“Şairəm, əsrimin ayinəsiyəm”.. - Zakir Məmməd yazır

Tarix:13-04-2018, 10:05 Baxış Sayı:235

“Şairəm, əsrimin ayinəsiyəm”.. - Zakir Məmməd yazır
Manera.az tənqidçi Zakir Məmmədin "Sabir və biz" yazısını təqdim edir:

20-ci yüzilin ədəbi mənzərəsini hansı yöndən nəzərdən keçirməli olsaq, orada ən aydın boyalarla diqqəti çəkən ədiblərdən biri kimi Mirzə Ələkbər Sabir göz önünə gəlir və sırf sənətkarlıq məsələləri ilə ölçdükdə bu gün də onun bənzəri yoxdur. Tarixdə bəzən elə hadisələr baş verir ki, ədəbiyyatın mövzusuna çevrilir və yazıçı heç bir halda o proseslərin xaricində qala bilmir. Bu, təkcə realist üsluba aid olan xüsusiyyət deyildir. Çünki Sabir “Şairəm, əsrimin ayinəsiyəm” yazırdı. Ayinə olmaq bütün ədəbi epoxaların, ədəbi üslubların hər hansı formada bir əlaməti sayılmalıdır. Ərz edək ki, Sabir və onun müasirlərinin yaşadığı dövr, zaman cahanşümul hadisələrin şahidi olurdu və bu müşahidəni gözə almaq, onun qayğılarını çiyinlərində daşımaq müqtədir qələm sahiblərinin görəvi və taleyi idi.

Sabir və onunla həmməslək olanların yazıçı dəst-xəttində bir maarifçilik missiyası ilə yanaşı, bir ədəbiyyatçılıq prinsipiallığı vardı. O dövrün ədəbi-mədəni salnamələrində əks olunanlar, doğrudan, tarixdəki heyrətamiz yeniliklərdən soraq verir və bunları oxuduqda böyük bir yanğı ilə ədəbiyyata təşnə mühitin qaynadığını təsəvvür və dərk edirik. Sabiri divarları cəhalətdən hörülmüş dindar mühitdən qoparıb Bakıya gətirən, tez-tez səyahətlərə məcbur edən, məişət çətinlikləri ilə üzləşdirən, bir sözlə “dinc və rahat həyatını” pozan onun qələmi və istedadı idi. Başqa heç nə. Qələm onun “Molla Nəsrəddin” jurnalına qədər davam edən uzun və şərəfli yolu qət etməsinə səbəb olmuşdu. Şairin dünyaya göz açdığı mühit onun satirik üslubda yazıb-yaratmasının başlıca şərtidir. Salman Mümtazla müsahibəsində böyük şair qeyd etmişdi ki, “iri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəfdəstəli və qızıl suyu ilə yazılı gümüşlü xəncər ilə çıxmaq ağılsızlıqdır”. Əruz və satira şairin nəzərdə tutduğu həmin funksiyanı icra etmək vasitəsi idi. Hər ədəbi dövrün problemə öz yanaşma üsulu, meyar və kriteriyaları olur. Digər tərəfdən, hər bir qələm adamının fərdi xüsusiyyətləri də onun estetik dünyagörüşünün müəyyənləşməsində böyük rol oynayır.

Sabir haqqında yazdığı geniş məqalədə yazıçı Seyid Hüseyn yazır: “Sabirin təbiətində bir zarafatcıllıq, məzhəkəçilik vardı. O, ciddi şeirlərdə müvəffəq olmayacağını hiss edirdi. Hələ Məhəmməd hadinin ədəb tərkibləri ilə dolu olan çox gurultulu şeirləri Sabirdə bir ümidsizlik əmələ gətirmişdi. Belə bir zamanda “Molla Nəsrəddin” məcmuəsinin nəşri, ondan çıxan bir neçə sadə və həcvi məzhəkələr Sabirə həqiqi bir istiqamət göstərdi”. Nəhayət, Sabirin əşarının hansı üslubda və hansı ideoloji dünyagörüşün ifadəçisi kimi meydana çıxması barədə deyil, necə və hansı poetik səviyyədə qəlblərə və şüurlara yol tapması barədə danışmağın vaxtıdır.

Qoy bir neçə kəlmə də şairin mənsub olduğu estetikanın ümumi məsələlərinə vaxt ayıraq. Belə bir təşbehi işlətmək yerinə düşərsə, deməliyik ki, yumor ədəbiyyatın boyunbağısıdır. Yaraşığıdır da deyə bilərik. Çünki yumor adıyla ədəbiyyata aid edilən bu əlamətlər mətni “zahirən” də göstərə bilir, tanıda bilir, sevdirə bilir. Yumor ədəbiyyatın mahiyyətini ifadə etməyə lazım olan ən uzunömürlü və etibarlı ədəbi priyomdur. Onun daha kəskin formasıını satira adlandırırlar. Satira poetik dərinliyə enməyin qeyri-adi bir üsulu, nişanəsidir. Bu, yazılan və ya nəzərdə tutulan mətni, ya da həmin mətnin oxucusunu Şamaxı zəlzələsi kimi yerindən oynadan xariqüladə güc və zərbəyə bənzər. Zatən, ədəbiyyatın gücünü göstərməkdən ötrü öz əsərinə bir çimdik də olsa yumor qatmayan müəllifə rast gəlmərik. “Bir çimdik duz” sözün havasına xoş təb qatmaq, onu dadlandırmaq üçün lazımdır. Həmin yazı tərzində qəlbin poetik hüceyrələrinədək qələm işlədə bilmək cəhdi ən çox Sabir yaradıcılığında özünü doğruldur. Bəzən ictimai sorğularda, nədənsə, ədəbi hadisənin poetik tərəfini unudub, sosial cəhətdən problemin çözümü yönündə söhbətlərə üstünlük verirlər. Ədibin, əsasən, mövzu dairəsinə yox, sənət qatına fikir vermək sənətşünaslığın işi olmalıdır. Ədəbiyyat hadisəsinə ədəbi nöqtədən baxmaq lazımdır. Ədəbiyyat hadisəsi baş vermədikcə, hər hansı bir mövzu ilə diqqəti cəlb etmək mümkün deyil. Yaşadığı çağın ədəbi-mədəni həyatında ən poetik obraz Mirzə Ələkbər Sabir idi.

O, poeziyanı daha vacib temanın və məqsədlərin reallaşdırılmasına səfərbər edirdi. Onun təmsil olunduğu ədəbi cərəyanı şərti olaraq “Molla Nəsrəddin” ədəbi cərəyanı adlandırırlar. Həmin bu “Molla Nəsrəddin” kəlməsinin lap başdan bəyan edilməsi onun kökündən cücərib gələn xoş və acı gülüşün nəzərə çarpdırılması ilə bağlıdır. Molla Nəsrəddinçi ədəbi məktəbdə çalışanların ortaq ədəbi estetikadan toparlandığını nəzərə alsaq, Sabir, Cəlil Məmmədquluzadənin təbirincə, əsil “Molla Nəsrəddin” şairi idi. Bu əsil... şairlərin “ağsaqqal yoldaşları” nə dedisə, Sabir onun daha orijinal variantlarını sınaqdan keçirməli olurdu. Onun həm zamanında, həm gələcəkdə qazanacağı dost və düşmənləri daha “qəvi” və amansız biçimdə olmalı idi. Bunun birinci səbəbi “Sabir cənablarının” çox şirin və məcazi yazması ola bilərdi. Sabirin bu gün internet adlı daha geniş resurslara yiyələnmiş həmvətənlərinin də ondan çox inciməyə haqq və dəlilləri vardır. Ona görə internet uşaqları Sabir əfəndidən inciməlidirlər ki, o, nə yazıbsa, yüksək zövq və səliqə ilə yazıbdır. İstedad və məhəbbətlə yazıbdır. Bizim üçün və hamı üçün yazıbdır. Ədəbiyyatımız üçün yazıbdır.

Sovet ideolojisi Sabir şeiriyyətindən yetərincə bəhrələnmiş olsa da, şairin sənət kredosu onlarınkı ilə heç vaxt düz gələ bilməzdi. “Sənət sənət üçündür” misalı Sabirdə öz təsdiqini yüz faiz tapa bilibdir. Müasir dövrdə Mirzə Ələkbər Sabiri düzgün dəyərləndirmək üçün ən azı, postmodern texnologiyadan istifadə etmək lazımdır. Həyatını öyrəndikcə, şeiriyyətinə bələd olduqca yəqin etmək olur ki, onun şairlik düşüncəsi insan sevgisi təyinatı üzərində qurulubdur. Bu sevginin birinci hədəfi ədəbiyyatdır, dünyaya poetik baxışdır. Onun qələminin mahiyyətində təkcə sosial səbəblər əsas faktor sayıla bilməz. Düzdür, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını da zəmanənin, mühitin yaratdığı barədə fikir söyləyibdir. Amma sosial mühit hər kəs üçün, o cümlədən, Sabir əfəndinin mövzu dairəsini tamamlamaq üçün “göz qabağında” gün kimi aydın bir fakt, mənbə, ədəbi vasitə sayılmağa daha uyğundur. Həmin illərdə Sabirdən qeyri də xeyli sayda satira yazanlar, toplumu tənqid edənlər olubdur. Ancaq onların yazısının diqqət çəkməməsi və onların tarixin qoynunda yer ala bilməməsi poetik istedad və bacarıqları ilə bağlı idi. Ən ağır, ən tipik siyasi mövzunu Sabir poeziyanın, şeiriyyətin imkanları çərçivəsində dəyərləndirə bilirdi.

“Səndə günah qalmadı, qurban sənə,
Səy elədin, çatmadı meydan sənə,
Qaldı fəqət həsrətü hirman sənə,
Çünki həram oldu fisincan sənə,
İndi ye öz bozbaşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Yardımı Səttar başını, Mir Haşım?!”


1905 – 1911-ci illər inqilabı dövründə məşrutə hərəkatının başlanğıcında özünü inqilabın tərəfdarı kimi göstərib, sonra əks mövqe tutan Mir Haşım Təbrizi kimi siyasət dəllallarının siması dəqiq cizgilərlə rəsm edilibdir. Bu şeirdəki “qurban sənə” ifadəsi azərbaycanlı leksikonu üçün olduqca şirin və çoxmənalı təəssüratlara qapı açan kəlmədir. Burada şairin məqsədi Mir Haşım kimi şəxslərin siyasi-ictimai nüfuzunun kiçik olduğunu göstərməkdir. “Səndə günah qalmadı, qurban sənə” frazasının məna çalarlarında tənəli, ironik əzizləmə və sərt qınaq var. Böyük hadisələrin içində bu cür çaşqın, sapqın adamların qaraltıları bütün zaman hüdudlarında və məmləkətlərdə rast gəlinir. Mürəkkəb hadisəyə bu qədər xoşqılıq və yapışıqlı dillə rəy vermək yazarın uğurudur. Birinci onu nəzərə almaq lazımdır ki, Sabir şamaxılı idi. Dilimizin Şamaxı dialekti şifahi nitq sisteminin şah damarlarından biridir. Sabir, əlbəttə, Şamaxı dialektində yazmırdı və dialekt deyərkən, mən Sabirin zəngin bədii irsini doğuran təfəkkürünü, dilinin incə qatlarının çoxluğunu nəzərdə tuturam. Şamaxılının bir adamla hal-əhval bilməsində də ədəbiyyat (folklor) elementləri yer tutur. O, başqalarından fərqli olaraq adama tez yovuşur, onun “qadooyalım”ında mükəmməl bir istiqanlılığını, qayğı, məhəbbət dolu, hərarətli qəlbini duymamaq mümkün deyil. Deməli, istedadlı Sabirin qələmini işlədən güc onun insana olan tükənməz sevgisidir. Böyük sevgisi də deyə bilərik. Millətini çox sevən yazıçı onun naqis cəhətlərini mütləq dilə gətirməlidir. Dünyanın bütün böyük yazıçıları öz xalqını, yurdunu, göz açıb seyr etdiyi təbiət qoynunu sevgi ilə duyduqlarından qələmə sarılıblar.

Sabirin istedadlı qələmindən çıxan hər şeirin və misranın texnoloji özəllikləri zəngin və rəngarəngdir. Bir də yuxarıdakı misraların sehir-sahmanına nəzər salaq ki, məsələ aydın olsun. Şairin “amansızlığı” hər sətirdə yenilənir, obrazın xarakteri açılıncaya, vücudu bəlli oluncaya qədər şair hər dəfə bir epitet işlədir, ta ki məsələni yerli-dibli çözsün. “İndi ye öz bozbaşını” frazasından ayrılan “bozbaş” kəlməsi Sabirdən bəri bizim Azərbaycan mühitində məşhur dəyərləndirmə epitetinə çevrilib, ağızlarda dolanmaqdadır. Aşağı əyarlı insanların “bozbaş” lafı ilə səciyyə edilməsi məlumdur. “Səy elədin, çatmadı meydan sənə” cümləsi xarakter və niyyətləri dəqiqliklə açıb ortaya qoymaqla yanaşı, poetik sintaksisin həmin məqamı üçün yeganə uğurlu nitq variantı kimi səciyyəvidir. Yaxud İran şahı Məmmədəli şahın dilindən deyilir ki, “mən şahi-qəvi şövkətəm, İran özümündür!” “Özümündür” ifadəsi monarxist təfəkkürü bəyan etmək baxımından dəqiq tapılmış sözdür. Sabir qələminə məxsus və qəlblərdə, dillərdə məşhur olan bu cür aforizmlər çoxdur.

“Töhmət edir qəzetçilər, -- məşəri-nası bir belə!
Özlərinin inan ki, yox fəhmü zəkası bir belə!


Burada “bir belə” sözü hər misrada eyni ölçüdə, həcmdə informasiya vermir. Birinci sətirdəki “bir belə” geniş məzmun daşıyır. İkincidə çox kiçik bir əlaməti ifadə edir. Onu barmaqla əyani olaraq göstərmək mümkündür. Bir belə -- yəni baş və şəhadət barmaqlarının arasına sığan ölçüdə. Antitezanın bu cür “elektron” variantlarına Sabirdə tez-tez rast gəlmək mümkündür. İnsan qəlbini açıb göstərən nidaları, modal sözləri, cürbəcür müracət formalarını da şairin texniki üsulları sırasına aid edə bilərik. Ümumən, Sabirin şeiriyyət aləmində tutduğu həqiqi yerini və onun sənətə münasibətini öz sözləri ilə də təsbit etmək olar.

“Şeir bir gövhəri-yekdaneyi-ziqiymətdir,
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən,
Deyirəm həcv, sözüm doğru, kəlamım şirin,
Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən”.


Şairin əsl məqsədinin xalqı tənqid etmək yox, onu sənətin qüdrəti ilə nəşələndirmək, zövqə alışdırmaq olduğu məlum olur. Həmin “həcv” kəlməsi janr bildirmir, şairin vətəndaşlıq mövqeyini ifadə edir.

Beləliklə, M. Ə. Sabirin böyük zövqlə, ana dilinə yüksək məhəbbətlə qurulan bədii intonasiyasının, şirin kəlməsinin hər bir azərbaycanlının ürəyinə yağ kimi yayılmağı təbiidir. Çünki Sabirin nitqində yad səs, bayağı cümlə yoxdur. Hər şey təbii və ekspressivdir. Bizim Sabirdən sonrakı sovet ədəbiyyatımız başdan-başa qaba və pinti, öcəşkən, intiqamçı düşüncənin, şişirdilmiş pafosun təsiri altında olubdur və o dövrün hökuməti həqiqi poeziyanın yaradıcılarından, onların tükənməz nüfuzundan öz ideoloji məqsədlərinin gerçəkləşdirilməsi üçün bəhrələnibdir. Sabir yaradıcılığında həyata elə yanaşılırdı ki, tənqid, təlqin elə şəkildə qurulurdu ki, bunu xəstəyə “əziyyət verə-verə” dərman içirtməyə bənzətmək olar. Bu, əlbəttə Sabir poeziyasının xalq qarşısında etdiyi ayrı bir xidmətin göstəricisidir. Xalqının yaralı könlünə məlhəm olduğundandır ki, bu gün də Sabirin adı dillərdə əzbərdir, uşaqdan-böyüyə onu hamı tanıyır, şeirləri yaddaşlarda yaşayır.

Sabir əli hər yana çatan şairdir. 1911-ci ildə yazdığı “İran niyə viran oldu?” şeiri İrandakı hadisələrlə bağlı olsa da, son illərin Azərbaycan reallıqlarını əks etdirməyə də yararlıdır, müasirlik havasını qoruyub saxlayır. Həmin şeirin ilk iki misrası ümumiləşdirmə xüsusiyyətinə görə atalar sözü səviyyəsinə yüksəlibdir. “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki ağladı İran, oldu”. Buna əsaslanıb İranlı kişi və qadınının yüz il bundan əvvəlki haləti ilə bu günkü azərbaycanlı insanının durumunun bir-birinə bənzədiyini söyləmək mümkündür. Məsələn, yapon xalqının başına gələn təbii və ictimai fəlakətlərin miqyasının ölçüyəgəlməz dərəcədə çox olduğu dünyada hamıya məlumdur. Bir yaponun durub ucadan giley-güzar etdiyini, gecə-gündüz sızıldayıb zar-zar ağladığını görən oldumu?! Yaponiya sakini dünya birliklərinə dilənçi kimi əl açıb ah-fəğan etməyi bacarmaz. Bax Sabir belə incə və vacib xüsusatlarda fikir bildirən, söz deyən qələm adamıdır. Sabir eynən Azərbaycan mühitini təsvir etdiyi məqamda ölkə hüdudlarından çox-çox uzaqda cərəyan edən ictimai-siyasi proseslərə işıq salmış olur. Bizim məşhur atalar sözündən gələn ideyanı özünəməxsus bir improvizə ilə ifadə edərək bütün müsəlman toplumlarının halını ümumiləşdirir.

“Öz bildiyini etdi müsəlmanlara dövran,
Çax-çax başın ağrıtdı, kefin çəkdi dəyirman”.


Bu fikrə gəlmək olur ki, Sabir qələminin cızdığı dairə bir ölkə, bir qövm, bir xalqla məhdudlaşmır. Ona görə də şairi öz xalqına böhtan yağdıran bir şair kimi təqdim etmək doğru deyildir. Belə bir misalı da çox çəkirlər ki, guya Sabirin müasir dövr üçün aktual olması cəmiyyətin hələ tərəqqi etməməsinə görədir və dünya düzələrsə, Sabir şeirinə ehtiyac olmayacaqdır. Bu, səhv fikirdir. Bu, o zaman baş verə bilər ki, həyatda şeirə-sənətə ehtiyac olmasın. İkincisi, Sabir əfəndi bizlərdən fərqli olaraq dünyanın düzəlməyəcəyini elə o zaman duyub dərk etmiş və bu barədə xələflərini xəbərdar eləmişdi. “Əvvəl nə idiksə, yenə biz şimdi hamanız” yazmışdı. Sabirə ehtiyacı hər zaman duyacağımızın əsil səbəbi isə onun bəşəri dəyərlərə sahib olmasıdır. Müasir dünyanın insanı üçün aktual olan siyasi əxlaqın kökündə humanizm və demokratiya qərarlaşır. Sabir “mən gözləmənəm, buğda çıxar ver bəbəyindən” yazdıqda da,
“Kim ki insanı sevər, aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur” yazdıqda da özünün ədəbi irsinin bəşəriyyətə aid olduğunu təsdiq etmiş olur. Şeir yaşadıqca Sabir yaşayacaqdır.

“Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman,
Mən gedərsəmsə, məramım yenə dünyada durar!”

Şairin məramında duran bir vacib məsələ gələcəyimiz olan uşaqların düzgün təlim-tərbiyəsidir. Ana dilimizi dərindən öyrənmək üçün Sabirin yaradıcılığına mötəbər qaynaq kimi istinad edilə bilər. Təkcə uşaq şeirlərində deyil, yardıcılığının hər bir səhifəsində ümumxalq dilinin və ədəbi dilin lirik və yumoristik təfərrüatları, xalq ruhu, məcaz qatı bulaq kimi çağlayaraq qəlbimizdə və yaddaşımızda dərin tarixi izlər qoymaqla məşğuldur. Məktəbə çağırış şeirləri də, xalqa çağırış şeirləri də Sabirin böyük bir ideya rəhbəri, millət fədaisi, azadlıq carçısı olduğu barədə bilgi verir. 21-ci əsrdəykən “saqqallı uşaq”lar sırasında ziyalı axtarmağımıza rəğmən şair o ziyanı, işığı, o müdrikliyi uşaqlara müracət edərək idealizə edirdi. “Mənim bağım, baharım, fikri ziyalı oğlum!” Sabir belə yazırdı. Millət övladlarının “bağ-bəhərini” görmək üçün erkən yaşından onun tərbiyəsini düzgün təşkil etmək lazımdır. 21-ci əsrin “azadixahları”, dünyanın demokratiya bəlakeşləri o gözəl “nemətləri” gətirib onların həyət-bacasına endərib gedəcəklərini güman etmədəykən, böyük Sabirin şeirində bu cür gözəl mətləblərə ulaşmağın yolları uzaqgörənliklə təfsilatı ilə nişan verilirdi.

“De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət.
Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Ururlar təllə, dağdan da aşır balayi-hürriyyət.


Hürriyyət çağırışını motivasiya etdiyi bu şeirdə Mirzə Ələkbər Sabir yaxşı şeyləri yuxuda ikən “həzm edə” biləcəyimizi yanıqlı bir dillə nəzərə çatdırır. Sabirin şeirindəki yaxşı “şeyləri”, orijinal bədii priyomlarla nümayiş edilən obrazları da vaxtında doğru və dəqiq qəbul etməyimiz lazımdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ