Hər adam bir tənha yoldu.. - Elxan Yurdoğlunun şeirləri

Tarix:23-04-2018, 11:44 Baxış Sayı:403

Hər adam bir tənha yoldu.. - Elxan Yurdoğlunun şeirləri
Manera.az tanınmış şair Elxan Yurdoğlunun şeirlərini təqdim edir:

***
Bu mənəm-üstümdə bədən,
Altımda ruhdu dayanıb.
Nəfəs alıram, verəndə,
Görürəm ahdı dayanıb.

Ölüm ömürə görədi,
Məni dünyaya dirədi.
Ah çəkdim göylər titrədi,
Baxdım Allahdı dayanıb.

Tanrım, hərdən bizi gör sən,
Nə çəkirik bilərsən.
Yuxunda şair görsən,
Bil ki, günahdı dayanıb.


***
Hər şeir ilahi nəfəs,
Hər söz mələkdi içimdə.
Tək deyil dünyada heç kəs,
Bir o qız təkdi içimdə.

Nədir hicranın dəvası,
Ən gözəl ölüm davası?
Ruhuma sevda duası
Öyrədəcəkdi içimdə.

Mən daha ayrı adamam,
Yarı daş, yarı adamam.
Bir baxtı qara adamam
Dərd ağ çiçəkdi içimdə.

Dərdim

Alnı qırış-qırışdır,
Qocadır məndən dərdim.
Düşmən görünür, ancaq
Sirdaşdı mənnən dərdim.

Başdan-başa sərasər
Qalmayıb kefdən əsər.
Uman yerdən küsərlər
Küsmüşəm səndən, dərdim.

Bəxtdən ümid kəsilib,
Arzum "yox"dan asılıb.
Ürəyimə qısılıb
Dərd çəkən gündən dərdim.

Ən xoş günüm

Toyuma gəlməyənlər,
Yasıma gələcəklər.
Ağlıma gəlməyənlər,
Başıma gələcəklər.

Üzümə gülə-gülə
Dalımca daş atarlar.
Sevincimi öldürər,
Qəmimi yaşadarlar.

Bilməzlər ki, Əzrayıl,
Qurtuluşdur mənimçün.
Ən xoş günüm olacaq.
Bu dünyadan köçən gün.

Çiçək sevgim

Artıq sənin ürəyin
Mənim üçün zindandır.
Yoxsa hər cür sevgiyə
Nəfəs qutun güldandır?

Mənim bu çiçək sevgim,
Qışda solub saralar.
Bülbülünə yetməmiş
Çiçəyimi xar alar.

Qaytar çiçək sevgimi,
Nazını özüm çəkim.
Güldan ona dar gəlir,
Aparım bağa əkim.

Bu da ölüm gecəsi

Hər gün ölüb-dirilib
Səhərə çıxar şair.
Özünü evdə qoyar,
Səfərə çıxar şair.

Gəzər dünyanı tənha
Sevdiyindən ötəri.
Şair başına gələr
Sevdanın ən betəri.

Bu da ölüm gecəsi,
Yuxum dara çəkilib.
Həsrətin sağ əl kimi
Misralara çəkilib.


Bəlkə ömür boyu bağışlamadın
Kema üçün

Bilirsən, sən məni dəlicə sevdin,
Ərindən, oğlundan gizlicə sevdin.
Heç bir şey ummadın, sadəcə sevdin,
Bağışla, mən səni sevə bilmədim.

Səni dərk etməyə yubandım bir az,
Mələk istəyinə şeytandım bir az.
Qızından, qızımdan utandım bir az,
Bağışla, mən səni sevə bilmədim.

Könlünü bir eşqə ev kimi sevdim,
Şıltaq uşaq kimi ərkini sevdim.
Ruhunu, qəlbini, sevgini sevdim,
Bağışla, mən səni sevə bilmədim.

Vaxtıdır, gəl əsl səbəbi deyim,
İlk eşqdən sonraya çatmadı heyim.
Sevgiyə inamım qalmayıb, neynim,
Bağışla, mən səni sevə bilmədim.

Ey bütün varlığı sirr dolu qadın,
Sən mənim özgəmsən, mən sənin yadın.
Bəlkə ömür boyu bağışlamadın...
Bağışla, mən səni sevə bilmədim.

Yol yoldaşın yollardır

Biz yolları bitirmədən, yollar bizi bitirdi,
Bu yollarda kim nə tapdı, kimlər kimi itirdi?
Yollar yoran yuxularım üzüquyla yetirdi,
Cavab verdi sualıma: Yol yoldaşın yollardır.

Öz-özümə qürbət ikən, sevənlərə vətən oldum,
Yepyeni bir cığır açdım, söz yurdunda ötən oldum...
Vaxt oldu ki, bu yollarda azıb qaldım, itən oldum,
Pıçıldadım əhvalıma: Yol yoldaşın yollardır.

Gah yolları doğma bildim, gah yollara yadam, sezdim...
Gah zövq aldım bu yollardan, gah bu yollar yordu...bezdim.
Bir daş üstdə diz qatladım, yol getməyə adam gəzdim.
Yenə gəldi xəyalıma: Yol yoldaşım yollardır.

Hər adam bir tənha yoldu, hər yol tənha adamdı,
Daha hər adam bir sözdü, hər söz daha adamdı.
Sağım, solum, önüm arxam, nə olsun ha adamdı,
Durub baxdım öz halıma: Yol yoldaşım yollardır.

Mən bilmirəm necə olur darıxmaq

Mən bilmirəm necə olur darıxmaq-
Məsələn hər axşam xəyala dalıb
Bir küncə çəkilmək, ağlamaq bir az?
Qəmli mahnıları ruhuna sıxıb
İçini dərdinlə dağlamaq bir az?
Açıb albomları şəklinə baxmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Mən bilmirəm necə olur darıxmaq-
Məsələn, hər şeydən əlini üzmək?
Özünə çəkilmək, hamıdan qaçmaq?
Hamı yatan kimi yerindən durub
Gecəylə danışmaq, Aya sirr açmaq?
Hava almaq üçün həyətə çıxmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Mən bilmirəm necə olur darıxmaq-
Məsələn, yazdığın məktublarını
Əzbər bilsən belə oxumaq bir də?
Solmuş vərəqlərə sevgili kimi
Bir də sığal çəkmək, toxunmaq bir də?
Dolmuş gözlərini möhkəmcə sıxmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Mən bilmirəm necə olur darıxmaq-
Məsələn, ilk dəfə gördüyün yerə
Tez-tez üz tutaraq bir nəfəs dərmək?
Əlini tutduğun anı düşünüb
Ucadan "Mən səni sevirəm" demək?
Görənlər də desin: Kimdi bu axmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Mən bilmirəm necə olur darıxmaq-
Ona həsr etdiyin şeirlərini
Hər axşam oxuyub könül ovutmaq?
Qapılıb ən şirin xatirələrə
Fincanda soyuyan çayı unutmaq?
İştahdan kəsilmək, hətta sınıxmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Mən bilmirəm necə olur darıxmaq-
Başını ovcunun içinə qoyub
Boşluğa zilləmək baxışlarını?
İşığı söndürüb pərdəni çəkmək?
Seyr etmək yazın ilk yağışlarını?
Payızmı, ya yazmı-bir an duruxmaq?
Mən bilmirəm necə olur darıxmaq!?

Dostum, gitara...

Şeir kimi sıxıb sinəsinə
Qitarasında hecalanır barmaqları...
Həsrətin şərqisini pıçıldayır
sübh şəfəqi boyalı dodaqları.

Səsində
darıxmağın göy qurşağı-
yeddi rəngi.
Sözləri titrədir
səsinin ahəngi.

Qitarasına danışır məyusluğunu,
Mənsə onun
körpə uşaq kimi məsumluğunu
yaşayıram səsində.
Bir az da öyrənməyə həvəsində--
təngnəfəsində.

Dostum,
saflığını qoruya bildiyimiz
duyğuların anasıyıq biz.
Bax, elə qitara da bizim kimidi,
Onun hər səsində
gizlənib düşüncələrimiz.

Bir az ağlamağa köklənmişəm,
bir az təkliyə,
bir az darıxmağa...
Götür gitaranı gəl, dostum,
Sən çal, mən şeir deyim,
bir az təsəlli ver
sözə aşiq bu axmağa...

Atamla səssiz dərdləşmə

Bezdim dünyadan, atam,
Yaşamaq həvəsim ölür.
Nə qədər yaşayar adam?!
Bəsimdi bu qədər ömür.

Bir az quş olub uçmaq,
Bir az daş olub daşlaşmaq.
Bir az göyləri qucmaq,
Bir az səntək yaşlaşmaq.

Baxdığın yöndü qibləm,
Baxışların iz, gedirəm.
Atam, dönən deyiləm,
Səssiz-səmirsiz gedirəm.

Bir az Tanrı təkliyi,
Bir az ulduz uzaqlığı.
Bir az kəklik səkliyi,
Bir az qurd yalquzaqlığı.

Bir ömür itdi tamam,
Sərçə lələkləriylə cəngdə.
Oğlun dəlidi, atam,
Ruhu göyqurşağı rəngdə.

Payızı yaşayan bir yerin ola

Tənha skamyalar tək adamların,
Sevgi günlərinin intihar yeri.
Səni ora dartar hey addımların,
Sızıldar könlündə intizar yeri.
İçində bir boşluq ulayar qurd tək,
Göyüm-göyüm göynəyər o yar yeri.

Adını çağıra kimsə aramla...
O səsə üz tutub düşəsən yola.
Payız yağışları damlabadamla
Telindən süzülə, ruhuma dola.
Payızda qarşıma çıxan adamla
Payızı yaşayan bir yerin ola.

Payız dilə gələ, danışa rəng-rəng,
Söz deyə gilənar yarpaqlarıyla.
Getdiyin görüşə toxuya çələng,
Salxım söyüdlərin budaqlarıyla.
O qız da sarıla öpə boynunu
Gilənar boyalı dodaqlarıyla.

Nəfəsini hiss edəndə...

Sən mənə yaxınlaşdıqca
Mən səndən uzaqlaşdım.
Sən olmaq da istəmədim,
Tamam, tamam başqalaşdım.
Sən mənim üçün gecələrin
Zil qaranlıq anlarında
Pəncərəmə qonan ulduz,
Bir gün, bir gün axmağından qorxuram.
Sən mənimçün
Ölüm qədər çox sevdiyim,
Aprel səhərlərinin
Şehli yasəmən çiçəyi,
Hər an qoparılmağından qorxuram.
Mənə yaxın gəlmə, məndən uzaq dur,
Nəfəsini hiss edəndə təngnəfəs oluram.
Baxışların gözlərimə yük olur.
Gözlərinə baxan kimi söz oluram, səs oluram.
Bax, o səsdə, sənə demək istədiyim
Milyonlarla mənaları gizlətmişəm.
Bəli, bəli, səs olmuşam, bax o səsdə,
Hər musiqi alətinin avazıyla
Ürəyimin tellərini inlətmişəm.
Sənə demək istədiyim,
Sənlə bağlı hiss etdiyim
nəyim varsa,
Sözə dönüb vərəqlərdə yaşayır,
Səsə dönüb diləklərdə yaşayır.
Amma onlar yaşadıqca mən ölürəm,
Ölə-ölə, bax beləcə, mən oluram.
Bilirəm ki,
əlim sənə dəyən kimi
İkimizin arasında
adsız qalan bu əlaqə yox olacaq.
Ən müqəddəs məbədimiz
Gözümüzün önündəcə yıxılacaq.
Ən yaxşısı bu deyilmi,
Hər gün, hər an görəm səni,
Gündüzləri Günəş kimi,
Gecələri ulduz kimi, Ay kimi.
Balaca bir körpə təkin ümidləri aldadılan,
Yuxularda təsəllitək şirin-şirin dadılan,
Mənim olan, amma mənə verilməyən pay kimi.
Yenə təkrar eləyirəm,
Təkrar-təkrar söyləyirəm.
Baxışların gözlərimə yük olur,
Gözlərinə baxan kimi söz oluram, səs oluram.
Bir də mənə yaxın gəlmə, məndən uzaq dur,
Nəfəsini hiss edəndə təngnəfəs oluram.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ