Kitablaşan zaman və ya kitablaşan talelər

Tarix:9-06-2018, 20:05 Baxış Sayı:292

Kitablaşan zaman və ya kitablaşan talelər

“Taclı”nı, əslində tam adı “Taclı. Şah, Şah(Bəyim), Şah(zadə)” olan kitabı oxuyub bitirdim. Yazıçı Nəriman Əbdülrəhmanlının 2017-ci ildə nəşr olunan roman-triptixini deyirəm. Bundan sonra mən əsərin adını elə qısa şəkildə “Taclı” kimi verməyi düşünürəm. “Əsəri bir nəfəsə oxudum” deməyim yalan olar. Nədən ki, bu cür əsərləri ara vermədən, nəfəs dərmədən oxumaq mümkün deyil. Çünki təqdim olunan materialın bolluğu, baş verən hadisələrin böyük bir coğrafiyanı əhatə etməsi, çoxsaylı obrazlar qalereyası, təxminən yarım əsirlik bir dönəmdə baş verən prosesləri izləmək və onların bir-birilə bağlantısını olduğu kimi qəbul etmək, dönəmin tarixi, dini-fəlsəfi, hərbi, ədəbi-bədii terminologiyasını anlamaq üçün oxucudan müəyyən hazırlıq, müəyyən vərdiş tələb olunur.

Nəriman Əbdülrəhmanlını oxuculara xüsusi təqdim etməyə heç bir ehtiyac yoxdur. O üzdən ki, artıq onun hekayə və povestləri, tarixi və müasir mövzuda qələmə aldığı romanları, eləcə də tərcümələri, kino ssenariləri, publisistik yazıları oxuculara çoxdan tanışdır. Elə bu səbəbdən də birbaşa “Taclı”nın məndə yaratdığı ovqatı, ondan aldığım təəssüratı verməyə çalışacam. Bir onu qeyd edim ki, oxucu “Taclı”ya qədər ayrı-ayrı müəlliflərin qələmindən çıxmış yüzlərlə tarixi roman oxumuş ola bilər və “Taclı”dan sonra yazılacaq yeni tarixi romanları oxumağa da hazırdır.

“Tarix” nədir kimi, ilk baxışda sadə, bəsit görünən bir suala minlərlə, bəlkə də milyonlarla cavab almaq mümkündür. Bu suala hərənin özünəməxsus bir cavab verməsindən və alacağımız cavabların bir-birindən kəskin şəkildə, az qala, yerlə göy qədər fərqli olmasından təbii də heç nə yoxdur. Bu sadə suala kiminin cavabında dünənin, başqa birinin cavabında bu günün, bir başqasının cavabında isə sabahın izlərini sezəcəyimizi də unutmamalıyıq. Bir başqa yöndən baxanda bu üçünün bir arada görünməsini də qəbul etmək və bu üç zaman diliminin sintezdə çıxışını təsdiqləməkdən özgə çarəmizin qalmayacağını da söyləməkdən özümü saxlaya bilmirəm.

Bizim tarixi şəxsiyyətləri, tarixi hadisələri mühakimə etməklə, onları çağımızın meyarları ilə dəyərləndirməmizin nə dərəcədə düzgün olduğunu ortaya atmağımızın fərqli cavablar alacağımız da fəhm etməliyik. Bizim inkarçılığımız, nihilizmimiz də heç nəyə yaramayacaq. Mənim şəxsi qənaətimə görə, tarix yaşanmış, keçilmiş zamandır və biz istəsək də, zamanın tarix adlandırdığımız kəsimində heç cür düzəliş edə bilməycək, heç bir korrektə apara bilməyəcək qədər acizik və bunu etiraf etməkdən savayı bir yolumuz da yoxdur. Əldən uçurulan quş misalı arxada buraxdığımız və onu necə yaşamağımızdan asılı olmayaraq tarixin heç bir anında düzəliş aparacaq bir iqtidara sahib deyilik.

Nəriman Əbdülrəhmanlı tarixi mənzərəni, tarixi koloriti, Osmanlı və Səfəvi dövlət qayda-qanunlarını, dövlətlərin yaşaması üçün vacib olan enerji qaynaqlarını düzgün müəyyənləşdirə bilir. “Taclı” dövrünün mənzərəsini canlandırmaq baxımından unikal vasitəyə çevrilir. Uzun Həsən və varislərinin, Şah İsmayıl, Sultan II Bəyazid, Sultan Səlim Yavuz, Sultan Süleyman, Sultan Hüseyn Bayqara, Məhəmməd Şeybani və digərlərinin apardıqları müharibələrin, taxt-tac uğrunda gedən aramsız qovğaların təsviri, qaliblərin qələbə sevincinin, məğlubların yeniklikdən doğan faciələrinin təqdimatı ən xırda detalları, ən incə nüansları ilə yadda qalır.

Yazıçı dövrün mənzərəsini ustalıqla oxucuya təqdim edə bilir. Əsərin qəhrəmanlarının düşdüyü psixoloji durum, onların qələbə sevinclərini, məğlubiyyət acılarını necə yaşamaları hadisələrin baş verdiyi XVI yüzilliyin dini-ideoloji, fəlsəfi dünyagörüşünün aynasında əks olunur. Nəriman Əbdülrəhmanlı qələminin ustalığı orasındadır ki, bəlkə də bu əsərin ən üzdə olan məziyyətidir, – hadisələrin iştirakçısı, daha doğrusu, həmin hadisələrin yaradıcısı olan insanların düşüncələrinə müdaxilə etmir, onların işlərinə qarışmır. Əksinə, orta yüzilliklər insanının – şahının, sultanının, sənətkarının, yeniçərisinin məhz bu cür düşüncəyə malik olmasına oxucunu inandırıb, onu hadisələrin iştirakçısına çevirə bilir. Oxucu romanda, az qala, Sultan Səlim Yavuzun əsgəri və ya Şah İsmayılın döyüşçüsü olduğunu düşünür, zamanın yetişdirdiyi azman sənətkarlardan birinin proobrazı olmağı ağlından keçirir, az qala, Çaldıranın qızğın və qanlı döyüş meydanında eyni dinin, eyni etnik kimliyin daşıyıcısı olan insanların bir-birinin qanını tökməsinə ürək ağrısıyla baxmalı olur, bu qanlı olayları dayandırmaq barədə çarələr düşünməkdən də qalmır və baş verənlərin qarşısını ala bilməməkdən yana hadisələri törədənlərin yox, özünün günahkar olduğunu, niyə passiv müşahidəçi kimi qaldığını aydınlaşdırmaq istəyini fikrindən keçirir. Məhz bu məqamda, az qala, zaman və məkanın sərhədləri pozulmuş kimi görünür və oxucu baş verən hadisələrin məkan və zaman çərçivəsini bərpa etmək, anşırmaq üçün reallıqla irreallıq arasında çırpınmalı olur.

N.Əbdürəhmanlı hadisələri bizə bir Şərq müdriki kimi, hadisələri öz gözləri ilə gördükdən sonra, hücrəsinə çəkilərək olanları necə var – heç bir tərəfə haqq qazandırmadan, heç bir tərəfi mühakimə etmədən, qınamadan – təsvir edən tarixyazar kimi təqdim edə bilir.

“Taclı” zamanın portretidir. Burada hadisələr bir salnaməçinin verə biləcəyi obyektiv və subyektiv düşüncələrin məcmusu kimi görünür. Müəllifin özünə məxsus olan subyektiv fikirlər belə obyektivlik içində əriyir və kitabın səhifələrinə hopur. Bunu biz ilk səhifədəncə sezə bilirik. İstər şahların, sultanların obrazları yaradılarkən, istər də digər saray adamlarının ədəbi portretləri cızılarkən, istər də dövrün böyük sənətkarları canlandırılarkən bunlar aydın görünür. Yeri gəlmişkən, bütün zamanlarda olduğu kimi, biz təqdim olunan sənətkarların – Sultan Məhəmmədin, Kəmaləddin Behzadın, elə Şah İsmayılın özünün də sənətkar faciəsini görmək, yaşamaq imkanı qazanırıq. Sənətin şah səxavətindən, bazardan, alıcıdan asılılığı gözlərimiz qarşısında canlanır. Bunun bu gün də belə olduğunu, hətta sabah da belə olacağını əminliklə söyləyə bilərik. Şahların və sultanların siyasət, savaş meydanlarında qılınc zərbəsilə, top-tüfəng atəşləri ilə cızdıqlarını sənətkarlar söz, xətt, nəqş vasitəsilə yaradırlar. Hansı tərəfin daha əbədiyaşar olduğu barədə oxucu qənaətinə söykənsək, ikincilərin qalibiyyəti şəksizdir.

Əsərin iştirakçısı olan obrazlar – istər hər səhifədə görünüb qarşımıza çıxanlar olsun, istər də bir şimşək misalı görünüb səhnəni tərk edənlər olsun – özünüəməxsusluqları ilə fərqlənirlər.

Bu kiçik qeydlərimizdə əsərin bütün obrazlarını səciyyələndirmək, onların romanın ətə-qana gəlməsində oynadıqları rol barədə mühakimə yürütmək, onların xarakterini açmaq və bu mövzuda müzakirə aparmaq fikrindən uzağıq. Biz sadəcə olaraq, həyalı, ismətli bir Şərq qızının – Taclı Bəyimin əsərdə təqdim olunan həyatının bəzi məqamlarına diqqət yetirməklə roman haqqında düşüncələrimizi verməklə kifayətlənməyi daha doğru yol hesab edirik. Elə buradaca qeyd etmək istəyirik ki, tarixin müxtəlif zamanlarda, müxtəlif coğrafiya və ya mühitlərdə yetişdirdiyi müxtəlif etnik kimliyə malik, müxtəlif dini dünyagörüşün daşıyıcısı olan qadın qəhrəmanların adını günümüzəcən daşıyıb gətirib. Əski çağların döyüşkən, amazonka adıyla tanınan qadınları, Qədim Dünyanın Tomris, Kleopatra və doğma şəhərləri Karfagenin müdafiəsində romalılara qarşı vuruşmalarda kişilərlə bərabər canlarını qurban verən karfagenli adsız qəhrəman qadınlar, orta yüzilliklərin Janna d.Ark, Burla Xatun, Sara Xatun və bu kimi onlarla, yüzlərlə qadını haqqında bizim kifayət qədər məlumatımız olmalıdır. Onların sırasında Şahbikə xanımın, yəni Taclı Bəyimin yerinin göstərilməsi, tarixin müəyyən kəsimində onun pillə-pillə yüksəlişinin və enişinin, sevinc və ağrılarının təqdimatı, onun hər bir qadına nümunə ola biləcək həyatının müəyyən anlarının məqamı düşdükcə sərgilənməsi və həyatının ilginc şəkildə – doğmalarından, isti ocağından uzaqlarda, ruhuna yad bir şəhər olan Şirazda sonlanmasının təsviri Nəriman Əbdülrəhmanlı qələmilə olduqca səmimi şəkildə oxucunun qarşısına çıxır. Hətta ərinin – Şah İsmayılın qəbrinin yanında dəfn olunmaq xoşbəxtliyi əlindən alınan, mənəvi cəza ilə “mükafatlandırılan” – bu mükafatın taxt-tac sahibi olan oğul tərəfindən verilməsi isə onun çəkisini, dəyərini daha da artırırdı, – Taclı Bəyim, öz faciəsini ağlamadan-sızlamadan, bu faciəyə etiraz etmədən yaşamaqla oxucunun gözləri qarşısında mənəvi ucalığa yüksələ bilir.

Taclı Bəyim qız kimi, Səfəvi ocağının gəlini, yeni bir dövlətin – Səfəvi səltənətinin qurucusu Şah İsmayılın sədaqətli ömür-gün sirdaşı, həyatı kəşməkeşlərdə keçən hökmdarın xanımı kimi, şahzadələrin anası kimi hansı məziyyətlərə sahibdir? Haqqında yüzlərlə şayiə, yüzlərlə əfsanə dolaşan, barəsində Şah İsmayıl Xətainin neçə-neçə poetik parçalar yaratdığı bu qadın kimdir? Onun bir tarixi romanın qəhrəmanına çevrilməsini şərtləndirən səbəblər nədən ibarətdir? Bu sualların cavabı “Taclı”nın, az qala, hər səhifəsində gizlədilib və ya gizlənib. Onlara cavab almaq üçün bu sanballı kitabı oxumaq, səhifələrinin yaratdığı xoş, bəlkə də daha çox sirli aləmə baş vurmaq gərəkdir.
Kitabın yazılma məramı romanın sonuncu cümləsində tam aydınlığı ilə görünür: “...dünyada elə talelər var, kitablarda yaşamağa layiqdir – lap elə Cənnətməkan Şahla Taclı Bəyimin taleyi kimi...”

Nəriman Əbdülrəhmanlı bu roman-triptixi ilə təkcə Cənnətməkan Şahla Taclı Bəyimin taleyini deyil, tarixin müəyyən bir kəsimini də kitablaşdıra bilib.

Afiq MUXTAROĞLU
MANERA.AZ





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ