan, Qubada yaşayan ixtiyar yaşlı həmyerlilərimiz və S.Ə.Şirvaninin doğmaları ilə yanaşı Orta Asiyada və İranda olan qohumları ilə dəfələrlə görüşüb, şəkil, xatirə əldə etmişəm... Vaxtilə xalq artisti A.Gəraybəyli, prof. F.Qasımzadə, prof. X.Məmmədov, dos. M.Mustafayev, dos. M.Həyatzadə, dos. M.Tahirli, prof. Ə.Cəfərzadə, eləcə də Buzovna qəsəbəsinin bir çox qocaman sakinləri, eləcə də şairin qohumları – M.Seyidzadə, Mir Mustafa, S.Seyidzadə, Əhmədağa Məhəmməd oğlu, Aslan müəllim, Şahin Kamil oğlu, Əminə xanım, Fəridə Hüseynova və başqaları ilə geniş söhbətlər etmiş, məlumatlar toplamışıq. Bu xeyirxah işin həyata keçirilməsi, əldə edilməsində, müəmmalı məlumatlara aydınlıq gətirlməsində S.Ə.Şirvaninin qız nəticəsi, şair, fars dili mütəxəssisi Arif Səfanın böyük yardımı olub.

Şair baba nəsli barədə belə deyir: “Bu nəslin Şamaxıda böyük hörmət və nüfuzu olub. Qədim Şamaxının 30 məhəlləsindən ən qədimlərindən biri “İmamlı məhəlləsi” adlandırılır. Həmin məhəllədə XIII əsrdə tikilmiş qədim məscid 1918-ci ildə erməni cəlladları tərəfindən əhali və məscidin Axundu Cəfərqulu ilə birlikdə yandırılıb. Bütün bu məlumatları sonralar mənə nənə, xalamgil danışıblar. Son vaxtlarda apardığım hesablamalar nəticəsində müəyyən etmişəm ki, babam – S.Ə.Şirvaninin bu günə kimi 300 nəfərə qədər nəvə-nəticəsi olub. Daha dəqiq desək, mən Bakıya dönəndən sonra – 60 il ərzində doğmalarımızı (bildiklərimi) adbaad siyahı edə bilmişəm. Adlı siyahı üç yüz nəfərdən ibarətdir... Onu da deyim ki, bu işlə təkcə mən məşğul olmuşam... Babam Seyid Əzim şairlik udumunu mənə verib. Bu nəsildə babamdan sonra tək şair mən olmuşam...”

Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər əhalini diri-diri yandırıblar. Faciədən sonra yandırılan insanların külü, sür-sümükləri bir yerə toplanıb, dəfn edilib. Azərbaycan Xalq Cümhuriyyəti zamanında həmin məzarın üstünə sinə daşı xatirə qoyulub və sinə daşının üstünə də AXC-nin gerbi həkk edilib. Faciəyə şahid olan sinə daşı bu gün də yaşayır...

Arif Səfanın dediyinə görə, ulu babaları Seyid Məhəmməd təxminən, 1810-cu ildə Şamaxı şəhərində doğulub. Seyid Məhəmməd Şamaxının “İmamlı” məhəlləsindən olan Məşədi Soltanın qızı – Gülsüm xanımla ailə qurub. Onların bir oğlu və bir qızları olub. Qızları – Seyid Əminə 5-6 yaşında ölüb. Seyid Məhəmməd vəfat edəndə oğlu Əzimin 7, özünün isə 40 yaşı olardı. Seyid Əzimin ana babası Molla Hüseyn Molla Mürsəl oğlunun Şamaxı-Dağıstan ərazilərində xüsusi hörməti olub. Mənbələrdə yazıldığı kimi, Seyid Məhəmməd rəhmətə gedəndən sonra nəvəsi Əzimin təlim-tərbiyəsi ilə ana babası Molla Hüseyn məşğul olub. Arif Səfanın dediyinə görə, ulu babası Seyid Məhəmməd də atasının yanında – “Şah Xəndan” qəbristanında dəfn olunub.

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Seyid Cəfər oğlu Seyid Məhəmmədi İmamlı məhəlləsindən olan dostu Molla Soltanın qızı Səkinə xanımla evləndirir. 1835-ci ildə onların bir oğul övladları dünyaya gəlir. Seyid Məhəmməd nəvəsinə öz babası Əzimin adını verir. Bu barədə şairin nəticəsi Arif Səfa belə deyir: “Biz Təbrizdə yaşayanda məktəbdə müəllimlərim biləndə ki, mən Seyid Əzim Şirvaninin nəticəsiyəm, mənə qayğı göstərirdilər. O zaman anam tez-tez mənə deyərdi ki, başımızı ucaldasan. Bir də anam həmişə deyərdi ki, bizdə iki Əzim olub. Babam Seyid Cəfərin də atasının adı Əzim olub. Seyid Məhəmməd öz oğluna babası Seyid Əzimin adını qoyub. Düzdür, S.Ə.Şirvanidən bəhs edən müəlliflər bu faktı qeyd etməyiblər. Bunu bir xalam, bir də anam bilirdi. Mən onlardan eşitmişəm. Mənim iki Əzim adlı babam olub. Amma onu deyə bilmərəm ki, ulu babam Əzim də şair olub, ya yox”....

Balaca Əzimin 7 yaşı olanda – 1842-ci ildə Seyid Məhəmməd Seyid Cəfər oğlu vəfat edir. Deyilənlərə görə, Şahxəndan qəbiristanlığında – atasının qəbrinin yanında dəfn olunur. Daha sonralar şair həmin illəri belə nəzmə çəkib:

Vəzi-həml etdi çün məni madər,
Pədərim dari-xüldə etdi səfər.
Adımı qoydular çü Seyid Əzim,
Düşdü bəhri-qəmə bu düri-yetim.

Haşiyə. Mən institutu bitirəndən sonra Şamaxı və keçmiş şamaxılılarla bağlı xeyli məlumat və bilgilər əldə etmiş, öyrənmiş və xatirələr toplamışam. Bunun bir səbəbi də onda idi ki, 1972-83-ci illərdə maraqlandığımız məlumatlar yazılı mənbələrdə o qədər də yox idi.

Xalq yazıçısı, professor, ustadım Əzizə Cəfərzadə mənə belə məsləhət vermişdi: “Yazdıqlarımın çoxu yaşlı şamaxılılardan, yaddaşlarından əldə etdiklərimdir”. Doğrudan da, o illərdə adlı-sanlı şamaxılıların çoxsunun nəvə-nəticələri sağ idi və Göyçay, Sabirabad, Ağsuda, Bakıda yaşayırdılar. Eləcə də S.M.Qənizadə, C.Cəbrayılbəyli, M.Mahmudbəyov, Ə.Əlizadə, M.Ə.Sabir, M.Hadi, A.Gəraybəyli, S.Ə. Şirvani, Azad bəy, M.Şirəliyev, M.Əliyev, N.Nəcəfov, M.Qəniyev və başqalarının doğmaları...

Maraqlısı bir də onda idi ki, professor Əzizə xanım o illərdə onların çoxusu ilə əlaqə saxlayır və ünsiyyətdə olurdu... Bir dəfə mən Bakıya – Əzizə xanımgilə getməli oldum. Daha doğrusu, “Aləmdə səsim var mənim” romanı ilə bağlı çap etdirdiyim yazımı ona təqdim etdim. Xeyli söhbət etdik, məsləhətlər aldım. Onun bir təklifi ürəyimdən oldu: “Sabah bizə gəl, gedib S.Ə.Şirvaninin nəvəsinə baş çəkərik, xatirələr əldə edərik”.
Səhəri gün günorta – saat 2 ərəfəsində S.Ə.Şirvaninin nəvəsi Mir Məhəmməd Şirvanigildə olduq. Ailə bizi yaxşı qarşıladı. Daha doğrusu, Əzizə xanıma hörmət və ehtiram aydınca hiss olunurdu. Məhəmməd Şirvani qoca olsa da, görünüşü, danışığı elə də qoca hiss olunmurdu. Əzizə xanım bizi tanış etdi. O, Türkmənistandan Bakıya dönəndən sonra M.Ə.Sabir və babasının məzarlarını yad etmək üçün Şamaxıya getməsi (onun babaları haqqında məlumatı daha çox idi...), keçmiş Şamaxıdan, dostlarından bəhs etdi. Bibilərinin və onların uşaqlarından, qürbətdə qalmalarından danışdı, kövrəldi də. Çox əfsuslar ki, həmin deyilənləri yazıb saxlaya bilmədim. Deyilənlərdən yadımda o qaldı ki, Əzizə xanımın “Atasının, babalarının, nənələrinin qəbirlərini tanıyırmı, ziyarət edirmi?” - sualına kövrələ-kövrələ verdiyi belə cavab oldu:

– Əzizə xanım, bayaq dediyim kimi, Şamaxıya yolum düşən zaman (qardaşımın işinin tələbini bilirsən) Ağanın, eləcə də baba və nənələrimin məzarını həmişə ziyarət edirəm, qardaşımla (məzarlarını tanıyıram.) Allah qoysa, bu il yayda Şamaxıya gedəcəm. Ağanın məzarı məlumdur. O biri babalarımın məzarlarını sənə göstərəcəm. Babam Cəfərin məzarı elə Ağanın yanındadır. O biri baba və nənələrimin qəbirləri bir qədər yuxarıdadır. Onlar artıq batmaq üzrədir. Bu məzarları bizə - övladlarına atam 30-cu illərdə Şamaxıya ziyarətə gedərkən göstərib. Atamın məzarı isə burda, Buzovnanın qədim qəbiristanlığındadır. Bura yaxın olduğu üçün atamın məzarını vaxtaşırı ziyarətə gedirik. Çox sağ olsun buzovnalılar. S.Ə.Şirvani ilə bağlı çox tədbirlər keçirirlər. O zaman bizi – nəvə-nəticələrindən, şair və xanəndələrdən də dəvət edirlər. Elə sizin özünüzü də...

Atam Buzovnada, anam isə Mərdəkan qəbiristanlığında dəfn olunub. Mən balalarıma vəsiyyət etmişəm ki, öləndə məni babalarımın yanında – Şamaxıda dəfn etsinlər. Ona görə ki, baba ocağımız Şamaxıdır. Hətta onu da vəsiyyət etmişəm ki, atam Mir Səfər Ağanın da cəsədini Buzovnadan götürüb atasının yanına – Şamaxıya aparsınlar. Ürəyimdən keçənlər başqa cürdür. Belə ki, o gün olsun, Seyidin qızlarının Asqabadda olan cəsədləri atalarının yanında cəmlənəydilər...”. Bu sözlərdən sonra nurani kişi, doğrudan da, hönkür-hönkür ağladı... Biz də kövrəldik – özü də möhkəmcə...

Haşiyə: Mən bilmirəm ki, həmin yayda Məhəmməd qardaşı Mir Mustafa və Əzizə xanımla Şamaxıya ziyarətə gəldilər, ya yox. Amma onu bilirəm ki, doğmaları Məhəmmədin vəsiyyətinə əməl olundu, Şamaxıda, “Şahxəndan” qəbristanlığına – S.Ə.Şirvaninin yanında dəfn etdilər...
Əhmədağa Məhəmməd oğlunun yaddaşından: Atam xəstə yatırdı. Bir gün məni yanına çağırdı.
Və kövrək səslə dedi:

- Əhmədağa, bala, sənə vəsiyyət edirəm, yaxşı dinlə. Biz Seyid Əzimin nəvə-nəticələri uzun illər yurdumuzdan ayrı düşmüşük. Neçə illərdi ki, doğma torpağa qovuşmuşuq. Sizinlə dəfələrlə Şamaxını ziyarətə getmişik. Bunları bilirsən. Ürəyimə damıb. Ömrümün sonu yaxınlaşıb. İstəyirəm ki, məni baba yurdumda – Şamaxıda dəfn edəsiniz... Atamın gözləri doldu, mən də ağladım...

Atam rəhmətə gedən zaman vacib iş üçün Türkmənistana getdim. Orada teleqram aldım: “Atan vəfat edib, tez gəl...” Dostlarımın köməyi və yardımı ilə ancaq dəfnə gəlib çatdım... Vəsiyyətinə əməl edib atamı Şamaxıya apardıq. Şamaxı rayonunun rəhbər işçilərinin köməyi ilə “Şahxəndan” qəbristanlığında, babamın məzarına yaxın yer verdilər, atamı orada dəfn etdik.

Seyid Məhəmməd vəfat edəndə qudası Molla Hüseyn Dağıstanın Yaqsay kəndində fəaliyyət göstərir, yaşayırdı. Odur ki, Molla Hüseyn, qızı Səkinə xanım və nəvəsi Əzimi öz yanına aparır: “Oğul övladı olmayan Molla Hüseyin bütün məhəbbətini balaca qız nəvəsinə salıb və onun təlim-tərbiyəsi ilə ciddi surətdə məşğul olub. Yaqsay kəndi şairdən xoş xatirələr saxlayıb. XIX əsrin 80-ci illərində babasının yurdunu ziyarət edən S.Ə.Şirvani onu növrağı pozulmuş, pərişan halda görüb dərindən kədərlənmişdi...

Haşiyə: Mövlanə İsmayıl Siracəddin Əfəndi Şirvani təxminən, 1783-cü ildə Kürdəmirdə doğulub. O, Şamaxıda mədrəsədə təhsil alandan sonra 1800-cü ildə əvvəl Ərzincanda, sonra Toqat və Bağdadda da bir çox din alimlərindən mükəmməl təhsil alıb. Mövlanə Xalidin məqamında yerləşib, ona mürid olub və icazənamə alıb. Bir çox Dağıstanın təriqət nümayəndələri Mövlanə İsmayıldan və onun nəzəriyyəsindən bəhrələnib. Odur ki, 1825-ci ildən başlayaraq Qafqaz canişini Yermolov tərəfindən İsmayıl Şirvaninin müridləri təqib olunmağa başlandı. İsmayıl Şirvani əvvəl Axisxaya, oradan da Amasiyaya köçdü. Bu ildə onun üçüncü oğlu Mehmet Rüşdü dünyaya gəldi (Rüşdü sonralar Türkiyənin Maliyyə Naziri və Sədrəzəm olub – S.Q.). Siracəddin Əfəndi 1832-ci ildə Sivasa gəlir, orada da böyük hörmət sahibi olur. Amma o, 1841-ci ildə yenidən doğma Amasiyada yaşamağa başladı. 1848-ci ildə burada da vəfat etdi. Onu Amasiyanın yaxınlığında olan Şamlar qəbristanında dəfn etdilər. 1869-cu ildə oğlu Mehmet Rüşdü atasının qəbri üstündə türbə və məscid inşa etdirib.

İsmayıl Şirvaninin Dağıstanda bir çox ardıcılları fəaliyyət göstərib. Seyid Cəmaləddin Qumuqlu, İmam Qazi Məhəmməd, İmam Şamil və onun övladları, eləcə də Mövlanənin kamil tələbələri Xas Məhəmməd, Molla Məhəmməd irşad sahibləri olduqları üçün təqib olunurdular. S.Ə.Şirvaninin qudası Molla Hüseyn də o irşad sahibləri ilə eyni amallı idi. Bu irşad sahiblərindən ehtiyat edən dövlət məmurları bəzən o insanlara güzəşt edir, vəzifə də verirdilər. Eləcə də Molla Hüseyn də Yaqsay kəndinin hakimi vəzifəsini daşıyıb. Odur ki, o, həm sakinlər, həm də dövlət adamları arasında nüfuz sahibi olub...

Mənbələrin qeyd etdiyi kimi, “S.Əzim babasının yanında yaşadığı on il müddətində onun köməyi ilə ərəb-fars dillərini, hətta bir neçə Dağıstan ləhcələrini də öyrənə bilib. Anası Gülsüm xanım 1853-cü ildə, 18 yaşlı oğlu Əzimlə Şamaxı şəhərinə dönüb”. Elə həmin ildə Əzim Şamaxı mədrəsəsində oxuyub orta ruhani təhsilini başa vurur...

Səkinə xanım da çalışırdı ki, oğlunu tezliklə evləndirsin, Seyid Məhəmmədin ocağı boş qalmasın. Odur ki, öz məhəllələrindən, Seyid Məhəmməd ocağına böyük hörmət və etiqadları olan Məşədi Möhsün kişinin qızı Ceyran xanımı almağa qərar verir. Və beləliklə, 1854-cü ildə Seyid Əzim Şirvani Ceyran xanımla ailə qurur...

Ailə qurduqdan sonra Seyid Əzim ali ruhani təhsilini tamamlamaq üçün İraqa getməyi qərarlaşdırır. Şairin İraqa səfər etmə tarixi mənbələrdə müxtəlif cür göstərilib. O, Bağdadda, Nəcəf və Şam şəhərlərində ali ruhani təhsili alır, özünün təbirincə desək “oxudum nəhvü sərfi fiqhü”, təhsilini başa vurub dini və dünyəvi məsələlərə yiyələnən ziyalı kimi vətənə qayıdır”.

Şair bir müddət Şamaxıda qalandan sonra, ikinci dəfə təhsilini davam etdirmək, Şərqin müqəddəs məkanlarında olmaq üçün dostu “Hacı Ələbbas adlı tacirin maddi köməyi ilə müqəddəs məkanlara gedir. Əvvəl, Bətra-Yasrib (Məkkə) ziyarət edir, Hacı titulu qazanır. Daha mükəmməl təhsilə yiyələnmək üçün oradan da Misirə – Qahirə şəhərinə gedir. “Qahirədə məşhur din alimlərindən dərs alır, məşhur alim və şairlərlə tanış olur, dostlaşır”. Bir müddətdən sonra Vətənə – Şamaxıya dönür...

Şamaxı şəhəri 1841-ci ildən quberniya mərkəzinə çevrildiyi üçün burada maarif, mədəniyyət inkişaf edir, ticarət günü-gündən canlanırdı. Bu proses 1848-50-ci illər ərəfəsində daha sürətlə gedib. S.Ə.Şirvani səyahətdən döndükdən sonra Şamaxının qabaqcıl ziyalıları, sənət hamiləri – Əhməd Sultan, Həmid Əfəndizadə, Mirzə Nəsrullah Didə, Mahmud Ağa, Ünsüzadə qardaşları (Səid, Cəlal, Kamal), Əli Əkbər Qafil, Bixud, Bahar Şirvani, Məmmədtağı Əlizadə və b. ilə bir araya gəlib, əqidə və amal dostları olublar. S.Ə.Şirvani məkdəbdarlıqla da məşğul olmağı əsasən bu illərdə qət edir. Məkdəbdarlıqla məşğul olmağı qət edən şairin ilk məsləhət aldığı şəxs də dostu, maarifçi, “Kitabi nasayeh” (“Nəsihətlər kitabı”) müəllifi şair Didə olub.

“Beytüs-səfa” məclisi də yaradılarkən S.Ə.Şirvaninin məsləhət aldığı insanlar həmin ziyalılar idi. Mənbələrdə qeyd olunduğu kimi, S.Ə.Şirvanin təşkil etdiyi məclis və məktəbin yaşamasına dostu, musiqi bilicisi, böyük xeyriyyəçi Mahmud Ağa xüsusi vəsait sərf edib...

S.Ə.Şirvaninin rəhbərliyi ilə Şamaxıda fəaliyyət göstərmiş “Beytüs-Səfa” məclisi haqqında çox alim, mütəxəssislər – prof. F.Qasımzadə, Ə.Cəfərzadə, Əhməd Cəfərzadə, N.Qarayev, Z.Əsgərli və b. bəhs etmişlər. Biz də uzun illər Şamaxının yaşlı insanları, ziyalılarından məclis üzvlərinin ötən əsrin 70-80-cı illərində yaşayan qohumlarından xeyli məlumatlar əldə edib, ümumiyyətlə, məclic üzvlərinin sayını dəqiqləşdirməyə çalışıb. Axtarışlarımızın nəticəsində 2012-ci ildə “Beytüs-Səfa” üzvləri” adlı toplunu çap etdirmiş, onların sayını 45-dən artıq olduğunu qeyd etmişik.

Ümumiyyətlə, XIX əsrin 50-ci illərindən sonra Şamaxıda dövlət məktəbləri ilə yanaşı şəxsi məktəblərin də sayı çoxalmağa başladı; Əlibəy Babazadə (1830-1895), Gülübəyim (1824-1897), Mirzə Rza (1840-1876) və başqaları Şamaxıda şəxsi məkdəbdarlıqla məşğul olublar. XIX əsrin 40-cı illərində Şamaxı şəhərində teatr sənəti də daha dəqiq desək 50-ci illərdə yaranmağa başlayıb. Bu illərdə teatr tamaşaları şəxsi evlər və ya karvansaralarda təşkil olunurdu.

Artıq XIX əsrin 50-ci illərində şəhərdə ayrıca teatr binası tikilməsi qərarlaşır. Bu barədə “Kavkaz” qəzetinin 1858-ci il 84-cü sayında oxuyuruq.... “Moskva və başqa rus şəhərlərində olmuş, teatr həvəskarı tacir Ağabəy Zeynal oğlunun pulu, memar Qasım bəy Hacıbababəyovun layihəsi üzrə Şamaxıda teatr binası tikilir. İnşaatçılar köhnə duz anbarını müasir teatr binasına çevirirlər”.

Teatrın 100 nəfərlik parteri, 17 gözəl lojası var idi ki, bunlardan da 3-ü azərbaycanlı qadınlar üçün nəzərdə tutulub. 1859-cu il may ayının 30-da baş verən dəhşətli zəlzələ Şamaxıda bir çox işləri yarımçıq qoydu. Varlı-karlı şamaxılılar Orta Asiyaya, əsasən, Türkmənistana köçdülər. Maraqlıdır ki, həmin şamaxılıların nəvə-nəticələri indi də Aşqabadda yaşayırlar... “Çoxlu mülklər, 11 hamam, müəssisələr, yeni tikilmiş teatr binası dağılır, 100 nəfər ölür, 286 nəfər yaralanır”. Bu zaman “Şamaxıda 5412 ev var idi ki, bunlardan da 604-ü ikimərtəbəli daş mülklər idi. 346 fabrik və emalatxanaların istehsal etdiyi ipək, yun və başqa əşyalar dünya bazarlarına çıxarılırdı”.

Bir sözlə, Şamaxıda başqa tikililərlə yanaşı məktəb binaları da zəlzələlərin qurbanı oldu... Ona görə də S.Ə.Şirvani də başqa dostları kimi maarifçilik işinə əsasən, 60-cı illərdən sonra başlayıb. XIX əsrin 60-cı illərində Azərbaycanın bir çox – Şamaxı, Şuşa, Naxçıvan, Gəncə, Lənkəran, Bakı və s. şəhərlərində ədəbi məclislər də fəaliyyətə başladı. Bu illərdən çox-çox qabaq Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın musiqi-şeir məclisinin sorağı təkcə Azərbaycanda deyil, İran, Orta Asiya, Tiflis, Dərbəndə də gedib çıxıb.

Əhməd Sultan və oğlu Mahmud Ağanın muğam məclisinin daimi iştirakçılarından bir də S.Ə.Şirvani idi. O, başqa böyük şəhərlərdə şeir məclislərinin yaradıldığı sorağını eşidir və məclis təşkil etməyi ziyalı, şair dostları ilə qərarlaşdırır. Odur ki, məclis “1867-ci ildə Şamaxıda Seyid Əzimin dostu Əkbər bəyin təşəbbüsü ilə Əhməd Ağa karvansarasında təşkil edilib. Molla Mahmud Zuinin yazdığına görə, məclis Mirzə Nəsrullah Bahar Şirvaninin (1834-1878) təklifi ilə “Beytüs-Səfa” (“Səfa evi”) adlandırılıb”. Bir çox mütəxəssislər də həmin yozumu Səfanın evi formasında qəbul edib, məclisin ən gənc üzvü Məhəmməd Səfanın adı ilə bağlamağa çalışıblar. Bu fikir isə o qədər də ağlabatan deyil. Ona görə ki, qeyd etdiyimiz kimi, bu zaman Məhəmməd Səfanın cəmi 16 yaşı vardı, ikincisi, kasıb bir ailədən olan gənc şairin o qədər məclis üzvlərini qəbul etməyə nə şəraiti, nə də imkanı olardı. Məncə, “Beytüs-səfa” elə “Səfa evi” kimi başa düşülməlidir. Doğrudan da, elə məclislərin hamısında bir səfa, deyib-gülmək, zarafat, musiqi var...

“Beytüs-səfa” Şamaxıda Əhməd Ağa karvansarasında təşkil edilmişdi. Bu vaxta kimi “Beytüs-səfa” məclisi, S.Ə.Şirvani, poetik məclisdən bəhs edən müəlliflər xeyirxah insan – Əhməd Ağadan bəhs etməyiblər. Kim olub Əhməd Ağa?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ