İlantutan.. - Şakir Paşanın 60 yaşına

Tarix:10-06-2018, 13:42 Baxış Sayı:529

İlantutan.. - Şakir Paşanın 60 yaşına
Zaman içimizdən ilan soyuqluğu ilə keçir. Rəqəmlərə dolaşa-dolaşa... İzsiz-tozsuz... Yaşa dolduqca bizi “isidən”və üşüdən həmin soyuqluq olur. Ara-sıra qıvrılıb, yumalıb sıfır şəklini alanda, sadəcə, diksinirik. Məsələn, bu cür: : 60. Tələbə dostumuz Şakirin də 60-a çatdığını və ya ilanın sıfıra dönüşünü görəndə bərk üşüdüm. (Bunu Nəriman Əbdülrəhmanlının 60-ında da hiss etdim) Amma xeyri nədir?! İlan yenə öz yolunu davam edir:

“Biz iki “yetim” – Şakirlə mən, (Qrupda atalarını hamıdan tez itirən biz idik. Sən demə, bizə “xüsusi” diqqətin bir səbəbi də buyumuş. Bunu qırx üç il keçəndən sonra, yəni, bu yaxınlarda Hacı “qəddarcasına” dedi mənə) boynumuzu büküb durardıq. Hacının söylədiklərinin həqiqət olduğuna inansaq, bu andıra qalmış boyunlarımızı heç bir zaman büküb eləməzdik. “Kasıb” qürurumuz qoymazdı! Biz haradan biləydik ki, boynubüküklük köhnə arxetipdir və həm də atasızlığı simvollaşdırır...” (“Altmışdan o yana...”. Adil Həsənoğlu haqda essedən).

Hər hansı bir mətn də ilanın özüdür ki, var. Biz isə ilantutan. Mətnlərin canımıza yeritdiyi zəhər tədricən öz işini görür. Hamımız “zəhərlənmişik”. Əziz dostumuz Şakir bizdən betər zəhərlənib. Olsun ki, bunu çox da hiss eləmir. Çünki ruhunun müqaviməti güclüdür. Paytaxta məndən bir az yaxın yerdə – Cəlilabadda oturub öz müəllimliyini edir. O bölgədə yaşayanların heç birisi onun öz sənətinə dəlicəsinə vurğunluğuna və peşəkarlığına şübhə edə bilməz.

Amma onun parlaq istedadının başqa tərəfini çoxluq görməyə bilər. Bu, təbiidir. İstisnalar da təbii ki, vardır. Nədir onun bu istedadı?! Cavab: Professional İlantutan olmağı... O, mətnin yumşaq ilan soyuqluğunu əvvəlcə hiss edir, sonra ehmalca onunla oynayır və müqavimət dərəcəsini aşkar edəndən sonra elə havadaca tutur və özününküləşdirir. Necə deyərlər, ilan artıq torbadadır... Onun bu istedadını N.Əbdülrəhmanlı çoxdan “kəşf edib”. Hələ Zakir Məmmədi demirəm... Əzizimiz Rəşid Bərgüşadlı isə ona Ustadı kimi baxır və bununla qürur duyur.

Şakirlə ikicə dəqiqə (Deyəsən, çox oldu!) danışan hər hansı bir ədəbiyyat və ya dil alimi öz heyrətini o andaca bildirir. İlk sualları da bu olur: Hansı ali məktəbdə işləyirsiniz? Elmi dərəcəniz nədir? Bir neçə günün söhbətidir, Avdı Qoşqarın yubileyində çox dəyərli alimimiz, ədəbiyyatşünaslıqda yeni üslubun daşıyıcılarından olan Rüstəm Kamal bu əyalət müəlliminin intellektual səviyyəsinə və akademik təhlillərinə heyranlığını gizlətmədi. O cümlədən, söz xiridarı Qardaşxan Əzizxanlı da...

Hər dəfə yazarlar (Və hər yaşda olanlar vardır!) oxucu qıtlığından söhbət salanda dodaqlarıma acı bir təbəssüm qonur. Dediklərindən belə çıxır ki, oxucuların onlar qarşısında xüsusi öhdəlikləri vadır. Sözə, ədəbiyyata sağmal inək kimi baxan o yazarların niyyətləri əslində ayrıdır – bu, totalitar dövründənqalma düşüncə modelidir: Məni daha çox oxuyurlar və mən daha çox südə layiqəm! Buyur, bu da sənin bir bidon südün! Sonra?! Sən, sənin böyründə olan Oxucunu görmürsən, gedib paytaxtın dolaşıq, qorxunc küçələrində muzdla “tənqidçi” tutursan və o da sənin mətnini tərif atəşinə tutur və anlamırsan ki, o güllələr əslində sənə və sənin məchul gələcəyinə atılır. Balalarının boğazından kəsib bunu eləyənləri görəndə isə lap dəhşətə gəlirəm!

Şakir Paşa kimi (Bu təxəllüsü ona bütün məsuliyyətimlə aid edirəm!) bir oxucusu olan (Çoxdur onlar!) bölgə yazarları heç bir zaman buna getməməlidir. Ümid edirəm ki, belədir! Özüm də Şakir Paşadan çox şey öyrənirəm və bu prosesin sonu yoxdur.

Vaxtilə yazmışdım: “Yazıçı ictimai rəy maşınındadır.Çox məmnun görünməyə çalışsa da, narahatdır. Bəlkə o, “ic¬ti¬mai” sözünün doğuracağı “fəsadlar”dan qor¬xur? Deyəsən, elədir. Bəs niyə bunu əvvəlcədən düş¬ün¬mə¬miş-di? “Mən kütlə üçün yaz¬mı¬ram” fikri onu didir. Lüt¬fən, deyin: Bəs kim üçün yazırsınız? Axı, sə¬ni oxuyanlar da kütlənin içərisindən çıxanlardır!

Yeraltı, yerüstü, göy və göyüstü sərvətlərin ən alisi sözdür ki, ha¬mıya çatar. “Yazıçı” sözünün “yaz” felindən deyil, “yazı” is¬min¬dən yarandığı, məncə, hamıya bəlli”.

Bu, sözün bitdiyi yerdir... Və ya özü demişkən: “Sözlə ifadə oluna bilməyən səviyyələrdə susmaq lazımdır”.

Şakir Paşa çox təvazökardır. İmkan verməz ki, haqqında nəsə deyək və yazaq. Ədəbiyyat haqqında söhbətlərini (Bunlar sıradan adi mülahizələr deyil, əsrarəngiz fəlsəfi fikir və düşüncə qumbaralarıdır) sosial şəbəkələrdə səxavətlə paylaşır, həm də zövqündə olan mətnlərə ürək genişliyi ilə rəylər yazır. 2-3 ay bundan əvvəl istedadlı qələm adamı Şakir Xanhüseynli çox maraqlı bir çaba göstərib Şakir Paşanın zaman-zaman onun şeirlərinə yazdığı rəyləri bir yerə toplayıb bütöv bir mətn halında təqdim etdi. Çox maraqla qarşılandı. Dostlarının lap ürəyincə oldu. Çünki bu barədə Şakrirə çox demişdik. Biz deyirik, o da eşitmir. Görünür, onları bir yerə toplayıb kitab halında çap eləmək bizim boynumuza düşür. Sağlıq olsun!

Nədir Şakir müəllimi bizə bu qədər sevdirən və doğmalaşdıran?! Əgər onun fikirlərini biməsəydim, tezcənə cavab verib naqolay vəziyyətə düşərdim: “...Dərhal suala cavab verən adamlar sonradan cavabı mükəmməlləşdirmək üçün əvvələ qayıdırlar”. (Şakir Paşa)
Zaman insanların arasından sürünə-sürünə çıxıb gedir. Soyuqluğunu köynək kimi soyunub gedir. İlantutan olmasaq da, ilan köynəklərini yığmağa çox israrlıyıq...

Sizə aşağıda təqdim elədiyimiz fikirlər də 2018-ci ilin yanvarından bu yana Şakir Paşadan adda-budda yığdığım ilan köynəkləridir. Köynəklər ilanların zəhərli olub olmadığını heç bir zaman işarətləyə bilməz. Bəlkə də bilər... Amma siz qorxmayın, yaxına gəlin...
İlantutan.. - Şakir Paşanın 60 yaşına


FİKİR QUMBARALARI...

(Şakir Paşadan...)


...Demək, müqaviməti kənara atıb insanların çoxunu və hər şeyi olduğu kimi qəbul etməkdən və bağışlamağı öyrənməkdən qabaq böyük əzab yaşamaq lazım imiş...

***
Necə olduğunu bilmirəm, amma oxuduğum əsərdə gözlə görülməyən nəsə dərk edəndə əsərin daxili ruhunu hiss edə bilirəm, zamanın və idrakın əsarətindən xilas oluram, ənənəvi yanaşma, trafaret fikirlər təkrarlanmır və istənilən halda sən aşkar dünyaya bağlılıqdan azad olursan,zamanın hüdudlarından kənarda elə bir geniş, ucu- bucağı olmayan, müqəddəs bir şeylə vəhdətdə olursan ki, ilk anlarda onu sözlə ifadə etməkdə çətinlik çəkirsən...

***
...Tək qalanda rahatlıq tapa bilmədinsə, yaratdığın münasibətlərdə də həmin narahatlıq özünü başqa bir formada göstərəcək, hər iki haldan qurtulmaq üçün içinə düşdüyün vəziyyəti tam olaraq qəbul etmək lazım, bu mərhələdən sonra " müalicə" proseduru effekt verə bilər...


***
...Yalnız içindəki sakitlik ətrafdakı səssizliyi qavramağa qadirdir, çünki sükut mövcudluğun daha güclü daşıyıcısıdır...


***
“Və s.” hərflərini “və başqaları” mənasında düşünmək və bununla məhdudlaşdırmaq olmaz, həm də belə anlamaq olar – “Qoy oxucu dərk etsin ki, haqqında danışa biləcəyimiz çoxlu başqa şeylər də var və bu barədə hələ son sözü deməmişik...”

***
Əsərdə işarələri oxumaq lazım,əsərdəki yağışın,küləyin səsini hiss etmək lazım,çünki Mətndə bunlar da diqqət etdiyimiz hadisə və obrazlar qədər əhəmiyyətlidir,belə olduqda oxucu əsərə haradan işıq düşdüyünü hiss edər,əsərdəki dünyanın sirlərini aça bilər...Mətn səninlə həmsöhbət olmasa,Mətni özündən keçirə bilməyəcəksən, ya gərək sən Mətnin dilində danışasan,ya da Mətn sənin hiss etdiklərinin dilində danışa...


***
Əgər təhtəlşüurdan gələn siqnallar bir sistemin, siqnalların kodlaşdırılması isə başqa bir sistem vasitəsilə edilirsə,onda şüurumuza daxil edilən obraz, səs, hislər və s. haqqında dərk edilən məlumatlara malik olmayacağıq, siqnallarla əldə edilən məlumatlar arasında xeyli boşluqlar yaranacaq, siqnallar öz mahiyyətinə uyğun olaraq kodlaşdırılmayacaq...


***
...Hər bir səhv içində doğruya gedə biləcək bir yol olmalıdır-görə bilmədiklərimizi yoxdan saymaq tələsik çıxardığımız nəticədir...


***
...Seçim haqqı tanınmalıdır, ola bilər ki, söylədiklərin doğrudur, amma bu doğruların "həzm edilməsi" məcburi şəkildə mümkün deyil, zaman istər, doğruluğuna şühbə etmədiklərini məcburi verməyə çalışarkən əks reaksiyalar yaranır, çünki elə anlaşılır ki, səni nəyəsə məcbur edirlər...


***
...Sevilməyən müəllim nə qədər savadlı olursa-olsun, nə qədər mövzunu mükəmməl izah edirsə-etsin, son nəticəsi nəticəsiz olacaq, çünki sevgi ilə ötürülməyən materialın şagirddə “yaşaması” mümkün olmur...


***
...Mefafizik gücə malik olan yazar üçün insan ruhunun “boy verməyən” dərinliklərində işləmək rahatdır, çünki qarşısına çıxa biləcək əngəlləri ruhun böyüklüyü ilə dəf edə bilir...


***
...Bizi inkişafdan saxlayan nəsihətlər oldu, əməl etməyənlərin nəsihətləri bizdə kompleks yaratdı, indi biz də o yolun davamçılarıyıq, gəldi- gəlmədi nəsihətlər veririk, əslində isə özümüz də bəzən hiss etmədən bizə edilənlərin intiqamını alırıq və dairəni qapatmaqla məşğuluq...


***
Qəbul etmək zaman istər - kimisə gəldi-gəlmədi tənqid edəndə heç düşündükmü, hansımız üzümüzə söylənilən mənfi cəhətlərimizə dözə bilirik?!..


***
“Addım atmaq əvəzinə, atılan addımları tənqid etməkdə” maraqlıyıq, lazım olan yerdə və məqamda söz demək əvəzinə, danışmamağı, susmağı üstün tuturuq və bunu böyüklük hesab edirik...


***
Bir şeyi verilmiş zamanda, verilmiş kontekstdə həm mövcud olan, həm də mövcud olmayan kimi izah edə bilirik - bir mülahizəni konteksti, zamanı, müşahidələri müxtəlif səviyyələrdə nəzərə alaraq həm doğru, həm də yanlış kimi dəyərləndirə bilərik, amma əslində isə mülahizə ya doğrudur, ya yalandır: İki əks mülahizə eyni zamanda həm doğru , həm də yalan ola biıməz. Bir əsər haqqında bir- birini zidd olan iki yazını oxuduqdan sonra subyektiv fikrimi yazdım...


***
...Birinci halda hiss edirik ki, bizim fikir və emosiyalarımız xarici aləmə- orada rastlaşdığımız hadisələrə, təcrübəyə və sözlərə çıxır. Bu baş verərkən şüurumuz orada tapdığımız informasiyanı qəbul edir, sonra bu məlumatı reprezentasiya edir, onları işləyir və müvafiq surətdə onlara cavab verir, ikinci halda isə biz öz fikir və emosiyalarımızı özümüzdə əks olunmuş kimi hiss edirik, bu halda refleksiv şüurumuza giriş əldə edilir, daha yüksək məntiqi səviyyəyə qalxırıq, bu mərhələdə bizim fikir və hislərimiz daha xarici aləmdəki şeyləri görmür, bunun əvəzində daxildəki şeyləri qavrayır.


***
...Əgər hesab edirsənsə, «heç nə bacarmayacağam", " heç nəyi düzgün edə bilmirəm", "müvəffəqiyyətə haqqım yoxdur", onda bu bəyanatlarda yerləşən psixoməntiq sənin necə danışmağında, yeriməyində, düşünməyində, hiss etməyində, özünü təsəvvür etməyində özünü göstərəcəkdir...


***
...Özdərketməni dərk etmək daha yüksək dərketməyə keçid olar, bu zaman şüurumuzun məzmununu yığmağa, əşyaları klassifikasiya etməyə, kateqoriyalara ayırmaq və abstrakt məfhumlar yaratmağa imkanlar qazanılar...


***
“Mən heç zaman dəyişməyəcəyəm", "Bu, mənim taleyimdir", "Ümid etməyə dəyməz ki, nəsə dıyişəcəkdir", " Mən uğursuzam və bu, həmişə də belə olacaqdır" və s. bu kimi nəticələr insanın psixoloji əzabını artıracaq və sonda özünü doğruldan proqnoz kimi qəbul ediləcək, çünki sən belə istəyirsən, distres vəziyyət
fərqli baxışlara imkan verməyəcək...


***
Boş vermək, dərs almaq və yolumuza davam etmək lazım, çünki keşmişdəki yanlışlıqlarda ilişib qaldıqca daha çox enerji və gücü o yanlışlıqlara xərclənmiş olur, düşünmək lazım ki, kimsə mükəmməl deyildir, etdiyimiz yanlış üçün və ya peşman olduğun bir şey üçün davamlı şəkildə üzülməyə dəyməz, özünü bağışlamağı bacaracaqsan...


***
...Dünyanın ən gözəl duyğusu bir xəyalı gerçəkləşdirmək üçün çox çalışmaqdan sonra “görülməli işlər” səhifəsində o maddənin üstündən xətt çəkməkdir...


***
Başqa insanların düşüncə və dəyərlərini həyatına daxil etdikcə başqalarına sənin həyatına diqtə etmək icazəsi vermiş olursan və belə həyat sənin olmaqdan çıxır...və sən özünü bilirsənsə, başqa insanların sənin haqqında nə düşündükləri umurunda olmamalıdır...


***
...Aşırı ümumiləşdirmələr bizi hər şeyə " ya hər şey, ya heç nə" mövqeyindən yanaşmağa məcbur edir, bu da bəzən həyatımızın müxtəlifliyini, keyfiyyətini məhdudlaşdırır, nəticədə konfliktləri taktiki şəkildə həll etmək, yeni davranış variantlarını tədqiq etmək, yeni ideyalar irəli sürmək, keçmişini geridə buraxmağa imkan verəcək effektiv strategiyalar olmadan həyatda addımlayırıq...


***
...Spesifik bir halı götürərək onu bütöv bir kateqoriyaya qədər ümumiləşdirdiyimizdən məqsədə birinci həmlədə çatmadığımızı uğursuzluq hesab edirik, əslində isə uğursuzluq məqsədləri yenidən müəyyən etməkdə və onlara çatmaqda və ya uğursuzluğa münasibətdə başqa yanaşmalar məqsədə yetməkdə köməklik edər - insan nədənsə“bataqlığa batıb”, öyrənmək, yenidən cəhd etmək istəmir...


***
Biz çox zaman meydana gəlməsini izah edə bilmədiyimiz nəticələri təhlil etməkdə aciz qalırıq və tez- tez “Bu, necə oldu?”, “Bu, mənim beynimə batmır”,”Mən bunu anlaya bilmirəm” və s. bu kimi cavabını tapa bilmədiyimiz gərginliklər içərisində qalırıq, çünki nəticələrin strukturu və sürəti qavrayışımızın xaricində qalır, onların formalaşma prosesində bizə məlum olmayan tətbiqi nöqtələr işə salınır və bunun nəticəsində tamam fərqli bir mental və emosional aləmdə özümüzü aciz hiss edirik , özümüzü itirmiş vəziyyətdə " Bunları mən düşünməmişdim" deyirik, bu prosesi necə anlamaq və izah etməyi bilmədiyimizdən tamamilə anlayışsız qalırıq, çünki yalnız müşahidəçi olduğumuza görə bu fenomeni izah edə biləcək modelə sahib deyilik..


***
...Əgər yazıçı dilin təfəkkür, ünsiyyət və qarşılıqlı münasibətlər üzərində sehrli hakimiyyətini lazımınca dəyərləndirə bilsə, sehrin sirlərindən agah olmaqla yaradıcılığını zənginləşdirə bilər, belə yanaşıldıqda şüura hansı nöqtələrdə təsirin mümkün olduğunu anlayar, sehrin təsir nöqtələri haqqında məlumatları artar...


***
...İdarə edilə bilən fantaziyaların köməyilə şüuru yeni resurslar axtarmağa yönəltmək yazıçını oxucudan fərqləndirən fərqli keyfiyyətlərdəndir, həm də belə olduqda təhtəlşüurdan ötürülən sehri mənimsəməyə və onu həm öz ürək və ağlına, həm də digər insanların ürəyinə və ağlına təsir edə biləcək şəkildə işlətməyi bacaracaq...


***
Dil sözlə onun işarə etdiyi bir şey arasında bağ yaradır, işarə dəyişdikdə bağ gərilir, qırılır, ya da başqa bağlara dolaşır, nəticədə dillə söz arasında xeyli boşluqlar yaranır, məcbur olursan ki, “söz oyunu” ilə boşluqları doldurasan...


***
Dil bizə şüurumuzun məzmununu yığmağa, əşyaları klassifikasiya etməyə, kateqoriyalara ayırmaq və abstrakt məfhumlar yaratmağa imkan verir, sözlərdən istifadə etmək isə bizə gördüklərimizi, eşitdiklərimizi və hiss etdiklərimizi şərh etməyə imkan verir...


***
Harada olduğunu dəqiq təyin etmənin mümkün olmaması, yəni konteksti daim izləmənin mümkün olmaması çox vaxt ötürülmüş informasiyanın düzgün qavranılmamasına gətirib çıxarır, çünki informasiya müvafiq kontekstdə dəqiqdir, əgər biz “harada olduğumuzu” bilmiriksə, müvafiq konteksti format edə bilmərik...


***
...Heç nə zaman axınında eyni halda qalmır, çünki dinamik proseslər aləmində eynilik mövcud deyildir, hər şey hər anda fərqlidir və demək, yalnız fərqliliklər mövcuddur...


***
...Əgər məntiqi təfəkkürümüz bizə avtomatik olaraq siqnallar vermirsə, demək, nə isə doğru deyil, biz nəinki bələdsiz qalırıq, həm də məntiqsiz formalara inanmağa başlayırıq - təhriflər barədə bilgili olmaq bizim ən yaxşı müdafiəmizdir...


***
“Niyə siz bunu etmək istəyirsiniz?”,"Niyə bu, sizin üçün vacibdir?", "Niyə siz özünüzü belə aparırsınız?" və s. "niyə" ilə başlanan suallar spesifik problemlər yaradır, bir qayda olaraq, belə suallar ona gətirib çıxarır ki, adam səbəbləri izah etməyə başlayır, rasional əsaslandırmalarla bəraət qazanmaq istəyir, daim müdafiə mövqeyində dayanır, çox zaman isə "niyə" sualının qarşılığında dəqiqləşdirici informasiya əvəzinə, "ona görə ki"ni alırıq...


***
...Dildən effektiv, peşəkarcasına,inandırıcı şəkildə istifadə etmək üçün biz onun necə işlədiyini, bizi necə ovsunladığını, mənfi trans vəziyyətləri necə dağıtdığını,onunla nə etdiyimizi bilməliyik, hər hansı bir uzaq məsafəyə çatmaq istədikdə dilin " reaktiv mühərriki"ni işə salmağı öyrənməliyik, belə olmazsa, dilin dərk edilməmiş işləkliyi dərk edilməmiş qalacaq və bizim sərəncamımızda mövcud şeylərin daha çox zahirini ifadə edən variantları olacaq...


***
... Bəlkə də, çoxumuz hiss etmirik ki, biz eyni zamanda iki səhnədə çıxış edirik--daxili aləmimizin səhnəsində və bunun tamamilə əksi olan başqa bir xarici səhnədə...


***
...Özünəməxsus təfəkkür tərzi olmayan adamlar arasında boğulursan, hələ bu azmış kimi səni sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar, çünki sürü qanunlarını pozmaq olmaz-- fərqlilik hər bir anlamda bu adamların ölümüdür...


***
...Şeir həm də odur ki, "oxuduqca itirdiyin hər şeyi və hər kəsi sətirlərdə tapırsan" və qəfildən anlayırsan ki, heç nə, heç kim heç yana getməyib, sənin " gözlərinin açılmasını" və bir gün dönəcəyini bilə-bilə gözləyib...


***
"Sözlərin dilini biləndə" məzmun rəngarəngliyi yaranır, forma eyniyyəti yoxa çıxır, çünki hər bir söz özündən arxaya xeyli işarələr buraxır...

Bütün mümkün olan qorxulardan, dəyərsiz komplekslərdən, günahkarlıq hislərindən azad olmaq lazımdır ki, niyyətin yaranması və onun həyata keçməsi üçün ruhumuz və bədənimiz xüsusi vəziyyətə daxil olsun, əslində niyyət və məqsədlərin quruluşu bir oyundur, bu, ondan ötrü lazımdır ki, daxilimizdə düşüncələrin, emosiyaların hərəkəti oyansın, bunların nəticəsində isə həyatımıza hökmən harmoniya və bütövlük gələcəkdir..


***
Əgər öz dünyamızı yarada biliriksə, deməli, onu dəyişə də bilərik, onda həyatımızda nə isə çatışmırsa, hansısa ədalətsizlik varsa, o zaman özünü qurban kimi hiss etmək lazım deyil, kimisə günahlandırmaq da lazım deyil, həyatında baş verənlərin səbəbi yalnız xarici mühitdə axtarmağın səni yalnışa aparacaq, daxilinə də diqqət etmək lazım, dəyişməyi özündən başlaya biləcəksənsə, xaric də dəyişəcək, çünki bu dəyişmə prosesində sənin xaric haqqında fikirlərin də dəyişəcək--sadəcə, özün dəyiş, o zaman hər şey dəyişəcək, nədənsə qaçırsansa, deməli, bunun arxasında özünə belə etiraf edə bilmədiyin hansısa qorxu və ya ağrı var...


***
Hər kəsin iştirakı ilə, hər kəsin gözü qarşısında təhsilin bel sütunu sındırılır və hər kəs bunu görməzdən gəlir, çünki hər kəs paxırının açılacağından qorxur - hər kəs faciəyə öz " töhfə" sini verməkdədir...


***
Yazıçı " şəxsi məsələlərdən başlayıb, sonradan cəmiyyət, dövlət və dünya ilə əlaqə yaratmaqla" öz üslubunu müəyyənləşdirə bilər, belə olduqda yazıçı "yaza- yaza yenidən doğulmaq" vərdişinə yiyələnər...


***
...Ədəbiyyata məbəd kimi baxanda fərqli baxışlar heç cür qəbul edilmir...


***
...Oxuduğumuz bir əsər haqqında fikir yürüdə bilməyəndə " bu, mənim həmişə duyduğum və düşündüyüm, amma ifadə edə bilmədiyim fikirləri ifadə edə bilib" kimi cümlələr köməyə çata bilir...


***
...Elə insanlar var ki, dəlilə və təhlilə ehtiyac duymadan, bilinməsi əhəmiyyətli olan şeyləri bilir, başqalarına gizli qalan şeyləri kəşf edir və zahirən bir-biri ilə əlaqəsi olmayan məsələlər arasında məchul əlaqələri görür, gizli xəzinələrin varlığını aydınlıqla dərk edir...


***
...İnsan bir daha dönmə qərarı alınca, bəlkə də, birilərini aramaq gərəkliyini düşünür, birilərini aramaq və içini tökmək, nələr olduğunu açıqlamaq, yenidən başlamaq üçün bir şans istər, amma yenidən başlamaq adlanan bir şey yox, sadəcə, qaldığın yerdən başlaya bilərsən...


***
Əsl yaradıcı həyat haqqında az bildiyimiz üçün o qədər də əziyyət çəkməli olmuruq, bizlər həyat enerjisindən aşağı səviyyədə yaşadığımıza görə özümüzü məhdudlaşdırmağa, "olmaz"lara öyrəşdirmişik, çərçivələrə salmışıq, buna görə də bizim kimi olmayanları "dəli" hesab edirik, onlardakı kompleksizliyi qəbul edə bilmirik - altşüurla işlənən əsərləri qəbul edə bilməməyimizin səbəblərindən biri də budur, bizi "toxuna bildiyimiz" əsərlər cəlb edir, toxunmaq istədiklərimiz yox...


***
Məsələnin mahiyyətini anlamadan, işin sonunu gözləmədən kor-koranə axına qoşulub etiraz edənlərin də, tərəfdar çıxanların da sayı günü-gündən artmaqdadır, sanki adamlar düşünməkdən, mövqe nümayiş etdirməkdən çəkinirlər... ...


***
...Əsərdə rastlaşdığın elə məqamlar, elə hislər var ki, nəinki yaxınlarına, dost hesab etdiklərinə, hətta özünə belə deməkdən qorxursan, düşünürsən ki, sanki yazıçı həyatımızın içindən keçmişdir, ona görə belə əsərləri, sadəcə, oxumursan, onunla yaşayırsan, içindəki əzablara, deyə bilmədiklərinə sanki tərəfdaş tapırsan...


***
...Psixologizmlərə ifrat aludə olan əsərlər gəldi-gəlmədi xırdalıqlar edən müğənnilər kimidir--xoş gəlir, arxasınca gələn təkrarlar isə bezikdirir--sonadək nə oxumaq,nə də dinləmək olur...


***
Sizinlə danışmaq istəyən adam tamam fərqli düşünür: “Həyat bizə sonsuza qədər sirr kimi qalır, hərçənd həyatdan başa aça bilməsək də, yenə də sonsuz həyat istəyirik, "sonsuz həyat necə olur?" bu sualın cavabını da bilmirik və özümüz də anlamadan sonuna qatlaşa bilməyəcəyimiz bir həyat arzulayırıq...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ