Dərdi ürəyimdən dər küçənizdə - Əli Nəcəfxanlının şeirləri
Manera.az tanınmış şair, jurnalist Əli Nəcəfxanlının şeirlərini təqdim edir:
QAYIT
“Qayıt, sahmana sal bu kainatı...”
Əli Kərim
Sənin yoxluğunla doludu şəhər,
Dönmüşəm bir eşqin qəm heykəlinə.
Sirrimiz sirr idi dünənə qədər,
İndi hamı bilir sənin dəlinəm.
Atəşdə donanam, şaxtada yanan,
O küçə-bu küçə gəzirəm sənsiz.
Bir Allah bəndəsi varmı dərd qanan?-
Sailəm, yetiməm, yesirəm sənsiz.
Doğmalar içində qəribəm, yadam,
Bu boyda şəhərdə həyanım yoxdu.
Dünyası viranə, yurdu bərbadam,
Ta bunun o yanı-bu yanı yoxdu.
Qoşa izlərimiz qalmayıb deyə,
Tanış yollarda da azıram indi.
Evimin içində qəm yeyə-yeyə
Qürbət nəğmələri yazıram indi.
Zildəmi oxuyum, pəsdənmi deyim?
Buludlar bu dərdi ağlayaydı kaş!
Vitrinlər, aynalar gözünü döyür –
Bir-iki əksini saxlayaydı kaş!..
Üzümə yad baxır dalanlar, tinlər,
Bu duman aradan çətin çəkilə.
Yoxluğa xəbərsiz səyahətinlə
Evimi yıxmısan, evi tikilən.
Altı-alt, üstü-üst qoyub getmisən,
Qayıt, öz taxtına, tacına qayıt!
Bəlkə də sən məndən doyub getmisən,
Mən sənin əbədi acınam, qayıt!
VƏTƏN
Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Zəhərə dönübdü bu hava, bu su,
Bitib-tükənməyən ağrın, acın var.
Olsun, haqqı-sayın haramım olsun -
Neçə ki, qisasa ehtiyacın var.
İgid oğulların demə ələnmiş,
Hazıram uğrunda yüz dəfə ölüm.
Yaran bitişincə, qana bələnmiş
Lalə bitirəcək çəmənim, çölüm.
Məni əsgərlərin sırasına yaz,
Olum öz yurdumun səngər şairi.
Bircə misrası da xalqı yarıtmaz
Qeyrət tərpətməsə əgər şairi.
Göz dağı olmasam, gözümdən olum,
Üzünə yad kimi baxana, Vətən!
Sınsın dar ağacı olmayan qolum,
Səni yandırana, yaxana, Vətən!
Bələdçi gözündə gör, heç olmasa,
Yaxşı tanıyıram o dağı, düzü.
Mənə bir qumbara ver, heç olmasa,
Bir düşmən postunu dağıdım özüm.
...Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
DÜŞƏNDƏ
Mən bəxtimin ərköyünü deyiləm,
Alışqanam döyəclənəm, döyüləm.
Öz-özümə nə eybi var, deyirəm,
Xoşbəxtliyi xəyal eylə... düşəndə.
Babalarım Qurbanalı, Nəcəfxan,
El-obaya mərd qul olub, nəcib xan.
Mən özüm də əcəb xanam, əcəb xan-
Öcəşirəm xanla, bəylə... düşəndə.
Can atıram qanad açıb uçmağa,
Uçub, gedib uzaqları qucmağa.
Vay o gündən yer tapmayam qaçmağa
Bir araya neçə səylə düşəndə.
Ürəyimi elə üzür qayğılar,
Gözlərimdən qaçaq düşür uyğular,
Şeirimə alabəzək duyğular
Bir alaçiy ibarəylə düşəndə.
Dost dediyim car çəksə də sirrimi,
Heç yarımçıq saxlamıram virdimi.
Hicqırıram bulaqlarla dərdimi,
Hönkürürəm şəlaləylə... düşəndə.
İstəklərim isinməsə istimə,
Yana-yana kor oluram tüstümə.
Sanıram ki, toxundular şəstimə
Sözüm yerə yalan "hə"ylə düşəndə.
Əli, axtar, tap insanın xasını,
Xaslar silər qəmli qəlbin pasını.
Qızırqanma matəmini, yasını -
Düşmənə də halal eylə... düşəndə.
QƏRİBÇİLİKDİ
Sayəndə ölümü almışam satın,
Sayəndə ürəyim çilik-çilikdi.
Mənim həyatımla sənin həyatın
Qovuşa bilməyib, qəribçilikdi.
Gözümə baxmısan gözündə şimşək,
Qıvrılıb qalmışam qırılan simtək.
Sənə bənd olalı bir arzu-istək
Üzümə gülməyib, qəribçilikdi.
Sevda get-gəlində mən də varmışam,
Umuda yol ölçüb dərdə varmışam.
Ömrümə ikinci ad axtarmışam,
Ağlıma gəlməyib - qəribçilikdi...
MƏHƏBBƏT
Bir anın fürsəti-bir ömrə naxış,
Qəfildən ruhumda yaz mehi əsib.
Məni məndən edib həlim bir baxış,
Gecikmiş sevincə könlüm tələsib.
Tellərin məst edib barmaqlarımı-
Sayaq ki,xətadı əlimdən çıxıb.
Adın ballandırıb dodaqlarımı-
Bilməyib demişəm,dilimdən çıxıb.
Hey asıb-kəsirsən,yamanlayırsan,
Yetməzmi?Qəlbimi qırırsan axı.
Nifrəti adıma ünvanlayırsan,
Nahaqdan qəsdimə durursan axı.
Sən mənim ömrümün təzə baharı,
Sevmişəm göz ilə qaş arasında.
Əriyib könlümün sırsıraları,
Gül açıb payızla qış arasında.
Canımı sıxsa da namərd qocalıq,
Bulana-bulana durula billəm.
Mənim təbim rəvan,ruhum cavandı,
Səksən yaşımda da vurula billəm.
KÜÇƏNİZDƏ
Dünyanı başıma dar eyləmişəm
Səni görmək üçün dar küçənizdə.
Şəhər sahibinin yoxdu xəbəri,
Gəzərgi bir heykəl var küçənizdə.
Küçəniz gözümdə bircə küçədi,
Ocaqca küçədi, pircə küçədi.
Vecinə gəlməzmi halım necədi?-
Üzə çıx, ruhumu sar küçənizdə.
Qonşu arasına pıçhapıç düşüb,
Söz-gap qanad açıb, uçhauç düşüb.
Üçü istəsə də, istəmir beşi,
Sirri edəcəklər car küçənizdə.
Eviniz yeddinci qatında göyün,
Pəmbə buludlardan gəlinlik geyin.
Bir az mən boylanım, bir az sən əyil,
Dərdi ürəyimdən dər küçənizdə.
ƏLİMİ KƏS
Mən əlimi yumruq edə bilmədim,
Dərdlərimə qulluq edə bilmədim,
Beş barmaqla yola gedə bilmədim,
Əlimi kəs, əlimi.
Hər gün Tanrı dərgahına ucaldı,
Havalandl, qaxac oldu, qıc oldu.
Əlimin ki ümidləri puç oldu,
Əlimi kəs, əlimi.
Tutmamışam vətənimi, elimi,
Düşmənimə uzatmışam əlimi.
Öz əlimlə qısaltmışam dilimi,
Əlimi kəs, əlimi.
Əl açmışam, ələbaxan olmuşam,
Ələbaxan - falabaxan olmuşam,
Sədəqəyə günəbaxan olmuşam.
Əlimi kəs, əlimi.
Qarışdırıb halal ilə haramı,
Qəhr elədi əvvəlimi, sonramı.
İndi yaraq tutmağa da yaramır,
Əlimi kəs, əlimi.
Ürəyimin ağrıları dərində,
Nə olursa, mənə olur yerində.
Pöhrələyər bəlkə günün birində,
Əlimi kəs, əlimi.
HƏSRƏT ZƏNGİNİ
Gözümü yoluna dikmişəm sənin,
Qalmışam uçuna-uçuna, gözəl.
Gizlicə adını çəkmişəm sənin,
Pay çıxıb dilimin ucuna, gözəl.
Sanki oğurluqda yaxalanmışam,
Gözümdə gözünün izi tapılıb.
Yanlış ünvan kimi döyüb hər axşam
Sevgi məktublarım sizin qapını.
Ümid yox azalda ağrı-acını,
Bu yaşda vurulmaq yanmaq üçünmüş.
Qışda çiçək açan bar ağacının
Gülüşü gözündə donmaq üçünmüş.
Mənim saatımda axşam azanı,
Sənin saatında səhər zəngidi.
Alım qadasını yazı yazanın -
Olmuşam dünyanın həsrət zəngini.
YETƏR, QAYIDIRAM
Açdım diri gözlə bu səhəri də,
Kipriyi kipriyə vurmadım, gülüm.
Demişdim biryolluq unudacağam,
Sözümün üstündə durmadım, gülüm.
Qapıda, divarda, pəncərələrdə,
Kitabda, dəftərdə mən səni gördüm.
İşığın Ay kimi düşdü üzümə,
Bütün tərəflərdə mən səni gördüm.
Gözümdən itmədin bir an da belə,
Hissimi, duyğumu zəbt eləmisən.
Sanki ayrılanda sən bilə-bilə
Yaddan çıxmamağı əhd eləmisən.
İçdiyim şərab da kara gəlmədi,
Şüşədən, badədən baxırdın mənə.
Başımı balıncın altına saldım,
Ordan da, vay dədə, baxırdın mənə.
Bir dənəm, bir mənəm, bir də xəyalın,
Həsrətin cəhənnəm əzabı imiş.
Səni sevə-sevə tərk eləmişəm --
Bu zülüm Allahın qəzəbi imiş.
Yetər, qayıdıram bu saat, bu an,
Məni sevgimizin başına döndər.
Bir də ki, bacarsan, qapıda gözlə,
Bilim ki, sovuşdu bu qəza-qədər.
MƏNİ BU SEVDAYA ÇƏKMƏ TƏZƏDƏN
Mən biçin şəhidi – başaq kimiyəm,
Bağrımın başını sökmə təzədən.
Süddən ağzı yanan uşaq kimiyəm,
Məni bu sevdaya çəkmə təzədən.
O əsən ilahi bir mehdi, əsdi,
Təzədən əsdirmək cəhdin əbəsdi.
Bir yaxşı söz də var: həvəsdi-bəsdi,
Məni bu sevdaya çəkmə təzədən.
Sənli xatirələr quru çiçəkdir,
Əl vursan, ovulub töküləcəkdir.
O gözəl günlərə sən qələm çəkdin,
Məni bu sevdaya çəkmə təzədən.
Toxunma, qoy elə bu vamda yanım,
Özcənə hücrəmdə, yuvamda yanım.
Arada keçilməz divar dayanıb,
Məni bu sevdaya çəkmə təzədən.
Çoxmu gəzəcəksən izimlə belə?
Oynama duyğumla, hissimlə belə.
Bu qapı açılmaz tilsimlə belə,
Məni bu sevdaya çəkmə təzədən.
ATAM
Atam dərd də çəkib, həsrət də çəkib,
Üstəlik papiros çəkməyi olub.
Heç mən də atamdan az çəkməmişəm,
Tez-tez qulağımı çəkməyi olub.
Həddimi aşanda dərsimi verib,
Qoymayıb bir addım çıxım özümdən.
Anam harayıma yetənə kimi
Şilləsi şimşəktək çaxıb gözümdə.
Sərtliyi qayadan betər olsa da,
Demirəm dərsimi düz verməyib o.
Sevib ürəyinin dərinliyində,
Mənə öyüd verib, üz verməyib o.
Əlləri daş idi, qolları dəmir,
Bir elin-obanın yaraşığıydı.
Axşamdan-axşama görərdim onu,
Atam evimizin Ay işığıydı...
VƏTƏN DAĞLARI
Ucaldım, elə ki, boyuna baxdım,
Başına dolandım, ruhuna axdım.
Mənim könül taxtım, sevgi paytaxtım,
Eşqimin bəyanı - Vətən dağları!
Hər qaya oyuğu – qala mazğalı,
Yoxuş nəfəs kəsir, eniş – qəzalı...
Güllərin şehiylə dəstəmaz alıb
Namaza dayanır Vətən dağları.
Burda arzularım haraya düşüb,
Meylim ocaq günə, pir aya düşüb...
Sərhədlər çat kimi araya düşüb,
O yanı - bu yanı Vətən dağları!
Ömürdü - qovğadan, qandan keçilir,
Ürək ağrı çəkir, candan keçilir.
Nə vaxt gen gəzilir, yandan keçilir,
Həsrətə boyanır Vətən dağları.
İgidsən, canı ver torpağa peşkəş,
Vətən qoyulmaz ki qumara, püşkə.
Uçurum dibinə helləyə, keşkə,
Vətənə qıyanı Vətən dağları!
MƏNİM ŞEİRLƏRİM
Şəkil istəmişdin, şəklə əvəzdi,
Sənə göndərirəm bu şeirləri.
Təbərrik yerinə yanında gəzdir,
Gözünün yaşında yu şeirləri.
Çox cövrü-cəfanı canına qatıb,
Qəmin qulluğunda "kamına" çatıb.
O qədər qəlbimin qanına batıb,
Silməz dərya-dərya su şeirləri.
Ətrinə bələmir tər güllər kimi,
Kövrəkdi uçulu könüllər kimi...
Sanma oxuyuram bülbüllər kimi,
Mənim şeirlərim - qu şeirləri!
Tənha çağlarında götür, varaqla,
Misralar bəzənib amanla, ahla.
Demirəm əzbərlə, yadında saxla,
Oxu aradabir, duy şeirləri.
Nə elə mənasız, nə maraqlıdı,
Nə də ki sən deyən təmtəraqlıdı.
Elə özüm kimi qaşqabaqlıdı,
Mən yaza bilmirəm toy şeirləri.
ÜZÜMƏ BAĞLANAN QAPI
Bu sizin barınız, bu darvazanız -
Mənim cürətimin dirənən yeri!
Hər dəfə buracan ürəklə gəlib,
Sonra da ürəksiz dönmüşəm geri.
Paxıllıq etmişəm o havaya ki,
Dolaşır sən olan evdə, eşikdə.
Sanmışam, dünyanın bəxtəvəridi
Sizin həyətdəki it də, pişik də.
Ürəyim atlanıb səsin gəlincə,
Adın çəkilincə oda yanmışam.
Sənin saqqızını oğurlamayan
Anama, bacıma acıqlanmışam.
Üzümə bağlanıb dəmir qapınız,
Qan udub qəmlərə qəltan olmuşam.
Məni qul yerinə qoymasan da sən,
Gedib dərd mülkünə sultan olmuşam.
Bir gün toyun olub, gəlin köçmüsən,
“Vağzalı” səsinə can verib eşqim.
Şəkil çəkdirməyə tələsib hamı,
Nələr çəkdiyimi bilməyib heç kim.
...Buraxmır yaxamı o həsrət, o qəm,
Görüm yarımasın yazı yazanı.
Hələ də gözünü ağardır mənə
Bu dəmir qapınız, bu darvazanız...
MƏRMİSİ TÜKƏNƏN TOP
Soyumuş təndirə bənzəyir ürək,
Bir-bir kütə gedir söz kündələrim.
Fikirlər dağınıq, duyğular ürkək,
Şeirə çevrilmir düşüncələrim.
Yarıya bilmirəm ilhamdan, təbdən,
Qovrullam bir təşbeh tapana kimi.
Düşürəm taqətdən, çıxıram təbdən
Bir beyti yoğurub yapana kimi.
Nə qədər kağızı cırıb atmışam,
Meşələr bu suçu bağışlayarmı?
Qələmi qırağa fırıldatmışam,
Əcaba, qələmin taxsırı varmı?
Hələ neçə mövzu gözləyir növbə,
Sonraya qaldıqca kəsərdən düşür.
Lal-kara dönürəm, elə ki söhbət
Bir təzə yaranan əsərdən düşür.
Misranı-misraya tikə bilmirəm,
Qırılıb tökülən sapam bu günlər.
Hayqırıb nərələr çəkə bilmirəm,
Mərmisi tükənən topam bu günlər.
Bir qız bir həftədi şeir gözləyir,
Mənsə günü-günə satıram elə.
Həzin baxışların, ala gözlərin
Nahaq günahına batıram elə.
Sözlər düymə-düymə, qönçə-qönçədi,
Açılmaq istəyir çoxusu, qalıb...
Kim bilir yarımçıq şeirim neçədi,
Bitirə bilməmək qorxusu qalıb.
Yad ilmə boylanır baxışlarından,
Özünə oxşamır bu xalça könlüm.
İlhamın şıdırğı yağışlarında
Bir də oxuyarmı navalça könlüm?
Ay Allah, sən yenə fürsət ver mənə,
Sözümü gəl yerə salma, sən Allah!
Bir az da, bir az da rüsxət ver mənə,
Lütfünü urvatda tutaram, vallah!
YAŞAYAQ OXŞAYA-OXŞAYA DƏRDİ
Heyif, bizimki də bura qədərmiş,
Min yol köks ötürək, təəssüf edək.
Yanıb külə döndü eşq sarayımız,
Bir-iki xatirə götürüb gedək.
Canımız odlara qalandı, gülüm,
Qəzanın, qədərin biz içindəyik.
Adam arasına çıxa bilmirik,
Təpədən-dırnağa his içindəyik...
Daha itirməyə heç nəyimiz yox,
Şirin xəyalların köləsi olduq.
Allaha təvəkkül, bəlkə haçansa
Bir də bir araya gələsi olduq...
Ayrılaq, hərəmiz bir yana gedək,
Yaşayaq oxşaya-oxşaya dərdi.
Yaxşı ki, doymadıq bu görüşlərdən,
Yoxsa gözümüzdə adiləşərdi.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ