Dünya girdə, yollar bucaq - Elxan Zalın şeirləri

Tarix:26-06-2018, 18:25 Baxış Sayı:143

Dünya girdə, yollar bucaq - Elxan Zalın şeirləri
Manera.az tanınmış şair Elxan Zalın şeirlərini təqdim edir:

***
Mən tanrının elxanıyam,
Elxan elə baş olur. Bil.
Tanrısından dönən türkün,
Axırı çıxdaş olur. Bil.

Əskəriyik elimizin,
Göy tanrıdan aldıq izin,
Düşmənləri dizin-dizin,
Süründürmək xoş olur. Bil.

Ömrü göydən aldıq muzda,
Divlər yatır yolumuzda,,
Ölüm ilə aramızda,
Əbədi savaş olur. Bil.

Yaranmışın bizik xanı,
Bir el bilmişik cahanı,
Ölkəmizə xor baxanın,
Aqibəti puç olur. Bil.

Dad alanda ağ qımızdan,
Ağrı çıxır yadımızdan,
Cəngqabağı bir ağızdan,
Türkü demək xoş olur. Bil.

Tanrıya bağlıdır bəndə,
Can güc alır nur çəkəndə,
Tanrıya doğru gedəndə,
Türk, türkə qardaş olur. Bil.


***
(Elman Tovuza)

Göy tanrıdan rəsulallah,
Göy dağlardan gələn mən o.
Qutsalların buluşduğu,
Bir məkanı bilən mən o.

Dualar həzzində sevinc,
Köçəri can durarmı dinc,
Dönmələr içində girinc,
Qalan mən o, qalan mən o.

Dünya girdə, yollar bucaq,
Can oldu dərdlərə ürcah,
Bayramlar var qucaq-qucaq,
Şölə saçan şölən, mən o.

Doğuluşdan sənə qırx bir,
Dərs verməyə gəldi qırx pir,
İlahi sevdadan zahir,
Olan mən o, olan mən o.

Köçümüz dönəndə yaza,
Könül mizrab vurar saza,
Dan üzü durub namaza,
Göy işıqla dolan mən o.

Yaquar yerişli zaman

Gecənin uzunluğu
Göydələndən yekədir.
Kipriyimin ucunda,
Yuxu bircə tikədir.

Ay yanıb ağarmayıb,
Hələ körükləyir dan.
Ömrün budaqlarında
Yel qovur oranqutan.

Xoruzların səsində,
Nə tikiş var, nə sırıq.
Tənəklər damcı tökür,
Sallananda mısmırıq.

Quşlar hava çalmıyor,
Saata sığınıb takt.
Caynaq çəkir üstümə
Yaquar yerişli vaxt.

Gecənin uzunluğu,
Rezindən də elastik.
Mürgüsünü tutammır,
Nə mütəkkə, nə yastıq.

Mən səni düşünürəm,
Sükut titrəyişində.
Gecə öz işindədir,
Düşüncə öz işində.


***
Bizi bir gözləyən var,
Gecikməyə ar gərək.
Qoynuna qısılmağa,
Xanım-xatın yar gərək.

Bürünüb şal-tirməyə,
Canı saldıq türməyə,
Dərgaha ötürməyə,
Can yolu hamar gərək.

Dadanmışıq yatmağa,
Borca yuxu satmağa,
Şeytanı aldatmağa,
Ayrı havalar gərək.


* * *
Bu duam eşq iləndi,
İstiləndim, ilahi.
Qovuşuq yanğısından,
Tüstüləndim, ilahi.

Ruhumun varlanması,
Sinəmin qorlanması,
Dərvişlər fırlanması,
Üst iləndi, ilahi.

Sözüm səhərdən duru,
Çaxmaq çəkdi can qoru,
Üfüqdə mələk xoru,
Dəstələndi, ilahi.

Coşdu eşqin çağları,
Var güləri, ağları,
Qan içmiş nar bağları,
Xəstələndi, ilahi.

Sən bir odsan, yax belə,
Yanğı belə, ah belə,
Nəğmələrim bax belə,
Bəstələndi, ilahi.


***
Yol gedəni üzməz qada,
Bir işıq var hər qarada,
Dünya adlı mağarada,
Yaşayırıq xımır- xımır.

Göy açanda çadırını,
Mindik ömür qatırını,
Nəfsimizin qoturunu,
Qaşıyırıq xımır-xımır.

Saat gedir, yol bükülür,
Hər addıma sirr tökülür,
Adam olmağın yükünü,
Daşıyırıq xımır- xımır.


***
Biz ölümə tamarzıyıq,
Ölüm bizdən küsər gedər.
Yolumuzda bir əcəl var,
Körpüləri kəsər gedər.

Nə şirindir yalanımız,
Nədir bizdən qalanımız?
Bizi yaşadan canımız,
Əlimizdən bezər gedər.

Gəldik dünyadan qaçmağa,
Son mənzilə yol açmağa,
Cənnət deyilən uçmağa,
Könlü dualı ər gedər.


***
Gedənlərə yol açılsın,
Salam olsun gələnlərə,
Görünməzlər şam yandırır,
Alqışını bölənlərə.

Məndə dərviş davası var,
Başımda cəng havası var,
Yerin- göyün duası var,
Savaşını bilənlərə.

Belə yazıb yazanımız,
Susmaq bilməz azanımız,
Çələng olsun qoy qanımız,
Bizdən əvvəl ölənlərə.

Qucaq açdı göyün bağrı,
Mərtəbə yox bundan anrı,
Mərhəmət göndərər tanrı,
Qaranlığı dələnlərə.

Köçəri ruhumuz səmənd,
Ölməzliyə atdıq kəmənd,
Ölümdən o yana varmı kənd,
Gələn bizik kafir mərə.


***
Vaxt yetişdi, yaşam keçdi,
Hey dedim, hey dedim, hey dedim.
Ayrılığın quşu gəldi,
Ley dedim, ley dedim, ley dedim.

Qısrağım çapır dörd nala,
Nə yalaq bilməz, nə çala
Bu ömür oturmuş xançala,
Oy dedim, oy dedim, oy dedim.

Ərənlərin məclisi nuş,
Pirlər dövrəyə oturmuş,
Tör başında saqi durmuş,
Mey dedim, mey dedim, mey dedim.

Astın kilim, üstün dəyə,
Suç sordular, göndərməyə,
Qapı-bacasız hücrəyə,
Öy dedim, öy dedim, öy dedim.

Bozqurd andı

And olsun Tanrıdağın vulkanlaşan səbrinə,
And olsun ər Tunqanın qeybə çıxan qəbrinə.
Yovşanlı düzənlərin cübbəsinə and olsun,
Şəhid məzarlarının qübbəsinə and olsun.

Qutlu savaş günündə kül olsa da ətimiz,
Yenə yetmiş ordunu yenəcək hiddətimiz.
Bizim şanlı torpağın hər dənəsi müqəddəs,
Yurda nicat ərlərin bədəni kəfən bilməz.

Bu dağ, bu orman, bu çöl babaların tənidir,
Vətən onu qoruyan kişinin vətənidir.
Sən ey bizdən törəyib bizdən olmayan alçaq,
Tanrının öc qılıncı sənə qənim olacaq.


***
şüşədə kölgə var, qəlbimdə səs var,
bu otaq, bu yataq xəyaldı yoxsa?
üstümə yeriyir susqun divarlar,
hər şey yerindədir, sən isə yoxsan.

kədərim asılıb ayaqlarından,
kədərim naləli anadilimdir.
lianlı - söyüdlü eşq parklarında
ölən xatirələr dilim-dilimdi.

o ölən anlarda sən yaşayırsan,
bir də yaz, bir də mən, bir də ikimiz.
ulduz gecələri nur daşıyırsa,
biz asan çəkirik hicran yükünü.

həsrət günlərinin gözləri yaşıl,
həyatın sonudur həsrətin sonu.
hər səni ananda, xoş müjdə quşu,
dərdin divarını dimdiklə yonur.


***
Bu gecə bu şəhər ikimizindi
Macəra səsliyir bizi dənizə.
Yollar bizə yoldaş olacaq indi,
Şarkı söyləyəcək dalğalar bizə.

Izdiham qaynayır, hava barışlı
Musiqi səsində çimir ağaclar,
Bizim hisslərimiz naxış-naxışdı
Nə yaxşı dünyada eşq anları var.

Eşq var dünya boyda, eşq var tanrısal,
Sevənlər eşqinə şam yandırır dan.
Götür əllərimi əllərinə al,
Sənə əlçək biçim toxunmalardan.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ