O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri

Tarix:13-05-2018, 14:19 Baxış Sayı:324

O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Bu gün "Beynəlxalq Analar Günü"dür.Manera.az bu münasibət ilə Azərbaycan poeziyasının 5 ən gözəl "Ana" şeirini təqdim edir:


O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Cəfər Cabbarlı

ANA

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.


O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Mikayıl Müşfiq

ANA

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!



O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Məhəmmədhüseyn Şəhriyar

EY VAY ANAM

Pillələrin yanından yenə ahəstə keçdi,
Ürəyi səksəkəli,qulağı səsdə keçdi.

"Balam oyanmasın qoy"-deyə çatıldı qaşı,
Xəyalında xəstənin yenə səbzəsi,aşı.

Onun məhzun baxışı dolmuş buludlar kimi,
Sinəsində ürəyi alovlar,odlar kimi.

Xeyr,alov deyildir,mənim anamdır,anam,
O eyvanda dolanan,o alışan,o yanan.!

Ölmüşsə də,bu evə yenə gəlib-gedir o.
Yenə ayrıla bilmir,yenə xidmət edir o.

O bizim ömrümüzün hər anında yaşayır,
O yenə paltar yuyur,yenə odun daşıyır.

Ölümündən sonra da özü görür hər işi,
Anam.Biçarə anam.Evimizin günəşi!

Pillələrin yanından hər sübh asta keçərdi,
oyanmayım yuxudan.
Gəldi bu gün də keçdi o, pərişan-pərişan.

Yenə açıldı qapı,yenə bağlandı qapı.
Başındakı istiot pəngli köhnə çarşabı

Yenə gözümə dəydi.
Əyilmiş qamətiylə yenə qəddini əydi.

Mənim öz anamdır o,yenə sinəsi dağlı,
Yenə başmağı köhnə,corabları yamaqlı.

Küçələri qar tutub,yolları rüzgar tutub.
Onun ana qəlbini qəmlər,qayğılar tutub.

Hardan olsa bu səhər yerkökü almalıdır.
Xəstə yatan oğlunun qeydinə qalmalıdır.

Ayrılıb külfətindən,ərindən,şəhərindən.
Mənim dalımca gəldi,o qopub öz yerindən.

Gəldi, dörd övladını boya-başa yetirən,
Məni gəlib tapınca gözüylə od götürən,

Ata qüdrətli anam,bacı şəfqətli anam,
Kişi qeyrətli anam!

Yarımcan bir çırağın işığını yandıran,gözlərinin odunu
Töküb neft əvəzinə ocağı odlandıran.

Mənim qəhrəman anam,
Mənim mehriban anam!

Keçmişi ehtiramlı,şərafətli,şöhrətli,
Bizim ana Təbrizin özü tək əzəmətli.!

"Bağ-meşə" məhləsində bir kişinin evi var.
O,Allahı tanıyar ,Allah onu tanıyar.

Onu hər kəs salamlar.O,salamlar hər kəsi.
Evinin hər guşəsi--haqq,ədalət mərkəzi.

Bəzən gizli göz yaşı tökər gildir-gildir o,
Müvəkkilin xərcini ödəyən vəkildir o.

Onun üçün dünyada qızıl nədi,zər nədi?
Xalqının sərvətidir,evinin hər sərvəti.

Bütün varı-dövləti-yoxsullrın,acların,
Nəvazişə, çörəyə sevincə möhtacların.!

Burda qapılar açıq,burda süfrələr açıq,
Gəl ayağı çarıqlı, keç yuxarı başa çıx.

Güldən ağır söz deməz,gülüşlərlə qarşılar,
Şüalara bənzəyir alnındakı qırışlar.

Ürəyimdə qaynayan əbədi ilhamdır o,
Mənim öz atamdır o! Mənim öz anamdır o.!

Mənim atam süfrəli,duz-çörəkli kişiydi,
Ər ürəkli kişiydi.

Halal gəliri vardı.Heyhat dərdi çox idi.
Öləndə bircə illik xərcliyimiz yox idi.

O öləndə gözlərdən nə qədər yaş süzüldü.
Onun var,dövləti,məhəbbəti,hörməti,
Sonsuz mirvarilərtək kirpiklərə düzüldü.

Arxasınca hələ də ah çəkir el sinəsi,
Bir rəhmət qafiləsi,məhəbbət qafiləsi.

Mənim anam- elə bir atanın yadigarı,
Təkcə bizim evin yox,yüz evin iftixarı!.

El-obaya gözündən işıq verən bir ana.
Heyhat,söndü o işıq.Dünya döndü zindana.

Xeyir!Ölməyibdir o! Eşidirəm səsini,
Üşüyəndə duyuram yenə od nəfəsini.

Görürəm vermiş yenə uşaqlarla baş-başa.
Yenə duz tökür aşa.

-Nahid.kiri.
-Bijən,keç...Çəkil bir az kənara.

Kəfkiri qoy yerinə.Əl -ayağa az dolaş.
Yenə fikrində xəstə,Yenə də səbzəli aş.

O,atamın yanında torpağa tapşırıldı.
Gəldi qohum-əqraba,başsağlığı verdilər.

Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı,
Göz yaşına qarışdı,təsəllilər.ümidlər.

Yaxşı xətm quruldu,qəmli,ələmli, məhzun.
Zəhmət çəkib gələnlər lütfünüz artəq olsun!

Ürəyimi yandırır,göynədir ana dərdi,
Mən anamı istədim,onlar təsəlli verdi.

Bəs o kimdir,
Yorğanı yenə üstümə çəkdi?
Yenə gecə yarısı stəkana su tökdü.

Qızdırmanın içində başım-bədənim yanır,
Qorxulu bir yuxudan mən yenə də oyanır,

Gözlərimi açanda yenə görürəm onu,
Ayağımın ucunda yalqız oturduğunu.

Bu gecə sübhə yaxın o yenə gəldi asta.
Yenə barmağı üstə.Yenə qulağı səsdə.

Yenə öz Allahıyla razü-niyaz edir o,ahəstə-ahəstə.
Xeyir.Ölməyib anam! Yaşayır köksüm üstə!

Nə qədər ki,mən sağam anam da sağdır mənim!.
Səsimdə,nəfəsimdə yaşayacaqdır mənim!

Yaşayacaq qəmimdə,pərişan gülüşümdə,
Bir sözünü yad edib qırılan gülüşümdə.

Onun südündən əmdim mən şairlik təbimi.
Həyatımı,ömrümü,ilhamımı,qəlbimi

Bir şairə döndərən,bir məşələ döndərən
Anam oldu!.Anamdır mənə hər şeyi varən!

O mənim məbədimdir,
Ölməzdir,əbədidir.

Heç ölərmi, söyləyin, sual verin cahana:
Şəhriyarı yetirən şir ürəkli bir ana?

O sevgidən yoğrulmuş yanar,qaynar bir ürək.
Hara getsəm mənimlə bir gedəcək!

Heç bilsən mənə bir vaxt nələr,nələr demiş o !
Həqiqətlər söyləmiş,əfsanələr demiş o.

Onun nağıllarıyla qanadlanmış xəyalım,
Bayatılar,laylalar,təranələr demiş o.

Beşiyimin başında gah gülmüş,gah ağlamış,
Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim,ilhamım,hər nəyim var, onundur,
Bu qəmlər,bu ələmlər,bu misralar onundur.

Mən yazmıram,bəlkə də yazır indi bi şeiri
Onun qızıl şua tək könül titrəyişləri.

Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni yaratmış,mən aləm yaratmışam.

Pərəstkarlıq elədi 5 il xəstə oğluna
Qanlı göz yaşlarıyla nicat verən bir ana!
Bəs övladı neylədi? Heç nə!.İnan ki,heç nə.!

Şəfaxanədə yalqız özgənin ümidinə.
Bir gün xəbər gəldi ki,tamam oldu həyatı,
Sındı qolum-qanadım.

Qum şəhəri yolunda dağlar məni danladı,
Dağları da özüm tək sinəsi şan-şan gördüm.

Dağları da ğzüm tək səssiz danışan gördüm.
Qara cizgilər dolu bu səhra bir qəm yolu.
Mənim üçün qorxulu...

Dəryaça da elə bil ağlayırdı halıma.
Dayanıb fikrə daldıq,
Gümbəzin ətrafını dalanıb namaz qıldıq.

Göy mamırlı daşların baxdıq yan-yörəsinə,
Düşdü gözümün yaşı Yasinin surəsinə.

Bitdi Yasin də bitdi,
Anam torpağa getdi.

Mən o gecə atamı gördüm,yuxumda gördüm.
O,anamı səslədi.Anam hay verdi ona.

Ayın dörd çevrəsini bulud-duman bürüdü,
Bildim anam gedəcək.Ana,
GETMƏ! Can, ANA!

Atam həyət bağında,öz uca çardağında,
Ən ülvi bir aləmin müqəddəs qucağında...

Elə aləm ki,orda nə ələm var,nə qəm var.
Əziz ana,oğlundur bu sözləri söyləyən.

Bütün əzablarının,dərdlərinin muzdunu
bir damcı göz yaşıyla ödəyirəm bu gun mən.

Sən dərdimi çəkməkdən xilas oldun, ölərək,
Rahat uyu,anacan,təzə yerin mübarək!

Qarşıdadır,qarşıda hələ qəmim,kədərim.
Mənim anasız günüm. Mənim yetim günlərim.

Birdən sanki yer çəkib ürəyimi apardı,
Qəbristan sükutunda anam fəryad qopardı.
Daşların arasıyla o yüyürür,o qaçır.
Ayaqları dolaşır.

O yıxılır,dikəlir,gəlir,dalımca gəlir!
Hürkmüş bir dəli kimi vağzalacan yüyürdüm.

Adam içinə girdim.
Evə gəlib çatanda
Gördüm o məndən qabaqgəlib durub eyvanda.

Çabalayır,çırpınır,məndən gileylənirdi.
Yarımqapalı gözlər elə bil ki,deyirdi:
--Məndən ayrılma!.

Gəldim.
Başım gicəllənirdi.
Ürəyimə elə bil civə doldururdular.
Gözümün qabağında yer-göy qalxıb enirdi.
Hər şey pərən-pərəndi...Hər şey qorxunc,tar-mar.

Başımdan basmaq üçün səma məni gəzirdi.
Tufanda boğmaq üçün dərya məni gəzirdi.

Günahkar gözlərimdə dünya zülmətə dönmüş,
Maşının təkərində küləklər oda dönmüş.

Küləklərmi bu əsən,ya onun zəif səsi,
Mənim arxamca qaçan o vücudun naləsi?!

Evə gəldim.
Oxlanmış!.Dilimdə söz qurumuş!
Gördüm yenə hovuzun o, başında oturmuş.
Yenə də mis ləyəndə ağ köpüyü yayır o.

Mənim andıra qalmış köynəyimi yuyur o.
Sanki azca qımışdı.
Amma qəlbi sınmışdı.

Dedi--Məni torpağa tapşırıb gəldin,sağ ol.
Yalqız qoymayacağam səni, binəva oğul

İstədim gülümsünüb çıxam bu iştibahdan,
Ancaq bu xəyal idi.Sinəm od tutdu ahdan.

Yumruq boyda qəlbimdə dünya boyda kədərim.
Sən indi bir xəyalsan.Eyvay,anam,madərim!



O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Bəxtiyar Vahabzadə

ANAMIN ÖLÜMÜNƏ

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi…otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm:Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

“Yuxun şirin olsun”–deyərdin mənə,
“Yuxun şirin olsun”–deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…

Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?

“Dərdin mənə gəlsin!”–deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.

İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,

“Nənəm hanı?”–deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,

Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu…
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün

Könlümdə nə qədər mənim sözüm var.
“Kimləri çağıraq bu gün yeddiyə?”
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,

Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,

Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,

Surətim məzara getdi gözündə…
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.


O mənim məbədimdir.. - 5 ən gözəl ana şeiri
Hüseyn Arif

ANALAR

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?

Hazırladı: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ