Söz ömrünü yaşadıq.. - Şeirlər

Tarix:7-05-2018, 10:52 Baxış Sayı:193

Söz ömrünü yaşadıq.. - Şeirlər
Manera.az tanınmış şair Elbariz Məmmədlinin şeirlərini təqdim edir:

BİR ÖMÜR YAŞAYIRIQ

Bir ömür yaşayırıq, nəyimiz var, əmanət,
Ötüb keçən günlərin geriyə dönüşü yox.
Bu əzablı yol ki, var –beşikdən məzaracan,
Alnımızda yazıdır, vaxta dirənişi yox.

Bizdən əvvəl olanlar- dərdimizin heykəli,
Bizdən sonra gələnlər- çiynimizdə dağ yükü.
Nizamını kim pozub, nədən belə dikəlib,
Günü- gündən böyüyən bu, oğul-uşaq yükü?

Hamı tamah əlində yürüyür ,ov dalınca,
Çəkilibdi qəhətə, ov da tükənib ,daha
Zülmət çöküb hər yerdə başımızı alınca,
Sonuncu ümidimiz quyuya enib daha.

Ortalıqda Vətən var- yarasından qan sızan,
Baxırsan dünya boyu enib haqqın bayrağı.
Hara ki, yurd demişik, qismət olub qansıza,
Səpələnib getmişik ,köçərilər sayağı.

Sevgisinin tamı yox, hardan bu həyat şirin?
Əlimizdən alıblar son əl tutulan yeri.
Dağların o üzündə o qərib yurd bizimdi,
Kiməsə dəxli yoxmu, dərdə atılan yerin?

Əllərimiz uyuşmur əl tutub yürüməyə,
Canı belə sevməzlər, nədir ki, can deyilən?
Hamı adətkar olub canını sürüməyə,
Bəs, kiminlə yürüsün bu, can Vətən deyilən?

Dünya boyda ev qurub bizdən öncə gedənlər,
Dünya boyda yurdları yağıyamı vermişik?
Vətəni dar ayaqda buraxıb son ümidə,
Acı-acı dərdlərin qoltuğuna girmişik.

Babaların nəfəsi torpaqdan çəkiləli,
Elə bil ki, dərd hopub otun, suyun tamına.
Açılan səhərlərin işığı tükənəli,
Hamı şükr eləyir qovuşan axşamına.

Bir ömür yaşayırıq, hər anı bir imtahan,
Xəyalda asılmışıq arzuların ağından.
Neçə ki, bütövlüyə təşnədi Vətən, can-can,
Keçə bilməyəcəyik Tanrının sınağından.

PAYIZ SƏNİ XATIRLADIR, ƏZİZİM

Ümidimin yenə günü qaralıb,
Günlərimin dar macalı daralıb,
Duyğularım yarpağı tək saralıb,
Payız səni xatırladır, əzizim.

Gecələrin hönkürtü var içində,
Ömrüm-günüm uralanır, “biçində”,
Durnaların həsrət dolu köçündən,
Payız səni xatırladır,əzizim.

Yay ötməmiş dağ başında duman var,
Çiçəyindən hələ neçə uman var,
Aramızda bir saralmış zaman var,
Payız səni xatırladır,əzizim.

Buludların tər içində atları,
Gör, nə vaxtsız “dingildədir” otları,
Ürəyimdə xatirədən qatları,
Payız səni xatırladır,əzizim.

Çiçəklərin olum-ölüm qorxusu,
Gözlərində daşa dönüb yuxusu,
Nəfəsində ayrılığın qoxusu,
Payız səni xatırladır,əzizim.

Çıxammıram həsrətinin əlindən,
Düşəmmirəm dərd dağının belindən,
Ləçəkləri səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.

Sevdan üçün keçdim ömrün başından,
Duz yaladım yanağımın yaşından,
Çaylaqların tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.

QƏRİBSƏYİRSƏN

Qərib duyğuların özgə tamı var,
Olur ki, qəm üçün qəribsəyirsən.
Güllərin bağrında ulduza dönən,
Bircə şəbnəm üçün qəribsəyirsən.

Keçir ürəyindən yurdun havası,
Körpə şıltaqlığı , cocuq davası..
Elə bil sinənə çiləyir yazı,
Bütün aləm üçün qəribsəyirsən.

Vaxtın o üzündə qəmə tuş gələn,
Ağrısı ürəyə, qəlbə xoş gələn,
Qayıdıb üstünə əliboş gələn,
Bir acı dəm üçün qəribsəyirsən.

Qaçmaq imkansızdı, vaxtın əlindən,
Neçə arzu çıxıb bəxtin əlindən,
Boylanıb aşağı ömrün zilindən,
Yaşanmış bəm üçün qəribsəyirsən.

YAXŞI Kİ, SABAHA BİR AZ İNAM VAR

Qovuşan toranın üzündə qəm var,
Gözün son ümidi gecə şamları.
Yaxşı ki, sabaha bir az inam var,
Necə ovudardıq bu axşamları

Küləklər özünü vurur divara,
İtir durnaların təlaşlı səsi.
Yenə də göylərdə qaçhaqaç düşüb,
Bu topa buludlar hara tələsir

Kiminsə həsrəti üzür canını,
Yükü çəkilməzdi , duyğusu dərin.
Kimsə ürəyini asıb yoluna,
Göylərdə şütüyən təyyarələrin.

Uzaqda dənizin kükrəyir səsi,
Dalğalar sahilə cumur həvəslə.
Həsrəti duyur tək qolboyun olub,
Sahil bağındakı sonuncu kəslər.

Elə bil heç nədən xəbəri yoxdu,
Qəhqəhə içində gecə barları.
Dünyanı buraxıb başlı başına,
Dünyanın hökmlü ixtiyarları.

Kimsə oturubdu masa dalında,
Kimsə əllərini sıxıb köksünə.
Kimdi gözlərini dikib qapıya,
Gözləri yol çəkən, ruhu diksinən

Hardasa gecəni çəkib canına,
Analar sükuta havadar kimi.
Ulduzlar səmaya elə düzülüb,
Vətəni qoruyan oğullar kimi.

Çəkilib içinə - səsini sıxıb,
Yuvası talanan gecə quşları.
Yenə duyğuları buza dönübdü,
Payız ovqatıyla doğulmuşların.

Qovuşan toranın üzündə qəm var,
Gözün son ümidi - gecə şamları.
Yaxşı ki, sabaha bir az inam var,
Necə ovudardıq bu axşamları..

MÜQƏDDƏS DAVADI, VƏTƏN DAVASI

Sabir Yusifoğluna

Müqəddəs savaşdı , Vətən savaşı,
Müqəddəs davadı , Vətən davası.
Çəkir zaman – zaman sınağa bizi,
Bu qeyrət davası , bu qan davası.

Susub bölünmüşük həsrətə, tən – tən,
Ruhumuz yüz yerdən yaralanıbdı,
Hər gün düşüncəmiz dara çəkilib,
Hər gün yaddaşımız uralanıbdı.

Kimin günahıdır , anlamaq olmur,
Kim belə böyüdüb, Vətən dərdini?
Elə yüz illərdi , açıb əlini,
Tökür üstümüzə yetən, dərdini.

Bir üzü Dərbənddi , bir üzü Təbriz,
Hərə bir tərəfdən pozub səddimi.
Neynəyək, dünyaya TÜRK gəlmişik, biz,
İlahi, türk olmaq qəbahətdimi?

Kimin bostanına daş atıb, kimin?
Susayıb qanına bu dünya , türkün.
Amma savaşımız bitməyib hələ,
Ya Şərin olacaq, ya dünya, türkün.

Doğma Qarabağda gör, neçə əl var,
Bilinmir, kim kimin tərəfindədi,
Əbəs, hər yetənə qucaq açmışıq,
Canımız hamının hədəfindədi.

Elə oturmuşuq, xəyalın altda,
Laçının, Şuşanın yolu bağlanıb.
Elə bil, hamının dili tutulub,
Elə bil, hamının qolu bağlanıb.

Onsuz da dar gündə sınanır, hamı,
Yetim – yesirindi dərdi, Vətənin,
Qanını lalə tək əkib çöllərə,
Kişisi Vətənin, mərdi Vətənin.

Vətən bütövlükdü, Vətən ucalıq,
Kiminsə payından umacaq deyil.
Yurdu əsarətdə qoyub yaşamaq,
Vallah, ömür deyil, olacaq deyil.

Müqəddəs savaşdı, Vətən savaşı,
Müqəddəs davadı, Vətən davası.
Çəkir zaman – zaman sınağa bizi,
Bu qeyrət davası , bu qan davası.

AVTOPORTRET

Adam bu qədər də sadəlövh olmaz,
Hamıya bu qədər inanmaz adam.
Bir ömür yaşayıb bu yer üzündə
Yetənə yardımçı olammaz adam.

Ümid soraqlayır hər qapı döyən,
Düşüb qabağına gedəsən hara.
Bir dediyin sözü, bir də demirsən
Harın adamlara, sərt adamlara.

Çoxdu söz deyənlər, söz eşidəndən,
Hər qəlbə toxunub qırmaq da olmur.
Harın adamların qapılarında,
Basıb hövsələni durmaq da olmur.

Bax, belə dərdi var, düz yaşamağın,
Güllə batmaz bilir, hər görən səni.
Hamının dərdinə əlac gəzirsən
İçinin dərdidi öldürən səni.

Soyuyur ürəklər, itir dəyərlər,
İnsanlıq anbaan geriyə gedir.
Dizi büküldükcə mərd adamların,
El-elat çevrilib sürüyə, gedir.

Sonuncu işıq da sozalır daha,
Ümidlər xəlvəti yolur saçını.
Vaxt özü yetirib mərdanələrin
Bu namərd dünyadan qaçhaqaçını.

Bu sadə ömürlə gəl yaşa indi,
Döz görüm yükünə necə dözürsən.
Aman istəyənin ümidlərini
Oğulsan üz görüm, necə üzürsən.

Belə tanıyıbdı, tanıyan səni
Qapını döyürsə, deməli varsan.
Hamının bəxtinə düşən deyil, bu
Bəlkə bu ömürlə uzun yaşarsan.

SÖZÜ

Söz duyğumun ağ atıdır,
Düşürməyin atdan sözü.
Amandı uzaq salmayın,
Uçmağa qanaddan sözü.

Təmizdi ana südü tək,
Safdı, ata öyüdü tək.
Çəkib hər yerə ütü tək,
Qaçırmayın daddan sözü.

Ol-deyiləli olmuşuq,
Sözün əzəli olmuşuq.
İlahi, dəli olmuşuq,
Sata-sata altdan sözü.

Bazardadır, nırxı üstə,
Gəzir ölüm çarxı üstə.
Tamahın süd arxı üstə,
Salmayın urvatdan sözü.

HARDASAN?

Duyğularım asılıb ,
Gecənin yaxasından.
Könlüm elə üşüyür,
Sənsizlik havasından;
Hardasan?

Bayırda yağış yağır,
Nəmli gecə buz kimi.
Pəncərəmi yalayır,
Dəli külək, duz kimi;
Hardasan?

Qucaqlaşıb sinəmdə,
Tənha qalan əllərim.
Gözlərimin qəhəri,
Ürəyimdə göllənir;
Hardasan?

Tənhalığın içində,
Sükut dağ kimi, ağır.
Xəyallarım yollardan,
İtən izləri “ yığır” ;
Hardasan?

Bircə şirin duyğuya,
Canım girov düşübdü.
Ümidimə qış gəlib,
Yenə qırov düşübdü;
Hardasan?

Haraylasam yetərmi,
Bilmirəm, səsim sənə.
Dünya ölüm – itimli,
Bəlkə tələsim , sənə;
Hardasan?

ŞAİR ÖMRÜ

Bu da bir sevda ömrü,
Yaz ömrüydü, yaşadıq.
Bütün dərd-ələmiylə,
Düz ömürdü, yaşadıq.

Umduq, güvəndik sözə,
Döndü dilimiz közə.
Sətirlərlə üz-üzə,
Söz ömrünü yaşadıq.

Gördük qanadlı, ömrü,
Duyğusu atlı ömrü.
Məhəbbət adlı ömrün,
Öz ömrünü yaşadıq.

KİMİ

Səni elə gözləyirəm,
Baharı gözləyən kimi.
Örpəyinə həsrət dağlar,
İlk qarı gözləyən kimi.

Hələ içimdə ümid var,
Ömrü əzab, zamanı dar.
Səhrada tənha ağaclar,
Suları gözləyən kimi.

Gözüm yolda, sübh çağından,
Asılır yolun ağından.
Həsrətəm, bağban bağından,
Nübarı gözləyən kimi.


***
Yenə yadıma düşübsən,
Yenə bu gecə yarısı,
Yata da bilmirəm "çatım"
Sənə bu gecə yarısı.

Oyağam gecəquşu tək,
Dərd içimdən daşır su tək,
Mənəm qərib yuxusu tək,
Yanan bu gecə yarısı.

Külək çöldə at oynadır,
Göydə gör nələr oynayır.
Həsrətdən içim sökülür,
Bağrımda qəhər oynayır.

Dilim də gəlmir deyinəm,
Xoş gün də yox salam yada,
Bu eşq məni öldürməkçün
Yaşayır yəqin dünyada.

Birdən səsim çatmaz sənə,
Birdən ölərəm, bilərsən.
Eşqimə can yandırmadın,
Ruhuma sevgi dilərsən.

ŞəmkirБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ