Xalq şairinin oğlu: "Atamın əqidə qardaşı Əli Kərim idi" - MÜSAHİBƏ

Tarix:11-06-2018, 16:15 Baxış Sayı:272

Xalq şairinin oğlu: "Atamın əqidə qardaşı Əli Kərim idi" - MÜSAHİBƏ
Manera.az Müşfiq Cabiroğlunun atası Xalq şairi Cabir Novruzla bağlı xatirələrini təqdim edir:

- Müşfiq bəy, unudulmaz Əli Kərim atası ilə bağlı düşüncələrini belə ümumiləşdirirdi ki, "Sevgisi də soyuq idi - təzə əkini hər bəladan hifz eləyən qalın qar kimi…" Hər kəs üçün doğma imza olan Cabir Novruzun təbiəti üçün də xarakterik idimi bu hal? Yəni…

- Ortaq bir məxrəc, eyniyyət təbii ki, olmamış deyil. Ancaq övlada, anaya, xalqa ehtiram, sevgi, bağlılıq hissi Cabir Novruz xarakterində bir özgə cür təzahür edirdi; atam daha çox anaya, millətə, övlada olan sevgisini imisti, qaynar, eyni zamanda da kövrək, həzin bir səmtdən sərgiləyərdi. Onun bu saydığım ünvanlara olan sevgisində heç bir pünhanlıq, pərdəlilik, necə deyim, alt qat, ehmallıq yox idi. Bu sarıdan nəyi vardısa üzdəydi… Sevgisini, sayğısını büküb-bürmələyib saxlayan deyildi atam. Daha çox hərarətli, şad-xürrəmlik yaşadan birisi idi atam. Hər şeydən əvvəl saf idi. Lap Xızı dağlarından süzülüb gələn ayna bulaqların saf suları kimi, ruh kimi, duyğu kimi. Bütün bu dəyərləri o, öz xarakterində bir araya gətirmişdi. Əslində yaranışdan beləydi. Belə formalaşmışdı. Bu, onun həyat kredosu idi və deyirdi:

İnsan gərək bütöv ola,
Hörmətində, nifrətində bir növ ola...

- Böyük rus şairi Blok şairləri üç qismə bölürdü: şairliyi şəxsiyyətindən üstün olanlar; şəxsiyyəti şairliyindən üstün olanlar və bir də şəxsiyyəti ilə şairliyi bir-birini tamamlayanlar… Bilirik ki, Cabir müəllim şairliyi şəxsiyyətini tamamlayan ədəbi simalardandı. Sizcə, nəyin, nələrin hesabına uzlaşdıra bilirdi bu dəyərləri?

- Əqidəli, bütöv olmasıyla… Atam, özünün yazdığı kimi, dünyanın ən balaca komasında, kasıb ailəsində və "payızın yerə qəm yazdığı çağlarda" dünyaya göz açmışdı. Ancaq tale elə gətirdi ki, bəxtinə düşən istedadı, xalqına sevgisi, ən yüksək səviyyədə dövlətdən gördüyü dəstəyi sayəsində atam külleyi-ərzin dörd qitəsində ədəbiyyatımızı, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi ləyaqətlə təbliğ edə bildi, sevdirdi, maraq oyatdı.

Əlbəttə ki, həyatda onun istedadına yol açan insanlar olub. Onların adlarını çəkməsəm, atamın müqəddəs ruhu məni qınayar. Təbii ki, anası Qızılgül, bacısı Balacaxanım, dayısı Xanbaba, həyat yoldaşı, irəvanlı qara xallı Səfurə, unudulmaz ziyalılar - Seyfəddin Dağlı, Mirzə İbrahimov, Nəsir İmanquliyev, İmran Qasımov… Atama sağlığında ən böyük, əvəzsiz qiymətlər ulu öndərimiz Heydər Əliyev tərəfindən verilib. Bu insanların xeyirxahlığı, nəcibliyi sayəsində Cabir Novruz cəmiyyətdə özünə mövqe qazanıb, qalxıb, ucalıb.

Onun uşaqlıq illəri müharibə dövrünə düşüb. Məktəbin birinci sinifinə gedərkən soyadı Oğuzov olub. Lakin o vaxtın amansız qanunlarına görə babası Novruz bəyin adına olaraq soyadını dəyişdirərək Novruzov yazıblar.

- Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdı Cabir müəllim…

- Hə, lap erkən… İlk şeirlərini isə Seyfəddin Dağlıya oxumuşdu. Xeyir-duasını Seyfəddin müəllim vermişdi. Və bu istiqamətdə bəxti həmişə ona yar olmuşdu. 1952-ci ildə Mirzə İbrahimovun zəmanəti ilə göndərilmişdi Qorki adına Ədəbiyyat İnstitutuna. Təhsilini başa vurub qayıdandan az sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin xatirəsinə həsr edilmiş gecədə oxuduğu şeirləri dinləyən dəyərli ziyalı, "Bakı" qəzetinin baş redaktoru Nəsir İmanquliyev atamı işə götürür. O zaman atam iyirmi beş yaşında olub. Nəsir müəllim ona əsl atalıq qayğısı göstərib. Yeddi il sonra yenə də Nəsir müəllimin qayğıkeşliyi sayəsində atam "Azərbaycan" jurnalının poeziya şöbəsinə müdir dəvət edilir. 1967-ci ildə "Ulduz" jurnalına baş redaktor təyin olunur. 15 oktyabr 1970-ci ildə Azərbaycan Yazıçılar İttifaqının katibi İmran Qasımovun təklifi və o zaman respublikamıza başçılıq edən ulu öndər Heydər Əliyevin etimadı ilə Yazıçılar İttifaqının katibi seçildi.

- Atanızın "Cabir, bu da azdı sənə" adlı şeirini dönə-dönə oxumuşam. Elə bil bütün şüurlu həyatı boyunca taleyindən keçən nə olubsa, hamısına bu şeirdə münasibət bildirib… Uğurlardan irəli gələn sevincin yaşantıları, itkilərin doğurduğu təəssüfün "yanıq izləri" də bol-boldu bu şeirdə…

- Atam həmin şeirində yazdığı kimi, ömrü boyu nə biclik, nə yalan, nə pislik, nə haram bildi. Hamını adam bildi. Yamana da yaxşılıq etdi. Halallıqla əldə etdiyi bir tikə yavan çörəyi belə Allahın xoş bəxşişi bildi. Giley-güzarı təkcə sevimlisi və dünyası olan anasını gözü görə-görə qocalan görməsindən oldu, cavanlığının əldən getməsi, qara saçının ağa çıxmasından oldu. Atam həyatı boyu sarı simə köklənmişdi. Həzin bir nəğməydi bu ömür. Yurdu kimi təkləndiyinin acısını çəkdi. Bu dediklərimin "yanıq yerləri", göynəyi şeirlərinə tökülüb qalıb; söz-söz, misra-misra. Öz içində qovrula-qovrula yazdığı sətirlər indi atamın bizdən pünhan tutduğu əzablarını ələ verir. Yeni, büsbütün fərqli bir ovqatla oxuyuram və inanın ki, tüstüm təpəmdən çıxır; yanıb-tökülürəm ki, fərqinə varmadığımız nə qədər anlarda atamın nəyə, nələrə şükür etdiklərindən xəbərsiz olmuşuq. Yəni, yetərincə şöhrətli bir şairin ən doğmaları belə çox vaxt bu gizlindən xəbərsiz olub ki, o, növbəti bircə gecəni evində yatmağına, ürəyinin bir gün də daha artıq vurmasına, bir gün də yerindən qalxıb-duranda qonumu-qonşunu sağ görməsinə necə möhtac imiş, daha bir gün də dünyanı görməyinin şükranlığını yaşayırmış. Biz ölümün onu necə təhdid etdiyindən, həyatla ölüm arasındakı qanlı savaşından elə də halı olmamışıq.

İndi atamın o misralarını oxuduqca varlığım gizildəyir. Atamın bu gəlimli-gedimli dünyayla son savaşının şəklini, surətini gözlərim qabağına gətirdikcə təəccüb qalıram ki, bu sonsuz istəkləri, yaşamaq uğrundakı savaş cənginin, ricasının, istəyinin təlatümünü atam o sakit, rahat, toxtaq baxışları ilə necə pərdələyə, pünhan tuta bilirmiş?! Bəlkə bizi üzmək istəmirmiş. Bəlkə əzabları yalqız çəkmək təcrübəsi ona "sus, ağrını, qorxunu içində çək" diktəsi edirmiş?!

Xoşbəxtliyini həmin o bir yeni gündə tapıb. O yeni gündə ki, bu barədə öz misraları danışır indi:

Üç doğma balamın tutdum əlindən,
Bir gün də onların əzizi oldum.
Ömrümün davamı nəvələrimlə
Bir gün də yaşamaq nəsibim oldu.

Atam bütün bunlar üçün şükür edir şeirində. Mənsə o günə - atalı günlərimə şükür edirəm. Atamın əqidə qardaşı Əli Kərim demiş, "necə xoşbəxtmişəm bir zaman, Allah!.."

- Cabir müəllim kimi səmimi, duyğusal insanların evi təbii ki, həm də dostların ərklə qədəm basdığı doğma ünvan olub. Belə bir ailədə böyümüsünüz…

- Gözümü açıb evimizi həmişə qonaqlı-qaralı görmüşəm. Atamın ətrafında çox insanları görmüş və onları yaxından tanımışam. Ad çəkəsi olsam, uzun bir siyahı alınar…

- Ailə başçısı kimi yadınızda necə qalıb Cabir müəllim?

- Ailə başçısı olaraq həmişə qayğılarımızla yaşayırdı. Asudə vaxtlarını ailəsinə ayırırdı. Atam bölgələrdə oxucularla görüşə dəvət olunanda çox vaxt məni də özüylə aparırdı. Yayda "Zuğulba" pansionatına istirahətə gedirdik. Atamın hesabına dəyərli ziyalılarımızla münasibətimiz yarandı.

- Eyni zamanda, qonşularla da…

- Qonşularla münasibəti çox yaxşı idi. Hər birinin xeyrində-şərində yaxından iştirak edirdi. Atam Milli Məclisə Abşeron rayonundan deputat seçilmişdi. Buna baxmayaraq, qonşuların müraciətlərini yerinə yetirirdi. Qonşular qışda qızdırıcı vasitələrin olmamasından əziyyət çəkirdilər. Atam bu çətinliyə birdəfəlik son qoydu. İndiyə qədər qədirbilən qonşular onu ehtiramla yad edirlər.

- İşdə üzləşdiyi çətinlikləri ailədə hiss etdirirdimi?

- Yox… Ancaq bilirəm ki, "Ulduz" jurnalında işləyəndə təzyiqlərə məruz qalmışdı. Hamı onu cəsarətli redaktor kimi qəbul edirdi. Anarın, Elçinin, Sabir Əhmədlinin əsərlərini senzura ilə baş-başa dayanaraq çap etdirmişdi. Sağ olsun bizim köhnə qonşumuz, xalq yazıçısı Anar, həmişə müsahibələrində, yazılarında atamın redaktorluq fəaliyyətinə yüksək dəyər verir. Yeri gəlmişkən, o, atamın 65 illiyində "Şair ləyaqəti" adlı məqalə yazmışdı… heç unutmuram, 1993-1995-ci illərdə atam heç yerdə işləmədiyi vaxt onun yeni şeirlərini Aqil Abbas "Ədalət" qəzetində çap etdi. Minnətdarlıqla xatırlayıram. 1995-ci ildə isə atam ulu öndərə həsr etdiyi "İxtiyarım olsa idi" poemasını qələmə aldı.

Atam o dövrün istedadlı gənclərindən Sabir Rüstəmxanlı, Davud Nəsib, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Ofelya Babayeva, Ağasəfa, Taleh Həmid, Eldar Nəsibli, Adil Cəmil və başqalarına daim qayğı göstərib…

- Sizcə, Cabir Novruz bu gün hansı şeirlərində daha çox yaşayır?

- Deyim ki, "Gecikmiş məhəbbət"də… Atamın bütün səmimiyyəti, duyğusallığı və əhdə sədaqətli olması bu şeirdə cizgilənib. Yer üzündə yaşayan hər bir insanın könül döyüntüsü, təəssüfü, hicranı boy göstərir bu şeirdən:

Sən gizli gəlmisən ömrümə, inam,
Bu gizli eşq ilə yaşayacağam.…
Dünyanın ən ağır yükü sayılan
Gecikmiş məhəbbət daşıyacağam.

Hər kəsə necə də doğmadı "düşüb qarış-qarış izinə sənin, əzbərləyəcəm yollarını mən", "Bir gün bu dünyadan sənin adına çıxıb gedəcəyəm, bilməyəcəksən" beytləri. Ya elə bu misralar:

Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm...

...Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.

Təsəvvür edin, indi mən özüm atamı onun bu kövrək misraları ilə baş-başa xatırlayıram. Elə bil mənim dilimdən özünə elegiya yazıb. Bizə anlatmaq istəyib ki, belə sevin, belə xatırlayın və belə yaşadın… Təbii ki, sevilən, dillər əzbəri olan çoxsaylı şeirləri də var. Hər birinin də öz ovqatı, nəğmə əsintisi… Atam xeyirxah adam idi. Yaxşılıq etməyi sevirdi. Bu, onun həyatıydı. Özü yaxşı yazıb: "Yaxşılıqla məhv edirəm pislikləri…" Pislik anlayışı ona yad idi. Ona görə də rahat köçdü dünyadan. 2002-ci ilin on iki dekabrında Təzə Pirdən gələn azan səsinin sədaları altında, səhər tezdən saat yeddinin yarısında yetmiş yaşına üç ay qalmış qovuşdu əbədi dünyasına… Hərdən şükür edirəm ki, dünyadan zamanında köçdü, sevimli övladları Mirzənin, Vüqarın dünyadan vaxtsız, cavan yaşlarında köçmələrinin dağını görmədi…

Xalq şairi Cabir Noruzun "Sağlığında qiymət verin insanlara" şeiri onun poeziya dünyasında mühüm əhəmiyyət kəsb edir. Şairin adı çəkiləndə bu məşhur, fəlsəfi fikir oxucular tərəfindən zərb-məsəl olaraq əzbər deyilir, hafizələrdə yaşayır. Məhz dahi şəxsiyyət Heydər Əliyev şairə sağlığında qiymət verib. 1971-ci ildə Heydər Əliyevin tapşırığına əsasən şəhərin mərkəzində mənzillə təmin olunub, Əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülüb. Yoxluğunda isə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq xalq şairinin "Seçilmiş əsərləri"nin bir cildliyi 25 min tirajla nəşr edilib, adına Xızının Sitalçay qəsəbəsində orta məktəb, yaşadığı binaya xatirə lövhəsi barelyef vurulub. Onun vəfatından 15 il keçməsinə baxmayaraq, kitabları nəşr edilir, sözlərinə yazılmış mahnılar səslənir, televiziya və radioda verilişlər hazırlanır. Hörmətli ziyalımız, bu yaxınlarda Prezidentimiz İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli Sərəncamına uyğun olaraq "Vətənə xidmət" ordeni ilə təltif edilmiş, professor Cavanşir Qurbanovun prezidenti olduğu "Cabir Novruz" Mədəniyyət Fondu "Sağlığında qiymət verin insanlara" rəmzi altında fəaliyyət göstərir. İlk növbədə Cabir Novruzun şeirləri və insanlığı yaşayır:

Əbədi yaşaram mən bu cahanda,
Xeyir taparsınız şeirlərimdən.
Bir vaxt bu dünyada mən olmayanda,
Məni taparsınız şeirlərimdə.

İndi baxıb görürəm ki, atam "Məni taparsınız şeirlərimdə" deyərkən nə qədər haqlı imiş…

"Ədəbiyyat qəzeti"
Söhbətləşdi: Sərvaz Hüseynoğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ