İstiqlalı tərənnüm edən Azər əfəndi, Mirzə İbrahimovun xeyirxahlığı

Tarix:6-06-2018, 22:40 Baxış Sayı:216

İstiqlalı tərənnüm edən Azər əfəndi, Mirzə İbrahimovun xeyirxahlığı
İstiqlalı tərənnüm edən Azər əfəndi, Mirzə İbrahimovun xeyirxahlığı, Nizami nin “Xəmsə”sinin baş məsləhətçisi

II YAZI

I yazı burada

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azər Buzovnalının zəngin irsi, əlyazmaları qorunub saxlanılır. Gənc araşdırmaçı alim Könül Bağırova Azərin əlyazmaları əsasında “Azər Buzovnalı arxivinin təsviri” adlı kitab hazırlayıb nəşr etdirib. Həmin kitabda bir sıra diqqətçəkən məqamlar var. Azər demək olar ki, XX əsrin birinci yarısında yaşayıb-yaratmış bütün görkəmli qələm adamları, şairlər, yazıçılarla məktublaşıb. Hörmətli qələm sahibləri Cəfər Cabbarlı, Əmin Abid, Məmməd Səid Ordubadi və digərləri Azərə bu cür müraciət edirmişlər: “Möhtərəm Məşədi Azər əfəndi!”, “Ədibi-möhtərəm Azər əfəndi!”, “Hörmətli xalq şairimiz Məşədi Azər əfəndiyə!”, “Pək möhtərəm Azər əfəndiyə...”

Bu dəyişməz müraciət forması Məşədi Azərin doğrudan da ustad məqamında olduğunu təsdiq edən danılmaz faktlardır.

***
...Atasının vəfatından sonra Azər Petrovskda qalmadı. Köçünü yığıb həmişəlik Bakıya qayıtdı. Əsrin əvvəlləriydi. Bütöv Şərq hələ də cəhalət, fanatizm, xürafat içində boğulurdu. O illərdə şüuru oyatmaq üçün ən kəsərli silah satira idi. Azər cəhalət dünyasına meydan oxuyan “Molla Nəsrəddin” məcmuəsində “Azər Əyyar” imzasıyla satiralarını dərc etdirir. Məcmuənin mühərriri Mirzə Cəlillə ünsiyyəti, dostluğu da bu illərdə başlayır. Böyük ədib Azər kimi mütərəqqi fikirli gəncləri öz ətrafına toplayır, onları cəhalətə qarşı mübarizəyə səsləyirdi. Maraqlıdır ki, Azər türkcə qəzəllərini “Azər”, farsca isə “Rüfət” imzasıyla yazırmış. Professor Ağarəfi Zeynalovun araşdırmalarından görürük ki, şair mərsiyələr də yazıb və mərsiyələrində məhz öz adından – Xosrov – istifadə edib.

Çox-çox illər sonra Məşədi Azər əlli yaşın tamamına yetişmiş Mirzə Cəlilə - köhnə dostuna hədiyyə olaraq Füzulinin “Səhhət və mərəz” əsərini rüqə (klassik xətt növü) ilə yazıb hədiyyə etmişdi. Mirzə Cəlil də çox məmnun olmuşdu və bu bəxşişi qiymətli yadigar kimi arxivində qoruyub əzizləmişdi. Şaxtalı qış günlərində qızınmaq üçün öz əlyazmalarını sobaya atıb yandırsa da Azərin əlyazmasına toxunmamışdı. Hal-hazırda həmin əlyazma Cəlil Məmmədquluzadənin əlyazmalarıyla birgə Əlyazmalar İnstitutunun fondunda mühafizə olunur.

Məşədi Azərin qızı Qəmər xanım söyləyirmiş ki, böyük dramaturq Cəfər Cabbarlı tez-tez atasının Buzovnadakı bağına gələr, onunla saatlarla klassik ədəbiyyatdan söhbətlər edər, ondan dəyərli məsləhətlər alarmış. Azər də hələ sənətdə kövrək addımlarını atan növrəstə Cəfərdən qayğısını, diqqətini əsirgəməzmiş. Bu faktı xalq şairi Qabil “Ulduz” jurnalına verdiyi müsahibədə xüsusi qeyd edir:

“Cəfər Cabbarlı ilk şeirini neçə dəfə qaytarıldıqdan sonra “Babayi-Əmir” jurnalında çap eləyəndə, böyük pyeslərinin səhnəyə qoyulmasından çox sevinmişdi, çünki o şeiri dönə-dönə qaytarmışdılar. Qocaman buzovnalı şair Məşədi Azər danışardı ki, cavan Cəfərin “Bahar” şeirini bəyənəndə müəllifin sevinci dünyaya sığmırdı...” ( “Səhv düşməsə yerimiz, yaşamağa nə var ki!” Xalq şairi Qabillə müsahibə. “Ulduz” jurnalı, 3-4-cü sayları, 1993-cü il, səh 42-43)

Azərin Buzovnadakı evi şeir məclisləri, söz yığnaqları ilə bəzənərmiş. Kimlər yığışarmış görən bu əfsunlu, əsrarlı şeir gecələrinə? Əliağa Vahid, Seyyid Zərgər, Əbdülxaliq Cənnəti, Ağadadaş Müniri, Məmməd Sədi Ordubadi və bu kimi dəyərli insanlar...

20-ci illərdə Ordubadi yay istirahətini çox zaman ailəsiylə birlikdə Buzovna bağlarında keçirirmiş. Həmin vaxtlar o, dəfələrlə Azərin Tuğaydakı bağında təşkil olunan şeir məclislərinin əziz qonağı olmuşdur. Tuğay ötən əsrin ortalarına qədər toğay qəbilələrinin adıyla adlandırılıb. Həmin yerdə kənd camaatı uzun illər bostançılıqla məşğul olub. Hal-hazırda həmin ərazi Qızılqum adlanır. Şair böyük aktyorumuz Sidqi Ruhullaya ithaf etdiyi şeirini bu misralarla başlayır:

Azərbaycanlıyam, deyiləm nuğay,
Buzovna elində məskənim Tuğay.

***
Eyvanda oturub gözünü uzaqlara dikmişdi. Ömür-gün yoldaşı Bikə xanım armudu stəkana samovar çayı süzüb onun qarşısına qoyanda gözaltı ərini süzdü. Azərin fikri-xəyalı çox uzaqlarda idi. Əvvəl onu fikirdən ayırmaq istəmədi, onsuz da şair çox vaxt özünün yaratdığı dünyada gəzib-dolaşırdı. O dünyanın göylərində “sabitü-səyyarələr” dolaşırdı, şairin bahari-ömrü fəsli-zimistanə dönsə də, torpağında hər zaman lalə bitirdi. O, özünü Məcnun kimi divanələrə ustad sayırdı və bu məqamda Füzulinin layiqli xələfi olduğunu bir daha təsdiq edirdi. “Böyük Füzulimizin yadigarı mən özüməm deyən” Əliağa Vahid Azəri özünün ustadı hesab edirdi. “Vahid” təxəllüsünü də Əliağaya məhz Azər vermişdi. Bikə xanım bu dəfə adəti xilafına Azəri öz dünyasından qoparmağa çalışdı:

- Təbinin pərvanəsi yenə hansı şəmin ətrafında dolaşır, ay Azər?

Azər fikirdən ayılıb can yoldaşının bu şirin atmacasına dodaqucu gülümsədi. Köksünü ötürüb narın saqqalına tumar çəkdi:

-Eeh, ay Bikə xanım. İndi nə şəm var, nə də pərvanələr... Qocalıq nə pis şey imiş. Görəsən bizdən sonra yazdıqlarımız qalacaq?

Bikə xanım əlini Azərin çiyninə qoyub ona təsəlli vermək istədi:

-Əlbəttə, qalacaq, Azər! Sən türklərin tarixini nəzmə çəkmisən. Firdovsi, Nizami, Xaqani, Sədi Şirazi kimi klassiklərin əsərlərini bizim dilə çevirmisən. Bu boyda zəhmət necə itə bilər axı? Bir də ki, gözəllik eşqi səni tərk edə bilməz. Özün necə demişdin?

Qocalıq bir yana, cazib həvəsim bir tərəfə,
Sol yanımda biri durmuş, digəri sağımda.

Azər vəfalı xanımının bu sözləri qarşısında susmaqdan başqa bir çarə tapa bilmədi. Yorğun təbəssümündən Bikə xanım ərinin bu cavabdan razı qaldığını anladı.

Azər özünün ədəbi sərvətindən, söz xəzinəsindən arxayın idi. Bilirdi ki, sözü gələcəyə gedib çatacaq. Elə bu sətirlərdə də əmin-arxayınlığı hiss olunur:

Səhrada sürüm yox, dəryada gəmim,
Tufanlar qopsa da, mənim nə qəmim?
Dünyanın malından, mülkündən ancaq
Bircə təbim qaldı, bir də qələmim.

O, dövrün, zamanın diktəsiylə yazmaqdan imtina etsə onun dəyərini bilənlər var idi. Azər Buzovnalının arxivində çox maraqlı bir sənəd var.

Məzmunu: Yazıçılar İttifaqından Azər Buzovnalıya ünvanlanan məlumat.

Yazıçılar İttifaqı Azər Buzovnalının Azərbaycan və fars dillərində çoxlu əlyazmalarının, əsərlərinin olmasını nəzərə alaraq ona fərdi təqaüdün ayrılmasını qərara alır.

Sənədə həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş görkəmli yazıçı Süleyman Rəhimov imza atıb. Bu faktın özü Azər yaradıcılığının hansı səviyyədə dəyərləndirildiyinin əyani sübutudur. Yazıçılar İttifaqı sonrakı dövrlərdə də Azərə ehtiramla yanaşıb. Xalq yazıçısı Mirzə İbrahimovun İttifaqa (indiki Yazıçılar Birliyinə - K.H) sədrlik etdiyi dövrdə də Azər ailə vəziyyəti və dolanışığının çətinliyi ilə bağlı ona məktub yazıb və şairin məktubu müsbət cavablandırılıb. Həmin məktublar şairin Əlyazmalar İnstitutundakı arxivində qorunur. Mirzə İbrahimov xatirələrində yazır ki, “Azər klassik ədəbiyyatı, ərəb, fars dillərini dərindən bilirdi, Nizaminin “Xəmsə”si 40-cı illərdə bizim dilə çevriləndə bizim böyük şairlərimiz Süleyman Rüstəm, Məmməd Rahim onun köməyindən tez-tez faydalanırdılar. O, Nizaminin dərin mənalarla dolu şeiriyyətinə o qədər yaxından bələd idi ki, hansı misranın hansı mahiyyət daşıdığını bilirdi və tərcümə prosesində səbrlə izah edirdi. Onu inandığı dəyərlərdən sapındırmaq, sifarişlə şeir yazdırmaq qeyri-mümkün idi. Azər heç vaxt sovet ideologiyasını tərənnüm etmədi. Amma biz hamımız onun nə qədər böyük istedad sahibi olduğunu bilirdik və çalışırdıq ki, ona yardım edək”.

Yeri gəlmişkən, bu fakt Buzovna kəndinin ağsaqqallarından mərhum Əhəd Cəmilzadənin xatirələrində də öz əksini tapıb:

“İkinci Cahan Müharibəsi illərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd edilməli idi. Bu münasibətlə şairin “Xəmsə”si yeni variantda, kiril əlifbası ilə nəşr olunmalı idi. Bunun üçün dövlət böyük tədbirlər həyata keçirmiş, tərcüməçilər qrupu müəyyənləşdirilmişdi: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları. Qətiyyətlə deyə bilərəm ki, həmin “Xəmsə”nin türkcəyə (Azərbaycan dili nəzərdə tutulur – K.H) tərcüməsində Məşədi Azərin böyük xidməti olub və həmin şəxslərə xüsusi köməklik göstərib. Bu faktı gələcək nəsillərin bilməsi vacibdir”. (Məşədi Azər – Seçilmiş əsərləri, Bakı, “Boz Oğuz” nəşriyyatı, 1996, səh. 266)

Məşədi Azər haqqında ən qiymətli xatirələrdən biri də ensiklopedist alim Rəhimağa İmaməliyevə məxsusdur. Rəhimağa müəllim həm də Azərin varislərindən biri, İmaməliyevlər nəslinin nümayəndəsi idi. Şairin vəfatından sonra ilk samballı kitabı (Seçilmiş əsərləri”) da 1996-cı ildə məhz onun fədakarlığı sayəsində çap olundu. Bu sətirlərin müəllifi həmin kitabın nəşrə hazırlanmasında yaxından iştirak edib. Bu haqda bir qədər sonra. Rəhimağa müəllimin xatirələrinə üz tutaq:

“1945-51-ci illərdə ona kiçikliyimi bildirmişəm, dükan-bazarına getmişəm, qulluğunda durmuşam. Bu mənim böyüyümə kiçiklik borcum, vəzifəm idi. Deməliyəm ki, M. S. Ordubadi ilə Məşədi Azər arasında qasid idim: hər ikisinin məktubunu bir-birinə çatdırırdım, çünki M. S. Ordubadinin bağı evimizin yanında idi və mən bu yolun yolçusu olurdum. Tale belə gətirdi ki, hər ikisi təxminən bir ilin içində əbədiyyətə qovuşdu. Ordubadi 1950-ci ildə, Məşədi Azər isə 1951-ci ildə.

Lakin bir neçə görkəmli sima ilə tanışlıq məni kimlərlə üzləşdirməmişdi: yaz-yay aylarında Məşədi Azəri tez-tez yoluxan, onun yanına gələn S. Vurğun, R. Rza, S. Rüstəm, M. Rahim, M. M. Seyidzadə, Ə. Vahid, S. Ruhulla, Ələsgər Ələkbərov!.. Bu simaların hər birini sonralar orta məktəb illərinin son siniflərində bir daha ədəbiyyat kitablarından, səhnədəki tamaşalardan, radio dalğalarından tanıdım”.

Azəri canlı surətdə görmüş insanların böyük əksəriyyəti dünyasını dəyişib. Rəhmətlik atam danışırdı ki, Məşədi Azər kənddə görünəndə hamı baş əyib ona ehtiramla salam verirdilər. O da bu hörmət, ehtiramın müqabilində sıxılırdı, narahat olurdu, sifətinə utancaq bir təbəssüm qonurdu. Biz uşaqlar ondan çəkinirdik. Olduqca ağayana kişi idi. Kənd camaatı ona “Azər əfəndi” deyə müraciət edirdilər. Doğrudan da Məşədi Azər sözün əsl mənasında Əfəndi idi. O, bu adı həyat tərzi, yaradıcılığı ilə qazanmışdı.

Azər haqqında çox qiymətli insanların xatirələri var. Əliağa Vahidin, akademik Əziz Mirəhmədovun, Azərbaycan radiosunun unudulmaz diktorlarından olmuş Soltan Nəcəfovun, xalq artisti Hacıağa Abbasovun, filologiya elmləri doktoru Ağarəfi Zeynalovun onunla bağlı xatirələri Azərin şəxsiyyət olaraq hansı məqamda yer tutduğunu öyrənmək baxımından olduqca qiymətli mənbələrdir. Rəhimağa İmaməliyev onların xatirələrini, mərhum alim Məmmədağa Sultanovun, filologiya elmləri doktoru Ədalət Tahirzadənin (Ədalət müəllim Azərin əsərlərini ərəb qrafikasından kiril əlifbasına çevirib), ədəbiyyatşünas Ramiz Fasehin Azər haqqında yazılarını şairin ilk irihəcmli kitabına daxil etdi. Kitab çapa hazırlananda biz onu bir neçə dəfə oxuduq, məlumdur ki, Azərin poemalarında, qəzəllərində həddən artıq ərəb, fars sözləri işlənib, bu sözlərin dəqiqliyini yoxlamaq üçün mətnləri təkrar-təkrar gözdən keçirirdik. Bu kitabın nəşrindən sonra Azər yaradıcılığına maraq artdı. Xatırlayıram, klassik ədəbiyyata maraq göstərən gənclər, elə yaşlı nəsildən olanlar da hər dəfə məndən soruşurdular ki, biz o kitabı necə tapaq? İmkan daxilində onlara yardım edirdim.

Buzovna kəndinin axundu, ilahiyyat alimi, şair Hacı Soltan Əlizadə danışır ki, Məşədi Azərgilin evi ilə bizim evimiz çox yaxın idi, mən onu görməsəm də onların həyətində böyümüşəm. Azər dünyasını dəyişəndən sonra mənim Həsən əmim onun həyətini əkib-becərirdi. Biz uşaq idik, həyətdə ora-bura qaçıb oynayırdıq. Azərin həyat yoldaşı Bikə xanımı görmüşəm, ağbirçək qadın idi. Deyilənə görə, bir müddət “Məcməüş-şüəra” ədəbi məclisi Azərin evində keçirilib. Bu evə dövrünün tanınmış ədəbi simaları – Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Mənsur – gəlib-gedirmişlər. O məclislərdə çay paylayanlardan olmuş Sərdar adlı buzovnalının şahidi olduğu bir əhvalatı danışmaq istəyirəm. O danışırdı ki, bir gün Əliağa Vahid bir dəstə şairlə Azərin qonağı idi. O məclisdə Vahid Azərə Füzulinin bir beyti ilə bağlı sual verdi. Söhbət bu məşhur beytdən gedir:

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

Vahid soruşdu ki, ustad, bu dərdin, qəmin kafərin cəhənnəmdən çıxması ilə nə əlaqəsi var? Zəhmət olmasa, bunun izahını bizimçün açıqla. Azər asta-asta yerindən qalxıb kitab rəfinə doğru getdi və rəfin yuxarısından qara parçaya bükülmüş Quranı götürdü. Vahid yanında oturanlara pıçıltı ilə dedi ki, deyəsən Azər əfəndi qocalıb, biz ondan Füzulinin qəzəlinin izahını istəyirik, o isə deyəsən bizə Quran oxuyacaq. Azər gəlib bizim yanımızda əyləşdi və Vahidə dedi ki, oğlum, indi burdan sizə bir ayə oxuyacam və tərcüməsini də deyəcəm. O ayənin mənası budur ki, əbədi olaraq cəhənnəmdə yananlar ordan necə xilas ola bilərlər? Məhəmməd peyğəmbərə Allahdan nida gəlir: bu, o zaman mümkün olacaq ki, dəvə incəlib iynənin gözündən keçəcək. Füzuli isə bu beytində demək istəyir ki, mənim o qədər dərd-qəmim var ki, onu dəvənin belinə yükləsən, dəvə arıqlayıb nazilər, tük kimi olar və iynənin gözündən keçər, onda da kafirlər cəhənnəmdən xilas olar. Azər gülümsəyib Vahidə deyir ki, yadında saxla, Quranı mükəmməl bilməyən adam heç vaxt Füzulini anlaya, onun məna xəzinəsindən heç nə əxz edə bilməz.

***
Azər İran şairləri ilə, dərbəndli həmkarları ilə müntəzəm məktublaşıb. 21 yaşında olarkən Qümri Dərbəndinin əsərlərindən ibarət əlyazmalarını vətənə gətirmək üçün külli miqdarda vəsait sərf edib. Çox təəssüf və ağrı hissiylə qeyd edirik ki, onun ehtiyatla, nəvazişlə topladığı zəngin xəzinəni Bakıya gələndə yolda, olub-qalanını isə Buzovnadakı mülkündən oğurlayıblar.

Məşədi Azər əsrin əvvəllərində yaranan maarif ordusunun ən fəal sıravi əsgərlərindən birinə çevrildi. Zəngin biliyini “gözünü açandan dünyanı qaranlıq görən” kəndçi balalarının maariflənməsi istiqamətində səfərbər etdi. Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə 1923-cü ildən etibarən uzun illər Bakının müxtəlif orta məktəblərində ədəbiyyat, fars dili fənnindən dərs dedi.

Bir maraqlı məqam da yada düşür. Azər XIX əsrin 80-ci illərindən 1923-cü ilə qədər fəaliyyət göstərən Bakı şairlərindən ibarət “Məcməüş-şüəra” ədəbi məclisinin Məmmədağa Cürmidən sonra rəhbəri olub. Əliağa Vahid Azəri özünün ustadı sayırdı. Ona Vahid təxəllüsünü məhz Məşədi Azər vermişdi. Bəziləri Azərin şeir dilinin həddən artıq qəliz olduğunu dilə gətirir, onun qəzəllərinin ərəb-fasr izafətləriylə çox yükləndiyini və bunun da oxucu üçün çətinlik törətdiyini irad tuturlar. Əlbəttə, bu iradlar başadüşüləndir. Amma bir məqamı unutmaq olmaz ki, o dövrün yazıb-yaradan əksər şairlərinn ədəbi leksikonu ərəb-fasr, türk sözlərinin qarışığından ibarət idi. Dilimizdə saflaşma, təmizlənmə prosesi hələ tam başa çatmamışdı. Sözsüz ki, qələmdaşları kimi Azərin də yaradıcılığında islam ədəbiyyatından gələn simvollar geniş yer alırdı. Bu da onun aldığı təhsillə və mühiti ilə bilavasitə bağlı idi. Ümumiyyətlə, Azərin yaradıcılığına hansı yöndən yanaşsaq, mükəmməl nümunələrlə rastlaşırıq. İstər qəzəlləri, istər poemaları, istər satirik şeirləri və klassik irsdən etdiyi tərcümələri onun nə qədər zəngin biliyə və istedada malik olduğunu açıq şəkildə göstərir. İctmai həyatda o qədər də fəal deyildi, kənara çəkilib böyük sözə xidmət edirdi. Yaradıcı baxımdan bu qədər genişliyə malik olmaq əslində fenomenal bir hadisədir. Bir yandan türk tarixini nəzmə çəkirdi, digər tərəfdən təsəvvüf fəlsəfəsinə söykənən qəzəllər yazırdı, həm də dövrün naqisliklərini satirik dillə şeirə gətirirdi. O, təpədən-dırnağa klassik düşüncəyə malik Şərq insanı idi, Şərqin ensiklopedik təfəkkürünün sonuncü nümayəndələrindən idi. Baxmayaraq ki, yeni sovet rejimi tərəfindən mühafizəkar düşüncə, klassik ədəbi forma heç də yaxşı qarşılanmırdı, Azər özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin və mürəkkəb qayda-qanunlarına həmişə sadiq qalıb. Bu yolda Azər tək deyildi, onunla birlikdə Əbdülxaliq Cənnəti, Səməd Mənsur, Əbdülxaliq Yusif, Əlabbas Müznib, Həsən Səyyar, Ağadadaş Müniri, Haşım bəy Saqib və digərləri (“Məcməüş-şüəra”çılar – K.H) orta əsr divan ədəbiyyatının spesifik dilini qoruyub saxlayırdılar.

***
Yeri gəlmişkən, elə Haşım bəy Saqib də Azərlə oxşar taleyin yiyəsi idilər. Onun da həyatı iki əsrin - XIX-XX əsrlərin qovuşuğunda keçib. Haşım bəy də öz dövrünün nöqsanlarını qırmanclayırdı, totalitar rejimin ideologiyasını topa tuturdu. Amma nədənsə öz dövrünün maraqlı şəxsiyyətlərindən olan bu rəvan təbli şair sonrakı illərdə demək olar ki, tamamilə unuduldu, yazdıqları da adda- budda həmkəndlilərinin yaddaşında ilişib qaldı, əsərləri nəşr olunmadı, ədəbiyyat tədqiqatçılarının araşdırmalarında adı yer almadı.
Tarix belə unutqanlıqlara biganə qalmır, onun yaddaşı yenilməzdir. Haşım bəy ədalətli hakim olan tarixin hökmündən çox arxayın idi, yazdıqlarından ötə qəti nigarançılığı yox idi. Etiraz nəbz kimi onun daxilində döyünürdü, çünki hara baxırdı, öz şair fəhmiylə gördükləri içini ağrıdırdı, nifrətini alovlandırırdı, qəzəbini püskürdürdü. Haşım bəy Əliağa Vahidin ustadı olmuş Məşədi Azəri özünün müəllimi sayırdı. Qəzəllərindən birində bunu xüsusi olaraq vurğulayır:

Saqib, cəhanə fəxr elə, ustadi-şeirsən,
Təlim aldun Azəri-alicənabidən.

Haşım bəyin qəzəllərində dəfələrlə Azərin adı fəxarət və ehtiram hissiylə çəkilir. Zənnimcə, Məşədi Azər haqqında yazdığım bu sənədli povestdə onun məslək, əqidə dostu, qələmdaşı və şagirdi olmuş Haşım bəy Saqib haqqında qısa bilgi versək, elə Azərin də ruhu şad olar.
Haşım bəy Hacı bəy oğlu Heybətbəyov 1870-ci ildə Bakının Buzovna kəndində nüfuzlu ruhani və tacir ailəsində dünyaya göz açmışdı. Atası Hacı bəy dövrünün tanınmış tacirlərindən idi, o, Bakıda, Dərbənddə, Petrovsk-portda(1923-cü ildən Mahaçqala adlanır. -K.H) və Səmərqənddə ticarət əlaqələri qurmuşdu. Sonralar Haşım bəy atasının sənətini davam etdirmiş, hətta bir neçə dövlətlə sərbəst alış- veriş etmişdi.
İlk dini təhsilini ruhani atasından alan Haşım bəy atasının dostu Kərbəlayi Əzizin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə ərəb, fars, türk,özbək, cığatay, rus dilləri və ədəbiyyatını, islam tarixini mükəmməl öyrənmişdi. Deyilənə görə, Haşım bəyin çox iti hafizəsi varmış, o, Nizaminin, Sədinin, Firdovsinin, Caminin yaradıcılığından bütöv parçaları əzbər bilirmiş.

XIX - cu əsrin axırları, XX əsrin əvvəllərində fəaliyyət göstərən və bir çox Bakı şairlərin yetişməsində müstəsna rol oynayan "Məcməüş -şüəra" ədəbi məclisi Haşım bəyin ədəbi zövqünün formalaşmasına və qələminin püxtələşməsinə böyük kömək etdi. Çoxlarından fərqli olaraq Haşım bəy gül- bülbül eşqiylə qəzəllər yazmadı, xalqı zəlalətə düçar edənlərə qarşı öldürücü həcvlər yazdı, siyasi satiralar yazdı. Bu ədəbi nümunələrin bəziləri bu gün də xatırlanır. Yuxarıda qeyd etdiyimiz "Kim kimədir" şeirini mən ilk dəfə Haşım bəyin qardaşı nəvəsi Ağakərim bəyin dilindən eşitmişəm.

Börküvi başdan alırlar, hanı fəryada gələn,
Eşidən yox, eləsin ahu-nəva, kim kimədir.

Şahılıq vaxtı keçib, indi yetən bir şahdır,
Şahılıq eyləyir hər bisərü- pa, kim kimədir.

Bu yerdə oxucu üçün bir sirri də açaq. Haşım bəy Saqib Azərbaycan teatrının unudulmaz aktrisalarından biri olan xalq artisti Nəcibə Məlikovanın atasıdır. Nəcibə xanım atasını necə xatırlayırdı, təəssüf ki, bizim bunu öyrənmək imkanımız heç vaxt olmayacaq. Əlimizdə Nəcibə xanımın bacısı Nuriyyə xanımın xatirələrini əks etdirən bir kitabça var, bu kitabçanın ərsəyə gəlməsində mənim də bir balaca xidmətim olub. Haşım bəy Saqibin "Kim kimədir" kitabçası 1996- cı ildə "Boz Oğuz" nəşriyyatı tərəfindən buraxılıb. O zaman mən həmin nəşriyyatda redaktor işləyirdim və bu kitabın redaktorluğu da mənə həvalə olunmuşdu. Haşım bəyin irsi ilə ilk dəfə o zaman tanış oldum. Haşım bəyin qızı Nuriyyə xanım atasıyla bağlı xatirələrində yazır:

“Atam Haşım bəy polad kimi sınmaz, əyilməz, sözü düz, şax, mərdanə deyən kişi idi. Onun bu keyfiyyətləri çoxunun, əsasən "lotu" adı ilə meydan sulayanların heç xoşuna gəlmirmiş. Bir gün şəhərdə lotubaşılardan biri atama "ultimatum" verib deyir ki, əgər mənə filan qədər pul verməsən, səni öldürəcəyəm. Atam çox söhbətdən sonra başa düşür ki, bu kiminsə fitvası ilə görülən işdir. Məsləhətləşib qərara gəlirlər ki, lotubaşı tələb etdiyi məbləği sabah gəlib atamdan, evdən aparsın. Səhəri gün şərtləşdikləri kimi lotubaşı gəlir, atam onun istədiyi məbləği göstərir və ona bildirir ki, əzizim, bil və yadında yaxşı saxla: pul, mal -dövlət üçün kimisə qətlə yetirən sənin kimilər kişi yox, nakişidir və öz tapançasıyla lotubaşını öldürür. Heç bir vəkilin köməyi olmadan atam məhkəmədə özü özünü müdafiə edir və bəraət alır." (Haşım bəy Saqib, “Kim kimədir”, Bakı, “Boz Oğuz” nəşriyyatı”. 1996)

Sonralar mən Haşım bəy Saqib haqqında Kulis.az portalında bir yazı yazdım və həmin yazını “Ədəbiyyatın kulisi” kitabıma daxil etdim. Bir müddət sonra eşitdim ki, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə 2009-cu ildə Haşım bəy Saqibin “Divan”ı nəfis tərtibatla nəşr olunub. 680 səhifəlik kitabın giriş sözünü akademik, millət vəkili Ziyad Səmədzadə yazıb. Bu son dərəcə qiymətli xəzinəni toplayıb nəşrə hazırlayan mənim dəyərli dostum, unudulmaz Hacı Mailin oğlu Hacı Mustafa Mailoğludur və o, kitaba həm də geniş, əhatəli ön söz yazıb. Akademik Ziyad Sədəmzadə kitaba yazdığı “Təng olsa cahan mülkü...” adlı giriş sözündə yazır:

“Haşım bəy Saqibin babası Əliyar bəy də şeir və sənət hamisi idi. Bir dəfə Əliyar bəy şamaxılı Mahmud ağa ilə birlikdə “Beytüs-səfa” şeir məclisinin qonağı olmuş fransız yazıçısı Aleksandr Dümanı evinə dəvət edir, Buzovnadakı mülkündə bir neçə gün qonaq saxlayır, şərəfinə ziyafətlər verir, şeir-muğam məclisləri təşkil edir. Düma Əliyar bəydən minnətdarlıqla ayrılır, yerli şairlərin, peşəkar muğam ustalarının ifalarından məmnun qaldığını dilə gətirir”.

Akademik daha sonra qeyd edir ki, görkəmli rus şərqşünası Berezin 1837-ci ildə nəşr olunmuş “Qafqaza səyahət” adlı kitabında Buzovnada Əliyar bəyin qonağı olmasından, onun evində şeir-sənət məclislərində iştirakından bəhs edib. Belə bir ailədə, belə bir mühitdə böyüyən Haşım bəy təbii ki, babasının, atasının ənənələrini davam etdirməli idi. 2017-ci ildə “Ədəbiyyat qəzeti”ndə “Haşım bəy Saqibin özü və sözü” adlı geniş bir yazım dərc olundu və bu yazı da geniş marağa səbəb oldu.

***
Azərin nəhəng tərcüməçilik fəaliyyətindən söz açmasaq, natamamlığa yol vermiş olarıq. Onun, Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” dastanının tərcüməsi böyük şairin 1000 illik yubileyində (1934-cü ildə) Azərnəşrin çap etdiyi kitaba salınmışdır. Eyni zamanda Məşədi Azər Firdovsinin yubileyini keçirən Dövlət Komissiyasının baş məsləhətçisi təyin olunmuşdu. Bundan əlavə, Sədinin “Bustan” əsərinin 1-3-cü bablarını, Nizaminin “Yeddi gözəl” poemasının bir hissəsini bizim dilə məharətlə tərcümə etmişdir. Bundan başqa, şair məşhur “Kəlilə və Dimnə” əfsanəsini nəzmə çəkmişdir. Azər həmçinin Türk ədəbiyyatının ənənəçi şairlərindən olan Faruq Nafiz Çamlıbelin “Çoban çeşməsi” kitabından müxtəlif məzmunlu şeirləri də dilimizə çevirib. Onun arxivindəki materiallardan görünür ki, şair türk ədəbiyyatının milli şairlərindən Əhməd Haşımin, Tofiq Fikrətin, Rza Tevfik, Yəhya Kamal Bayatlının və digərlərinin yaradıcılığını yaxından izləyirmiş. Faruq Nafizin adını çəkdiyimiz kitabı Türkiyədə 1926-cı ildə nəşr olunub, amma 1928-ci ildə artıq Azər onun kitabını əldə edərək şeirlərini azəri türkcəsinə uyğunlaşdırıb. O, türk və Azərbaycan poeziyasının müxtəlif istiqamətlərini izləyirdi, öyrənirdi. Bununla belə klassik ənənəyə həddən artıq bağlı idi və öz poetik istiqamətini çoxdan müəyyən etmişdi.

Bu faktları sadalamaqda məqsəd Azər ömrünün müxtəlif istiqamətə şaxələnən qollarını oxucuya çatdırmaqdır. Onun ömür yolu və yaradıcılığı ləngərli və qüvvətli bir nəhrə bənzəyir. Ömrünün son illərində yaşıdlarını və sənət dostlarını bir-bir itirən Azərin tənhalıq çəmbəri daha da daralmışdı. O, nəhr kimi aləmə səs salsa da, bu səs kar qulaqlara yetmədiyindən o, tənha idi...

Eldən, əqrəbadan inciyəm əz bəs,
Həmdəm tapa bilməm özümə bir kəs.
Etmişəm hamıdan qəti əlaqə,
Özüm də şairəm, ləqəbim Azər,
Yoldaşım qələmdi, qəzəldi, dəftər...

Şairin nəvəsi tibb elmləri doktoru, professor Aydın İmaməliyev xatirələrində təəssüf hissiylə qeyd edir ki, Məşədi Azərin zəngin kitabxanası vardı. Lakin şəxsi kitabxanasından istər onun öz əlyazmaları, məktubları, istərsə də öz pulu ilə aldığı dahi klassik şairlərimizin əlyazmaları, dünya ədəbiyyatının böyük yazıçılarının kitabları oğurlanmışdı.

Doğrudan da təəssüfedici haldır. O itən, oğurlanan əlyazmalar bu gün bizim üçün nə qədər qiymətlidir və böyük itgidir. Amma Azərin əlimizdə olan irsi onun bədii düşüncəsinin, ədəbi təfəkkürünün nə qədər geniş miqyaslı olmasından xəbər verir. Onun yaradıcılığı klassik irsimizin araşdırıcıları üçün əvəzsiz bir mənbədir. O, əfəndi bir insan idi, zaman onun zamanı deyildi, ona qarşı biganəlik də bundan doğurdu. Sanki zamanın içində deyil, ötəsində yaşayırdı. Amma bununla belə bu laübalı münasibət Azərin coşqun təbini dayandıra bilmədi. O, ömrünün sonunadək qələmi əlindən yerə qoymadı.

Xarü-xəs bitsə də lalə yerinə bağımda,
Yenə şeirə həvəsim var qocalan çağımda – dedi.

Ömrünün son illərində maddi sıxıntıları da olmuşdu. Qocalıq və xəstəlik ona əvvəlki şövq və həvəslə çalışmağa imkan vermirdi. Arxivindəki sənədlərdən məlum olur ki, hələ 1932-ci ildə Azər infarkt keçiribmiş. Onun xəstəliyi haqqında arayışda diaqnoz belə qoyulub. Arayış 1932-ci ilin 18 martında açılıb, hansı xəstəxana tərəfindən verildiyi isə qeyd olunmayıb.

1951-ci ildə dünyasını dəyişən, 50 ildən artıq yaradıcılıq yolu keçmiş, sağlığında layiqincə dəyərləndirilməyən, ədəbiyyatımızın yorulmaz cəfakeşi Məşədi Azərin yeganə nekroloqu yetirməsi Vahidin aşağıdakı kədərli misraları oldu:

Vahid, hələ sən dərdinə bir çarə tapınca,
Ustadımız Azər də köçüb getdi məzarə...

Son söz

Bu yazını çapa hazırlayarkən öyrəndim ki, Azərbaycan Milli Elmlər Akademiyasının M. Füzuli adına Əlyazmalar İnstitutu Məşədi Azər Buzovnalının “Əsərlər”inin ikicildliyini nəfis tərtibatla nəşr edib. Nəşrin tərtibçisi, azərşünas alim Könül xanım Bağırova həmin kitabları mənə təqdim etdi. Könül xanım həmçinin “Azər Buzovnalı arxivinin təsviri” (Bakı – 2015) kitabının müəllifidir ki, biz bu yazıda həmin kitabdan da faydalandıq. Bu kitab Azər yaradıcılığının gələcək araşdırıcıları üçün əvəzsiz bir mənbədir. Könül xanıma bu xüsusda təşəkkürümü bildirirəm.

Azər yaradıcılığının unudulmaması üçün əmək sərf etmiş insanlar olub – Cəfər Rəmzi, Rəhimağa İmaməliyev, Ağarəfi Zeynalov, Məmmədağa Sultanov… Onların ruhunu minnətdar duyğularla anıram. Dəyərli alimlərimizdən Ədalət Tahirzadənin, Hacı Soltan Əlizadənin, Azərbaycan Yazıçılar Birliyi Xəzər filialının sədri, şair-qəzəlxan Hacı Arif Buzovnalının xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Məşədi Azərin vaxtilə dərs dediyi 206 saylı orta məktəbin qarşısında bir sıra görkəmli şəxsiyyətlərlə birlikdə şairin də büstü ucaldılıb. O büstü ucaldan insanlar da Azərlə birlikdə tarixin yaddaşına həkk olunublar.

Bu geniş araşdırma yazısını işləyərkən bir sıra çətinliklərlə qarşılaşdım. Əvvəla, təəssüflər olsun ki, Azərin yaşamıyla bağlı bilgilər çox azdır. Onun gənclik və yetkinlik illərinin demək olar ki, fotoları yoxdur. Şairin arxivində ədəbiyyatımızın görkəmli simalarıyla məktublaşmaları durur. Həmin məktublardan bəlli olur ki, Azər tanınmış şair və yazıçılarla, mədəniyyət və incəsənət xadimləriylə müntəzəm dostluq əlaqəsində olub. Əmin Abid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Sidqi Ruhulla, Hacıağa Abbasov və digər parlaq şəxsiyyətlər dəfələrlə Azərin Buzovnadakı bağında qonaq olublar. Əliağa Vahidin, Hacıağa Abbasovun, Rəhimağa İmaməliyevin xatirələrində bu faktlar öz əksini tapıb. Amma təəssüf ki, bu xatirələrin bəziləri sadəcə, məlumat xarakterlidir, Azərin şəxsiyyətini bütün yönləriylə göstərmək iqtidarında deyil. Biz bu yazıda Azərin portetini çizməyə cəhd etdik.

Bundan başqa, Azər yaradıcılığını dərindən elmi şəkildə araşdıran monoqrafiyaların yazılmasına çox böyük ehtiyac var. Mərhum ədəbiyyatşünas alim Məmmədağa Sultanov hələ 1969-cu ildə “Azərbaycan” jurnalının 6-cı sayında dərc etdirdiyi “Buzovnalı Azər” məqaləsində təəssüf hissiylə bildirir ki, “Azərin yaradıcılığı demək olar ki, heç öyrənilməmişdir”. Bu sətirlərin yazıldığı vaxtdan nə az, nə çox 50 ilə (!) yaxın vaxt keçir. Hələ də vəziyyət dəyişməyib… Azərin yaradıcılığı tədqiqatdan kənarda qalır. Ümid edirəm ki, bu yazı ədəbiyyatşünasların diqqətini Azər irsinə yönəldəcək.

Kənan HacıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ