Bütün şeirlərim özüm kimidir... - ŞEİRLƏR

Tarix:26-05-2018, 14:00 Baxış Sayı:416

Bütün şeirlərim özüm kimidir... - ŞEİRLƏR
Manera.az tanınmış şairə Adilə Nəzərin şeirlərini təqdim edir:

BEŞİNCİ MÖVSÜM

Adın dilimdəki ən gözəl şeir,
Gözlərin ən doğma məkandı mənə.
Saçların qıvrılıb axan çay kimi,
Alıb xəyalımı götürür sənə.

Görürəm, arabir dalıb gedirsən,
Dikilir gözlərin bircə nöqtəyə.
Qələmi, kağızı dəli edirsən,
Bilinmir ortaya düşən nöqtə nə?...

Burda gözlərimdən şıdırğı yağan,
Orda qəlbindəki daşlığa düşür.
Baxdığın tərəfi yadırğayandan,
Baxışın hər dəfə boşluğa düşür.

Nə daşlıq eynimə, nə boşluq mənim,
Beşinci mövsümdə düşdüm yağışa.
Ən doğma məkanda gözəl şeirlə,
Keçirəm baharı, gedirəm qışa.

İSTƏDİM

Söküb isti ruhumdan qışın buz heykəlini,
Sevdim Yaradanımın hər gözəl əməlini...
Buraxdım bu dünyanın daş kimi bərk əlini,
Səxavətli bir qəlbə dolmaq, dolmaq istədim.

Yanıb yaxılım dedim, Ağcaqum düzü kimi,
Bir dərvişin dilində Haqqın haq sözü kimi,
Sızıb qəflət canlara bəsirət gözü kimi,
Hikmət, ziya, nur, işıq olmaq, olmaq istədim.

Toxunduğum göynətdi hey barmaq uclarımı,
Təbib gəzdim sağaltsın dodaq uçuqlarımı...
Bəxtimin yolları tək dolaşıq saçlarımı,
Açıb dəli küləyə yolmaq, yolmaq istədim.

Qaranlıq düşüncələr içində yoruldum, ah,
Savab bildim sevgini, sevməyin nəyi günah?!
Bağışla Adiləni ey qiblə, ey Qibləgah,
Eşqə sarı üz tutub namaz qılmaq istədim.

Bu gün mahnıları da dağlara pay eləmək ,
Şeirləri yağış tək çöllərə səpələmək,
Qarışıq buludları qara torpağa örtmək,
Ağappaq bir sevgidə ölmək, ölmək istədim.

ADSIZ ŞEİR

Sərbəst şeirlərim oğlum kimidir,
Heca şeirlərim qızımdır mənim.
Bütün şeirlərim özüm kimidir,
Elə qış içində yazımdır mənim.

Bilirəm, dünyada hamı qonaqdır,
Mənim nişanəm yox, kim anar məni?
İtsəm aranızdan,- bu ki bir haqdır,
Yəqin şeirlərim yaşadar məni.

Deməyə bir ayrı söz nə gərəkdir,
Alışar, dərdimi desəm hər kimə.
Budur vəsiyyətim: bez nə gərəkdir, –
Məni bükərsiniz şeirlərimə.

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox.
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.

Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışı tək.

Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

ARADA ZƏNG ELƏ

Bu payız küləyi yamanca əsdi,
Ayırdı, sevərək ayırdı bizi.
Arada zəng elə, susaq doyunca,
Beləcə ovudaq bir-birimizi.

Xəyal et, ən xoşbəxt vaxtlarımızı,
Bir az rahatlıq tap, zamanı əylə.
Nəfəsin dalğa tək vursun ruhuma
Sən də qoşul mənə, anı il eylə.

Birdən içini çək, əlim boşalsın,
Hıçqırım, əfv elə, keç günahımdan.
Bir xoşbəxt gecəni yadına salsın,
Dəli ol, bir anlıq odlu ahımdan.

Dalım dərininə, uzağına get,
Söhbətin sehrinə, marağına get.
Vüsal vadisinin qırağına get,
Səslə dönüm gəlim, həsrətə göndər.

Sükutu uzadaq, saatlar ötsün,
Dərman hesab edək hənirimizi.
Arada zəng elə susaq doyunca,
Beləcə ovudaq bir-birimizi.

UZAQ PƏNCƏRƏDƏ TƏNHA BİR QADIN

Uzaq pəncərədə tənha bir qadın
Nə vaxtsa yuxuna qonaq olacaq.
Durub baxacaqsan xatirələrə,
Səsin titrəyəcək, gözün dolacaq.

Bir nəğmə dəyəcək qulaqlarına,
Səssiz küçələrdən keçəndə bir gün.
O anda yaş olub yanaqlarına
Axacaq qəlbinə artıq gördüyün.

Baharda gül hüznü alacaq səni,
Gözəl nərgizlərin açdığı yerdə.
Bənövşə gələcək gözün önünə,
Donub qalacaqsan o anda birdən.

Keçəcək huşundan qığılcım kimi
Əlində çırpınan qaranquş bir əl.
Başına dönəcək fərari ağlın,
Dəli olacaqsan...- məyus, məəttəl.

Dönüb axacaqsan qələm-kağıza,
Yumub tökəcəksən hey varaq-varaq.
Uzaq pəncərədə tənha bir qadın
Sonadək ömrünə mövzu olacaq.

NaxçıvanБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ