Hər gün səni düşünmək - Günel Eyvazlının şeirləri

Tarix:9-04-2019, 12:07 Baxış Sayı:748

Hər gün səni düşünmək - Günel Eyvazlının şeirləri
Bu gün çağdaş poeziyamızın aparıcı nümayəndələrindən biri Günel Eyvazlının doğum günüdür. MANERA.AZ bu münasibət ilə Günel Eyvazlının şeirlərini oxuculara təqdim edir:

SƏN TANRISAN

Özünü dərya bilib
Özünə atılmaq var.
Özünə güvənmək var,
Özünə inanmaq var.
Axil kimi ən həssas
Yerindən vurulmaq var.
Sən güclüsən.

Səhra yağışı kimi,
Qar soyuqluğu kimi,
Gün aydınlığı kimi.
Nizələr dünyasında
Zeytun budağı kimi
Sülh çağırır dodaqlar.
Sən dözümsən.

Küsüb-barışan oldu
Tale nağıl danışır.
Bu edam dünyasından
Neçə dillər asılır.
Bəzisi susub gedir,
Bəzisi deyib gedir.
Sən şairsən.

İşıq gələn tərəfdə
Yaşamaq olar, olar.
İt hürüşün səs bilib
Ona aldanmaq olar.
Dünya boyda bağlanıb,
Sonra açılmaq olar
Sən çiçəksən.

Sərt közmək yara üstə,
Bir gün qopub düşmək var.
Çat-çat yarğanlar kimi
Yenidən bitişmək var.
Yenidən yaşamaq var,
Yenidən sevilmək var.
Sən qadınsan.

"Adın nədir?" soruşdu
"Heç kiməm" dedi ona.
Tapılmadı Odissey,
İtib görünməz oldu.
Həyat budur, əzizim,
Gözləmək qalır sənə.
Sən sevgisən.

Bir ovuc torpaq götür
Yenidən dünya yarat,
Yenidən Adəm yarat
Yenidən Həvva yarat.
Hər şeyi lap əvvəldən
Hər an başlamaq olar.
Sən Tanrısan.

YUXUMU XEYRƏ YOZUN

Yuxumu xeyrə yozun
Daşdan yastıq görmüşəm,
Alov yunlu yorğana
Yuxuda bürünmüşəm.

Yuxumu xeyrə yozun
Əlimdə bıçaq vardı
Yerdəki qanlı əti
Qarışqalar apardı.

Yalın gəzən ayağım
Çevrilib qartal oldu
Dağ başına çatınca
Yenidən ayaq oldu.

Yuxumu xeyrə yozun
Xəşil qarışdırırdım
İçindəki əlimi
Oda alışdırırdım.

Yuxumu xeyrə yozun
Namərd gördüm yuxuda
Qulağını arxadan
Kəsik gördüm yuxuda.

Mən bunları görüncə
Yuxudan dik atıldım.
Gerçək həyatı verib,
Yuxulara satıldım.

MƏN SEVƏNDƏ

Mən sevəndə ruh oluram
Ac oluram, tox oluram
Daş oluram, dağ oluram
Gah doluram, boşalıram.

Mən sevəndə göz oluram
Səhv oluram, düz oluram
Çox oluram, az oluram
Çoxalıram, azalıram.

Mən sevəndə bölünmürəm
Kiminçünsə görünürəm
Özüm üçün görünmürəm.

Mən sevəndə dərd oluram
Sevənlərin qarşısında pərt oluram.
Bəzən coşqun dəniz kimi
Qayalara çırpılıram,
Damlalara bölünürəm
Hissələrə bölünürəm.

Mən sevəndə tək oluram
Yox oluram, puç oluram
Heç oluram, heç oluram.

Mən sevəndə tapılmıram,
Yer üzündə, göy üzündə
Heç nə vermir mənə sevgi
Əvəzində.

Mən sevəndə məni tərk et,
Yəni dərk et.
Unut, dərd ver, intizar ver,
Məhəbbəti yumaq elə
Toxumaqçün əllərə ver.

Mən sevəndə , dəymə mənə
Qoy ağlayım, qoy sızlayım.
Varlığında yoxluğunu,
Yoxluğunda varlığını
Tarazlayım.

BURA BİZİK

Bura bizik
Dünyanın özəyi,
Yolların uzunu.
Ömrün qıssası.
Sözün tükəndiyi
Məkan.

Bura bizik
Vərəqlərə köçürülmüş
Cızma-qara
Təqvimin işarə olunmuş məchul günü.
Nəyinsə açılışı,
Nəyinsə düyünü.

Bura bizik
Gün yandıran,
Ot bitirməyən
Sarı səhra.
At çapan
Bədəvi,
Suya həsrət
Somali.

Bura bizik
Yolxucu vəba
Xəstəlik
Qədəh dolu özümüzü
Bir nəfəsə içirik.
Tüknirik, bitirik.

Bura bizik
Divarda çarpazlaşmış
Kilsə xaçı
Yerindəyik.
Nə müqəddəs,
Nə də kafir əlindəyik.

Bura bizik
Soyuq divar
Soyuq mühit
Ya ölmüşük
Ya da hələ öləcəyik.

Hamıya oxşar,
Hər kəsdən fərqli
Bir həyatın
Ya axırı,
Ya əvvəli.

DARIXMA

Tör-töküntü bir evin küncündə
Yatmağa yerin varsa, sən xoşbəxtsən.

Bu geniş dünya sənin üçün döşənib.
Bu göy sənin tavanındır.
Tək deyilsən.

Ruhun belə pərvazlanmaq istəyəndə
Durma, qanadlan.
Günəş kimi şəfəq saç.
Külək kimi havalı ol.

Yolunu gözləyən var.
Ən azından kitabların, yarımçıq yazın,
bir stəkan suyun hələ də səni gözləyir
taxta masa üzərində.

Dərindən nəfəs al.
Ya da, səni təpədən-dırnağa isladacaq
yağış altında islan.

Sonra isti çay,
Bir az musiqi, bir az sinema.

Hələ ki, yorğana bürün.
Mənə inan, isidəcək.

Kim deyib ki, həyat yalnız cütlüklərdən ibarətdir.
Darıxma!

SƏRXOŞLUQ NƏĞMƏSİ

Bulud, bulud
Buludun arxasında ləkəsiz səma.
Şimşəklər çaxılır
İnsan başına.

Yerin dərinliyində günəş var –
Günəş.
Ulduzlar sayrışır
gecənin qaranlığında.
Bir də insanlar var –
Mağaralarda.

Yağış, yağış
Hər damlası
Yuyur, yuyur
Və bir gün səni də yuyub aparacaq.
Şose yolunun üzərindəki
Dəliklərdən axıb gedəcəksən.

Soyuq, soyuq
Əllərin ciblərində gəzişir.
Bir qızın gediş haqqını verə bilməyincə
büzüşürsən.

Qədəh, qədəh
İçəcək zaman səndən.
Başqasını içən kimi,
Sən də içiləcəksən.

Uzaq, uzaq
Aldat özünü.
Metrələrlə ölç
Qəbirdən sənə qədər olan məsafəni.

Ucuz, ucuz
Alver edirsən bu dünya ilə.
Satılma!
Özünü ələ al. Ələ vermə.
Hələ tezdir –
Yer altına tələsmə.

QAÇDIQ

Mənim ağrılarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər.
Sonra güllələdilər.
Bir-birinə top atırdı uşaqlar.
Susdular, qaçdılar.
Sonra biz qaçdıq.
Saçımız ilişdi barmaqlıqlarda,
Saçımızı qoyub qaçdıq.

Mənim sükutum
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Sonra güllələdilər.
Hamımız bütümüzü ağuşumuza aldıq
Qaçdıq…
Başmağımız daşa ilişdi
Ayağımızı qoyub qaçdıq.

Mənim göz yaşlarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər,
Sonra güllələdilər.
Qırmızı bayraqlara büründük
Qaçdıq...
Ağlımız orada ilişib qaldı.
Başımızı qoyub qaçdıq.

Mənim dediklərim,
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Güllələdilər…
Öldürmədilər!
Özümüzdən aparmadıq.
Qaçdıq… Qaçdıq…

BİR UŞAQ

Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.

Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.
Amma təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.
Söz yazır, cümlə yazır.
"Gəl” yazır, "Apar” yazır.

Qoy tutum uşaqlar tək əllərindən, ay ata.
Çox demirəm, bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün, atam var, atam mənim.

Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni, ata.

Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin, səni dilə gətirmək.
Köks ötürüb dinməzcə mən yollara baxıram,
Ataların üzündə atamı axtarıram.

Səndən heç kim danışmır naməlumsan, itkinsən.
Anamın sözlərində əbədi nifrətimsən.
Sadəcə bir maraqdır səni bir dəfə görmək,
Rəsmini sonumadək beynimdə həkk etdirmək.

Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
Mən sənin əvəzinə anamı yaradıram.

SƏBƏB

Hamının uyuyacağı yer
torpaq deyil.
Necə ki, bir buddist –
Tonqalda yandırır
atasını, anasını
dəfn edir küləklərdə.

Dağlar onları aşmaq üçün
Deyil!
Nələrisə gizlətməkdir
Arxasında!

Günəş – sənin düşündüyün
İstilik deyil,
Nə də işıq.
Bədəninin nəmini
buxarlandırmaqdan ötrüdür.
Göydə bulud olsun
yenidən yağmağa.

Bu dar yoldan
Bir-birinin ətəyindən
tutaraq keçə bilər insanlar.

Və ya
Dəniz üzmək üçün deyil!
Gəzmək olar üzərində İsa kimi,
Əgər, "onun məndən nəyi artıqdır” deyə
Düşünməsən!

BU

Xoşbəxtlik –
Qışdan yaya qalmış paltarlarımın
Cibindəki pul kimidir.
Tapıram, sevinirəm.

Qismət –
Külək əsən kimi yerə tökülən
Kal armud kimidir.
Görürəm, məyus oluram.

Zaman –
Gözümün önündə
böyüyən övladım kimidir.
O böyüyür, qocalıram.

Həyat –
Hava kimidir
Çəkməliyəm, udmalıyam.

Mən –
Hamı kimiyəm.
Yaşamalıyam, ölməliyəm.


***
Ayağını itirəndən sonra,
Sarıldığın əsa, sənə dayaq olacaqsa,
Qola güvən.

Səni məhrum qoydu güllə,
Gözün, gözün,
Göz önündə töküldüsə,
Dilə güvən.

Nə arxalıq, nə önlüksən,
Özün üçün, ani, qısa,
Mənim üçün ömürlüksən,
Mənə güvən.

Bəs mən? Bəs mən kimə?
Nəzər saldım, həm geriyə, həm önümə.
Güvənsizəm..

Araxna – Hörümçək qadın

Soyuq təbəssüm əks olunub dodaqlarında,
Sənin xoşbəxtliyə, sevgiyə ehtiyacın var, qadın.
Söylə,
Xəritələr üzərində dilimlənən meridianları, paralelləri,
Ölkələr, insanlar arasında ayrılıq salan sərhədləri,
Qadınların qorxduğu qocalıq cığırlarını
Sən toxudunmu, Araxna?
Bezmədinmi tor adlı həyatın, tor adlı mənzilin
üzərində tək-tənha asılmaqdan?
Bezmədinmi ipək, tül dolaşığı
həmdəm kimi qucmaqdan?
Cəsarətim olsaydı
“Qovuşuq körpüsü hör mənim üçün” deyərdim.
Lap elə o dünyanı bu dünyayla birləşdirən
Sirat körpüsü kimi.
Qitələri qovuşduran
Bosfor körpüsü kimi.
Banpo körpüsü kimi.
Dilimdə ilişib qalan “sim-sim, açıl” kəlməsini
Ləl-cəvahiri olmayan mağarada
Qovuşduğum zaman unutmaq istəyirəm.
Bağlı qapı arxasında sevgi tapmaq istəyirəm.
Xoşbəxt olmaq istəyirəm.
Araxna,
Özün kimi bir yuva hör
İsti, sevgi dolu bir evin tavanında.
Gülüş səsləri gələn,
hay-küylü uşaq bağçasında.
Və ya
Yeni yarpaqlayan bir ağacın koğuşunda.
Bərabər asılaq qollarımızdan,
Unudaq hər şeyi
Nəğmə oxuyaq, şeir yazaq, naxış toxuyaq,
Rəsm çəkək, nağıllar uyduraq,
aldadaq özümüzü, Araxna, aldadaq.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ