Mənim ürəyimin çatı Arazdır - Şeirlər

Tarix:22-05-2018, 12:39 Baxış Sayı:239

Mənim ürəyimin çatı Arazdır - Şeirlər
Manera.az tanınmış şair Aydın Murovdağlının şeirlərini təqdim edir:

MƏNİM ÜRƏYİMİN ÇATI ARAZDIR

Ünlədim, keçmədi ün arasından,
Pərdədir, asılıb çən arasından...
Azərlə Baycanın tən arasından,
Bir qəmli çay axır, adı Arazdır!

Dünya anasıdı yas ilə toyun,
Durnalar, dərdimi dənləyin, doyun...
O tay qara oyun, bu tay ağ oyun,
Bu Vətən şahmatdı, matı Arazdır!

Suyunu ovcuma içirəmmirəm,
Boyunu gözümə köçürəmmirəm,
Üstündən o taya keçirəmmirəm,
Göz yaşım suyunda batır, Arazdır!

Tikanlı məftillər yolları boğdu,
Bu yurdda torpaq da, ölüm də toxdu...
Yüz ildir çağırıb ayıldan yoxdu,
Həsrətə baş qoyub yatır, Arazdır!

Qar altda gizlədib dağlar sirrimi,
Arazdan göyərdib fikirlərimi...
Gəlişsiz-gedişsiz körpülərini,
Əynindən soyunub atır, Arazdır!

Azdı qayğısına ömür vətənin,
Adını, haqqını bölür vətənin.
Hər gün sınığında ölür vətənin,
Məzarı Xəzərə çatır, Arazdır!

Dağlar da yaylıqdı - göz yaşı silən,
Bölüb yolları da, vətəni bölən...
Bir xalqın ağrısı sığışa bilən,
Mənim ürəyimin çatı Arazdır...

SƏN ELƏ BİLƏCƏKSƏN

Sevginin gözü kordu məni görməyəcəksən.
Sinəndən ağrı boyda ürək dərməyəcəksən...
Taleyin qapısından qoşa girməyəcəksən.
Sən elə biləcəksən ömür belə olurmuş...

Nə ayrılıq.nə həsrət ömründən ötməyəcək.
Yolların güzgülərdən çəkilib getməyəcək.
Ağladığın sularda ümidin bitməyəcək.
Sən elə biləcəksən ömür belə olurmuş...

Saçlarının sığalı küləklərdə qalacaq.
Həyatın dumanların.yağışların olacaq.
Xəyallar.xatirələr gözündən yol salacaq.
Sən elə biləcəksən ömür belə olurmuş...

Gəlib dağlar tutacaq yoxluğun arasını.
Bir ölüm sağaldacaq məhəbbət yarasını...
Yüz il saxlayacağam "əlvida"nın yasını.
Sən elə biləcəksən ömür belə olurmuş...

Soyuq şöhrət səsini işığına bükəcək.
Bu dünya əvvəl-axır üzündə qəm əkəcək.
Qış gəlib pəncərənə ürək şəkli çəkəcək.
Sən elə biləcəksən ömür belə olurmuş...

Dünyanın toy üzünə yanağın getməyəcək.
Ürəyin gedən yerə ayağın getməyəcək...
Solan gözəlliyinə yaz yaxın gəlməyəcək.
Sən elə biləcəksən ömür belə olurmuş...

Baxışından hər baxış ağrı dadıb gedəcək.
Soyuqlar çarpayında hər gün yatıb gedəcək.
Bir gün ahın da səni tamam atıb gedəcək.
Sən elə biləcəksən ömür belə olurmuş...

SÖZÜN KÖYNƏYİNDƏ GƏLMİŞƏM, DÜNYA

Əməl dərsindəyəm bu kainatda,
Hesabım cəmlənir vaxtda, saatda.
Sənə qaranquşun köksünün altda,
Durna lələyində gəlmişəm, dünya.

Mələklər göylərdə ulduz sayanda,
Bəxtin gözü qalıb ulduz payımda.
Narağacı gecə ulduzlayanda,
Bir nar çiçəyində gəlmişəm, dünya.

Xəbərçi küləyin pıçıltısında,
Sənə kəpənəyin pıçıltısında,
Arıyla çiçəyin pıçıltısında,
Bir bal pətəyində gəlmişəm, dünya.

Qəlbimə nur düşüb, tanrı təbindən,
Min yol kəsilmişəm bəxt məktəbində.
Mən sənə qələmin mürəkkəbində,
Sözün köynəyində gəlmişəm, dünya.

Dərə sevgisinn, dağ məzarının,
Quran ayəsində sirli yazının.
Mən sənə anamın - o türk qızının,
Oğul diləyində gəlmişəm, dünya.

Sözün canındadı andı şairin,
Hər sözü xətadı, qandı şairin.
Aydın Murovdağlı adlı şairin,
Sənə ürəyində gəlmişəm, dünya.

BİR DƏ MƏN İDİM...

Məlikməmməd nağılıydı dünya o zaman,
Buğda-buğda ayrılırdım uşaqlığımdan.
Yol gəlirdik doğmalığın uzaqlığından,
Əlim idi, ətək idi, bir də mən idim

Yonca boyum yolda qoydu yovşan boyumu,
Ögeylərim görüb aldı nişan-boyumu,
Harayladıq zirvələrdən aşan boyumu,
Sevgi idi, ürək idi, bir də mən idim

Yadımdadı, həsrətini öydük bir gecə,
Durnaların harayına dəydik bir gecə,
Gedib sənin pəncərəni döydük bir gecə,
Yağış idi, külək idi, bir də mən idim

Qar yağmışdı, quşsuz idi soyuq bir yuva,
Tüstüsünə buxarıydıq yananda soba.
Köksümdəki döyüntüdə çıxmışdıq ova,
Qorxu idi, tüfəng idi, bir də mən idim

Gəncliyimlə bir gün qışdan yaza gedirdik,
Hissimizin yamacında lalə bitirdik...
Şəklimizi bir bulaqda salıb itirdik,
Arı idi, çiçək idi, bir də mən idim

Vaxt dayanır, bu dünyadan adam köçəndə,
Qara yerin yuxusunu qatan köçəndə...
Tabutuna çiyin verdik atam köçəndə,
Ruhu idi, mələk idi, bir də mən idim...

GəncəБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ