Əbülfət MƏDƏTOĞLU: Ömrümdəki işıq

Tarix:20-04-2018, 16:09 Baxış Sayı:468

Əbülfət MƏDƏTOĞLU: Ömrümdəki işıq


Onun adı HƏYATDIR

Bu yazını bilgisayara diktə etmək üçün özümü bir qədər ötən günlərə, illərə çəkib aparmağa çalışdım. Çünki yaşadığım hadisələr, eşitdiyim söhbətlər məni elə bir ovqatın içinə atmışdı ki, ordan çıxmaq üçün nə nərdivan tapa bilirdim, nə də ipucu. Ona görə də qalmışdım qırx arşınlıq qaranlıq quyunun dibinə düşmüş naçarlar kimi bir vəziyyətdə. Şükür ki, bu çox uzun çəkmədi. Yəni mənim ovtaqımın sözün qapısına doğru yönəldən bir Tanrı lütfü var. Yəni Allahın könlümdə, ruhumda cücərtdiyi sözlər, fikirlər, duyğular yardımçım oldular. Və mən də kökləndim həmin o mənə yardımçı olan duyğulara...


Həyat həm rəngarəngdi, həm də mənə görə adamı sıxan, canından bezdirən, hətta bəzən intihara tərəf çəkib aparan bir guşə. Yəni hər birimiz içərisində olduğumuz, üzərində dayandığımız, eləcə də özümüzü həsr etdiyimiz həyatın yaxasından elə yapışırıq ki, sanki əbədiyik. Amma əbədi olmağın kimə aidliyini, kimə məxsusluğunu unutmaq və unutduğumuza görə də özümüzü hardasa sığortalamamaq bizə baha başa gəlir. Bir az da sadə formada fikrimi ifadə etsəm, hər bir insana bir dəfə verilən həyat Tanrıya bəlli olan zaman kəsiyini əhatə edir - o zamanın olum və ölüm aralığı fərdlərin, eləcə də mənim, sənin həyatında. Bu həyatın da gecəsi, gündüzü, xeyri, şəri, gülü, çiçəyi, lap elə həşəratları da elə paylaşılıb, elə bölünüb ki, ondan hər bir fərdin qarşısına, payına, taleyinə, lap elə yazı-pozusuna nə isə düşür. İnsan bu dünya nemətlərinin demək olar ki, hamısının dadını bilir... İnsan bu həyatın gözlə görünməsi mümkün olan bütün gözəlliklərini və eybəcərliklərini izləmək haqqından yararlanmaq gücünü özü ilə daşıyır. Burda bir məqam da var. O da kimin nəyi necə görmək istəyidi. Yəni gözəlliyi eybəcərlik kimi, abadlığı bərbadlıq kimi görmək istəyənə ancaq Allah öz hökmüylə təsir edə bilər. Bax, elə bu yerdə də mənim ağlımdan gəlib keçir ki, insanın ən böyük xəstəliyi elə yaxşını pis, gözəli eybəcər, abadı bərbad görməkdi. Bu xəstəliyi sağaltmağın da yeganə yolu... məlumdu...

Hə, indi kökləndiyim ovqatın ipucundan tutub getdikcə gözümün qabağında həmin o mənzərə canlanır. Mənzərə həqiqətən bir gerçəklikdi. Yəni bölgələrimizin birində şahidi olmuşam buna. Bir məzarlıqda mərhumənin məzarı üstündə ev tikilib. İçərisinin bütün əşyaları ilə birlikdə həmin mərhumənin guya rahatlığı təmin edilib. Mən sevginin pik həddini Füzulidə, onun Məcnununda görmüşəm. Və Məcnun Leylinin qəbri üstündə dünyasını dəyişib haqqa qovuşduğundan da xəbərim var. Amma məzarlıqda qəbir üstündə ev tikənin, ora əşyalar daşıyanın, orda normal insanların evlərində olan şəraiti yaratmağın nə demək olduğunu heç cür anlaya bilmirəm. Bunun nə boyda sevgi olduğunu bəlkə də o evi tikən özü bilir. Amma bu sevgi mənə çatmır. Və hətta mənim üçün 70-80-ci illərin ən böyük sevgi şairi Nüsrət Kəsəmənlinin bir misrası həmin o evin bütün əşyalarından, bütün mənzərəsindən və o evin ifadə etdiyi sevgidən milyon dəfələrlə böyük, möhtəşəm və güclü sevgidi.

İndi siz fikirlərimə görə məni qınaya bilərsiniz. Amma mən yenə deyirəm, daha doğrusu yazıram ki, bu cür sevgilər yapışmır mənə, qondarma görünür. Və ...

Hə, bu qondarma görünənin gerçək tərəfini mən sənə yazdığım misralardan hər kəsə bəyan etmək istəyirəm.




Bu gecəm yenə də dərdlə yükləndi,

Aldı duyğuların üstünü bulud...

Bir az da yolumun yönü dikləndi -

Bir az da azaldı, kiçildi ümid...




Əyildi üstümə, qondu qaranlıq

Səssizcə içimi yondu qaranlıq...

Dünyam başdan-başa oldu qaranlıq -

Ağlayıb sızlama, gözünü qurut...




Həyat hekayəsi sanma, sən bunu

Ötəri duyğu tək anma, sən bunu!..

Heç kim duymayacaq yanmasan bunu -

Rahat ol, yuxu tək sən məni unut...



***

Bəli, indi elə bir zamandı ki, hər gün maraqlı, qeyri-adi və yaxud da adamı əsəbləşdirən, adamın nifrət hissini ayağa qaldıran məqamlarla rastlaşmaq çox sadə bir hal alıbdı. Bu da təbii ki, həm elmi-texniki tərəqqini, həm də informasiyanın sürətindən qaynaqlanır. Kim harda, nə ilə qarşılaşdısa, dərhal onu telefonun yaddaşına köçürüb müxtəlif formalarda paylaşır, müxtəlif saytlarda yayımlayır. Ona görə də harda, hansı məkanda olmasından, baş verməsindən asılı olmayaraq, bir anın içərisində az qala bütün dünya hər şeydən xəbər tutur. Bunu deməkdə məqsədim odur ki, indi təəccübləndirmək və köhnə kişilərin dediyi bir sözü "qulaq hər gün təzə bir söz eşitməsə kar olar" - deyimini təzə saymaq mümkün deyil. Ona görə ki, indi qulaq hər dəqiqə təzə söz eşidir, təzə fikrə qapısını açır...

Bax, mənim bölgədə görüb təəccübləndiyim həmin o məqamın yerli sakinlər üçün heç bir önəmi olmadığını və onlar da bunu adi bir hal kimi yanaşdıqlarını müşahidə edəndən sonra bildim ki, doğrudan da təəccüb zamanı ötüb getməkdədi. Onun yerini indi başqa məqamlar, daha çox da ağına-bozuna baxmadan yaydığımız dadsız-duzsuz xəbərlər tutur. Bu xəbərlərin içərisində də manyaklıkla bağlı hallar daha çoxalıbdı. Elə məni də bir az haldan çıxarın, bir az sözə hörmətsizlik edənlərin ünvanına fikir söyləməyə məcbur edən də bərbad, bu əttökən, bu dəhşət saçan bilgilərin ictimailəşdirilməsidi. Sanki kimlərsə bu yolla reytinq qazanmaq, gündəmi əlində saxlamaq istəyir. Amma bilmir ki, bu kötəyin bir ucu da nə vaxtsa onun özünə də dəyəcəkdi...

Heç kimə sirr deyil ki, olmuşlar nə vaxtsa gün işığına çıxır. Yəni hansısa bir yolla, vasitə ilə məlum olur. Hətta ən böyük, ən ağır qətillərin də üstü nə vaxtsa açılır. Amma ürəkdə, ruhda, bir də əxlaqda baş verən qətllər, qətliamlar ən yaxşı halda yazıya köçür, bədii əsərin mövzusuna çevrilir. Mən öz ruhumda, öz dünyamda çəkdiklərimi, yaşatdıqlarımı, üstəlik mənə yaşadılanları, çəkdirilənləri həmişə həyatımın təkcə bir hissəsi, bir parçası yox, bəzən elə özü bilirəm. Və düşünürəm ki, bu çəkdiklərimi qazanmışam, ona layiq olmuşam. Ona görə də heç vaxt Səndən gələn acını, Səndən gələn zərbəni qabaqlamaq, ona sərhəd çəkmək fikrində olmamışam. Axı, bu gələnin canındakı od, alov Səndən başlanğıcı götürüb, qığılcımını Səndən alıbdı. Onu Sən tuşlamısan, Sən ünvanlamısan. Və mən də üzümü Sənə tutub pıçıldayıram:



Bu yaz səhərinin tumurcuq vaxtı

Qəfil şaxta kimi aldın üstümü...

Bir anın içində çevirdin taxtı -

Bir anın içində saldın büstümü -

ürəyindən...




Nədə günah etdim, harda yol azdım

Bütün gücün ilə könlümü sıxdın...

De, nəyi mən kiçik hərflə yazdım

Acığa sən mənim özümü çıxdın -

ürəyindən?!




Həyat hekayəmin baş qəhrəmanı

Həm də ki, ilk gündən həm yazarımsan...

Mənə yaşatdığın qəhərli anı

Mənim şəklim kimi sən asarmısan -

ürəyindən?!




***

Hər bir yazının kağıza köçməsi və oxucu qapısına gedib çıxması təbii ki, müəllifin ən böyük arzularından biridi. Heç kim istəməz ki, sözü ortalıqda qalsın, kimsə onu duymasın. Amma hərdən bu ortalıqda qalan sözə, ayaq altına düşmüş yazılı dəftərə, kitaba, qəzetə, bir sözlə, mətbu nümunələrə baxanda içimdən çox ağrılı bir hiss gəlib keçir. Hətta bir dəfə böyük Füzulinin kitabını zibilliyə atılmış gördüm. Və o kitabı ordan götürəndə bilmədim nə deyim, bilmədim ağlıma öncə hansı fikri gətirim? Sonra kimsə mənə təsəlli verdi ki, indi zibilliklərə nə qədər çörək atırlar, sən də kitabın dərdini çəkirsən?!

Doğrusu, mənə təsəlli verəni anlaya bilmədim. Bu insan mənəviyyatla mədəni fərqləndirə bilmir. Onun üçün mədəyə gedənlə ruha hopanın heç bir fərqi yoxdu. Məhz burdan qaynaqlanır bizim sözə sayğısızlığımız, yazıya hörmətsizliyimiz. Amma unuduruq ki, bizim alın yazımız var. Bax, elə bütün yazılar da o alın yazısının üstündə pərvazlanır, üstündən mənə görə dünyaya boylanır. Təbii ki, bu da ziddiyyətli, mübahisəli fikir kimi görünə bilər. Bütün hallarda xoşməramlı mübahisələr, elmi müzakirələr uğura gətirib çıxarır. Düşünürəm ki, həyatın, əvvəldə dediyim kimi, ölçüsü, çəkisi, önəmi insanı özünüdərkindən, ruhunun qidalandırmasından daha çox asılıdır. Əgər ruh öz ehtiyaclarını, öz istəklərini vaxtında və gərək olduğu qədər qəbul edə bilirsə, onun kimsəyə bir xətası toxuna bilməz. Və deməli, ruhun şad olması bax, bu yerdə özünü təsdiq etmiş olur.

Mənim bütün bu yazı boyu qabartmağa çalışdığım, diqqətə təqdim etmək istədiyim fikirlərin canında, qanında da bir ruh rahatlığı istəyi var. Yəni düşüncəm, çalışmam, hətta pıçıltılarım belə Sənə könül rahatlığı, Sənə iş avandlığı gətirmək üçündü. Bilmirəm, bunu bacarıram, yoxsa yox, amma həqiqətən də dünyanın bütün gözəllikləri, bütün uğurlu, işıqlı olanları Sənin varlığından süzülüb gəlir mənə tərəf. Ona görə də nə yazsam, nə desəm, nə düşünsəm, onların hamısında baş qəhrəman Sənsən! Hətta Sən bütün bunları inkar etsən də, üstündən, yanından ötüb keçib getsən də... Bu laqeydliyini, biganəliyini nümayişkaranə şəkildə göstərsən də. Mən bütün bunları üzülə-üzülə izləyib yenə kağıza, qələmə tərəf əyiləcəm. Və yazacam ki:




Gecikdim mən yenə həmişəki tək

Arxanca bir ovuc su çiləməyə...

Mənsiz başladığın bu səfərində -

Sənə bir uğurlu yol diləməyə...




Gecikdim, amma ki, bu gecikmənin

Səbəbi bil, səni ləngitmək idi...

Bir az istəyinə təsir eləmək -

Bir az həvəsini səngitmək idi...




Gecikdim, düşündüm bir az yubansam

Yəqin nəsə olub! - deyib getməzsən...

Məni özün qədər sevib inansan -

Mənim yoxluğumu geyib getməzsən...




Gecikdim, sən bunu sayğısızlığa

Hətta ayrılığa işartı saydın...

Susdum, ürəyimdə bu haqsızlığa -

Sən isə susmağı razılıq saydın...




Hə, bütün hallarda nə dünya sevgisiz, nə həyat yazı-pozusuz, nə də ruhlar qidasız qalmayacaq. Bu, danılmaz bir gerçəklikdi. Amma mənim bildiyim və inandığım bütün həqiqətlərin, bütün istəklərin fonunda bir məqam var. O da ölməyən, itməyən, işıq kimi hər yerdən görünən sevgidi. Bunu bilə-bilə görməmək, onun üstünə getmək ən yaxşı halda küləklə vuruşmaqdı. Olsun! Bunun özü də hardasa sevginin bir naxışıdı. Mən isə öz istəyimdə, öz düşüncəmdə, öz məntiqimdə qalıram. Hətta məzarlıqda ev, qəsr tikməyin özündə də müəyyən sevgi var. Neyləyək, qoy o da olsun! Təki həmişə sevgi qalib gəlsin!

Əbülfət Mədətoğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ