Vaqif Yusifli - Şəkidən gələn səslər

Tarix:9-06-2018, 11:55 Baxış Sayı:253

Vaqif Yusifli - Şəkidən gələn səslər
Şəki Azərbaycanın ən qədim, ən gözəl bir ərazisi, maddi və milli mədəniyyətimizin ana ocaqlarından biridir.

Ərəb, fars, türk, gürcü mənbələrində, rus və orta əsrlər Avropa müəlliflərinin əsərlərində Şəki haqqında məlumatlara rast gəlirik. Bu məlumatlara görə, Şəki Qafqaz Albaniyasının mühüm şəhərlərindən biri olmuşdur. Şəki də ərəb-xəzər müharibələri zamanı dəfələrlə əldən-ələ keçdi. Amma sonra, ərəb xilafəti zəifləyən dövrlərdə Şəki özünə gəldi. Şirvanşahlar dövlətinin bir parçasına çevrildi. Amma yenə başından müsibətlər əskik olmadı, monqol istilası baş verdi. Sonra Teymurun hücumu, sonra qızılbaşlar, sonra osmanlılar... Nəhayət,1743-cü ildə Şəki xanlığı yarandı, Nadir şahın ölümündən sonra isə Hacı Çələbi Şəki xanlığını ən qüdrətli xanlıqlardan birinə çevirdi. 1805-ci ildə isə Şəki xanlığı Rusiyanın himayəsinə keçdi. Sonrakı hadisələr isə sizə məlumdur. 1920-ci ilin mayın 5-də 11-ci Qızıl Ordu hissələri Şəkiyə daxil oldu, Şəkidə Sovet hakimiyyəti quruldu.

Bu məlumatları tarixi kitablardan öyrənmişəm və əlbəttə, Azərbaycanın bu gözəl vilayətinin tarixi elə Azərbaycanın özü qədər qədimdir. Şəki öz milli-mənəvi və maddi mədəniyyəti ilə böyük Azərbaycanın adını dünyaya yayan kiçik bir Azərbaycandır - desəm, səhv etmərəm.

Şəki deyəndə çox sözlər, anlayışlar yada düşür. Şəki ipəyi. Hələ XIX əsrin ortalarında Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Şəki Xan Sarayı - Azərbaycanın ən gözəl memarlıq abidəsi. Hələ neçə belə abidələri var Şəkinin. Şəki xanlığı-Hacı Çələbi yada düşür. Müstəqil xanlığın hakimi. Dəfələrlə Şəkiyə edilən hücumların qarşısını alan ağıllı siyasətçi. Şəki yumoru - Hacı dayının Molla Nəsrəddin lətifələrindən geri qalmayan gülüş aləmi. Şəki pitisi - Azərbaycan heç yerində pitini şəkililər kimi bişirən yoxdu. Lakin mən Şəkini təkcə bunlara görə xatırlamıram. Şəkini Azərbaycan mədəniyyətinə, ədəbiyyatına verdiyi böyük sənət adamları ilə, onların yaratdığı sənət inciləri ilə tanıyır və sevirəm.

İstedadlı şair Ramiz Orsər Şəkinin neçə əsrlik tarixi boyu yaşayıb-yaradan söz adamları haqqında ensiklopedik səciyyəli bir kitab nəşr edib. "Şəkidən gələn səslər". Bu kitabın səhifələrini vərəqlədikcə gözlərim qarşısında qeyri-adi bir mənzərə canlanır. Bir ərazidən bu qədər şair, yazıçı, jurnalist-söz adamı yetişməyi doğrudan da, möcüzədir. Ramiz Orsər bəlkə də bir institutun, ya institutun bir şöbəsinin qatlaşa biləcəyi bir işi təkbaşına həyata keçirib. XIII əsrdən çağımızacan Şəkidə doğulan neçə sənət adamı haqqında bitkin məluman vermək, onların əsərlərindən nümunələr təqdim etmək sizə asan gəlməsin. Bunu ancaq ürəyində Şəki məhəbbəti olan, Şəkini öz varlığından artıq sevən bir şəkili edə bilərmiş.

Mən Azərbaycan ədəbiyyatının tədqiqçi, bu ədəbiyyatın cəfakeşlərindən biriyəm və Ramiz Orsər qədər olmasa da, Şəkidən çıxan və Şəkinin şöhrətini Azərbaycana və dünyaya car edən sənətkarların bir çoxunu yaxşı tanıyıram. Bəzilərinin yaradıcılığı ilə sadəcə tanışam, amma bir çoxu ilə şəxsən ünsiyyətim olub, doğrusu, onlarla münasibətimdə heç düşünməmişəm ki, bu adam şəkilidir. Lakin indi, bu kitabı vərəqlədikcə onları bir-bir xatırlayıram.

Hüseyn Xan Müştaq. Şəkinin xanı olub bu adam (1759-1780-ci illərdə). Şəki xan sarayını o tikdirib. Həm də şair idi və Şəkinin şair tayfasını öz sarayına dəvət edirmiş. Molla Vəli Vidadi ilə çox yaxın dost olub. Hüseyn xan Müştaq əmisi Hacı Əbdülqadir tərəfindən qətlə yetirildikdən sonra Vidadi onun ölümünə "Müsibətnamə" yazmışdı. Deyilənə görə, Molla Pənah Vaqiflə də görüşüb, ona at və kürk bağışlayıb.

Ey əbrusi kaman, müjganı xədəng,
Durubsan qəsdimə yaraq ilə sən.
Rəvamıdır bu şikəstə könlümü
Qəmzən qılınciylən yara qılasan.

Həm söhbət bilirsən, həm dəm bilirsən,
Ciyərin zəxminə həmdəm bilirsən,
Rəqibi özünə həmdəm bilirsən
Haçan gələcəksən yar ağıla sən?


Bu təcnisi Şəki xanı Hüseyn xan Müştaq yazıb.

Mirzə Fətəli Axundzadə (1812-1878). Azərbaycan ədəbiyyatının, ictimai fikrinin, fəlsəfə tarixinin böyük dühası. Ədəbiyyatımızda "ilk" təyinedici sözün çoxu bu böyük şəxsiyyətin adı ilə bağlıdır. İlk komediyalar, ilk povest, ilk fəlsəfi traktat, professional tənqidin yaradıcısı.

İsmayıl bəy Nakam (1829-1906). XIX əsr ədəbiyyat tarixində İsmayıl bəy Nakamın da adı zikr olunur. Şəkidə büstü qoyulub Nakamın. Divan ədəbiyyatının - klassik poeziyanın davamçılarındandır. Şeirləri ilə tanış olmuşam. Füzuli dünyasına sadiqdir. Şeir divanı olub. Seyid Əzim Şirvani ilə də dostluğu varmış.

Molla Cuma (1854-1920) "İsmi-Pünhan" təxəllüsü ilə gözəl şeirlər yazan, həm əruzda, həm də hecada uğurlar qazanan bir şair. Təkcə Şəkidə yox, bütün Azərbaycanda tanınırmış. XI Qızıl Ordu Şəkiyə daxil olanda Molla Cumanın özü və ailəsi qətlə yetirilib. Səbəbi bu idi ki, Molla Cuma Azərbaycan Demokratik respublikasının tərəfdarıymış. Türk paşası ilə görüşübmüş. Molla Cuma aşıq-şair kimi Azərbaycan poeziyasında Vaqif ədəbi məktəbinin davamçılarından olub. Çox savadlı, bilikli insan imiş.

Ay gəlin, aman gəlin, bircə incə belin görüm,
Ay gəlin, yaxşı gəlin, bircə ənbər telin görüm,
Ay gəlin, gözəl gəlin, bircə danış, dilin görüm,
Ay gəlin, çinar gəlin, uca qəddi dalın görüm,
Ay gəlin, qönçə gəlin, mən bülbüləm, gülün görüm.
Ay gəlin, durna gəlin, bu kəndlər tamam yaslıdır,
Ay gəlin, təmiz gəlin, ürəklər hamı paslıdır,
Ay gəlin, çiçək gəlin, açılıb yazın fəslidir,
Ay gəlin, göyçək gəlin, bilsinlər adın Əslidir,
Ay gəlin, öldü Cuma, bir busə ver, balın görüm.

Bu, Molla Cumanın bir gözəlləməsindən kiçik bir parça...

Rəşid bəy Əfəndiyev (1879-1942). Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bir maarifçi. Uşaqlar üçün "Əlifba" kitabı hazırlayıb. Bakıda, Şəkidə müəllimlik edib. Azərbaycan dramaturgiyasına da gözəl əsərlər bəxş edib.

Salman Mümtaz (1884-1941) Təbii ki, bu isim bir ədəbiyyat adamı kimi mənim üçün çox əzizdir. Azərbaycanın XX əsrdə yetirdiyi ən müqtədir ədəbiyyatşünas alimlərindən biri.. Ərəb, fars, urdu, rus, özbək, qırğız, türkmən dillərini bilən poliqlot. "Molla Nəsrəddin" ədəbi məktəbinin, Sabir şeir yolunun mücahidlərindən biri. Klassik ədəbiyyatın təbliğində, toplanıb nəşr edilməsində ən böyük cəfakeş. Amma repressiya qurbanı.

Əbdüləzəl Dəmirçizadə (1909-1979). Böyük dilçi. Yazdığı əsərlərlə Azərbaycan dilçilik məktəbinin əsasını qoyanlardan biri. Ömrümdə onu yalnız bircə dəfə görmüşəm.

Sabit Rəhman (1910-1970). Tələbəlik illərində "Natəvan" klubunda və başqa məclislərdə onu çox görmüşəm. Azərbaycan dramaturgiyasının Axundovdan, Nəcəf bəy Vəzirovdan, Cəlil Məmmədquluzadədən sonra komediya, gülüş mədəniyyətini yeni bir zirvəyə qaldıran ustad.

Şərif İdrisov (1916-1994). Mən Şərif müəllimi ilk dəfə doxsanıncı illərin əvvəllərində, "Azərbaycan" jurnalına Molla Cuma haqqında yazı gətirəndə gördüm. Onun məqaləsinin çapına kömək etdim. Koloritli kişi idi. Məqalənin çapından sonra hədiyyə olaraq mənə Şəki paxlavası gətirmişdi. Ruhu şad olsun!

Mahmud İsmayılov (1920-2002). Tanınmış tarixçi idi. Həm də tarixi romanlar yazırdı. Gizlətmirəm, mən onun tarixi romanlarını tənqid etmişdim.
Əsərlərində tarixilik güclü idi, bədiilik zəif. O da elə öz jurnalımızda mənə cavab yazdı. Allah rəhmət eləsin, - deyirəm.

Mustafa Quliyev (1893-1938). İyirminci-otuzuncu illərin ən fəal tənqidçilərindən biri. Ədəbiyyatı çox gözəl bilirdi, amma ideoloji-siyasi ab-havanı ədəbiyyata gətirir, ən çox da Hüseyn Cavidi tənqid edirdi. Tarın, klassik poeziyanın əleyhinə fikirləri ilə diqqət çəkirdi.

Hikmət Ziya (1925-1995). Çox gözəl tanıyırdım. Bir neçə dəfə Ədəbiyyatı Təbliğ bürosu xətti ilə rayonlarda olmuşuq. Azərbaycan ədəbiyyatında təmsil ustası kimi deyərdim ki, bir məktəb yaratdı. Yaradıcılığından söz açan məqalə də yazmışam.

Zaman Qarayev (1931-2004). Tanışlığımız vardı. Yaxşı xatırlayıram ki, onun "Xarqo" povestini kənd kitabxanasından götürüb qardaşım Cavanşirə verdim. Bu, Cavanşirin bədii ədəbiyyatla marağının başlanğıcı oldu.

Yaşar Qarayev (1936-2002). Yaşar müəllimin şəxsən mənim taleyimdə, ədəbiyyatşünas-tənqidçi kimi formalaşmağımda böyük rolu olub. Ədəbi tənqidimizin, ədəbiyyatşünaslığımızın bir çox yenilikləri onun adı ilə bağlıdır. Yaşar Qarayev tənqidə fəlsəfi bir ahəng gətirdi, əgər "filosof tənqidçi" ifadəsini kimin adınasa yaraşdırmaq olsa, Yaşar Qarayev o ada tam layiqdir. Onun heç bir məqaləsi, heç bir monoqrafiyası və yazılarda, kitablarda ifadə etdiyi fikirləri zaman keçdikcə köhnəlmir. Yaşar müəllim "Şəki folkloru" kitabına geniş bir ön söz yazıb.

Aydın Məmmədov (1944-1991). Dost deyildik, amma bir-birimizə dərin hörmətimiz vardı. O, məndən dörd yaş böyük idi. Cavanlığında başı bəlalar çəkdi, amma özünə gəldi, çox qısa bir zamanda bir dilsi və tənqidçi kimi bizim tənqidçi nəslinin önündə getdi. Milli Məclisin deputatı oldu, orada da özünü təsdiq etdi. Ensiklopedik bilik sahibiydi. Heyf, bir qəzada həyatını qeyb etdi. Aydından bir də bu dünyaya gəlməyəcək.

Arif Abdullazadə (1940-2002). Şair, nasir, ədəbiyyatşünas. Ədəbiyyat institutunda, bir şöbədə çalışırdıq. Tez-tez koridora çıxar, söhbətləşərdik. Onun "Şairlər və yollar" monoqrafiyası olduqca qiymətli bir əsərdir. Rəsul Rza haqqında da monoqrafiyası var. Bir gün evlərində oldum. Tək yaşayırdı, subay idi və evlənmədi də. Maraqlı insan idi. Hər şeyi bəyənmirdi. Şair kimi daha çox xoşlayırdım onu. Ölümündən sonra yaradıcılığı haqqında bir məqalə də yazdım, televiziyada da çıxış etdim.

Vaqif İbrahim (1945-1983). Dost idik. Hərdən görüşürdük. Onun ədəbi gəncliklə ünsiyyəti çox güclü idi. Cavanlar onun başına yığışmışdılar. Əli Kərim onun şeirlərini xoşlayırmış. Vaqif fəal idi, ədəbi prosesdə görünən adam idi. Sumqayıtda əsl ədəbi havanı o yaratmışdı. Şeirləri də müasirliklə nəfəs alırdı. Komsomol laureatı idi.
Ölümündən neçə ay əvvəl anası rəhmətə getdi. Ona başsağlığı verdim, gözləri yaşardı. Sonra özü qəzaya düşdü. O avtobusda heç kim ölmədi, bircə Vaqifdən savayı.

Mən bu yazıda şəkili dostlarımdan-ədəbi aləmdə tez-tez ünsiyyətdə olduğum, dostluq etdiyim müasirlərim haqqında geniş söz açmaq istəmirəm. Azər Mustafazadə, Vaqif Aslan, Ramiz Orsər, Qiymət Məhərrəmli, Mübariz Məsimoğlu, Akif Salamov, Qoca Xalid, Ramazan Qafarlı, Tural Adışirin və onun atası Kamil Adışirin (Şəki ədəbi mühitinin təlqiqatçısı) və b. yazarlarla (birisinin dostu, birisinin tanışı) ancaq xoş sözlər deyə bilərəm. Onlara yaradıcılıq uğurları arzulayıram.

Elə düşünməyin ki, mən böyük şairimiz Bəxtiyar Vahabzadəni unutdum. Yox! Bəxtiyar Vahabzadə ali məktəbdə mənim müəllimim olub. Mənim ədəbiyyatçı kimi yetişməyimdə onun rolunu danmaq istəmirəm. Orta məktəbin IX sinfində oxuyanda onun "Etiraf" poemasını əzbərləyib oxucular konfransında məruzə etdim. O məruzədən sonra məktəbimizin direktoru Xurşid Qasımov mənə dedi ki, sən ədəbiyyata get, sənin gələcəyin var. Bəxtiyar müəllimin mühazirələrini də yaxşı xatırlayıram.

"Azərbaycan" jurnalında işləyəndə o, şeirlərini mənə göndərər və mütləq xahiş edərdi ki, bu şeirlər barədə fikir söyləyim. Bir neçə dəfə evində də oldum. Neçə kitabını yazıb mənə bağışladı. Hərdən zəngləşərdik. Bir gün oğlum telefonu götürdü və "ata, səni telefona çağırırlar" dedi. Dəstəyi əlimə aldım. Bəxtiyar müəllim idi. Dedi ki, o sənə "ata" deyən oğlunun dilindən öp. Onun yaradıcılığından neçə məqalə yazmışam, yenə yazacağam, çünki Bəxtiyar Vahabzadə XX əsrin ən böyük şairlərindən biridir.

Əlbəttə, mən Ramiz Orsərə minnətdaram ki, mənim əsərlərini mütaliə etdiyim klassikləri və şəxsən tanış olduğum, yaradıcılıqlarına bələd olduğum sənətkarları bir daha mənə xatırlatdı. Amma bu kitabın əhəmiyyəti təkcə mənə görə deyil. Bu kitab Şəki ədəbi mühitinin öyrənilməsində demək olar ki, bütün qaranlıqları işıqlandırdı. Müəllif heç şübhəsiz, Şəkinin bütün kəndlərini, qəsəbələrini qarış-qarış gəzib, yazılı və şifahi mənbələrdən məlumatlar toplayıb. Xüsusilə, Salman Mümtazdan çox şey öyrənib. Bu işin nə qədər çətin, amma şərəfli olduğunu gərək düzgün qiymətləndirək.

Kitab təkcə Şəkinin söz adamları haqqında deyil, həm də Şəki haqqında geniş təsəvvür yaradır. Şəkidə mədəniyyətin, maarifçiliyin, məktəbdarlığın inkişafı (özü də mərhələ-mərhələ), teatra, elmə, incəsənətin digər sahələrinə artan maraq kitabı vərəqlədikcə bir yaşanan tarix kimi gözlərinin qarşısında canlanır. Təqdim olunan sənətkarların əksəriyyəti öz dövrünün açıq fikirli ziyalısı, yüksək təhsil görmüş şəxsiyyəti olub.

Əksəriyyəti də ərəb, fars dillərini öyrənmiş insanlar idi. Molla Qasım Zakir - hansı ki, F.B.Köçərli onu Şəki şairlərinin ustadı hesab edirdi - Mustafa Ağa Şeyxi, Osman Biçarə, Molla Abbas Aşüftə, Əbdülqəni Əfəndi Nuxəvi (mətnşünas, kitabşünas, xəttat), Əhməd ibn Əfəndi, Səməd Əfəndi Məhzun, Nurməhəmməd Əfəndi, Məmmədiyyə Yusifzadə, Abdulla bəy Əfəndizadə, Səidə İmanzadə... bu insanlar Azərbaycan mədəniyyətinin inkişafında istedadları qədərincə rol oynayıblar. Bəziləri haqqında ilk dəfə məhz bu kitabdan məlumat əldə edirik. Hələ Şəkidə aşıq ədəbiyyatının necə populyar olduğu bu kitabdakı məlumatlar söyləyir. Və Şəki söz sarayının bəzəyi olan qadın yazarlar-Xalisə qarı, Mah xanım, Mahtab xanım, Maral xanım Nəbizadə...

Bu kitab Ramiz Orsərin şah əsəridir, - deyərdim. Amma elə bilirəm, bu əsər hələ tamamlanmayıb. Hələ Şəki teatrı, Şəki elm xadimləri, Şəki din-ruhani aləmi, Şəki mətbuat tarixi, Şəki memarlığı... öz müəllifini gözləyir. Ramiz Orsər hələ ki, cavandır və elə bilirəm, bu müşgülləri də asan edəcək. İndidən uğurlar arzulayıram!.../"Ədalət" qəzeti.-2018.-9 iyun.-S.15/

Vaqif Yusifli,
filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ