Əbülfət MƏDƏTOĞLU: SUSMAQ DİQQƏTDİRMİ?!

Tarix:11-05-2018, 15:54 Baxış Sayı:244

Əbülfət MƏDƏTOĞLU: SUSMAQ DİQQƏTDİRMİ?!


Həyatım boyu önəm verdiyim və hər kəsdən də umduğum və çəkinmədən də dilimə gətirdiyim bir istəyim olub. O da DİQQƏTDİ! Kim necə istəyir başa düşsün. Mənim əxlaqıma, mənim düşüncəmə, mənim inancıma görə, insanı yaşadan bütün vacib şərtlər içərisində diqqət xüsusi yer tutur. Yəni diqqət göstərilən insan özünün gərəkli olduğunu, özünün yaşadığını hiss edir. Və bu da ona impuls verir, ona uzadılan əl kimi onu çəkib quyudan çıxarır. Bax, bu mənada mən dostlarımdan, onların ölkənin harasında yaşamasından asılı olmayaraq, yerdən göyə qədər, hətta ondan da yuxarıya qədər razıyam. Onlar günün, hadisənin barometri kimi dərhal, özü də təmtəraqsız, necə var bu formada da səsləriylə, sözləriylə, telefon mesajlarıyla yanımda olurlar, harayıma çatırlar. Və israrla da məni öz yanlarına dəvət edib haraylayırlar. Bax, bu elementar bir insani addım mənə yandırılan yaşıl işıq, mənim üzümə açılan bir qapı kimi hər vaxt yadımdadı, yaddaşımdadı, həyatımdadı.. Lap çılpaq desəm, Naxçıvandakı dostlarımdan tutmuş Gəncədəki, Şəkidəki, Ağstafadakı, Balakəndəki, Lənkərandakı... bir sözlə, bütün Azərbaycandakı dostlarım bir diqqət simvoludu mənim üçün. Mən də o diqqətin həm daşıyıcısıyam, həm də onun üzvü. Axı təsir əks təsir yaradır. Görüb götürmək, öyrənmək azacıq ağlı olan hər kəsin həm haqqıdı, həm də borcudu...

Bəli, son günlər içimdən bir istək gəlib keçib. Bir dostun, bir yaxının təşəbbüsüylə Bakıdan bir az uzağa çıxmaq, bir az mühiti dəyişmək istəyirdim. Amma müəyyən səbəblərdən gerçəkləşmədi bu səfərim. Bunu yazmaqda, qeyd etməkdə məqsədim var. Yəni etiraf etmək istəyirəm ki, mənim bu səfərimlə bağlı xəbər tutmuş dostlarım hamısı telefon açıb səbrsizliklə gözlədiklərini, qarşılayacaqlarını o qədər doğmalıqla dilə gətirmişdilər ki, inanın, özümü artıq onların yanında hiss etmişdim. Səfər müvəqqəti təxirə salınsa da, onların səmimiyyəti mənə əvvəldə dediyim həmin o diqqəti təkrar xatırlatdı. Mən Allahımdan bir daha razı qaldım ki, O mənim üçün bu cür dostlar seçimində yardımçı olur. Mən yanılmamışam onları seçməkdə, onlara güvənməkdə. Ona görə də üzümü dostlara tutub bir üzrxahlıqla demək istəyirəm ki, yaxşı ki, varsınız və sizin varlığınız mənim Allahdan dilədiyim ən böyük diləklərdən biridi, etdiyim ən səmimi duaların birincilərindəndi. Və...

Bəli, insan özünə qapılanda, öz dünyasına çəkiləndə iki halın çözümündə bir fürsət qazanır. Onlardan biri həmin o təklikdə özünü görməkdi, özünü kitab kimi oxumaqdı. İkincisi də o təklikdə kimlərin səni arayıb-axtarması faktı ortaya çıxır. Görürsən ki, öz təkliyin içində də səni tək qoymayanlar var. Amma neyləyim ki, həmin təkliyin bütün incəliklərini, bütün çılpaqlıqlarını görən, duyan və onu mənə yaşadan sən isə kənardan əlini qaşının üstünə qoyub baxmaqla kifayətlənirsən. Və bilirsən ki, bu baxışın özü də o təkliyə düşən işıqdı. Və mən də bu işığa görə, təkcə yaşamağı, düşünməyi deyil, həm də yaşımın bu çağında da sevməyi öyrənəcəm və yazacam:




Kirpiyimdə yaşı sayma

Qopmuş qaya daşı sayma...

Sən gəl, məni naşı sayma -

Mən sevməyi öyrənəcəm...




Dilimdəki aha gülmə

Ucuz bilib baha gülmə...

Az qalıbdı, daha gülmə -

Mən sevməyi öyrənəcəm.




Ruhu sap-sap sökdürsəm də

Ürəyimi çökdürsən də...

Üstümə daş tökdürsən də -

Mən sevməyi öyrənəcəm.




Nədir çəkən bizi geri

Eşir dəmin dizi yeri!

Dönəcəksən üzü geri -

Mən sevməyi öyrənəcəm.




***

Hə, indi bir ipucu axtarıram. O ipin ucundan tutub getmək, getmək və gedə-gedə də niyə, nədən və kimdən getdiyimi anlamağa çalışıram. Amma neyləyim ki, sadəcə bir istəyin özü də mənə yaxın düşmür, nə də məni özünə yaxın buraxmır. Bilmirəm harda oxumuşam, ya da eşitmişəm. Bütün yollar harasa gedir. Və indiki anda mənə elə gəlir ki, bütün yollar mənim gözümün önündəki ünvana tərəf istiqamətlənir. Və gözümün önündəki o ünvan heç yerindən tərpənmir. Dayanıb gözləyir. Yollar isə uzanır, calanır bir-birinə... Çox qəribədir. Görəsən heç bitməyən yol varmı? Kimsə bilirmi bu sualın cavabını? Mənə görə hər yol, hər cığır bir insandı, bir fərddi. İnsanın dünyaya gəlişiylə başlayıb dünyadan gedişiylə bitir. Bu, pessimist, hüznlü fikir olsa da bunun içərisində insanın bir cismaniliyi özünü göstərir. Amma o da var ki, dünyasını dəyişən aydınlar, işıqlar, dahilər də var. Bəs onların yolu? Axı onlar da normal yanaşmada bizlərdən biridi. Yəni doğulub ölənlərdən biri. Nə isə... Bu sual çox su aparan xəmirə bənzəyir. Ona görə üstünə çox getmirəm. Qoy hər kəs bildiyi kimi fikirləşsin, bildiyi cavabı həmin sualın qarşısına yazsın. Mən isə həmin o tərpənməyən ünvana baxa-baxa axtarışlarımı davam etdirirəm. Və yenə də görürəm ki, bir şeirdə yazdığım kimi, hər anımda, hər fikrimdə sən mübtədasan. Sən onun şah damarı, baş qəhrəmanısan. Ona görə də sənsizlik anlayışını dilimdən, leksikonumdan, düşüncəmdən silməyə qərar verirəm. Bilmirəm gücüm çatacaq, ya yox. Amma bir halda ki, hər anımda sən varsansa, onda mən də elə sənin hər anında yəqin ki, varam. Bu, özüm haqqında bədgümanlığa bənzəsə də, amma içimdən gəldi, ona görə yazmaya bilmədim.



Yazdım ki:


Kirpiklərimdən damır

Çətirini götür sən...

Bu halda da gedərəm -

Məni hara götürsən....



Düşdüyüm boran, qarla

Ürəyim susuz tarla...

Günəşim kimi parla -

Buludumu ötür sən!




Nuh dövründən qalığam

Az qalıbdı lalıxam...

Ovcundakı balığam -

Əzab vermə, öldür sən!




Həsrəti talayaram

Ruhumu qalayaram...

Duz kimi yalayaram -

Mənə səni gətirsən!




Necədi? Xoşuna gəldimi? Yəqin ki, yox! Çünki şit, bayağı, bir az da şişirdilmiş görünəcək bu dediklərim, bu yazdıqlarım. Elə biləcəksən ki, xoşuna gəlmək üçün aktyorluq edirəm, rol oynayıram, səhnə yaradıram. Olsun! Belə düşünmək sənin haqqın... Amma mənim də haqqımı tapdalama. Necə yazıramsa, necə deyirəmsə, bir dəfə də onu eləcə gör, eləcə qəbul et! Onda biləcəksən ki, tərəzinin iki gözü var, baxış bucaqları da müxtəlifdi. Axı, adamı olduğundan böyük və yaxud kiçik göstərən, yəni əks etdirən güzgülər mövcuddur. Bir də sənin və bütün qadınların çantasında gəzdirdiyi güzgülər. Yəqin ki, nə dediyimi, nə yazdığımı təxmin edirsən. Əgər etdinsə, onda biləcəksən ki, tərəzinin bir gözündəki haqq da mənimdi. Mən bu haqqın tapdanmasını heç arzu etmirəm. Ümumiyyətlə, Tanrının bəndələrinə verdiyi haqqı elə bəndələrin özlərinin tapdaması günaha yazılan məqamlardan biridi. Sən o məqama yaxın durma. Və...




Mən ki kədər dəlisiydim

Sevinc göndərib küsdürdün...

Yatmış bir vulkan kimiydim -

Mənimlə birgə püskürdün...




Bir anda dəyişdi həyat

Çaşdım durduğum yeri mən...

Ürəyim açdı qol-qanad -

Dönə bilmədim geri mən...




Dörd tərəf sonsuz qəm, kədər

Qaldım atdığın adada...

Sevinc daşlaşdı o qədər -

Qoymadı düşüm yada da!..




***

İnsanda yaddaş yerində olursa və bu yaddaşın üstünü toz basmırsa, bunun özü bir xoşbəxtlikdi. Doğrudur, bu xoşbəxtliyin kölgəli tərəfi də var. Yəni yaddaş bir saxlanc kimi, yəni bir mücrü kimi, bir sandıq kimi hər şeyi yığır öz daxilinə - yaxşını da, pisi də. Bax, insanın yaddaşı fəal olanda yaxşını xatırladığı kimi, pislikləri də unutmur. Amma mən çox istərdim ki, yaddaşın o pislik toplanan bölməsi ya dondurulsun, ya da ümumiyyətlə, həmin hissə olmasın. O bölum Tanrı tərəfindən silinsin. Deyə bilərsiniz ki, bəs onda insanlığın düşməni olan erməniləri necə, onları da yaddaşdan silək? Onların pisliklərini unudaq?

Bəli, haqlı və yerində səslənən sualdı. Amma bu sualdan öncə mənim ifadə etdiyim təklifə diqqət yetirin. Mən axı dedim ki, bütün pislikləri... Deməli, o pisliklərin içərisində erməni də gedir...

Hə, indiki anda yaddaşla üz-üzə dayanıb həmsöhbət olmaq mənə əvvəldə söylədiyim diqqətin qapısına qayıtmaq imkanı verir. Yəni yazımın əvvəlində dostlarımın, onların timsalında duyduğum, hiss etdiyim, yaşadığım diqqəti qabartmışdım. Elə yazımın sonunda da həmin yerə, həmin qapıya dönürəm. Axı, ürək istəyən yerə ayaq yüyrək gedər. Bir də harda arzulanırsansa, harda yerin görünürsə, orda olmaqdan, ora getməkdən gözəl nə ola bilər ki? Vay odur ki, gözlənmədiyin yerdə gözə dəyəsən. Və bu da sənə qarşı xoş olmayan bir münasibətin yaranmasına səbəb ola. Sən də bunu duyasan, yaşayasan və içində çiliklənəsən...

Hər halda, hər kəs öz qibləsini tanıdığı kimi, yəqin ki, öz yerini də, ona olan münasibəti də az-çox bilir. Mənim söylədiklərim, yazdıqlarım ən yaxşı halda bir xatırlatmadı. Özü də təkcə sizin üçün yox, mənim elə özüm üçün də. Mən özüm özümə xatırladıram ki, xəyal qurub gözlənildiyimi düşündüyüm yer, yəni sənin yanın mənə üzərinə "giriş qadağandı" yazılmış qapını xatırladır. Neyləyim ki, xəyalım, elə ruhum da o qadağanı aşıb keçir. Axı deyirlər ruh da, xəyal da qadağaları qəbul etmir, onlara məhəl qoymur. İndiki anımda mən bu deyimə, bu fikrə tam inanıram və ikiəlli səs verirəm. Üstəlik, onu da demək istəyirəm ki, yaşanan hisslər, duyğular mənim üçün son nəfəsdi. O nəfəs isə...

Çox dolanbac bir yolu gəzib gəlmiş və gəldiyi ünvanda da kimsə tərəfindən qarşılanmayan birisi kimi mən yalnız özüm-özümə təsəlli vermək imkanındayam indi.

Başqa bir imkanım, başqa bir üz tutağacım yer, məqam, şərait, hətta əhval belə ağlıma gəlmir. Ona görə də kağızla qələmin həmsöhbət olmasına üstünlük verirəm.



Və xəyalımın aşıb qarşısında dayandığı ünvan sahibinə deyirəm:


Sən özün bilərsən nə düşünürsən

Mənim yaşadığım bu sevgi haqqdı!

Gözlərim görür ki, tək üşüyürsən -

Mənim güvənc yerim, bu sevgi haqqı!




Sən ovsan, mən ovçu - gəldik bərəyə

Dağı düzə çəkək, düzü dərəyə...

Bir dəfə pay düşür bil ki, hərəyə -

Belə bir sevgidən, bu sevgi haqqı...




Tut oda, tut suya, günə yönünü

Bəzə xəyal ilə bütün ömrünü...

Heç vaxt uduzmazsan, açıb könlünü -

Sən məni sevginən, bu sevgi haqqı!




Ürək söz çəməni, çiçəklər tər söz

Könlün istəyəndə, çəkinmə, dər söz...

Mənə təsəllidi dediyin hər söz -

Doymuram sevgindən, bu sevgi haqqı!..




Deməli, bütün bu yazılanlar, bütün bu deyilənlər əslində özü də toplum halında bir DİQQƏTdi - hamıya, hər kəsə, xüsusilə sənə! Bəs səndə necə? Sənin baxış bucağın altında mənim diqqətim necə görünür?!.

... Susursan... Bunu diqqətəmi yozum?..

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ