Əbülfət MƏDƏTOĞLU: QARA DAMĞA

Tarix:4-05-2018, 14:51 Baxış Sayı:238

Əbülfət MƏDƏTOĞLU: QARA DAMĞA


Günü xoş ovqatla başlamaq və bu ovqatı da günün sonuna kimi özünlə, ətrafınla birgə daşıyıb bölüşmək bir az dərdi, bir az da ehtiyacları unutdurur adamlara.

Və sənə elə gəlir ki, həyatın hər günü belə olarsa ömrün uzanar, günlərin bir-birinə sevinc calayar. Təbii ki, bu, illüziyadı. Amma onu da deyim ki, bəzən illüziya da ümid verir adama. Şəxsən mən bilgisayara diqtə etdiyim bu yazının ovqatını işə başlar-başlamaz telefonuma gələn zəngin ovqatıyla köklənib sonra o ovqatı yazıma köçürdüm. Həmin telefon zəngi də tələbə yoldaşımdan - Ağstafadan gəlmişdi. Bir gün öncə elektron şəbəkədə 1981-ci ilin, yəni tələbəliyimizin ilk kursunun şəkilləri paylaşılmışdı. O şəkillər bizi Azıx mağarasına, Tağlar mağarasına, Quruçay vadisinə, Qaraköpəktəpəyə aparmışdı. Və beləcə biz Azərbaycanın ən qədim bir dövrünün səyahətçisinə çevrilmişdik. Təbii ki, yaşanmış xatirələr təkrarlananda ömür ağacı sanki silkələnir. Və o silkələnmə adamı bir anlıq da olsa özünə qaytarır - dünəninə, gəncliyinə. Mən də dəyərli dostum, tələbə yoldaşım Kamranın telefon zəngiylə 1981-ci ilə qayıtdım. Nə isə...

Bəli, bütün yazılarımda özümdən asılı olmadan ovqat məsələsini vurğulamağa, diqqətə təqdim etməyə bir növü adət etmişəm. Bilmirəm, bu, oxucularda hansı təsiri yaradır, amma əminəm ki, ovqat hər kəsə aid olan məsələdi. Mən də həmin ovqatın cizgilərini yarpaq-yarpaq sapa düzürəm. Hər yarpağın xalı da, hətta üzərində görünən istənilən işartısı da özü-özlüyündə nəyisə deyir. O deyilənlər də sözə, fikrə çevriləndə şəxsən mən içimdə hansısa bir mövzunu müzakirə etmiş oluram, hansısa bir söhbətin iştirakçısına çevrilirəm. Bütün bunlar da o yerdə öz effektivliyini, öz gərəkliyini büruzə verir ki, orada insan əyani iştirakçıya çevrilir və deməli, həmin anı yaşayan və yaşadan olur...

Bəli, bax, günün, saatın indiki məqamında mənim kökləndiyim ovqat müxtəlif təsirləri hiss etsə də, müxtəlif işarələrə, impulslara məruz qalsa da, amma yenə bir gerçək var. O da günün başlanğıcıdı. Və təbii ki, başlanan gün sökülən dan yeriylə öz addımlarını atır. Dan yerinin qızartısı hardasa bir laləli çəməni, bir taxıl zəmisini, bir az da insanın bəbəklərini yadına salır - qan sızmış bəbəklərini. Axırıncı hamıya xoş gəlməyə bilər. Amma gözü yolda olan, fikri uzaqlarda gəzib dolaşan, ürəyi doğulduğu torpaq həsrətiylə çırpınan adamlar nə dediyimi başa düşərlər. Çünki mən bu günlərdə cəbhə xəttinin beş addımlığında onu bir daha hiss etdim. Gördüm ki, qaçqın qəsəbəsində yaşayan qohum-əqraba, doğmalarım mənimlə söhbət etsələr də, tez-tez Ərgünəşə tərəf baxırdılar və onların hamısının gözünün dibində bir qızartı vardı. Və o qızartıdan ağlıma ilk gələn o oldu ki, bu qəsəbədə yaşayan sinif yoldaşlarımdan da artıq neçəsi dünyasını dəyişib. Onlarla mən Tuğ kənd orta məktəbinin 1-ci sinfinə 1966-cı ilin sentyar ayının 1-də getmişdim. İndi isə...

Hə, ömür vəfasızdı deyirlər. Əzrayıl da kəmfürsətdi söyləyirlər. Amma bütün bunların hamısı indiki anlamda mənim üçün sözdü, deyilmiş söz. Çünki ömrü verən də, Əzrayılı göndərən də məlumdu. Ona görə də nə ömrü qınamaq, nə də Əzrayılı ittiham etmək lazımdır. Sadəcə, verilmiş, ayrılmış ömür payını yaşamağa çalışmaq, onu necə deyərlər, evcik kimi qurmaq yox, ev kimi tikmək lazımdı. Hətta çiy kərpicdən olsa belə. Bax onda ləzzətli, mənalı olacaqdı ömür qarşılaşdığın pisliklərlə bir yerdə. Mən ona görə pislikləri xüsusi vurğulayıram ki, onlar yaxşıları, yaxşılıqları görmək üçün bir aynadı, bir güzgüdü. Yəqin ki, fikrimlə razılaşarsınız. Mən isə bütün bu dediklərimi sözə, şeirə çevirmək və özümə təsəlli vermək niyyətindəyəm. Axı:




Dərdi bədbəxt etmişəm

Könlümə köçürəndən...

Ayağına getmişəm -

Könlümdən keçirəndən...




Baxmışam ki, yol dardı

Uçurumdu və qardı...

Amma neçə dərd vardı -

Hamısı keçir məndən...




Ömrüm, özüm önündə

Hansısa bir dönümdə...

Sığınmağım könlündə -

Asılı köçür məndən!




Ondan sevinc almaram

Alıb dərdə salmaram...

Gileyli də qalmaram -

Ümidi keçirəndən...



Deməli, bütün hallarda məndən keçənlər, mənə köçənlər, məni özünə və özünü mənə köçürənlər bir alın yazısıdı, bir yaşamdı və bir gerçəklikdi...

***

Adətən may ayı gələndə bir qəribə hiss keçir içimdən. Bu qəribə hissin özünəməxsus tarixi var. Belə ki, Sovet dönəmində mənim də yaşıdlarım may ayını daha çox "mayovka", yəni 1 May və bir də 9 May parad-nümayişləri ilə yaddaşımıza yazmışdı. Bizim üçün hər iki gün demək olar ki, yaddaqalan, əlamətdar idi. Kənddə "mayovka"da bulaq başına gedərdik, tələbə vaxtı təbii ki, şəhərdəki nümayişlərin iştirakçısı olurduq. Və özümüz özümüz üçün fərqli ovqat yaradıb, fərqli bir gün yaşayırdıq...

Amma tale elə gətirdi ki, may ayı mənim və elə millətin də yaddaşına bir qara damğa da vurdu. Bu qara damğa Şuşanın işğalı ilə bağlı oldu. Ona görə də "mayovka" da, 9 may Qələbə günü də keçdi arxa plana. Sadəcə xatirə oldu. Və mən də həmin o xatirənin içərisində itdim... batdım... əridim... və bir də onda gördüm ki, daha çox Şuşasızlıq hakim kəsilib içimə. Elə həmin ovqatla da özümü yarımçıq, natamam durumda gördüm. Və bir də gördüm ki, qələmi kağıza qonaq etmişəm. Yazmışam ki:



Ürək yanır, sızlayır

Qəm yaramı duzlayır...

Həsrətindən buzlayır -

Yarı bülbül, yarı gül...



Xarı bülbül, xarı gül...


Silkələyir ah bizi

Tutub bir günah bizi...

Öldür, ay Allah bizi



Yarı bülbül, yarı gül...

Xarı bülbül, xarı gül...


Ömür qısa gün çatmır

Gedib ona ün çatmır...



Gündüz, nə gecə yatmır

Yarı bülbül, yarı gül...

Xarı bülbül, xarı gül...


Gücü bir yerə yığaq



Cıdır düzünə çıxaq...

Sənin üzünə çıxaq -

Yarı bülbül, yarı gül!

Xarı bülbül, xarı gül!



Bəli, indi Şuşanın başını duman alsa da, biz əlimizi qaşımızın üstünə qoyub arandan Şuşaya baxsaq da heç nə dəyişməyib. Şuşa yaddaşımızdakı kimi yerində qalmaqdadı. Bütün informasiyalara, bütün yazılanlara, deyilənlərə baxmayaraq, Şuşa elə Şuşadı! Bizim sadəcə olaraq o Şuşaya tərəf gedəcək günümüz hələ ki bəlli deyil. Bax, Şuşanın başının üstündəki duman əslində o günün güman olmasıdı. Düşünürəm ki, bu gümanın ömrü uzun çəkməz, gerçəyə çevrilər. Və biz də xatirələrdən reallığa çevrilən Şuşalı günlərin sırasını, sayını yaşamqda davam edərik. Ona qədər isə... Nə isə...

***

Hərdən düşünürəm ki, yaradılan ovqat da, yaşanan gün də, deyilən söz də, yazılan fikir də bizi, xüsusilə məni hara çəksə də, hara yönəltsə də yenə bir dairənin içərisində fırlanan adam kimi yerimi dəyişməkdə gücsüzəm. Çünki bu dairənin içərisi hardasa qapısız, pəncərəsiz dörd divarın içi kimidi. Sadəcə, göy üzü görünür və mən də Tanrı bəndəsi olaraq ətəyindən yapışdığım buludların yağışa çevriləcəyini, ulduzların çiçəyə, gülə dönəcəyini xəyal edirəm. Və xəyalla yaşaya-yaşaya da hərdən uzaqlaşıram hamıdan, hər şeydən. O qədər uzaqlaşıram ki, bəzən özüm-özümə də tanış gəlmirəm. Onda nəfəsim daralır... onda ümidim tükənir... onda inamım azalır, onda mən kimliyimlə üz-üzə vuruşa çıxıram. Necə deyərlər, Allah kimə verə-verə. Təəssüf ki, həmişə uduzan da mən oluram. Və uduzacağım öncədən bəlli olduğundan onu sadəcə olaraq faciə yox, ağrı kimi yaşayıram. Axı, ağrı davamlı olur. Elə sənə yazdığım şeirdəki kimi.



Darıxma, ömründəki

Bu sızıltı bitəcək.

Yaddaşda mənlə bağlı

Hər nə varsa itəcək!..




Şuxluğun qayıdacaq,

Dincliyin dönəcəkdi...

Səni izləyən kölgə -

İşıq tək sönəcəkdi!..



Təzələnəcək çevrən

Gələcək təzə adlar...

Sürpriz olacaqdı -

Adlı-adsız təzadlar...




Məni kimsə biləcək

Qurum tutmuş buxarı...

Ruhum səni görəcək -

Qalxıb səndən yuxarı!..



Bax, elə bu məqamın özündə sənin ağlından nə keçdi bilmirəm, mənim ürəyimdən də, ağlımdan da bu dünyanın əl boyda olmağı, bu dünyanın gecə-gündüzünün sərhədsizliyi və bir də yaşadığım hisslərin varlığıma hakim kəsilməsi. Bütünlüklə, necə deyərlər, çılpaqlığı ilə gəlib durdu önümdə. Baxdım, baxdım və anladım ki, bu dünya mənlik deyil... Bu gecə-gündüz sərhədinin itməsi mənlik deyil... Bu yaşadığım hisslərin tutumu, ölçüsü, onun verdikləri, yaşatdıqları da SƏNlik deyil! Ona görə də bu misraları yazmaya bilmirəm.



Kirpikləri tumurcuqlu

Bəbəyi leysanla dolan...

Mən - kədəri göz muncuqlu

Sinəsi də xal-xal olan -

yarpaq...




Sən Allahın önündə lal

Mən duracam dizi üstə...

Qaçılmazdı bil ki, bu hal

Tutmayacaq bizi üstə -

torpaq...




Dünya artıq gözümdə dar

Sular demə durulubdu!

Ölümün də mələyi var,

Mənim üçün qurulubdu -

tor, bax!




***

Bəli, bu yazı ovqatdan daha çox son günlərimin, gerçək əhvalımın adda-budda görüntüsüdü. Yəni elə anlarımın ifadəsidir ki, onu bütünlüklə yazmaq doğru deyil. Heç bunu kiməsə danışmaq da mümkün sayıla bilməz. Amma hissləri və bir də ayrı-ayrı məqamları rəngbərəng sap kimi bir-birinə calayanda göz oxşayır, hətta şit olsa belə. Bir də ki, mən indi oxucularımın çöhrəsində bir bahar əhval-ruhiyyəsi görmək, bir "mayovka" təəssüratının izlərini müşahidə etmək istəyirəm. Ona görə də sinəsi qara möhürlü may ayının birinci ongünündə bu cür ovqatla, bu cür yazıyla yaşamağı bacarsam... Hə, qalanını özünüz fikirləşin. Və bir də gəlin unutmayaq ki, ömrü verən Allahdı! Sadəcə, ömürlər və o qırılan ömürlərlə birlikdə xatirəyə çevrilən insanlar həm tarix, həm ruh olaraq yaddaşlarda yaşamağa haqq etsələr, zənnimcə, çox xoş olar. Axı, yaşayanlar yaşadanda dünyanın özü kimi hisslərin, duyğuların səltənəti də rəngarəng və mənalı olur. Hər halda, mən sizlərə rəngarəng dünyanın mənalı ömrünü arzu edirəm.

Əbülfət Mədətoğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ