Səpim payızlara dən kəlamları - Rəfail İncəyurdun şeirləri

Tarix:4-07-2018, 16:07 Baxış Sayı:137

Səpim payızlara dən kəlamları - Rəfail İncəyurdun şeirləri
Manera.az tanınmış şair-publisist Rəfail İncəyurdun yeni şeirlərini təqdim edir:

Tökülür

Adəm girə araya,
Sevgiləri araya.
Gül bənd olur arıya-
Üzündən bal tökülür.

Eşq Tanrıdan uludu,
O da könül quludu.
Gah dolur qəm buludu,
Gah dolur, al tökülür.

Bahar sığmır bu vəznə,
Gərək canda gəzinə.
Oğulların gözünə
Ağ üzdən xal tökülür.

Bar ağacın bar dadı,
Dar ağacı dardadı.
Kasıba gün hardadı-
Qarğaşa bol tökülür.

Uyur tale əmrinə,
Zay su qatır xəmrinə.
Çata bilmir ömrünə-
Günləri kal tökülür...

Gəl

Mənəm, toxu gərəyimi,
Coşan qəlbə sər heyimi.
Səssiz oxu ürəyimi-
Umduğum son avazda gəl.

Dərdi könül varı san da,
İndi bəslə, itir sonda.
Iki yolun arasında
Durma, gəl-gəl, bir az da gəl.

Aramızda çay var- adda,
Közüm qaldı, üfür, odda.
Ya ahıma can ver udda,
Ya havalan bu sazda, gəl.

Nolar, çəkmə dara vaxtı,
Qoyma üzə dura vaxtı.
Dur, indi gəl- ura vaxtı,
Nə qış gözlə, nə yazda gəl...

Görək nə deyəcək?

Ömrün çəni dəs-dəs gəlir,
Çənində də nəfəs gəlir.
Buralardan bir səs gəlir-
O səs görək nə deyəcək.

Ömrün yolu dar tuneldi,
O başında nə var?- Bil di.
Aha! Bir az işıq gəldi-
Həvəs görək nə deyəcək?

Pul, kreslo, qadın,... dadlı,
Sən piyada, onlar atlı.
Düşdüyümüz dünya adlı
Qəfəs görək nə deyəcək?

Üz görməyə qaldımı üz,
Düz qadasın aldımı düz?
Xoş sözünü güddüyümüz
Kim? Bəs, görək nə deyəcək?

Çəkərmiola dara tərəf,
Can ruhuna dura tərəf.
...İçindəki nura tərəf
Tələs, görək nə deyəcək?

Neyləsin?

Yaşayır o da canda,
Ha qov, mərəz neyləsin?
Düz yolun ortasında
Yıxılan bəs neyləsin?

Hələ yük var kürəkdə,
Hələ son var, görək dəə…
Od azalır ürəkdə,
Gülüm, nəfəs neyləsin?

Qoymur çıxım eşiyə,
Ürcah olur «əşşi»yə.
Atdan düşüb eşşəyə
Minən həvəs neyləsin?

Tutmur dizim, düşmüşən,
Qalmır izim, düşmüşəm.
Gəlib özüm düşmüşəm-
Indi qəfəs neyləsin?

Ötüşənlər ötüşür,
Gör çat olan bitişir?..
Haray vaxtı yetişir,
O qərib səs neyləsin?

Çətindi

Baxt bitirər hər könüldə əkilən,
Ancaq eşqin candan tərki çətindi.
Tək fikirdi gecə-gündüz çəkilən,
Nə asandı o, nə də ki, çətindi.

Qoşa-qoşa dəyirmanda üyündük,
Axırını bilə-bilə sevindik.
Acqarına allı-güllü geyindik,-
Belə görkəm, belə sərgi çətindi.

Yerin-Göyün sehri birdi, seyri- min,
Təki haqqın işıqları səyrisin.
Düyünlüdü taxta başın əyrisi,
Can, ay balta, can, ay kərki, çətindi.

...Leysan olub hər yaz daşmaq olardı,
Səhra keçib, dağdan aşmaq olardı.
Hər nə olsa, razılaşmaq olardı-
“Daha yurdum yoxdu” dərki çətindi.

Neyləyəsən bəd yuxular səngiyə?
Heç üzülmür düşüncədən “nə?”, “niyə?”.
Daşa dönür beyində hər saniyə
Ay gecənin dərdli təki, çətindi!

Sözüm var

Keçindik hər payız, doğulduq hər yaz,
Son çatır, bəs niyə bəxt olmur taraz?
A fələk, a mələk, bərrək dur bir az-
Dinlə, ahım boyda bircə sözüm var.

İçimə doluşan YOXlar edir dəng,
Halalca haqqımla cəng eləyir, cəng.
Hardadı ulduzlar, hanı o Xərçəng
Adamdan keçibdi, bürcə sözüm var.

Verim verəsimə mən kəlamları,
Canıma, ruhuma tən kəlamları.
Səpim payızlara dən kəlamları,
Qoy tapsın üşüyən sərçə,- sözüm var.

Ahım da yesirdi sənsiz, ay ana,
Kaş, sənli xatirəm tez-tez oyana.
Eh! Hardan baş alır, gedir ha yana,-
Arazca qayğım var, Kürcə sözüm var.

...Başımı sındırdım, baş olammadı,
Dərddən aralanıb xoş olammadı.
Gülüm, üzüyünə qaş olammadı,
Neynək, nəvələrə külçə sözüm var.

Dünyadı

Milyon-milyon “Dünya” olsun, yenə də
Dönə-dönə söz alası dünyadı.
Dərgahının zəmanəti yoxdusa,
Zalıma yar, mərdə ası dünyadı.

Bu “cik”lərə dərs olubdu o “cik”lər,
Bir qaydadı, tapdalanır kiçiklər.
Şir də susur cəm olanda küçüklər-
Bir çoxalıb yüz olası dünyadı.

Gözəliydi, təmiziydi məcrası,
Sirri var ki, vallah, deyil açlası.
Olan kimi Mələklərin iclası
Deyin xətti pozulası dünyadı.

Düzdən ötrü dadı-duzu kəmdi, kəm,
Ömrü boyu qan ağladı düz qələm.
Innən belə nə yazacaq bilmirəm-
Qara daşı yazılası dünyadı.

…Mənalardan, mətləblərdən sızıram,
Qorxum yoxdu, nə istəsə hazıram.
Bu ad ilə son qoşmanı yazıram,
Sona qədər yozulası dünyadı.

Itirdikcə o dağların daşını,
İtirdikcə… incitmə göz yaşını.
Hər üzdükcə ümidlərin başını-
Öz başı da üzüləsi dünyadı.

Anamı

Dönməz yoldu, Rəbbim, o yol, vermisən,
Sevdasına canımı qul vermisən.
Dərdini çox, qəhrini bol vermisən,-
Anamı ver, anamı ver, anamı.

Özün göstər bir möcüzə, bir ovsun,
Tamarzı ruh həm boşalsın, həm dolsun.
Verdiyinə dönə-dönə həmd olsun
Anamı ver, anamı ver, anamı.

Şum yeridi içim, qazıx-qazıxdı,
San ki, könlüm köhnə yurddu- Azıxdı.
Dözə bilmir onsuz atam, yazıxdı,
Anamı ver, anamı ver, anamı.

Ya gül eylə yaz vaxtı bir bitimlik,
Ya Qu eylə o başdan bir ötümlük…
Yaman olur ahıl yaşda yetimlik,-
Anamı ver, anamı ver, anamı.

Sən özün sal İncəyurdu yada, ki:
Bir səyyaham bu kimsəsiz adakı.
Dərgahında yerimi ver, ya da ki,
Anamı ver, anamı ver, anamı.


Məmməd Dəmirçoğluna məktub

Salam Dəmirçoğlu!
Salam, arkadaş!
Necəsən, ruh oğlan, haralardasan?
Sağ çiyin – sol çiyin fərqinə görə
Bilirəm sufilər həndəvərində-
Hardasa sayılan sıralardasan.

… Iki min on altı gəldi, a Məmməd,
İl sənsiz olsa da il səninkidi,-
Iyulda dağ boyda altmış beşin var.
Gedib sınaqlara atdın sevgini,
Getdin ki, dərgahda ayrı işin var.

Sənsiz qalan «İnsan mənzərələri»n
Ağladı sənsizlik mənzərəsini,
Ağladı gülümsər söz tirəsini.

…Nolar, yuxuma gəl, bir anlat məni,
Özümü nə təhər aparım, Məmməd?
Onsuz da elə bir qəbahətim yox-
O biri həvəsi dara çəkimmi,
Bəlkə, əl gəzdirim düşüncələrə?
Yozumlar gerçəkmi?
Gerçəkmi sənlə
o dünya haqqında bilgilərimiz?
O qədər çoxdu ki…
Nə üçün, necə?
Gəl anlat röyada nolar bir gecə.

Demirəm cənnətin gözünə düşüm,
Demirəm mələklər durub gözləsin.
Istəyim bir budu- de neyləyim ki,
Cərgəniz məni də alıb özləsin.

Cərgəniz demişkən;
Gedib gördünmü,
tapdınmı yerində Ağamalını?
Yerini buldunmu Akif Səmədin?
Qara Sultan oğlu İbrahim hanı?
Aslan qovuşdumu Qılınckəndinə?
Xalloğlu sazını çalırmı yenə?
Avdının başına yığışıblarmı
Cəlal Qəhrəmanov, Kərəm İncəli,
Hacı, şair Cəlil, həm Səyyar Vəli,
Yəhya, Sədi, Sadıq yeznə-qayınlar,
Şöhrət, Alı baba, Zakir Bəxtiyar?
Gedəndə gördünmü Teymur kişini?
Dayının qırxıydı sən köçən günü.
Sinif yoldaşların sevindilərmi?
Nazim Əsədoğlu və doxdur Pənah
Bir yağlı zarafat elədilərmi?

…Üzərə çıxardın gedib hamının
qərarsız ahını-ufunu, Məmməd!
Ölümü urvata mindirdin, bir də
Xınalı qoç kimi ortaya çəkdin
Qəfləti ölümün xofunu, Məmməd!

Dostlar o tərəfə sıralandılar,
Qalanlar qaldıqca qaralandılar…

Burda ürək açan bir şey qalmadı,
Bilirsən, qəbirdən dardı bu dünya.
Daha qulağımız xoş sözə həsrət,
Daha bağrımızı yardı bu dünya.

Nə isə…
Bu qədər…
Nə yazım daha?

Cavab məktubunu sən də yubatma,
Göndər, qadan alım, yuxumu qatma,
Bir gecə yuxuma gəlsən bəsimdi.

…Əlim də üşüdü, dilim də daha!
Qanım da, canım da, könlüm də, daha!
Soyuqdu, qar yağır,
Yaman qar yağır!..
Qar yağır bu aya, bu ilə, Məmməd!
Özün bil,
Bilməyən nə bilə, Məmməd?!

QazaxБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ