Haçansa eşqimin butası vardı.. - Şeirlər

Tarix:9-05-2018, 23:02 Baxış Sayı:473

Haçansa eşqimin butası vardı.. - Şeirlər
Manera.az tanınmış şair, alim Fəxri Müslümün 70 illiyi münasibətilə şeirlərini təqdim edir:

A YETMİŞ İLİM

Salam, yetmiş ilim, a ömür-günüm,
İllərin il oldu, izin iz oldu.
A gündoğan yönüm, a Tanrı yönüm,
Ocağın da, ocaq, közün köz oldu.

Var oldun göylərin yeddi qatına,
Arzular ovutdu, xəyal ovutdu.
Mindin gecələrin zümrüd atına,
Səni için-için, xal-xal ovutdu.

Dolandı yolların özündən keçdi,
Özgə duyuq düşdü, yad duyuq düşdü.
Bulud çeşmə-çeşmə, gözündən keçdi,
Ovub-ovulduqca, can oyuq düşdü

Əysə də quşqunu dərd-qəmin tən-tən,
Yada çirmək olan qula tüpürdün.
İraq ruzusundan, bərəkətindən,
Yallanan yaltağa, yala tüpürdün.

İçindən başladın, içə qayıtdın,
Ağrı-acısından göz çiçəklədi.
Bir Yörük türkütək, köçə qayıtdın,
Qərib şərqilərin, söz çiçəklədi.

Ulduzdan asıldın, Aydan asıldın,
Ehtiyac qalmadı dar ağacına.
Eşqinlə payızdan, yaydan asıldın,
Ehtiyac qalmadı,

Görüş yerindəki, bar ağacına.
Çərində-çəməndə, gülə gül oldun,
Dolayı ətirlər, şeh tutdu səni.
Boş verib hər simə, telə gül oldun,

Dolayı küləklər, meh tutdu səni.
Qışın şaxtasına belin düz durdu,
Yazın ayazına aldandın hərdən.
Dağa bax, sinənə mil-mil düzdürdün,

Sözün dayazına aldandın hərdən.
Salam, yetmiş ilim, salam, a günüm,
Hələ astananda varım-gəlim var.
Hələ deyilməmiş min sözüm-ünüm,
Hələ açılmamış min diləyim var.

ÖZÜM ÖZ İÇİMDƏ

Özüm öz içimdə gəzdim dünyanı,
Yolu-yolağası, irzi bilinməz.
Cığırlar köndələn, belimdən keçdi,
Uc ələ gəlmədi, ərzi bilinməz.

Biçildim yaz ağzı, bitdim yaz ağzı,
Ömür əl ağacı, kərtdim, yaz ağzı,
Dərdim satıllandı, örtdüm, yaz ağzı,
Sinəm qıyıq yeri, dərzi bilinməz.

Özüm öz halımdan varıb gələrəm,
Qəmdən bir xaniman qurub gələrəm,
Elə, danüzündən durub gələrəm,
Mərəzi bilinməz, mərzi bilinməz.

Buluda nə deyim, Göyə nə deyim,
Altında yurd olmuş köyə nə deyim,
Cahilə nə deyim, çiyə nə deyim,
Ölçüsü bilinməz, tərzi bilinməz.

Çöl də yadırğadı, bitirmir yovşan,
Hər şeytan ağızda bir çullu dovşan,
Çaparaq, şöhrətə, şana qovuşan -
Hər mürdəşir sifət, hər üz bilinməz.

Özüm öz içimdə gəzdim dünyanı,
Yolu-yolağası, irzi bilinməz.
Cığırlar köndələn, belimdən keçdi,
Uc ələ gəlmədi, ərzi bilinməz.

KEÇDİ

Sinirim sap kimi, iynədən keçdi,
Xəyal toparlandı, yükləndi bir az.
Girib ovqatımın tərs damarına,
Canım yalquzaqtək təkləndi bir az.

Söz düşdü urvatdan, samana çəkdi,
Bozarmış yalana, yamana çəkdi,
Ömürmü-günümü gümana çəkdi,
Ağrım çalın-çarpaz, ləkləndi bir az.

Oyunlar baş qatdı vaxta-vədəyə,
Qalıbdı bu dünya gədə-güdəyə,
Çatısız dana tək, gəlmir yedəyə,
Zaman da tərsinə kökləndi bir az.

Ömürlər sarı sim, tarım çəkildi,
İnsana kütləvi xorum çəkildi,
Ayaqdan taqətim, durum, çəkildi,
Düşmən ətə gəldi, tükləndi bir az.

Daha göylərin də, aha, yeri yox,
Göydəki varlığın, elə, sirri yox,
Ölənin, itənin ruh əsəri yox,
Şər iş də dik durub, dikləndi bir az.

Sinirim sap kimi, iynədən keçdi,
Xəyal toparlandı, yükləndi bir az.
Girib ovqatımın tərs damarına,
Canım yalquzaqtək təkləndi bir az.

VARMIŞDIM

Dağlara varmışdım, kəndə varmışdım,
Çiçək çəkdi məni, gül çəkdi məni.
Alnımda danüzün mehi dolandı,
Dolaşıq dumandan tül çəkdi məni.

Dağların yan-yana yatışı vardı,
Günəşin qürubda naxışı vardı,
Göyün göz yaşı tək, yağışı vardı,
Çayların azanı, sel çəkdi məni.

Elə havasından özə, yük etdim,
Şehə bax, dərdikcə gözə, yük etdim,
İçimdə danışıb, sözə yük etdim,
Qat bağlamış günlər, il çəkdi məni.

Bir ocaq başında oda tutuldum,
Qızdırmadı məni o da, tutuldum,
Külləmə kartofda dada tutuldum,
Qorlu-qorasalı, kül çəkdi məni.

Zəmilər dən tutub, düzdə, bölükdə,
Sünbüllər daranır yeldə, küləkdə,
Şərqiyə kökləndi arzu, dilək də,
Xal olmuş gülləri, tel çəkdi məni.

KÖÇ YOLU

Qayasının damarları tarımtək,
Qırış- qırış qırışlanıb iz qoyub.
Yarmaçatək bülövlənib dağ üstə,
Arğın - arğın səmalara üz qoyub.

Qulağımda kəhər atın nal səsi,
Üzü dikə təngiməsi, nəfəsi,
Şin təkərdə dolam - dolam yol səsi
Ovqatıma, ovxarıma köz qoyub.

Oyuğunda qaçaq yeri nişangah,
Bulaq üstə ocaq yeri nişangah.
Xəncər yeri, bıçaq yeri nişangah,
Səngərlənib Ağrıdağa göz qoyub.

Ağır olub yığıncağı, yığnağı,
Güştü tutub, zor gəlirmiş bığ Nağı,
Dastan olub bütövlüyü, varlığı,
Göyçə üstə Ələsgərdən söz qoyub.

Dağ olmayıb elə yala çəksə də,
Çox sınanıb başı bəla çəksə də,
Aram - aram düşmən gəlib çöksə də,
Qatır kimi dırnaq qoyub, diz qoyub.

Ötmüşlərim oyum - oyum daşında,
İlmalandım al quzeyin qaşında,
Bir zarafat yaddaşımda, huşumda,
Elə bil ki, gözyarama duz qoyub.

Qayasının damarları tarımtək,
Qırış - qırış qırışlanıb iz qoyub.
Yarmaçatək bülövlənib dağ üstdə,
Arğın - arğın səmalara üz qoyub.

DAĞLAR

Ha seyr etdim, yarımadım özümdən,
Sirrin nədən dərin oldu, a dağlar?
Dolaşmışam, söz alınmır məcrada,
Nədən belə girinc oldum, a dağlar?

Üfüqləri tamamladın tam etdin,
Neçə - neçə könülləri ram etdin.
Ömürləri əridib də şam etdin,
Nədən belə şərə qaldın, a dağlar?

Qolarının arasında dərdimiz,
Sarınmamış yarasında dərdimiz,
Nizamında, sırasında dərdimiz,
Neçə canda yerin qaldı, a dağlar.

İllərdi ki, buxovlanıb qal oldun,
Ovsunlanıb, ovxarlanıb qal oldun,
Bəduğura, bədxahlara yol oldun,
Göyçə göldə bərəm qaldı, a dağlar.

Qar xarlamır, çalmasızdı başın da,
Mamır basıb, göz işləmir daşında,
Yada bax sən, Qırxbulaşın qaşında,
Ox yerindən irin qaldı, a dağlar.

Aşrımları, gədikləri boş qalıb,
Köç yerimir, barxanamda daş qalıb,
Xalım - xalça kif bağlayıb, yaş qalıb,
Könlün nədən korun qaldı, a dağlar?

Dünya hələ cavab vermir, söz demir,
Nə yolmuza, nə izmizə iz demir,
Nə deyirsə yalan deyir, düz demir,
Can çəkildi, tarım qaldı, a dağlar.

Ələsgərtək nə qul olduq, nə ağa,
Sığınmışıq ətəklərə, sol - sağa,
Bir günə ki, dolu yağa, qar yağa,
Atətindən durum qaldı, a dağlar.

Umudları girov qoyduq nəs işdə,
Yuxumuz da çin yozumda, təşvişdə,
Gah qınaqda, gah sınaqda, hər işdə,
Şükran bilib, kərəm qıldıq, a dağlar.

Ha seyr etdim, yarımadım özümdən,
Sirrin nədən dərin oldu, a dağlar?
Dolaşmışam, söz alınmır məcrada,
Nədən belə girinc oldum, a dağlar?

ONDA

Haçansa eşqimin butası vardı,
Güləndam arvadın fal tası vardı,
Dəcəl günlərimin xatası vardı,
Ömrümün atdanan vaxtıydı onda.

Bənövşə günlərim çiçək kimiydi,
Gecəli, gündüzlü ürkək kimiydi,
Könlüm də çalınan sarı simiydi,
Ruhumun oyanan vaxtıydı onda.

Gecə çəmən boyu Aya qaçardım,
Yuxu söyləməyə suya qaçardım,
Harda toy vardısa toya qaçardım,
Canımın oddanan vaxtıydı onda.

Söz də ovuclarda nərgiz gülüydü,
Gah gülən kimiydi, gah da ölüydü,
Tərsadan pay olmuş kərəm külüydü,
Eşqimin qınanan vaxtıydı onda.

Fəsil də itərdi, bu qışdı, yazdı,
Hansı isti kimi, hansı ayazdı,
Fələyin adı var, gör kim nə yazdı,
Hər şeyin sınanan vaxtıydı onda.

Hər şey köy üstündə, göydən keçirdi,
Açıq da, gizlin də öydən keçirdi,
Hər nə var iynədən, iydən keçirdi,
Burnumun qanayan vaxtıydı onda.

İNCİMƏ

İçimdən o yana yerim qalmadı,
A dağlar incimə, a yal, incimə.
Qayıda bilmədim, dönə bilmədim,
Yön alıb gəldiyim, a yol, incimə.

Hər nə var köksümdə qalanıb qaldı,
Ocaqdı, eşdikcə qalanıb, qaldı,
Ömür şər vaxtına dolanıb qaldı,
Ruhum, sən Günəş ol, Ay ol, incimə.

Gündöyən güneyim, a bulaq başım,
Gedənim, qalanım a qulaqdaşım,
A qara yurd daşım, a oylaq daşım,
Harayıma hay ver, oy ol, incimə.

Qaytağı üstündə köklənən ağac,
Dartılıb, boy verib, diklənən ağac,
Bir mərd adam kimi təklənən ağac,
Sinəmə ox ol, yay ol, incimə.

Xala bax, yanaqda Ay imiş, demə,
Tanrıdan verilmiş pay imiş, demə,
Ay gözəl, təkcə sən, gecikmiş,- demə,
Dərdimə həyan ol, tay ol, incimə.

TovuzБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ