Əbülfət MƏDƏTOĞLU: MƏN GÜNAHLAR QATİLİYƏM

Tarix:13-04-2018, 18:30 Baxış Sayı:282

Əbülfət MƏDƏTOĞLU: MƏN GÜNAHLAR QATİLİYƏM

Ovqatımı köçürdüyüm yazı

Bu günlər kədərli məqamları xatırlamaq, dərddən uzaq dayanmaq israrında olsam da, amma yaxamı tanıyan, ətəyimi buraxmayan kədər bir an da olsun məndən geridə qalmır. Elə bil ki, nizamlı bir əsgərik, yanaşı addımlayırıq. Addımlarımız da eyni səviyyədə, eyni nöqtədə, yerdən eyni yüksəklikdə... Bax, belə bir durumda qalmağın, yaşamağın nə demək olduğunu, yəqin ki, dərdlilər, anlayışlılar bilər. Bilməyənlərə də demək fikrim yoxdu. Çünki bu deyəcəklərimin xoş ovqat yaradacağına əminlik hissini çoxdan itirmişəm. Yəqin elə siz də mənim kimi düşünürsünüz:

- Dərd kimi sevindirib ki?!

Bəli, günün özündə nə qədər müsbət çalarlar, məqamlar tapmaq olar sualını özüm özümə verib başımı qatmağa çalışdığım hər anın ağırlığı çiyinlərimdən basır. Bu ağırlığın altında nəfəs almaq sudan çıxmış balıq kimi çabalamağa bənzəyir. Neyləyim ki, balığın hayına yemək iştahlılar çatdığı halda mənim hayıma yenə xatirələr, olmuşlar və bir də təbii ki, sən istəyəndə çatırsan. Hə, "sən demişkən"... bilirsən niyə bu sözü xüsusi işarəyə aldım? Ona görə ki, zaman adamı təkləyəndə, dərd yaxasını buraxmayanda, göz öz yuvasına sığınır - axtarır, arayır. Və hər yerdə səni görmək istəyir. Axı güvəndiyi sənsən. Sən də ki...

Bəli, yozumu, bu nöqtələrin çalarlarını tapmaq haqqı səndə qalsın. İstədiyin səmtdən, istədiyin bucaq altdan baxa bilərsən. Mən isə yaxamdan yapışmış dərdin şəklini çəkməyə çalışacam. Könlümdən hansısa bir rəssamlıq gəlib keçir indi. Doğrudur, bunun istədiyim kimi alınacağına ümidim yoxdur. Amma bacardığımı edəcəm. Onsuz da məktəb illərində də rəsm müəllimimin sevimlisi olmamışam. Bəlkə dərdin bir qolu-qanadı sınmış qiymətini ala bildim. Elə ona görə də bütün gücümlə, bütün rənglərdən istifadə etməklə çəkəcəm bu şəkli. Görək necə alınır...

İnanmayacaqsınız dediyimə. İnanmamağa da haqqınız var. Çünki yaşadığımız dövr, içərisində olduğumuz hadisələr, elə az-çox dünya görüşümüz mənim deyəcəyimin nə qədər qəribə olduğunu sizə bildirəcəkdi. Bilirsiniz, həyatımın bütün vərəqlərini son bir ayda az qala yüz dəfə çevirmişəm. Evdəki bütün albomları, bütün şəkilləri tökmüşəm ortalığa. Və...

Və inanın ki, mənim nə atamla, nə də anamla birgə şəklim yoxdur. Bilmirəm necə olubdu, Allah ağlımı harda, necə alıbdı? Amma şəkil çəkdirməmişəm onlarla. Təsəvvür eləyin, 60 yaşın qapısını döyəsən və bu 60 ilin bir anını atanla, ananla şəkil çəkdirməyə ayırmayasan!.. Çox təsir edir mənə bu... Unuda bilmirəm bu boyda günahı, bu boyda qəbahəti və bu boyda dərdi. Ona görə də kağızdan, qələmdən yapışanda fikir məni çəkib həmin o ruhuma, ağlıma hakim kəsilmiş məqama aparır. Və yazıram:



Tarix öz yaddaşına

Kaş məni ata sənlə...

Orda şəkil çəkdirəm -

İlk dəfə, ata, sənlə!




Dünyanın bu üzündə

Güc tapmadım özümdə...

Mən oturub dizində -

Baxım həyata sənlə?!




İçim sözlə alışdı

Başım işlə qarışdı...

Mənim ömrüm yanlışdı -

Çətin boy ata sənlə!..




Bax, ruhdakı əsimə

Sənli, sənsiz kəsinə...

Kim var orda, səsimə -

Dönüb hay ata sənlə!




Nə bəxt, nə biliklədi

Ömür, gün dilikləndi...

Gücüm də çilikləndi -

Bitdi, ay ata, sənlə!..




Yaddaşımdı, yadımdı

Şəklin qoşa adımdı!

Qovuşdum, həyatımdı -

Mən də, o ada sənlə!..


***

Hərdən özüm-özümə təsəlli üçün yapışacaq bir yer axtarıram, bir sözün qulpundan tuturam. Elə bil ki, balaca bir uşaq kimi ovunmaq eşqinə düşürəm. Və tapdığım hansısa bir oyuncaqla əylənməyə çalışıram. Bu oyuncaq yaşıma-başıma uyğun olmasa da, amma uşaqlığımla bağlı olduğundan onunla danışmaq mənə xoş gəlir. Elə bil o nostalji duyğular təzədən qayıdır üzü geri. Və mən hətta bir az təəccüb də edirəm. Çünki paytaxtda, daha doğrusu, onun beş addımlığında olan qəsəbədə hansısa oğlan uşağının, özü də indiki vaxtda, elmi-texniki tərəqqinin at oynatdığı zamanda özünə məftildən maşın düzəldib sürməsi yəqin ki, sizin də diqqətinizi çəkər. Axı, biz kənd uşaqları belə böyümüşük. Özümüzə alüminium məftildən kabinası və cağları olan arabalar düzəldərdik. Və o araba maşınları elə bəzəyərdik ki, indiki bahalı avtomobilləri bəzəyən gənclər kimi... Bax, mən də təsadüfdən gördüyüm o məftildən düzəldilmiş maşın araba bir az istedad, bir az yaradıcılıq, bir az qabiliyyət tələb edən bir işdi. Bizim kənddə onun əsl "usta"ları var idi. Həmin ustalardan biri də mənimlə bir sinifdə 8 il oxudu. Sonra da elə texnika sahəsilə məşğul oldu. İndi Rusiyada yaşayır. Onun düzəltdiyi məftil arabalara söz ola bilməzdi. Əməlli-başlı "əsər" idi. Elə arzu edirdim ki, mən də elə bir maşın araba düzəldim, mən də onu yaşıdlarımla birlikdə məhəllədə, kəndarası yollarda "yüzlə" sürüm... Amma çox arzularım kimi o gözəl maşın arabaları düzəltmək də əlimdən gəlmədiyindən bu da mənə qismət olmadı. Və günlərin bir günü baxıb gördüm ki, oğlum da Beyləqanda qaçqın kimi məskunlaşdığımız uşaq bağçasının həyətində məftillə oynayır, maşın araba düzəldir. Kənardan izlədim. Etiraf edim ki, o bir addım məndən önə getmişdi. Mənim güclə maşın formasına salmağa çalışdığım və uşaqlığımın xatirəsi kimi, özü də uğursuz xatirəsi kimi yaddaşımda qalan məsələni o, xeyli keyfiyyətlə yerinə yetirmişdi. Baxanda onun düzəltdiyi həmin o oyuncaq maşına oxşayırdı. Bu, mənə təsəlli oldu. Fikirlərimi oxuyub gülməyin, nəyə sevindiyimə istehza etməyin. Həqiqətən mən kiminsə (o da ola ailənin bir üzvü - Ə.M) bir iynə boyu irəli çıxmasına həmişə sevinmişəm. O irəli çıxanın, önə keçənin məndən xoşu gəlməsə də, hətta zəhləsi getsə belə mənim içimdə uğura, nailiyyətə fərqli bir baxış var, yanaşma var. Amma neyləyim ki, yaşantılarım imkan vermir həmişə xoş ovqatda olum. Və bu imkansızlıq, yəni basqı altında olmaq ömrü baltalasa da, mən də loru dildə desək, az aşın duzu deyiləm, bildiyimi kimsəyə vermirəm. Və hətta yazıram ki:




Döymə hədər bu qapını

Çırpdı qədər bu qapını...

Sənə qədər bu qapını -

Allah çox açıb, bağladı...




Çəkiləndən çiskin kimi

Ömrümdəki pis gün kimi...

Gözündəki nisgil kimi -

Məni də bir qız ağladı...




Mən bildiyim böyük dayaq

Keçdi qəfil külək sayaq...

Daşmı, yoxsa ürək sayaq -

Dönüb arxaya baxmadı!..


***

Yazımın əvvəlində vurğuladım ki, yaxam, ətəyim kimin, nəyin əlindədi. Üstəlik onu da vurğuladım ki, elə bil sevinmək qadağası altındayam. Bir balaca üzümə təbəssüm, könlümə ümid işığı yol tapanda dərhal hər şey qarışır bir-birinə. Yenə o kədər güc gəlir. O kədərdən qurtulmaq üçün güvəndiyim xatirələr və sən məni özümdən, bu şəhərdən alıb uzaqlara aparırsınız. Bu həmişə belə olur. Yəqin həmişə də belə olacaq. Amma burda bir nüans da var. Hiss edirəm ki, xatirələr də, sən də yorulursunuz məndən. Və mənim sizi yormağım gerçəkliyə çevrilir. Bir də ki, xatirə dəftərini nə qədər vərəqləmək olar? Sənə nə qədər ürəyi açıb, fikirləri çözüb göstərmək, inandırmaq və sənə hopdurmaq cəhdi etmək mümkündü?!

Bəli, mənim bu qəribə tərsliyim özümə də baha başa gəlir. Amma başqa bir yol da yoxdu. Elə bil ki, bütün yollar gəlib mənim xatirələrimdə, mənim sənə doğru gedən yolumda birləşir. Ona görə də hərdən sözün sanbalı da, çəkisi də öz vəznini, öz dəyərini bir az itirir, işığı bir az öləziyir. Və mən də bu öləziyən işığın altında belə özümü inandırmağa çalışıram ki, xatirələrimlə birlikdə sən də son anıma qədər yanımda olacaqsan. Bu inamın işartısı yenə də duyğulardı... həzin, bir az da könül oxşayan misralara çevrilən duyğular... O misraların bir dəstəsini də bax elə indi, necə deyərlər, isti-isti sizə söyləmək istəyirəm.



Ümid budaqların çırpıb əyirsən

Tikanlı baxışla qəlbə dəyirsən...

Mən xəyal qururam, sənsə deyirsən -

Qucaqla yastığı yar əvəzinə...




Külək saçlarını eşib yolanda

Qapıya zillənmiş gözün dolanda...

Bir özün, bir də ki, dizin olanda -

Qucaqla yastığı yar əvəzinə...




Gerçək olanların üstünü basdır

Şəklimi çəkdirib tərsinə asdır...

Adımın yerinə bu sözü yazdır -

Qucaqla yastığı yar əvəzinə...




Sonuncu ümidin səssiz sönəndə

Öpüb başdaşını geri dönəndə...

Günah səndə deyil, günah öləndə -

Qucaqla yastığı yar əvəzinə!..




Deməli, bütün hallarda mən özümlə bərabər çəkdiyim, içərisində çabaladığım dərdlərə səni də şərik edirəm, səni də qoşuram. Bu, bəlkə də həyatımın ən böyük günahı, ən böyük qəbahətidi. Amma neyləyim ki, başdan-ayağa günahlarla bələnmiş bu dünyanın özündə günahsız bir yer tapmaq gücüm yoxdu! Əgər belə bir yer tapa bilsəm, təbii ki, o yer sənə aid olacaqdı. Həmin duyğuların bütün gücünə söykənib ayaqda qalmaq və dilək kimi dilədiyim, ümid kimi göyərtməyə çalışdığım ən böyük istəyim isə dərdlərin sonuna çıxmaqdı. Ona görə də dərdlərdən qurtulmağın yollarını çözməkdə məndən köməkliyini əsirgəməyəcəyinə ümidliyəm. Həmin ümidlə də hətta sənə bir zarafat dolu şeir də ünvanlamışam. Yazmışam ki:



Öldürdüyüm dərdlərin

Tutacaq ahı məni...

İzləyəcək ömürlük -

Qatil günahı məni...




Önümdən ötüb getdi

Hayıma ürək yetdi...

Bu yaşda ovçu etdi -

Bir mələk - ahu məni!




Vaxtın bağrını yardıq

Gör haralara vardıq...

Dustaq edibdi artıq -

Bir qızın mahı məni...




Deyim, vaxtdı, bir dayan

Dərdimi səssiz yayan...

Özünü xanım sayan -

Qoy bilsin şahı məni!..




Bəli, özümü nə qədər toparlamağa çalışsam da, bu yazının ovqatında öz ovqatımdan başqa heç nə görmədim. Yəqin siz də bu ovqatın təsirinə düşməmək üçün yazını oxuyub bitirəndə onun üstünə bir də qayıtmayacaqsınız. Axı bu ovqat məndən başqa heç kimə lazım deyil!..

Əbülfət Mədətoğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ