Gəl biz də gözəl ayrılaq.. - Şeirlər

Tarix:6-06-2018, 18:49 Baxış Sayı:230

Gəl biz də gözəl ayrılaq.. - Şeirlər
Manera.az Eldar İsmayıloğlunun şeirlərini təqdim edir:

***
Yenə də küləklər daşıyır,
Yarpaqların ölümünü.
Çırpır zamanın üzünə,
Qızılı təbəssümünü.

Kimdi ki,eşqdən yarıyan,
Ağlama öz nəfəsinə.
Yarpaqlar da gözəl ölür,
Bir-birinin həvəsinə...

Divar da ovulub gedir,
Şəklimizi unutmağa.
Nə yaxşı ki,pəncərə var,
Gözlərimi ovutmağa.

Xatirələr körpə quş tək,
Sığınıbdı bir küncümə.
Gəl biz də gözəl ayrılaq,
Yanıb kül olaq...öncə mən...

İndi sükut böyüdürəm,
Yeriyə, bəlkə dil aça.
Bir gün dönüb qayıdarsan,
Gülüb,sənə də sirr açar...


***
Barışmağın yeri yox,
sil gözünü, qurula.
Ömür – çürümüş ağac,
yenə çıxsaq, qırılar.

Baxışların asılır
pəncərə şüşəsində.
Yenə üz‐üzə gəldik
bu edam səhnəsində.

Gedib qış yuxusuna,
xatirələr də donub.
Kədəri çək üstünə,
daha məni unudub.

Yenə torunu qurub
hörümçək ağ divara.
Elə bil gəmin batıb,
söykənmisən avara...

Yağış yağır... qolunda
yanırmı yaş ağaclar.
Daha ayrılaq, küləm...
çətirimi qucaqla...

Sinəmi yar, çıx bənövşə

Yarı yanmış qar şəkliyəm,
Gəl as məni budağından.
Bir azdan günəş də gələr,
Kölgə düşür dodağından...

Hər gün payızı sevməkdi
Hər baxış sənə vurulmaq.
Hər gün üz‐üzə qaçmaqdı,
Həm yağış‐yağış qırılmaq...

Yenə ağaclar danışır
Ötən küləyə halını..
Qızıl nöqtələr gətirir,
Demə, xəzan sualını...

Hər gün bir qadın kölgəsi,
Asılır divarımızdan.
Mənə uzaq‐uzaq ...yaxın
Gəlib ötür aramızdan...

Sinəmi yar, çıx bənövşə...
Yaz inciyər çuxasında.
Şəkil‐şəkil sevmə məni,
Bir qız ölür yuxusunda....


***
Bax,ağaclar ağlayır,
Göyərən kədərinə.
Mənim ki ,gözüm yanıb,
Yanıb düşüb dərinə.

Qayıtsan da dəyişməz,
Üzü dönükdü ömür.
Eləcə yadımda qal,
Bilim ki,köks ötürür...

Bax,gəldi qara bulud,
Ağ yağışlar yağacaq.
Yoxluğun bir pəncərə,
Səndən kim boylanacaq.

Kölgənin yeri qalıb,
Gözüm evə yığışmır.
Neyləsin ki,əmanət,
Bu dar evə sığışmır.

Bu ağac təkliyimə,
Bir qarı gülür nədən.
Dilində donan sözü,
Yanır sətirlərimdə...


***
Bir az da tək sevəcəm,
Daha səni yormayım.
Sən istərsən elə sev,
oğrun-oğrun...görməyim.

Sükutu çək başına,
Yarımçıq şərab təki.
Qov gecəni gözündən,
Gecələr məni çəkir.

Lap istərsən qapı ol,
Məni özümə bağla.
Bu tənha otağımda,
Məni tənha da ağla.

Görüm varsan,ya yoxsan,
Yanımdan ötən qonaq.
Döymə məni bağlıyam,
Ünvanı da unudaq...

Lap elə adımı sev,
Şəklini sevim mən də.
Hər gün qəfil görüşək,
Şəklimizi siləndə...


***
Dərd gündüzlər cücərir,
Gecələr çiçək açır.
Bir mələk əlində şam,
Yumub gözünü qaçır.

Hərə bir gözdə dolub,
Aç gözünü boğuluram.
Deyirlər hamı öləcək,
Hər gün səndə doğuluram..

Gəl aşaq eşq divarını,
Necə aşaq buz üstündən.
Yanıb səpələndim sənə,
Yıxılma,yapış tüstümdən.

Cücər,sarmaş saçlarıma...
Məni də özünə bürü.
Saçlarıma dən də düşdü,
Aç gözünü səni görüm...

Səni tanımaqçün payız geyindim

Mən sənə uçulan bir daş parçası,
Elə hey ovursan ,yazırsan elə..
O qədər Mən var ki,bu boş qucaqda,
Gözümü yumanda azırsan elə..

Min ildi gəzirəm Sən qız çölünü,
Sənə boylanmağa bu dağ da qısa.
Yenə dartınırsan Mən ipə sarı,
Səni görmürəm ki,gözümdən asam...

Min ildi üstümə səpələnirsən,
Yığıram..ovduğun daşına səni...
Mən də sənin kimi şəkiləm axı,
De,necə dolanım başına sənin.

O qədər ovdun ki,damıram daha,
Sənin cadar-cadar qız çöllərinə...
Səni tanımaqçün payız geyindim,
Məni budaq-budaq çız əllərinə...

SalyanБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ