Hər kəs özüylə döyüşür - Məmməd Tahirin şeirləri

Tarix:16-06-2018, 10:47 Baxış Sayı:235

Hər kəs özüylə döyüşür - Məmməd Tahirin şeirləri
Manera.az tanınmış şair Məmməd Tahirin şeirlərini təqdim edir:

***
Hər kəs bir yolun yolçusu,
Hərə bir yuvadan çıxır.
Hər kəs özüylə döyüşür,
Hər gün bir davadan çıxır.

Qurdun yanında quzusu,
Bacadan yetir ruzusu,
Yeni söhbətin mövzusu,
Ya sudan, havadan çıxır.

Dərddən dolubdur ürəyi,
Qançır olubdur kürəyi,
Müsəlmanın duz-çörəyi
Allaha duadan çıxır.


***
Sənin könlün oxunmaz,
Bir daş kitabə kimi.
Mən sənin hüzurunda
Durmuşam təbə kimi.

Bir zirvənin çənində,
Dərd saçımın dənində,
Dayanıram önündə
Uçuq xərabə kimi.

Saçım ağ, günüm qara,
Hörüyün dönüb tora,
Bir eşqi çəkib dara,
Saxlar sərdabə kimi.

Daş atmaz çöl quşuna,
Qan qatmaz göz yaşına,
Bu can sənin başına,
Dolanar Kəbə kimi.

İçimdə bir məzar var

Anam Telli Məmməd
qızının əziz xatirəsinə


İçimdə bir ana məzarı,
Göyərir güman tək,şübhə tək.
Gecələr yuxuma duz səpir,
Gözlərim göynəyir sübhədək.

Bir kənddə,bir təpə üstündə
Torpaqdan dikələn baş daşı.
Uyuyur anamın yanında,
Övladı,anası,yoldaşı.

İçimdə dörd qara məzar var,
Atadı,nənədi,qardaşdı.
Yatırlar anamın yanında,
Hər üçü anama sirdaşdı.

İçimdə bir ana məzarı,
Yanında üç ölmüş mələk.
Gecələr yuxuma duz səpir,
Gözümü göynədir sübhədək.

Mən kim idim

Yoğurub daşdan, torpaqdan
Bir yuva qurduğum torpaq.
Məndən qabaq kimin oldun
Üstündə durduğum torpaq.

Külək qovur, yel sovurur
Sular yuyur, gün qurudur.
Hər gün sənə ağlayıram,
Nədən göz yaşım durudur?

İsanın,Musanın qanı,
Davudun sümüyü torpaq.
Kimi üstündə saxladın,
Kimin oldun məndən qabaq?

Bölünürsən qətrə-qətrə,
Gah halala, gah harama.
Ovcumda ovuram səni,
Hər gün səpirəm yarama.

Mənim bu quru bədənim,
Səhər daşdı, axşam torpaq.
Üstündə durduğum torpaq,
Mən kim idim məndən qabaq?

Səslədim, səsin gəldi

Ayrıldıq, çiçək bitdi,
Gül göyərdi izindən.
Səslədim, səsin gəldi,
İllərin o üzündən.

Yondum könlümün üstə,
Kədərdən heykəlini.
Sıxdım sinəmin üstə
O heykəlin əlini.

Ayrıldıq, aylar ötdü,
Qəm göyərdi dizimdən.
De, necə yaşayırsan,
Sordum ayaq izindən.

Neçə kərə yağdı qar,
Neçə yol bahar gəldi.
Sığışmadım aylara,
İllər mənə dar gəldi.

Aramıza od düşdü
Bircə kəlmə sözündən.
Səslədim, səsin gəldi
İllərin o üzündən.

Came qapısı

Könlüm came qapısı,
Açıqdır səhər-axşam.
Hər gün neçə qəriban
Könlümdə yandırır şam.

Canımdan can diləyir,
Ruhumdan alır nəfəs.
Dilində qəmli dua,
Ürəyi pərişan kəs.

Könlüm came qapısı,
Gözlərim çax-çaxıdır.
Hər gün neçə yuvasız
Gözümdən yaş axıdır.

Qollarım cüt minarə,
Sinəm bir mehrab kimi.
Açılıram önündə
Müqəddəs kitab kimi.

Boylanma içəriyə,
Könlümə girdin, yeri.
Könlüm came qapısı,
Qəribin ümid yeri.

Sən belə …

Sən belə soyuq-soyuq
Nə baxırsan üzümə.
Bir ümidi budayıb
Çırpı atma közümə.

Könlüm çör-çöp, palçıqdan
Yoğrulan quş yuvası.
Yazdı, yaydı, payızdı
Ürəyimin havası.

Canım ocaq yeridi,
Od sinəmdə tövşüyür.
Sən elə soyuq-soyuq
Baxma, könlüm üşüyür.

Gözlərimin içində
Açar bir yaz çiçəyi.
O soyuq baxışlardan
Tökülər ağ ləçəyi.

Sən elə soyuq-soyuq
Durub baxma üzümə.
Bu ocaq yanan deyil,
Çırpı atma közümə.

Səni düşünürəm

O yanaq sənindimi,
Üstündə gül göyərir.
Bu dodaq mənimdirmi,
O yanaqdan gül dərir.

Sinə sənin sinəndi,
Payızda xırman olar.
Dilindən bal süzülər,
Dodağın şan-şan olar.

Şeh düşər gül üzünə,
Bənövşə yuxun qaçar.
Oxusan gözlərimi,
Öz eşqindən söz açar.

Qollarım sinəm üstə
Oyuncaq kağız gəmi.
Daşıyır hər gün sənə,
Gözümdən düşən nəmi.

Ay doğur, gecə keçir,
Söz düşür varaq üstə.
Mən səni düşünürəm,
Yenə ay boyu bəstə.



***
Sən yandıran o ocaqda
Yaşı qalır, quru yanır.
Az lilləndir bu dünyanı,
Lil süzülür,duru yanır.

Yalanı gizlənir şahdan,
Fərmanı gəlir Allahdan,
Balığın çəkdiyi ahdan
Balıqçının toru yanır.

Od tutur bağçası, bağı,
Enir yerə göy qurşağı,
Əyil, bax, bizdən aşağı
İsrafilin suru yanır.

Könlündən nə keçir

Könlündənnəkeçirbuyaygecəsi,
Ay işığı altda bəlkə tək olmaq.
Aldadıb gizlicə indi hər kəsi,
Nə bilim, bəlkə bir kəpənək olmaq.

Gözün elə göydə tutur səsimi,
Elə bil bir durna göl üstə düşür
Açır dodaqların qızılgül kimi,
Axşamın şehi də gül üstə düşür.

Könlündən nə keçir, quş kimi bu an
Qonub bir budağa oxumaq bəlkə.
Ya indi, bu gecə ay işığından
Özünə gəlinlik toxumaq bəlkə.

Bu gecə təzədən göyərirsən sən,
Bir az səs, bir az söz qarışığından.
Əlini uzadıb tutursan göydən,
Asılıb qalırsan ay işığından.

Təbəssümün incə,gülüşün kövrək,
Könlündən nə keçir, gözünə köçür.
Bilirəm bu gecə elə mənim tək
Bir göyərçin olmaq könlündən keçir.

NaxçıvanБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ